Çağdaş rumın şeiri-Ana Blandiana - Səlim BABULLAOĞLU

Səlim BABULLAOĞLU

 

Tərcüməçidən

Görkəmli rumın şairəsi, adı XX əsrin böyük ədibləri arasında yer almış Ana Blandiana 2016-cı ildə, dekabrın 9-da, öz Facebook səhifəsində, ərinin ölümündən bir gün sonra bu sözləri yazmışdı: "Yarım əsrdən artıqdır ki, sevdiyim və sevgisi olmadan sağ qalmayacağım ərim Romulus Rusanın (1935-2016) ölümünü elan edəcəyim heç vaxt ağlıma gəlməzdi...".

Əlli altı il bir yerdə yaşamışdılar. Çauşesku rejimində və sonrakı qarışıq zamanda uzun illər bir-birlərinə arxa-dayaq olmuşdular. 1979-cu ildə Yuneskonun çətiri altında Rumıniyada Siyasi Repressiyalar Memorialını təsis etmişdilər ki, nasir, publisist, xüsusi cazibəyə malik xeyirxah bir adam olan Romulus Rusan Ana Blandiana ilə bərabər insan haqları, hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışdılar.

"Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır bu şeirlər. Kitablarımın ən metafizikidir" - öz ağıları, mərsiyələri barədə belə söyləyir Ana Blandiana: Rumıniya PEN təşkilatının fəxri sədri, Stefan Mallarme Akademiyasının və Avropa Poeziya Akademiyasının üzvü, "Avropa Azadlıq Şairi", Qriffin - poeziya, Herder - ədəbiyyat ödüllərinin sahibi. "Cəm şəkilçisində birinci şəxs" (1964), "Ölümün sabahı günü" (1996), "Öləziyən hisslər" (2004) və başqa 26 şeir toplusunun müəllifidir. "Ədəbiyyat qəzeti" oxucularına təqdim edilən şeirlər "Müəyyən mövzu ilə bağlı variasiyalar" (2018) kitabından götürülüb.

 

Səlim Babullaoğlu

 

 

Ana Blandiana

 

 

 

***

"Güzgü ilə müqavilə bağlamışam, - demişdin,

- Səni mənim gördüyüm kimi göstərəcək,

qəbrə qədər sədaqətli olacaq sözünə".

Onillər keçirdi,

Güzgü sözünə sadiqdi:

Məni sığallı, təmiz,

sənin nurunla boyanmış göstərirdi;

Sanki nağıllardakı

dirilik suyu idim, dəyişmirdim.

İndi güzgüyə baxıram

təşvişlə dəyişikliyi gözləyirəm.

Amma görə bilmirəm.

Hələ də mənə baxdığının

başqa nə dəlili olmalıdır ki?!

 

 

***

Əgər evimdə o əvvəlki illərdəkitək yenə də mikrofonlar quraşdırılsaydı,

səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni;

yazırlar və səninlə ən adi şeylər haqqında danışdığımı,

hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi

eşidirlər; arabir, indiki zamanda, elə-belə "səni sevirəm" deyirəm,

işığı söndürməzdən qabaq "gecən xeyrə qalsın" söyləyirəm.

Dinləyənlərin arasında öz işində təzə olanlar var - getdiyini bilməyənlər,

sənin cavabsızlığını şübhəli sanacaqlar, hesab edəcəklər ki,

onlar başa düşməsin deyə əl hərəkətləri,

işarələrlə doldurursan sükutu.

***

"Kişi hardadır? - ilk dəfə sənsiz bazara gələndə şüyüd, cəfəri,

bəxtin gətirsə meşə kərəvizi aldığın nənələr soruşurdular. - Yox,

gərək, sizi tək buraxmasın, olmaz".

"Bazardakı nənələr, evin kişisi hardadır deyib səni soruşurdular" - qayıdanda

danışdım sənə, çox xoşuna gəldi, elə məğrur görkəm aldın ki,

məsləhət verdiklərini söyləməyi unutdum, deyirdilər ki,

yox, gərək, sizi tək buraxmasın, olmaz.

 

 

***

Özümə sual etdim:

qayıtsaydın sənə nə demək istərdim

və qərara gəldim ki,

bu söz olmayacaqdı,

yalnız şəkillər.

Mən sənə

alatoran vaxtı

pəncərəmdən görünən

ağacların tacı arasından boylanan

göyüzünü göstərərdim.

 

Ya da tikanlar arasından qanlı

yara kimi görürən,

yanında şəkil çəkdirdiyin bu kolu.

 

Ya da vaqon pəncərəsindən

ötüb-keçən biçilmiş zəmiləri, düzləri,

uzunsov tayaları.

Sigetaya gedirik onda.

 

Sözə gəlməz ismarışlar,

sirrin çaparları,

sevənlər üçün

baxışların yetərli olması kimi

ali həqiqətin

dəlilləri.

 

 

***

Bayram günləri gəlişini,

varlığını daha yaxşı hiss edirəm,

orda da bayramlar var?

Ya başqaları sevinərkən

məni tək qoymamaq üçün gəlirsən?

Təbəssümün günəşin şüaları kimi

otaqları dolaşır,

pişik də təlaşla arxanca düşür.

Nəsə baş verir, o hiss edir.

 

 

***

"İstəyirəm ki, bir yerdə ölək" - dedin.

"Fikirləşirsən ki, səndən yeddi il az yaşamağım düz olardı?".

Ciddiyyətlə cavab verdin ki, əbədiyyətdə də bir yerdə

ola bilməmiz üçün başqa yol yoxdur.

Məntiqin o qədər inandırıcı idi ki, razılaşdım,

bir az da elə-belə, hər halda bir yerdə ölmək pis fikir deyil.

Amma, indi, sənin o vaxtkı ciddiyyətinlə özümdən soruşuram ki,

o dünyada səni necə tapacam, necə görüşə bilərik.

Yeganə imkan sərhəddə məni gözləməyindir,

amma nə zaman gələcəyimi söyləyə bilmirəm,

bir də inanmıram ki, səni orda bəlli olmayan bir müddətdə

gözləməyə icazə versinlər.

Belə ehtimal edirəm ki, orda da, o xaosda da

biz eynən bu dünyadakı kimi, yaşanan hər sonsuzluq günü

bir-birimizi axtaracağıq,

bir-birimizi tapmaq sevincini yaşayana qədər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!