SİRAT KÖRPÜSÜ - Məmməd XƏLİLOV

Ötən ilin fevral günlərində Moskvada, bir beynəlxalq ədəbiyyat tədbirində Məmməd Xəlilovla tanış olduq. Adından, soyadından elə bilmişdim ki, o da Azərbaycan türküdür. Amma münasibətimiz bir qədər dərinləşəndə məlum oldu ki, ləzgidir. Azərbaycana və azərbaycanlılara xüsusi rəğbətinin də səbəbləri var. Yeniyetmə çağlarında qış aylarında Kürdəmir qışlaqlarında qoyun bəsləyən doğmalarının yanına tez-tez gedib-gəlirmiş və elə bu zaman da Azərbaycan dilini öyrənib. Onun Azərbaycan ədəbiyyatına kifayət qədər bələd olması da məni qürurlandırdı və hətta aydın oldu ki, o, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin bir sıra şeirlərini ləzgi dilinə çevirib və Dağıstan dərgilərində çap etdirib. Hazırda Rusiyada məskunlaşan M.Xəlilov Rusiya Federasiyası Yaroslavl bölməsinin koordinatorudur, əsasən, rus dilində yazır. Bir neçə saat sürən münasibətlərimizdən sonra mənə Yaroslavlda çap olunmuş kitabını da bağışladı: "Sokrovişa iz xurdjina" ("Xurcundakı xəzinə"). "Ədəbiyyat qəzeti"nin oxucularına məmnunluqla təqdim etdiyim bu nümunə də həmin "xəzinə"dəndi.

 

Məmməd ORUC

*** 

 

Mən o qoca ilə söhbət etməyi sevirdim. Onun alçaq tavanlı, balaca otağında dərhal rahatlıq tapırdım. Özüm də bilimirəm buna səbəb nə idi; əldəqayırma mebellər, yoxsa çartaçartla yanan dəmir soba? Yoxsa qoyun dərisindən tikilmiş kürkündən gələn rayihə? Yoxsa yalnız uşaqlara və qocalara məxsus qoxu? O, ömrünün doqquzuncu onilliyini yaşayırdı - yaş öz işini görmüşdü və buna görə də tez-tez naxoşlayırdı. Gəlininin - kiçik oğlunun arvadının sobanın yanında saldığı, ətrafına mütəkkələr, yastıqlar atdığı döşəkçələrin üstündə, bir qayda olaraq gah oturur, gah da mütəkkələrdən birinə dirsəklənib mürgüləyir, öz sözü, gözünün acısını alırdı.

Xəstələnəndə ona daha tez-tez baş çəkirdim ki, darıxmasın, qəm-qüssədən  üzülməsin. Hər dəfə gəlişimə sevinir, yastıqdan dirsəklənib mənimlə yanaşı oturur və dərhal gəlinini səsləyirdi: "Çay gətir". Çay içə-içə gündəlik məişət qayğıları və hava haqqında danışardıq. Bu, əslində, ciddi söhbətlər üçün hazırlıq idi. Şəffaf və bir qədər sarıya çalan kəkotu çayından sonra o, göyümsov damarları dərhal diqqət çəkən sümüklü əllərilə yastığını, mütəkkəsini sahmana salar və söhbətə başlayardı. Adətən, mən təvəqqe edərdim ki, 1941-45 arasında iştirakçısı olduğu müharibədən danışsın. Amma o, müharibəni xatırlamağı sevmirdi, əsasən, dini qaynaqlardan və mənəviyyatdan söz salardı.

Solğun payız günlərindən birində, yenə onun qonağı olarkən sezdim ki, nə üçünsə həyəcanlanıb və onu da duydum ki, bunu büruzə verməməyə can atır. Bu dəfə şakərinə xilaf çıxaraq, özü müharibə haqqında danışmağa başladı.

