Nikolay Spetaru (1961) - yeni moldov-rumın ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, şair, tərcüməçi və publisistdir. "Tanrıların dönüşü", ("Hiperion", 1992), "Pyedestalların şöhrət tapdığı gecə" ("Junimea", 1998), "Rilkenin kədəri" ("Augusta", 2000) və başqa şeir kitablarının müəllifidir.
Son illər daha çox prozaik yaradıcılığa üstünlük verən Nikolay Spetaru, eyni zamanda Moldova və Rumıniyanın tanınmış uşaq müəlliflərindəndir. Əsərləri onlarca dilə, o cümlədən Azərbaycan dilinə çevrilib. O, Rumıniya və Moldova Yazıçılar ittifaqları Pen klublarının üzvüdür, Moldova Milli Kitab Salonunun (1993), Rumıniya Mədəniyyət Fondunun mükafatlarını alıb; Moldova Yazıçılar İttifaqının katibidir.
O, Kişinyov Beynəlxalq Kitab Yarmarkasının "Debüt" mükafatına (1993), Rumıniya və Moldova Yazıçılar ittifaqlarının, habelə Rumıniya Ədəbiyyat Fondunun mükafatlarına (1998) layiq görülüb.
Nikolay Spetaru, eyni zamanda Azərbaycan ədəbiyyatının rumındilli ədəbi mühitdə təbliği məsələləri ilə ardıcıl məşğul olur.
Tanınmış rumın şairəsi və ədəbiyyatşünası Mariya Pilkin onun haqqında belə deyir: "Ədəbiyyat üçün ilk tələb olunan şey istedaddır və Nikolay da çox istedadlı şair və nasirdir. Onun imzası ilə işıq üzü görən hər bir şeir və nəsr kitabı bir çox və təəssüf ki, artıq dünyasını dəyişmiş yazarların yazdığı saysız-sonsuz mətnlərdən fərqli olaraq rumın ədəbiyyatında olduqca dəyərli yerə sahibdir...".
Yuxulu
Günaha batmamış bir dünyada olduğunu gördün yuxuda,
hələ su basmamışdı dünyanı,
göy üzündə mələklər dolaşırdı,
ilk gündə olduğu kimi arzulayırdın
Rəbbin gözü qarşısında,
Süd yolu ilə şam edirdin,
sən canavarları quduzlaşdırmaq istəyirdin
onlar isə o saat ölürdülər,
hər ehtimala qarşı
İuda obrazını düzəltməyə çalışırdın
amma alətlər əlindən qopub düşürdü,
kimsə məlum on qadağanı, qaydanı
söyləmək istəsəydi
onun bu hərəkətini açıq-aşkar həyasızlıq sayardılar,
elə yeri gəlmişkən,
sənin bu ecazkar dəhşəti buraxıb
yuxudan oyanmaq arzunu da həmçinin.
Əsas məşq
Trolleybus haqqında şeirim
ilk dəfə trolleybusda gəzdik,
bəxtimiz gətirmədi,
əvvəl qaynar saatlara düşdük,
dayanacağa yaxınlaşan maşını
adamlar təşvişlə
və hücumla işğal etdilər -
adamlar və əşyalar,
sanki bu trolleybus
ömürlərinin son nəqliyyatı idi,
sanki məhşər günü
arxalarınca düşmüşdü
və bu adamlar da, əşyalar da
yer üzərindən son nişanələr idi,
xilas etmək,
başqa planetə daşımaq lazım gələcəkdi.
İnsan selinə qoşulan şeirim də, mən də
onların arasında idik.
Qapılar bağlandı
və maşın konserv görkəmi aldı.
Şeirim təşviş keçirirdi:
dünya və trolleybus haqqında bilikləri
reallığa uyğun deyildi.
Qoltuğunun altı tərləmişdi də -
mən bunu maşın kəskin dönüş edəndə hiss etdim,
qarşıdakı dik sinəli sarışının üzərinə yıxılmasın deyə,
yuxarı tutacaqdan yapışmaq üçün
əlini qaldıranda.
