Biz şeyləri olduğu kimi görmək istəmirik - Con Qolsuorsi

 

"Əgər yazıçı dünyəvi və sosial-mənəvi problemlərdən yazmırsa, deməli, yazmasa, yaxşıdı...". Bu sözləri ingilislərin fəxrlə "zadəgan yazıçı" adlandırdıqları, həyatı və ədəbi taleyi arzuları ilə üst-üstə düşən Con Qolsuorsi 100 il bundan qabaq deyib, indi də aktualdır. Con, bəlkə də, yeganə yazıçıdır ki, ədəbi yaradıcılığında bütün janrlardan istifadə edib: hekayə, esse, şeir, roman, pyes, publisistika, elmi fantastika, komediya, ssenari, tənqid, məqalə, pamflet... Bütün sahələrdə demək olar ki, uğur qazanıb. 1932-ci ildə məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasına görə Nobel mükafatına layiq görülsə də, onu almaqdan imtina edib. Con Ketrin Emi Douson-Skotla birlikdə dünya Pen-Klubunu təsis edib və özü də Klubun ilk prezidenti olub (1921).

Yazıçının əsas ədəbi prinsipi həyati xarakterlər, canlı və inandırıcı obrazlar yaratmaq olub,  insan taleləri və cəmiyyət münasibətlərinin ən mürəkkəb və xırda detallarını açan həqiqətlər olub... Onun "Ədəbiyyat və Həyat" ("Literature and Life", 1930) və "Ədəbiyyatda xarakterin yaradılması" ("Creation of Character in Literature", 1931) adlı publisistik kitablarında toplanmış esselər, ədəbi-tənqidi məqalələr, pamfletlər indi də maraq doğurur. Con Qolsuorsi 86 il bundan qabaq 1933-cü il yanvarın 31-də Londonda vəfat edib.

C.Qolsuorsi mənim yazıçımdır, onu indi də oxuyur və sevə-sevə tərcümə edirəm. Hələ tələbə vaxtı onun bir neçə hekayəsini, esse və romanını, pyeslərini tərcümə etmişdim, onların əksəriyyəti Azərbaycan mətbuatında dərc olunub. Bu yaxınlarda arxivimdən yazıçının maraqlı bir məqaləsinin tərcüməsini tapdım, heç bir yerdə dərc olunmayıb. Məncə, bu gün üçün də aktualdır. Onu "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.

 

Con Qolsuorsi

 

Bəli! Belə bir xarakterik cəhət nə üçün bizim sənətimizdə kök salıb? Bunu hansı gizli instinktlərlə izah eləmək olar? Əvvəlcə soruşaq görək, doğrudanmı, bizdə bu xüsusiyyət var?

Nəyəsə oturub sakitcə, bizə və qonşularımıza maddi baxımdan fayda gətirsin deyə, ya da, sadəcə, maraq xətrinə baxmaq! Məgər bu, ingilis üçün xarakterik cəhətdir? Düşünürəm ki, yox.

Tutaq ki, biz noyabr günlərinin birində Kensinqton bağlarını gəzirik, bağların Baysvater sahilində Hayd Parka qovuşduğu yerdən ötüb keçirik, sonra əyləncəli fontanın qabağından ötəndə kiçik və hüznlü kilsəyə gedən yolun üstündə yarımdairəvi oturacaq görürük; oturacağın üstündə ayparaşəkilli bir neçə hərəkətsiz fiqur var. Budur, burada vaxt öldürmək üçün bekarçılıqdan gözlərini qırpmayan yaşlı bir qadın oturub - apaydın görünür ki, kənddən gəlib, əynində nimdaş və tozlu qara don var, başına köhnə şlyapa qoyub, şlyapanın kənarı lentlə düyünlənib; yanında sifəti içkidən şişmiş bir nəfər şəhərli də oturub, əynində sallanan pal-paltarı büsbütün bulaşıqdı; orda gözləri çuxura düşmüş vərəmli xarici də var; daha bir nəfəri görürük - kömür kimi qaralmış cavan qazmaçıdı, yatıb, bulaşıq çəkmələrini çıxarıb bir qədər aralıda qoyub; hansısa saqqallı birisi də başını kədərlə sinəsinə əyib; vərəmlilər, avaralar, daha kimlər...bu adamlar dəhşətli dərəcədə yorğun görünür, yarımdairəvi sığınacaqdan ətrafa sakit-sakit baxırlar - sığınacaqdan onların kürəyinə yel vurmur, hərdən günəş şüasıyla qızınırlar.