...- Gülləbaran şiddətlənəndə biz dərhal səngərə sıçradıq. Mən, həm də bir əsgər - adını, soyadını xatırlamıram - yalnız o yadımdadır ki, rusdu , özü də Rostov tərəflərdəndi, - sapyor aləti ilə səngəri bir qədər də dərinləşdirdik və yanaşı uzandıq. Arada nə üçünsə o mənim qolumdan tutdu, onun barmaqlarının necə titrəməsi də yadımda qalıb, qəfil əmri də elə bu arada qulağım çaldı. Bizə əmr olunurdu ki, səngəri tərk eləyək. Bizim komandirin səsi idi. Sonra o ana söyüşləri ilə qışqırmağa başladı, sözünün canı da bu idi ki, dərhal səngərdən çıxaq. Nə etməli, əsgərlikdi, gərək əmrə tabe olasan. Ona görə də səngərdən çıxıb arxaya doğru sürünmək məcburiyyətində qaldıq. Əlbəttə, can şirin şeydi, yenə çala-çuxur axtarırdıq ki, gizlənək... Orda necə xilas olmağımız haqqında danışmayacağam. Gülləbaran səngiyəndə biz də yerdən qalxdıq, elə bu arada da əsgər yoldaşlarımızdan kimsə anlatdı ki, komandirimiz də həlak olub. Onun meyitinə biz də yaxınlaşdıq, məlum oldu ki, top mərmisi səngərin qırağındakı ağcaqayın ağacını tutub, ağac da sınan kimi düşüb səngərdə uzanmış komandirimizin belinə. Deməli, o gün Allah bizim ölməyimizi istəməyib, komandirin taleyi isə Yaradanın dərgahında həll olunubmuş...

Mən etiraz əlaməti olaraq söylədim ki, bu, sadəcə, təsadüfdür.

- Yox, təsadüf deyil, - o, inamla anlatdı, - yox, görünür, Pərvərdigar məhşər günündən öncə onu cəzalandırıb, deməli, o, Allaha və insanlara qarşı çox günahlar işlədibmiş...

Və birdən-birə qoca söhbəti keçidsiz-filansız, bir qədər başqa məcraya saldı.

- Bu günlərdə molla Sabir də mənə baş çəkməyə gəlmişdi, çox şeylərdən danışdı, elə bir ucdan üyüdüb tökürdü, hətta söylədi ki, cənabi Cəbrayılın 624 qanadı var imiş. Mən də düşündüm ki, nə olar Mələk olanda, 624 qanada nə lüzum?

Sonra o, sözünə bir qədər ara verib soruşdu:

- Bu söhbətdən ağlın nə kəsir? Sən oxumuş adamsan, 624 qanadı cənabi Cəbrayıl neynəyirmiş?

Sual məni bir qədər düşündürsə də, yarızarafat, yarıgerçək söylədim ki, hətta bu qədər qanad ona mane ola bilərdi.

- Mən də mollanın sözünə inanmadım, - o, dərindən nəfəs alandan sonra dilləndi, - amma inanclı, mömin insanları Cənnətə aparan Sirat körpüsü məsələsində fikirlərimiz üst-üstə düşdü. - Və soruşdu, - bu körpü haqqında sən nə bilirsən? Sən oxuduğun kitablarda o körpü haqqında nə yazırlar?

Hansısa bir şeyxin yuxusu haqqında dildə-ağızda gəzən söhbəti xatırlayanda, şeytan məni qıdıqladı və istədim ki, onunla zarafat eləyim:

- Nə üçünsə bir çoxları güman eləyir ki, Sirat körpüsü adicə körpüdür, amma məsələ bundadır ki, o, inanclı, mömin insanlar üçün körpüdür, özü də kifayət qədər enli və uzun, mömin, inanclı insanlar onun üstündən çəkinmədən keçib birbaşa Cənnətə varid olurlar. Günahkar üçün isə bu körpü qıldan incədir və ona görə də bu keçidə bəzən Qıl körpü də deyirlər. Günahkar bu körpünü keçə bilmir, büdrəyib birbaşa Cəhənnəmə - qır qazanına düşür.

- Düz buyurursan, - qoca dedi, - molla Sabir də bunu mənə belə izah etmişdi.

- Amma insanların bir çoxu, - sözümün məqsədini gətirdim, - "Quran"da deyilənləri düzgün başa düşmürlər. Müqəddəs kitabda o körpünün nə eni, nə də uzunluğu haqqında heç nə yazılmayıb.

Qoca təəccübləndi:

- Necə yəni?

