(PUBLİ VERGİLİ MARON)
(b.e.ə. 70 – 19 il)
III yazı
Dünya ədəbiyyatı tarixində Vergili qədim Roma poeziyasında “qızıl dövr” epoxasının ən parlaq nümayəndəsi kimi tanınır. Şəxsi həyatı barədə məlumatlar az olsa da, qədim mənbələrdə onun yaradıcılığı haqqında kifayət qədər bilgilər verilir. Bu barədə yeddi qısa “Vergilinin tərcümeyi-halı” və Roma müəlliflərinin ayrı-ayrı sitatları mövcuddur.
Sitatların birində yazılır: “...Antik dövrün böyük şairi, "Eneida" eposunun yazarı Publi Maron Vergilinin etnik mənsubiyyəti haqqında fərqli fikirlər var. Əsərlərini latın dilində yazıb-yaradan şair bəzi tədqiqatçılara görə latın, bəzilərinə görə etrusk mənşəlidir. Bu dəqiqdir ki, Vergili latın mənşəli deyildir...”.
Bu barədə Roma dövrü tarixçilərinin əsərlərində, eləcə də şairin "Eneida" eposunda yetərincə bilgilər var. Növbəti sitatda deyilir: “...ancaq şair etrusk əsilli də deyildi. Ədəbiyyat tarixçiləri yanlış olaraq Troyadan İtaliyaya köçən Asiya mənşəli etnosların çoxunu etrusk adlandırırlar...”.
Digər sitatda isə göstərilir ki, Publi Vergili Maron b.e.ə. 70-ci ildə Mantu yaxınlığındakı Andı kəndində doğulmuşdur. Şairin atası latınlı idi. (Latsiyada yaşayan əhalini “latınlı” adlandırırdılar. Onlar bir neçə əsr romalılarla müharibə şəraitində yaşamışlar...).
Maronun atası Andı vilayətində bir müddət dulusçu usta kimi məşhurlaşır.
Bəzi mənbələrdə kuryer kimi işlədiyi də bildirilir. Sahibinin qızına evləndikdən sonra arıçılıqla və meşə materialları satışı ilə məşğul olur. Şairin anasının adı Maqiya Polla idi.
Maronun uşaqlıq illəri Vergiliyalar ailəsinin kiçik malikanəsində keçmişdir.
Maron on beş yaşına qədər Kremonda oxuduqdan sonra, ailə Mediolana (Milana) köçür. On doqquz yaşı tamam olanda ritorika elmini öyrənmək üçün atası onu Romaya göndərir. Bu məktəbdə əsasən hüquq və natiqlik fənləri keçilirdi, amma bu sahədə Maronda istedad yox idi. İmtahan zamanı asta danışığı, zəif nitq manerası hakimləri qane etmir və o, məktəbdən uzaqlaşdırılır.
Antik bioqraf Donat Vergilini belə təsvir edir: “Uzunboylu, qarabuğdayı, kəndçi simalı, sağlamlığı bir qədər zəif, həddindən çox utancaq, hətta adı dillərdə gəzəndə, şairlik istedadı İtaliyanı fəth edəndə belə, onu sevən publika qarşısına çıxanda həyəcanlanır, karıxırdı...”.
Gənc şair paytaxtda qərar tuta bilmir, bir ildən sonra Neapola köçür. Burada o, əsası dahi filosof Filodem tərəfindən qoyulmuş, Sironun rəhbərlik etdiyi “Epikürçilər” dərnəyinin üzvləri ilə tanış olur. Sonralar Vergili uzun illər Epikür təliminin sədaqətli daşıyıcısı və təbliğatçısı olaraq qalacaq. Siyasi çarpışmalar ondan da yan keçmir. Bu üzdən Oktavianin (sonralar imperator Avqustun) əmri ilə atasının mülkü müsadirə olunur. Doğma yurdundan ürək ağrısı ilə vidalaşan şair ömrünün sonuna qədər Neapol ətrafında yaşayır. “Miniatürlər” ədəbi-tarixi topluda şairin keçirdiyi həyəcanlı anlar lirik ricətlərlə təsvir olunur. Yaradıcılığının ilk illərində yazdığı kiçikhəcmli şeirləri bu topluda əsas yer tutmuşdur.
