XIX əsr həm də Şərq torpaqlarına yiyələnmək uğrunda Qərb dövlətləri və şirkətlərinin mübarizəsi tarixi olmuşdur. XX əsrin əsas mədəni nailiyyətlərindən olan kinoda da bu mövzu özünün müxtəlif tərəf və yozumlarıyla işlənmişdir. Xüsusən Osmanlı imperiyasının ərazilərində qanlı çarpışmalar müxtəlif ədəbi və kinematoqrafik əsərlərdə işlənmişdir.
Bazel Lirdenin 1966-cı ildə ekranlaşdırdığı “Xartum” filmi epik müharibə janrında olan kino əsəridir. Epik janrda olan kino əsəri sənədli elementlərlə olan kadrlarla başlayır. Səhralığın insanda inam yaratması materialist yozum kimi görünsə də, sonradan inanc xətti filmdə ciddi şəkildə işlədilir. Özünü Mehdi elan edən Məhəmməd Əhməd (Lorens Olivye) ordusunun əsgərlərinə möcüzə vəd edərək mübarizə aparır. Onun şəxsi keyfiyyətlərindən xəbərdar olan London dairələri şəxsinin üzərinə inancı ilə seçilən Qordonu (Çarton Heston) göndərmək qərarına gəlirlər.
Tərcümeyi-halında Çindəki Tiryək müharibələrində iştirak edən Qordon bu dəfə Sudan üçün gərəkli olur. Taybinqlərin çinliləri qətl etdiyini görən Qordon dəhşətə gəlmişdi. Hərbiçi olsa da, ürəyində mərhəmət hissi var idi. Filmdə Osmanlının simvolları görünsə də, bu dövlətin adı çəkilmir. Qordon Osmanlı məmurundan tapşırıq alarkən sultanın da portreti diqqəti cəlb edir. Qərbdə türklərin keçmişinə olan qısqanc münasibət özünü bu kadrlarda büruzə vermiş olur.
Tarixi şəxsiyyət olan Qordon köləliyə qarşı mübarizliyi idealistliyi ilə Qərb insanlarında da təəccüb yaradan bir insan olur. Mehdinin ordusunun dağıdılması missiyası ilə Xartuma göndərilən Qordon özünün müstəqil xarakterini dərhal büruzə verir, sırf əmr qulu olmadığını göstərir. Biz Qordonu ekrandan görməyə başlayan kimi üstün mənəvi keyfiyyətlərinin şahidi oluruq. Ona köməkçi kimi təyin olan Con Stevarda özünü nizamsız bir şəxs kimi təyin edərək şəxsi işlərinə qarışmamaq tövsiyəsini verir.
Şəxsi həyatında evliliklə problemi olan Qordon oğlunu öldürdüyü kölə taciri Zübeyirlə qarşılaşır. Zübeyir ona “sənin oğlun varmı?” sualını verəndə tutulan Qordon öz əməlinə idealı olan köləliklə mübarizəylə bəraət qazandırmağa çalışır. Zübeyirin övladına, Qordonun isə idellarına olan sevgisi görünür.
Digər köməkçi Xəlil isə xristian inancını sorğulamayan Qordona İsa peyğəmbərin “sağ yanağını vurarlarsa solu çevir” sözünə görə onu anlamadığını deyir. Zəki tərpənən Qordon isə cavabında mən “İsa peyğəmbər deyiləm” deyərək dərhal Mehdinin yerini ondan soruşur. Qordon Məhəmməd Əhmədin qərargahına əsl alicənab kimi gəlir. Xəlili görərkən onu kölə adlandıran Məhəmməd Əhmədə “o, kölə deyil, hədiyyəni gətirib” deyərək öz idealını qorxmadan düşmən çadırında bəyan edir. Mehdi isə bu hədiyyəni qəbul etmir. Çin imperatorundan yalnız onun Mehdiliyini qəbul edəcəyi təqdirdə bu bəxşişi alacağını bildirməklə mübarizə aparacağı mesajını Qordona çatdırır. Biz burada iki güclü şəxsiyyətin obrazını görmüş oluruq. Mehdinin Məkkə, Mədinə nəhayət, İstanbul məscidində namaz qılacağını bildirməsi mübarizəsini sona qədər aparacağını bəyan eləməsi Qordonu məyus edir.
Xartumu özü üçün ev bilən Qordon Mehdinin ordusuna qarşı Misir əhalisini təşkilatlandırır. Əhali başına fəs taxmış Qordona Osmanlının nümayəndəsi kimi baxıb etibar edir. Gecə döyüşü zamanı Mehdinin ordusuna uduzan Qordona Londondan məktub gəlir. Xartumdan uzaqlaşma əmrini yerinə yetirməyən Qordon Stevardı əvəzində ora göndərir. Londonda saxlanılacağını anlayan Qordon bu məkandan getməklə missiyasının yarımçıq qalacağını anlayır. Lakin Stevard Londandakı rəsmi dairələrə real vəziyyəti anlada bilir. Baş nazir əvvəlcə Qordonu santajçı kimi təqdim eləsə də, Stevard “o, on minlərlə insanla birgə ölməyə hazırdır” deyir. Bu mesaj Londonun Sudana qoşun göndərilməsiylə nəticələnir. Qordon bir daha Londonu məğlub edə bilir.
Kölə tacirlərinə qarşı olduğu kimi, Qordon digər qeyri-qanuni işlərə qarşı da amansız olur. Özünün saxta imzasıyla taxılı satdırıb pul qazanan şəxsi özü gülləyir. Qordonun öz mübarizliyindəki qətiyyəti bir daha görmüş oluruq.
Londondan qoşunların daxil olması Mehdinin vəziyyətini ağırlaşdırır. Qədim Misir fironlarının heykəlləri fonunda İngiltərə bayrağının odusunun görünməsi qədim Şərq torpaqlarının yeni sahibləri barədə tamaşaçıya məlumat verir.
Qordon Məhəmməd Əhmədlə görüşən zaman ingilis ordusunun uzaqda olduğu xəbərini alır. Mehdi Qorona güvənlə get desə də, o bu təkliflə razılaşmır. Mehdiyə mərhəmətsiz deyir. Guya ki, Həzrət Məhəmmədi yuxusunda gördüyünü deyən Məhəmməd Əhmədə bunu deməklə, sanki Qordon islamın əsas başlanğıcını ona başa salmağa çalışır.
Mehdinin ordusu nəhayətdə Qordonu məğlub edir. İsa peyğəmbərə tənqidi yanaşan Xəlil ona qılınc versə də bundan imtina edir. Burada xristian və islam inancları arasındakı fərqi rahatlıqla görə bilirik. Qordonun öldürülməsindən sonra heykəlinin fonunda yenə də sənədli film elementləri görünür. Qordon üçün Sudanın əhəmiyyətini əks etdirən və “Qordonların olmadığı dünya çölə dönəcək” mesajını verməklə film bitir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!