Ucsuz-bucaqsız səhralarla zəngin Orta Şərq torpaqlarına yiyələnmək üçün İngiltərə XIX əsrdən etibarən bu bölgədə baş qaldıran ərəb üsyanlarını dəstəkləyərək bu bölgəni Osmanlıdan qoparmaq fikrinə düşmüşdü. Bu istək ingilis siyasilərinin başlıca məqsədlərindən biri olmuşdur. Məşhur ABŞ rejissoru David Lin əfsanələşən ingilis kəşfiyyatçısı Edvard Laurens haqqında "Ərəbistanlı Laurens" filmində bu mövzuya ingilis zabitinin tərcümeyi-halı kontekstində toxunmuşdur.
Bəzi iddialara görə, sui-qəsdlə öldürülən Laurens (Peter O Toole) motosiklet qəzasından altı gün sonra vəfat etmişdir. Ekran əsəri bu epizodla, yəni flaş-bakla başlayır. Elə ilk epizodlardaca Laurens əfsanəsinə müraciət olunur. Qəza zamanı ağaca ilişən motosiklet eynəyinin arxasıyca onun büstünün görünməsi və ətrafındakı insanların dəfn mərasimi zamanı onu şoumen adlandırması filmin başlanğıcında bu haqda rejissor yozumunu ortaya qoyur.
Laurens əfsanəsi təkcə ərəb və Qərb aləminə deyil, Azərbaycanın mədəni mühitinə də təsir etmişdir. Mehdi Məmmədov 1983-cü ildə H.Cavidin "İblis" əsərini səhnələşdirdiyi zaman Ərəbistanı köpürdən xaxam personajını məhz Laurensin geyimi formasında tamaşaçılara təqdim etmişdir.
1914-1918-ci illər zamanı tərtib olunan real Yaxın Şərq xəritəsinin üzərində işləyən Laurens dəvələri görərək içində səhraya olan marağı büruzə verir. O bu dar otaqda qalmaq istəməyərək daha geniş məkanda fəaliyyət göstərmək istəyir. Bu xəritə tarixi reallığı əks etdirməklə yanaşı, XX əsrdə mövcud olan ərazi bölüşdürülməsi haqqında tamaşaçılara ekran yozumunda məlumat verir. Ərəbistan ərazilərində hazırlanacaq proseslərə ingilis zabiti Briqton adlı kəşfiyyatçını göndərmək istəyir. Buna səbəb Laurensin kitablarla maraqlanması olur. İngilis zabiti Laydenin səhrada "yalnız tanrılar və bədəvilər əylənə bilər" deməsi Şərqlə bağlı materialist yozumla yanaşı, Laurensə də xəbərdarlıq kimi görünür. Laurensin gənc yaşında macəra axtarması onu həm təbiət, həm də siyasi cəhətdən qaynar səhra bölgəsinə yönəldir.
Qəbilə münaqişələri üzündən Şərif Əli (Ömər Şərif) Laurensi müşahidə edən digər bir ərəbi qətlə yetirir. Buna səbəb onun su quyusundan istifadə etməsi olur. Zirək Laurens əgər "ərəb qövmləri bir-birlərilə döyüşsələr, balaca, axmaq qalacaqlar" deməsi ilə Osmanlıya qarşı formalaşdırılacaq və ingilis siyasəti üçün sərfəli olacaq ərəb birliyi fikrini ortaya atır.
Yeniyetməliyi dövründə Osmanlı Suriyasında tarixi abidələri səyahət edib onunla maraqlanan Laurens ərəb dilinə və mədəniyyətinə yiyələnmişdir. Filmdə gələcək Suriya kralı olacaq Faysalla görüşü zamanı bu tarixi faktlara da istinad olunur. Kral Faysala "siz səhrada döyüşməkdə mahirsiz" deməklə onun rəğbətini qazanır. Laurens ərəblərin həyat tərzi döyüş qabiliyyəti haqqında artıq bu görüşə kimi məlumat toplamış olur. Sonradan fransızlar tərəfindən həbs ediləcək Faysala ingilislərin Ərəbistan ərazilərinə bu marağı şübhəli görünür. Osmanlı tərkibində birbaşa müstəqilliyin olmamasını duyan Faysal Laurensin həm İngiltərəyə, həm də Ərəbistana bağlı olması barədə sözünə inanmır.
