Səlim BABULLAOĞLU
Tomas Sternz Eliot
(1888-1965, Böyük Britaniya)
***
İlahi ilhamla deyirəm:
Ey ağıllı adamların bədbəxt şəhərləri,
Ey ziyalıların zavallı tör-töküntüləri,
Öz bicliyinin dolanbaclarında azmışlar,
Öz kəşfləri tərəfindən satılmışlar:
Mən sizə əl verdim, dua üçün açmadınız,
Mən sizə nitq verdim, susmadan çərənlədiniz,
Mən sizə Qanun verdim, siz müəssisələr qurdunuz,
Mən sizə dostluğu bəyan etsin deyə, dodaq verdim,
Mən sizə ürək verdim, siz şübhələrlə hər şeyi uçurdunuz,
Mən sizə seçim verdim, tərəddüd etdiniz -
Bəhrəsiz fikirlə düşüncəsiz əməl arasında vurnuxdunuz.
***
Kitab yazan və çap edən çoxdu,
Adını qəzetdə-kitabda görmək istəyən çoxdu,
Kitab-dəftərdən qumar güdürlər hərçənd.
Siz çox oxuyursuz, Allah sözündən başqa,
Siz çox şey ucaldırsız, Allah evindən başqa.
Yaz və payız, doğuluş və ölüm!
Niyyətdən əmələ sonsuz təkrarlar;
Rahatlıq deyil, hərəkəti,
Sükut deyil, nitqi,
Kəlam deyil, yalnız sözləri öyrədən
Sonsuz axtarışlar və kəşflər;
Öyrəndiklərimiz bizi bilgisizliyə yaxınlaşdırır,
Bilgisizlik bizi ölümə yaxınlaşdırır,
Allaha deyil, ölümə.
Hanı həyatda itirdiyimiz Həyat?
Hanı bilikdə itirdiyimiz müdriklik?
Hanı statistikada itirdiyimiz bilgi?
Halim ŞƏfiq
(1913-1990, Türkiyə)
Yarılma
Orxan Vəliyə ağı
Morqda açılınca kəllə qapağı,
Cənab doktorlar orda beyin gördülər.
Döş qəfəsinə endirincə neştəri,
Cənab doktorlar orda ürək gördülər.
Ürəkdə nə gördülər, deyimmi,
Ürəkdə məmləkət gördülər,
Dünya gördülər,
Bir də dost gördülər.
Amma bu məsələdə
Cənab doktorlar gecikmişdilər,
Çox gecikmişdilər.
Adonis
(1930, Suriya)
"Seçmələr"dən
Burda mən öz gözlərimlə gələcək adlı
gölün necə buxarlandığını görürəm.
İlğım tabaşiri ilə yazılmış tarixin -
nəmişlik gecənin, alatoranın
insanları əfsunladığını sezirəm.
Vətənim, ay Vətənim, məni anla:
Səni qorumaq üçün yalnız
qanadlarım var.
İnqibörq Haraldsdottir
(1942-2016, İslandiya)
***
Bu ölkə haqqında sənə
heç nə deməyəcəm.
Mən şəlalələr, qeyzerlər, mağaralar,
inəklər, qoyunlar, qorxmaz mübarizələr,
sərt iqlim barədə
vətənsevər nəğmələr qoşmuram...
Yox, tez elə, gəl, yanımda dur
bu qaranlıqda.
Dərindən nəfəs al,
onun axışını hiss elə,
sonra da de:
bu mənim evimdir.
Nima Yuşic
(1897-1980, İran)
***
Bir gün bir qadın kənddən şəhərə gəldi,
Ətrafa nəzər saldı və bir güzgü qırıntısı tapdı.
Dedi: "Bu ki, əsl incidir!".
Özünü o qüzgü parçasında görüb utandı:
"Bağışla, bacım, vallah bilmirdim ki, bu inci sənindir,
Eyni kənddənik, düzdür,
Amma dünyanın aynasında
ən az özümüzü tanıyırıq...".
Zbiqnev Herbert
(1924-1998, Polşa)
Dərzi qız
Səhərdən yağış yağır.
Qarşı evdəki dərzi qızı dəfn edəcəklər.
Nişan üzüyü arzulayırdı, üskük barmağında öldü.
Hamı buna gülür.
Başıaşağı yağış yerlə göyün arasını
tikməyə, közəməyə çalışır.
Amma bundan da bir şey çıxmayacaq.
Raymond Karver
(1938-1988, ABŞ)
Mənim qarğam
Pəncərəmin qarşısındakı ağaca bir qarğa qondu.
Kimindi o? Ted Hyüzün, Halveyin,
Frostun, Pasternakın, ya Lorkanın?
Bəlkə, Homerin ətyeyənlərindəndi?
Yox, eləcə qarğadır.
Bu şairlərin heç birinə
gərək olmayan qarğa.
İki dəqiqə durdu,
dimdiyini budaqda itilədi
və mənim həyatımdan uçub getdi.
Ceyms Rayt
(1927-1980, ABŞ)
***
Du Fu gecə diksinib oyandı.
Döyüş meydanında qətl edilmiş,
eybəcər hala salınmış qadına baxdı.
Orda, onun hədəqəsindən çıxmış
əzabkeş gözlərində Ay bərq vururdu.
Rocer Robinson
(1982, Böyük Britaniya)
***
Həyat işartısı olmayan almazda
kristal qəfəsin çubuqları arasından
əbədi həyatın titrəyişlə bərq vuran qığılcımı kimi
poeziya da bətnində gəzdirir sevgini,
bütünlüklə yox, yalnız bir zərrəni
və elə bununla da diri qalır.
Qəfil baş qadıran ehtiras şairin səsini
kababxana çılğınlığı, süni qələbə ədası,
hədsiz-yersiz tar-kamanla
batırır, təhrif edir.
Sevginin şeirdəki aram nəfəsi
adsız bulağın rahat, şəffaf axışıyla
büruzə verir özünü, səslənir.
Laqeyd səmanın mavisi altda
suyun bu aydın olmayan pıçıltısı kimə görədir?
Heç kimə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!