Xose Emilio PaÇeko - Tərcümə etdi: Həmid PİRİYEV

Sizifə qayıdış

Mən yenə bu daşı diyirlədirəm, əvvəlki kimi

yenə diyirlədəcəyəm. Onun təzədən aşağı

diyirlənməyinə baxmaq üçün.

José Emilio Pacheco gran artista y una persona generosa: Juan Villoro

Döyüş başlayır min dəfə təkrarlanmaq üçün -

daşla döyüş, Siziflə döyüş, ya da öz-özünlə döyüş.

 

Zirvədə saxlamaq mümkün deyil bu daşı,

sağ olsun aşağı diyirləndiyi üçün.

Bu mənasız dram olmasaydı, həyatın mənası olmazdı.

 

 

Termitlər

 

Və termitlərin tanrısı dedi termitlərə:

"Bu evi dağıtmaq lazımdır".

Və beləliklə, onlar nəsildən-nəslə

qazıb-qaşımağa başladılar fasiləsiz.

 

Günəşi görməyən kor qullar

bir dəqiqə dayanmadan,

tərif və alqış gözləmədən,

hərə öz payına düşən yerdə

borcunu yerinə yetirdi.

Milyonlarla termit əlləşə-əlləşə

gözləməyə başladı ki, görəsən, haçan

bu bina dağılıb toz olacaq.

 

Və nəhayət, onlar ömrünü həsr etdiyi işi bitirib

acından öləcəklər.

 

 

Tarixdən qabaqkı dövrlər

 

Bu mağaranın divarında maral şəkli çəkirəm,

onun ətinə sahib olmaq üçün,

ona dönmək üçün,

istəyirəm onun güclü və yüngül ayaqları mənim olsun

və mən birinci olum

nəslimin ovçuları arasında.

 

Bu müqəddəs ocaqda

özümə məlum olmayan gücləri kəşf edirəm,

tanrını yaradıram,

nəslimə hökmranlıq etmək üçün olmaq istədiyim

Böyük Ataya oxşadıram tanrını.

 

Bu daşda birinci hərfləri həkk edirəm,

əlifbanı yaradıram. Kainatı simvollara yerləşdirirəm.

Bu Q hərfidi - dünyanı idarə etdiyim

və keşik çəkdiyim qüllə.

Və D hərfi - gizli və qorxulu dəniz.

 

Mənim cızdığım əlifbanın hesabına

mənim tanrımdan başqa tanrı olmayacaq.

Mənim tanrım başqa tanrıların varlığına dözməz.

Və mənim həqiqətimdən başqa həqiqət də olmayacaq.

Buna etiraz edən cəzalandırılacaq

mənim tanrım tərəfindən.

 

Mən iyerarxiya, yaddaş və qanun yaradacağam,

mənim qanunum budur: kim güclüdürsə,

onun qanunları işləyir -

və beləliklə, əbədi olacaq mənim hakimiyyətim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!