Şərif Əlinin sayəsində Laurens ərəb qiyafəsinə keçir. Bu zaman Abu abi Tayiylə (Entoni Quin) qarşılaşır. Su mənbələri uğrunda Haşimilərlə vuruşan Abu abi Tayiylə görüşən zaman ərəb tayfalarının psixologiyasına daha yaxından bələd olur. Şərif Əliylə də ilk münasibətində su uğrunda tayfa vuruşmasını görən Laurens Abu Tayiyə türklərin hökmranlıq elədiyi Akabeyə hücum etməyi təklif edir. Türk bayrağı fonunda qarət edilən Akabedə isə qızıl olmur. Abu Tayiyin kağız pula etinasız, qızıla həris olması ərəb tayfalarındakı düşüncəni əks etdirir.
Laurens Qahirəyə gələrkən öz niyyətini ingilis hərbiçilərinə açıq deyir. "Ərəbistan ərəblərindir" deməklə bu xalqı aldatdığını etiraf edir. Laurens rolunu canlandıran Peter O Toole özünəməxsus mənfi mimikası ilə Laurensin mənfi çalarını tamaşaçıya təqdim edə bilir. Bir ingilis zabitinin Laydenə Ərəbistanda "gözümüz varmıdır" sualına "çətin sual verirsiniz" cavabı ingilis siyasətinin çox hiyləgər olması barədə tamaşaçıya informasiya ötürür.
Laurens söz verdiyi kimi həmin ərazilərə geri dönür. Bu zaman türklərin çəkdiyi dəmiryol xətlərini, qatarları partladır. Abu Tayinin bu hücum zamanı zəngli saatı, fotoaparatı sındırması çöl tayfalarının inkişaf səviyyələrini göstərir. Aktyor Entoni Quin bu səhnələrdə çöl adamının xüsusiyyətlərini gözəl əks etdirə bilib. Bu obraza görə o, Britaniya Film Akademiyasının "ən yaxşı xarici aktyor" nominasiyasına layiq görülüb. İngilis dilində yeni öyrənən Şərif Əlinin siyasətlə maraqlanması fotoqraf ingilisə maraqlı gəlir. Onun Şərif Əliyə gələcəkdə "sizin ölkənizdə demokratiya olacaqmı" sualına dövlətimiz olanda cavab verərəm deyir. Bu cavab əslində, üsyan etmiş ərəblərin gələcəklə bağlı heç bir nizamlı fikirlərinin olmamasını, filmin də müasiri olduğu 1960-cı illər siyasi mühitinin əvvəlkindən fərqli olmaması fikrini ortaya çıxarır.
1917-ci ilin noyabrında Derada həbs edilən Laurens bu həbs zamanı guya türklər tərəfindən zorakılığa məruz qalmasını qeyd etmişdir. Onun təxəyyülünün nəticəsində formalaşan fikirlər kiçik bir epizodla filmdə işlənmişdir. Bu epizodda türk zabitləri xəstə təfəkkürlü şəxslər kimi göstərilmişdir.
Ərəb üsyançıları və İngiltərə dövləti üçün əsas hədəf Şam şəhəri olur. Laurens əvvəlcə tərəddüd etsə də, bu hücumun başında iştirak edir. Türkləri məğlub edəndən sonra Laurensin xəncərlə əlinin və üzünün qanlı göstərilməsi Orta Şərq üçün axıdılan qanları vizual dillə göstərir. Türk qoşunlarının Şamda məğlub olması da tarixi faktdır. Ənvər paşa qoşunun böyük hissəsini ərəb cəbhəsindən çıxararaq Azərbaycana doğru irəliləmiş xalqımızı soyqırımdan qurtarmışdır.
Müharibənin dəhşətləri bir epizodla özünü daha aydın göstərir. Dağıdılmış Şam şəhərində sağ qalmış bir yaşlı türk Laurensdən su istəyir. Krandan suyun gəlməməsi ümidsizliyin əksi kimi görünür.
Film rejissor işi, aktyor oyunu, musiqisi baxımdan qiymətlidir. Fransız bəstəkar Moris Jar səhra mühitini filmdəki dramatizmi öz musiqi əsəriylə yaxşı əks etdirə bilmişdir. Sənətçi sonradan Məhəmməd peyğəmbər haqqında çəkilən məşhur "Çağrı" filminə də musiqi bəstələmişdi.
Stenli Kubrik, Martin Skorseze, Brian de Palma kimi məşhur rejissorlar filmin vizual tərəfini yüksək qiymətləndirərək onu möcüzə adlandırmışdılar. Rejissor bir çox kadrları mükəmməl şəkildə işləməyi bacarmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!