O, nadir halda Romaya, Siciliyaya, Tarenteyə səfər edirdi. Yalnız Filippin dövründə, b.e.ə. 42-ci ildə müharibə veteranları üçün torpaq sahələri ayrılanda İmperatorun sevimlisi Metsenatın və şairin digər heyranlarının xahişi ilə Vergiliyaya mənsub olan mülk ona qaytarılır.
O, Yuli Sezarın qətlindən sonra ölkədə davam edən ağır vətəndaş müharibəsi illərində özünü yalnız poeziyaya və fəlsəfəyə həsr edir. B.e.ə. 42-39-cu illər ərzində qəhrəmanlıq və müharibə mövzusunda üç irihəcimli poema yazır. Vətəndaş müharibəsinin ən qızğın çağında Vergili “Bukoliko” (“Çobanlar”) və ya “Ekloqio” (“Seçilmişlər”) əsərlərini yaradır. Bu əsər şairə unudulmaz və əbədi şöhrət gətirir. Teoloqlar əminliklə təsdiq edirlər ki, şair əsərdə yaxın gələcəkdə dünyaya ədalət, sülh bəxş edəcək peyğəmbərin - İsa Məsihin doğulacağı günü təsvir etmişdir. Bu üzdən, Orta əsrlər epoxasında Vergili ilk xristian şairi kimi elan edilir və əsərləri bütün xristian dünyasına yayılır. Tez bir zamanda “Bukolikos” əsəri səhnələşdirilərək tamaşaya qoyulur. Bundan sonra, hər dəfə Vergili teatrda görünəndə insanlar onu imperatordan da yüksək səviyyədə alqışlamağa başlayırdılar. Əminliklə təsdiq etmək olar ki, şair elə sağlığında uğurun ən yüksək zirvəsində qərar tutmuşdur.
B.e.ə. 36-30-cu illərdə Oktavian Avqustun triumviratlarla (qədim Romada dövlət idarəçiliyində birgə fəaliyyət göstərmək üçün üç şəxs arasında siyasi birliyin tərəfdarları ilə) apardığı amansız müharibədə Antoni və Kleopatranın ordusunu məğlub etdikdən sonra, Vergili “Georgiko” (“Əkinçilər”) əsərini yazdı. Əsərdə Roma dövlətinin apardığı siyasətin əsas istiqamətləri təsvir edilir. Poema Oktavian Avqust hakimiyyətində, indiki yozumla desək, “daxili işlər naziri”, Vergili və Horatsionun havadarı Metsenatın məsləhəti ilə yazılmışdır. Poema torpaqların bölgüsü zamanı baş verən tarixi hadisələrdən imperatorun apardığı o dövr üçün inqilabi islahatlardan bəhs edilr. Bu poema dörd hissədən (nəğmədən) - əkinçilik, bağçılıq, heyvandarlıq və arıçılıqdan ibarətdir.
Eradan əvvəl 29-19-cu illərdə şair sona çatdıra bimədiyi “Eneida” (“Eneyin tarixi”) əsəri üzərində işləyib. Epik janrda yazılan bu tarixi roman 12 bölümdən ibarət olaraq, Troyanın fəthindən, çaritsa Eneyanın İtaliyaya səfərindən, qəhrəmanın diplomatiya və hərbi sahədəki uğurlarından bəhs olunur.
İmperator Avqust şəxsən milli epopeyanın yaradılmasında maraqlı idi. Heç bir təsir göstərmədən, Vergiliyanın işindən xəbər tutur, ona hərtərəfli yardım göstərirdi. O zamanlar şairə bu köməklik çox vacib idi. “Eneida” eposunu yazdığı illərdə o, ağır vərəm xəstəliyinə tutulmuşdu.
E. ə. 19-cu ildə Vergili Yunanıstana səfər edir. Burada üç il yaşayacağını və “Eneida”nı sona çatdıracağını nəzərdə tuturdu. Afinada imperator Avqustla görüşəndən sonra səyahətini yarıda kəsib evinə qayıtmaq qərarına gəlir. Bəzi bioqraflar şairin bu qərarını xəstəliyi ilə əlaqələndirirlər.