Və biz də onları seyr edir, əhvalımızdan asılı olaraq düşünürük: "Yazıqlar! Kaş onlara hansı yollasa kömək edə biləydik!" və yaxud: "Yaramazlar! Axı buna necə yol vermək olar?". Lakin biz onları seyr etməkdən hansısa zövq alırıqmı? Yaxud pişiyin qulağının dalını sığallayarkən onun yaşadığı duyğuları yaşaya bilirikmi? Bəlkə, bizim üçün bu adamları belə vəziyyətdə görmək, sadəcə, adi bir həyat mənzərəsidir, həyatın enişi-yoxuşu kimidir? Yenə düşünürəm ki, yox! Nə üçün? Əvvəla, ona görə ki, bizdə dərhal belə bir duyğu oyanır: nəsə eləməliyik! Onlar çox təhlükəlidir, sabah bizim rahatlığımızı da təhlükə altına ala bilərlər! Bundan başqa, mənzərənin özü iyrənclikdir, gözəl fontanı seyr etməkdən feyziyab olmaq əvəzinə ürəyimiz bulanır onlara baxanda. Ya bəlkə də, ona görə ki, biz həddən artıq humanistik?!

Çox ola bilsin ki, bizim "Ah, necə də kədərli mənzərədir!" - deyə hüznlü, ağrılı ahlarımız, əslində, başqa bir mənanı versin:"Lütfən, çıxın gedin burdan, siz bizim kefimizi pozursunuz!".

Yaxud yenə həmin sual çıxır meydana- nə üçün biz şeyləri olduğu kimi görmək istəmirik, hər cür iyrənclikdən qaçırıq? Bəlkə, ona görə ki, burda bir "qeyri-yaradıcı instinkt" var? Bəlkə, bu, sivilizasiyanın ayrılmaz yol yoldaşıdır, onun zəmanət verdiyi mənzərədir? Bəlkə, o sivilizasiya bizdən tam gücümüzlə işləmək qabiliyyəti tələb edir? Tələb edir ki, vaxtımızın hər dəqiqəsini praktiki işlərlə dolduraq? Bütün boşluqların bir kvadratmetrini belə boş saxlamayaq? Əlbəttə, biz bilirik ki, heç nədən heç bir şey də yaranmaz, hər hansı bir şeyi "yaratmaq" üçün adam gərək, ilk növbədə, təəssürat qəbul edə bilsin; təəssüratı almaq üçün isə sənin gərək sinir cihazın ola, ətrafda baş verən hər hansı bir qıcığa qarşı reaksiya verə bilən yalın əl barmaqlarından ibarət aparatın ola. Bu aparat isə bizim milli ruhumuza və ənənələrimizə o qədər yad və iyrəncdir ki, onun haqqında düşünmək anı gələndə belə, üz-gözümüz qıpqırmızı qızarır.

Cəsarətlə etiraf edək ki, nəticə heç də müasir sivilizasiyanın sürətli axınının töküldüyü yuxulu impressionizm bataqlıqlarından çıxmaq imkanı vermir. Biz özümüzdə anlamaq qabiliyyətini tərbiyələndirməyə cəhd göstərməyə şübhə ilə yanaşırıq, yəni yaradıcı təfəkkürün, yaratmaq qabiliyyətinin və virusların hər bir insanda mövcud olduğunu anlamırıq. Bu və ya digər predmetə, sadəcə, predmet olduğu üçün baxmaq, həmin predmetin bizə necə təsir edəcəyini düşünmədən, hətta bu anlarda həmin predmetdən hansı faydanı götürə biləcəyimizi görmədən baxmaq - bizim vicdanımızı paralayır, təhlükəsizlik duyğularımızı, həyatımızın düzümünü yaralayır; çünki bizə elə gəlir ki, bu, vaxt itkisidir, cəmiyyət üçün təhlükədir və bizim daha yaxşı yeyib-içməyimizə, daha yaxşı geyinib-kecinməyimizə, daha rahat yaşamağımıza, mövcudluğumuzun dayanıqlı, möhkəm, nizamlı olmasına kömək etmir.