Yol sonsuzdu, sanki
bir az boşluq yaranan kimi
qərara aldıq ki, çıxaq.
Bir yığın deşilmiş biletin simmetrik
və eybəcər dəlmədeşik bürclərinin
təbəssümü arasından
güclə sivişib çıxdıq,
öz işıqlı, çox işıqlı keçmişimizi xatırladıq...
Bir az da qocalmaq
Şair Bakoviya bu gecənin,
məhşərdən sonrakı bu gecənin
hüznünü çətin başa düşərdi.
Sükut.
Şəhər yolayrıcında dayanıb.
Parkdakı heykəllər tamam əldən düşüblər.
Yaş və boş küçə daha dərinə işləyib
şəhərin bədənində, -
sanki köpəyin boyunundakı
qaba, emalsız dərindən hazırlanmış xaltadır.
Məzar daşlarının yanında
xəncərli-bıçaqlı quldurlar ağlaşırlar,
minilliyin kənarıyla səyahət edən biri kimi
səkilərlə tək-tənha gəzirəm,
soyuqdan gömgöy olmuşam,
yetim qalmış afişa salamlayır məni
düymələri atacaq bir azdan.
Dostlar,
bu kədərli gecədə
biz bir az da qocalmalıyıq,
təşəkkür edirəm.
Sən hələ çoxlu səngər qazmalısan...
Yəqin, çox şey dəyişib...
Öz-özünə danışıb inadkarlıqla
Birinci Dünya savaşı üçün
səngər qazmağa davam edirsən.
Dərin qazırsan, hədsiz dərin,
atların ayaq səslərinin sıza biləcəyi dərinlikdə,
əlindəki bellə bircan olanda
savaş da bitəcək, belə hesab edirsən
və sevgilin kürəyindəki pas ləkələrini yuya bilər artıq,
görünür ki, silahın izləridir.
Sən bir dəfə də olsun atəş açmadın, amma,
çünki savaş davam edir
və sən hələ çoxlu səngər qazmalısan...
Çəmənin yaşıl bayrağı altında
Atlar və atlılar qayıtmağa başladılar
yüzillik müharibədən
çəmənin yaşıl bayrağı altında.
Döyüş meydanında əsas şey
kəklikotulu çay üçün
qəndin miqdarını müəyyənləşdirməkdi -
bunu vacib görkəm alan kapitan deyir
və deyir ki,
savaşı ciddiyə alanlara
ölümlə müalicə kursu keçmək
tövsiyə edilir vaxtaşırı.
Atlar və atlılar qayıtmağa başladılar
ən uzun savaşdan sonra,
bu hadisəylə bağlı akreditə olunmuş
çoxlu jurnalist
(onlar savaşın yüz il uzanacağını söyləyir)
qeydlərini birbaşa
tarix dərsliklərinə edirlər.
Otuz gümüş sikkə
Olduqca xoşagəlməz səhnəyə şahidlik elədim:
çıxıb gedərkən ikinci minilliklə çox əzazilcəsinə davrandılar,
dünyanın ən alçaq fırıldaqçısı kimi
ciblərini axtardılar...
Diqqətli olun! - ağlını itirmiş kütlə bağırırdı,
- O özü ilə heç nə aparmamalıdır, yaxşı axtarın üst-başını,
əməllicə silkələyin! Hər şey bizimdir,
növbəti minilliyin sakinlərinin,
biz buna layiqik!
Bu nə alçaqlıqdır!
İkinci minilliyin ciblərini çəkib çıxardılar qəddarca,
hər şeyi aldılar əlindən:
sevgini/nifrəti/inqilabları (hər cürəsini)/
savaşları/epidemiyaları/ satqınlığı
və otuz gümüş sikkəni -
birinci minilliyin ən vacib mirasını da...
Tərcümələr Səlim Babullaoğlunundur
İllüstrasiya: Rene Maqritt "Boşluğun maneəsi" (1965)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!