Antik bioqraf Svetoni yazır ki, Vergiliya səfərdən əvvəl dostu (bəzi mənbələrdə arvadı) Variyaya deyir ki, əgər onunla bir hadisə baş verərsə, “Eneida”nı yandırsın. Variya onunla razılaşmır. Şair ölümqabağı özü əsəri yandırmaq üçün saxlanıldığı mücrünü tələb edir, lakin mücrünü ona vermirlər. Vəziyyətlə barışmalı olan şair dostları Variyadan və Plotiya Tukkedən yeganə olaraq bunu xahiş edir ki, poemanı çap edəndə orada olan artıq (?) şeyləri silsinlər və ora bir söz də əlavə etməsinlər...
Publiy Vergiliy Maron e. ə. 19-cu il sentyabrın 20-də Brinci şəhərində vəfat edir.
İlk dəfə olaraq Vergiliyanın əsərləri e.ə. 26-cı ildə Roma məktəblərində tədrisinə başlanılır. Daha sonra şairin yaradıcılığı mütləq qaydada sivil dünyanın ən yaxşı məktəblərinin tədris proqramlarına daxil edilir. Xristian kilsəsi Vergilini peyğəmbər elan edir və Avropada şairin şərəfinə məbəd ucaldılır. Antik bioqrafların yazdığına görə, hətta İsa peyğəmbərin həvarisi Pavel onun məzarı üstündə hönkürtü ilə ağlayır.
Türk dünyasını Vergilinin yaradıcılığı ilə ilk olaraq Əli bəy Hüseynzadə tanış etmiş, eposun 2-ci bölümünü ana dilimizə tərcümə etmişdir. “Eneida”eposundan Əli bəy Hüseynzadənin tərcümə etdiyi 2-ci bölüm - “Troyanın son gecəsi Eneyin başından keçənlər” dahi şəxsiyyətin 2007-ci ildə Azər Turanın nəşrə hazırladığı “Əbədi gözəlliklər” kitabında yer almışdır.
(Tərcümədən bir parçanı diqqətinizə çatdırırıq)
“...Vergiliyə görə, Troya müdafiə qəhrəmanlarından biri olan Eney, Kartaç kraliçası Didona, Troyanın son günü vaqeələrini bu şəhərin on illik bir mühasirədən sonra, yunanlıların hiyləsi və troyalıların qəfləti yüzündən nasıl bir gecə basqınına uğradığını, yigitcə qavğaya rəğmən, sarayıyla bərabər yıxıb yaxıldığını və kral Priamın boğazlanıb öldürüldüyünü hekayə edərkən, o fəlakət gecəsi kəndi ailəsinin başından keçənləri də şöylə anladır:
Sayın hökmüdarımız, ağsaçlı qoca Priam
Boğazlandı gözümün önündə, getdi qurban;
Bu acıqlı görəyin qarşısında, inlədim!..
Xatırə gəldi babam, qarımla oğlum Askan;
O təhlükəli anda möhtaçdılar yardıma:
Çox keçmədən evimiz ediləcəkdi yağma!..
Ətrafıma baxındım bir arkadaş aradım:
Bana yardım edəcək kimsəyi bulamadım:
Görmək istəməyərək yurdun fəlakətini,
Ölümü öneyliyən yoldaşlarımın kimi
Təpəsindən sarayın kəndini atdı yerə,
Yaxdı kimi kəndini atılıb atəşlərə...”.
Orta əsrlər xristian dünyası hətta bir zamanlar “Eneida”nı müqəddəs kitabları olan “İncil”lə bərabər tutmağa başladılar. Sehrbazlar, falabaxanlar, “insan taleyindən xəbər verənlər”, öncəgörənlər Vergiliyə məbəd tikib oranı ibadətxanaya çevirdilər.
Vergilinin sehrbazlıq bacarığı haqqında əfsanələr sürətlə Avropaya yayılır. Onun cadugərliyi haqqında yazılan kitablar müxtəlif Orta əsr Avropa dillərinə tərcümə edilir. Elə indi də bəzi Avropa xalqları Vergilinin kitabları ilə fala baxmaqda davam edirlər.
SON
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!