Ola bilsin "Şeyləri olduğu kimi görmək istəmirik" hökmünün yuxarıdakı üç mümkün səbəbinin ilk iki səbəbinin izahını elə üçüncüdə axtarmaq lazımdır. Lakin yanaşmanı  necə izah etsək də, bu yanaşma mövcuddur, bəli, bəli, movcuddur belə yanaşma! Əgər Hoqartın antivaizlik rəsmlərini və Konstablın səma etüdlərini nəzərə almasaq - mən yalnız ölmüş müəllifləri nəzərdə tuturam - deyin görüm, İngiltərə Mane və ya Mille kimi, Flober, ya da Mopassan kimi, Turgenev və ya Çexov kimi real və canlı həyatın bədii təsvirini verən heç olmasa bir yazıçı yetişdiribmi? Görünür, biz, yəqin, həddən artıq, mədəni adamlarıq, hətta o qədər mədəniyik ki, təbiət də bizə ədəbsiz görünür. Etika ilə pərdələnməmiş hərəkətlər və həyat emosiyaları bizə qorxulu gəlir. Kontinentin ziyalıları artıq çoxdandır ki, bir çox estetik məsələdə bizi demək olar ki, mədəniyyətsiz hesab edirlər. Ah, əgər onlar bilsəydilər ki, bizim mədəniyyətsizliyimizə öz primitiv nifrətlərini bildirərkən özləri necə də mədəniyyətsiz görünürlər! Bizə elə gəlir ki, onlar bu halda şeyləri olduğu kimi görməyə də uşaqcasına baxırlar! Axı biz artıq bunu çoxdan adlamışıq, böyümüşük, biz ən qədim qərb ölkəsiyik, öz həyatımızı elə laklamışıq ki, artıq onun hansı ağacdan düzəldildiyini belə bilmirik! Bizim nəsillər "yaxşı ton" deyilən ifadəylə elə möhkəm spirtlənib ki, artıq bu tərbiyəsiz həyatın haraylarına, çağırış və tələblərinə də yetə bilmirlər! Biz qadağan edilmiş, ya da sadəcə, köhnə damğaçılarıq, hətta insanın tale ilə amansız mübarizəsini və açıq hisslərinin təsvirini də sənət vasitəsilə verə bilmirik! Biz kimdən ötrü  sənətkarıq - şübhəli şəxsiyyətlərik? Əgər o sənətkar öz əsərində idmançı və centlmen deyilsə, deməli, onun şəxsiyyətinə də şübhə var...Yazıçı seks məsələlərinə inadla toxunmursa, biz başımızı sarsıntıyla bulayan adamlarıq, o zaman dərhal kitabı bağlayıb deyirik:"Ən pisi odur ki, bu sağolmuşlar həqiqəti yazırlar!"

Neyləmək olar! Görünür, biz çoxdan əmin olmuşuq ki, düşüncə, fikir faydasızdır, özümüzü həddən artıq fəaliyyətə - həyatın maddi tərəflərinə həsr etmişik, lakin ruhi, mənəvi qidalar üçün özümüzə sentimental kədər adətini saxlamışıq. Bu da şeylərin olduğu kimi görünməsini əməlli-başlı çəpərləyib. Biz, sanki nəticəyə gəlmişik ki, həyatda o cür "şeylər" yoxdur, varsa da, çox nahaq yerə! O şeylər barədə düşünməyin  nə faydası? Əslində, bizim milli idealımız sağlamlığa, maddi təminata yönələn arzudur; biz həssas olmaq istəyimizi də ona qurban vermişik! Bu da bir yanaşmadır.

Lakin mükəmməlliyə can atan fəlsəfə üçün, qızıl orta arzusunda olan, sakit və sabit mövqeyə həsrətlə baxan, ən mərkəz nöqtədə yırğalanan lövhə, yəni qızıl orta sevdalı ruh üçün belə bir yanaşma çox güman ki, yetərli və münasib deyil; bu, məğlubiyyətə qol çəkmək deməkdir, şüurlu surətdə öz ruhi dünyanı məhdudlaşdırmaqdır. Doğrudanmı, bununla barışmalıyıq? Doğrudanmı, biz mövcud şeyləri olduğu kimi görməkdən həmişəlik imtina etməliyik? Doğrudanmı biz öz təxəyyül və həssaslığımızı qorxudan kütləşdirəcəyik ki, bizə hakim olmasınlar və  ruhi sağlamlığımızı pozmasınlar? Bu, rəssamın da, məfkurə adamının da qarşısında duran əbədi sualdır! Təkamüldən sonra tənəzzül gəlir deyə, "dəhşətli alov da qurtarıb sönür" məntiqi var deyə,  biz doğrudanmı, mükəmməl harmoniyaya yetmək sahəsində səylərimizdən imtina etməliyik?

Heç sevməməkdənsə, yaxşı olmazmı ki, sevəsən, sonra da sevgini itirəsən? Divarın dibinə düşən kölgə altında əbədi qalmaqdansa, yaxşı olmazmı ki, irəli gedəsən, insan qəlbinin və milli ruhun ən mükəmməl tellərindən tutasan?.. Mən, hətta düşünürəm ki, sinir sistemini qorumaqla da həssas olmaq olar; hissə qapılmadan, ağlı itirmədən də insanları başa düşmək, onların dərdinə şərik olmaq olar; soyuqdəyməyə tutulmadan da bütün küləklərin qarşısında durmaq olar.

Allah bizim ədəbiyyat və incəsənətimizi Berdsleyizmdən qorusun!  Lakin bu ifratçılıq meyilləri ilə onların indiki "sağlamlıq" durumu arasında  mükəmməl təkamül zirvəsi durur - bizim hələ bu zirvəyə çatmağa uzun yolumuz var! Və düşünürəm ki, o təkamülə çatmaq üçün həyatda şeyləri daha çox olduğu kimi görməliyik!..

İngiliscədən çevirəni:

Kamran Nəzirli

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!