- İndi qulaq as, gör nə deyirəm. O körpünün uzanması da, enlənməsi də, daralması da, qıl kimi nazilməsi də insanların uydurmasıdır, amma o müqəddəs Şeyxə o körpü haqqında həqiqət yuxuda əyan olub. Belə ki, Şeyx yuxuda görür ki, Allah onu yanına çağırır və o ölür. Sonra da itaətkar bir ölü kimi Cənnətə keçməli olduğu körpünün önündə dayanır. Şeyx qorxmur, çünki o, həqiqətən də özünün mömin olduğunu, Yaradanın qarşısında suçlu olmadığını bilir. Körpüyə nəzər salır və görür ki, körpünün nə eni görünür, nə uzunu və sonsuz sayda insanlar bu körpü ilə addımlayırlar.

- Əlbəttə, - qoca razılaşdığını bildirdi, - bütün insanlar dar bir körpüyə sığışmazdılar ki...

Mən sözümə davam elədim:

- Sonra da şeyx bir an belə düşünmədən, cəsarətlə körpüyə ayaq basır. İnamla addımlayır və bəzi insanların körpüdən necə düşdüyünü görür. Diqqətlə nəzər yetirəndə ona bəlli olur ki, bəzi insanlar addımlayanda ayaqları altında dəlik açılır və o dəlikdən düşən kimi yenə də dəlik qapanır. Bu minvalla, kimisi o körpüdə yalnız bircə addım atır, bir çoxları isə o körpü ilə kilometrlərlə addımlayırlar. Bizim şeyx də bu dəstənin arasındadır. O gedir, gedir və hiss eləyir ki, dəstə seyrəlir. Və nəhayət, Cənnət bağçaları görünür. Şeyx ətrafına bir də nəzər salır və görür ki, onunla bir yerdə körpüyə ayaq basanlardan cəmi bir neçə yolçu qalıb. Bu zaman Şeyx inamla addımlarını yeyinlədir. Cənnətin bağça-bağına bir neçə addım qalanda Şeyx ayaq saxlayır və fikirləşir: həqiqətən də Allah müdrik və uludur, o hər kəsə əməlinə görə verir...

Qoca, sanki bu hikmətdən dirçəldi və:

- Bax, elə mən də bunu söyləmək istəyirdim, - dedi, - amma sən şəkk gətirirdin.

- Bir aman ver, gör nə deyirəm; Cənnət bağçasına bircə addım qalanda o, dayanır və başlayır düşünməyə... O, düşünür ki...

- Onun nə düşündüyünü sən mənə sonra söyləyərsən, - deyə qoca sözümü kəsdi, - sən de görüm o, Cənnnətə varid oldu, ya yox? Tez elə...

Mən də onun sözünü kəsdim:

- Əşi, bir aman ver, qoy söyləyim də... Beləliklə, o, Cənnətə ayaq basmaq üçün bir ayağını irəli uzadanda... Və elə o anda... birdən...

Qoca həyəcanlandı və yataqdan dikəldi.

- Hə. Birdən nə oldu?

- O da hamı kimi... - sakitcə söylədim, - körpünün üstündə dəlik açıldı və o da...

Qoca bir qədər susandan sonra səsini qaldırdı:

- Dur əkil burdan, mürtəd! Əkil!

Və mən dərhal bayıra çıxdım ki, qəşş eləyənə qədər gülüm.

Üç gündən sonra mən yenə ona baş çəkdim. O məni əsla məzəmmət etmədi, əksinə, təbəssümlə qarşıladı.

Bir ay sonra o, artıq dünyasını dəyişmişdi; yuxudaca keçinmişdi.

Hər dəfə onun məzarını ziyarət eləyəndə ürəyimdən bu sözlər keçir: ey Şıxəmir kişi, ömrün boyu qoyun otardın, on övlad böyütdün, heç kimin paxıllığını çəkmədin, əlin çatana əl tutdun, qoy sənin ürəyin Cənnət bağçasında da rahatlıq tapsın. Sən Sirat körpüsündən də şərəflə keçdin. Bunu sübutu da səni anmağımız və vaxtaşırı səndən söz açmağımızdır.

 

Rus dilindən tərcümə edən:

Məmməd ORUC

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!