Dritero Aqoli-Partizan Meke - Tərcümə etdi: Həmid PİRİYEV

Dritero Aqoli

(1931-2017) -

alban şair, yazıçı, dövlət xadimi, Alban Yazıçı və Rəssamlar Liqasının prezidenti (1973-1992). Leninqradda təhsil alıb, əsasən şeir yazsa da, daha çox qısa hekayə və roman ustası kimi tanınır.

 

Partizan  Meke

 

Altı kauçuk ağır dəri çəkmələri vardı partizan Mekenin.

Ağır çəkmələri vardı, bir də ağır tüfəngi.

Belçika güllələriylə dolu patrondaşı vardı,

Bir də doqquz gülləlik tapança asılmışdı kəmərindən.

O gün saraya girəndə qarnı ac idi,

Həm qarnı ac idi, həm də yorğunluqdan ölürdü.

Amma gəl düz danışaq da, partizan Meke,

Gödənini doldurmağın, gözünün acısını almağın vaxtıdı indi?

Bir otağın qapısını açdı, gördü içəridə şahanə bir yataq var,

Ömründə belə yataq görməmişdi, inanın,

Qızıl sikkə kimi gözqamaşdıran,

Şeh damcısı qədər parıltılı.

III Viktor Emmanuil1 yatmışdı bu yataqda

Vasilin2 gülləsindən xilas olmamışdan bir gün qabaq.

Qıcırdatdı dişlərini çəhrayı yatağın qabağında partizan Meke:

"Başı batsın sənin kimi tapançanın,

Lənətə gəlmiş lülə necə də titrəmişdi!".

Gedib oturdu yataqda, qədimi potsiqarını açdı,

İri tütün dənələri səpələndi yorğanın üstünə,

Alışqandan çıxan qığılcımlar düşdü yorğanın üstünə -

Soyuq daşdan çıxan qığılcımlar.

Bir anda qov və tütün iyi yayıldı imperatorun otağına.

Tomorr dağlarının qovudur bu,

Mejqoran düzənliklərinin tütünü.

Dumana büründü imperatorun divardan asılmış əksi,

Dumanda çöküb sallandı imperatorun bığları.

Bu otaqda daramışdı o bığları imperator

Tirananın küçələrində güllədən xilas olduğu gün.

Qışqırdı partizan Meke: "Bəxtin gətirdi, ay gədə!

Biz o gün imperator zad görmədik ki,

Çömçəquyruq ədabazın biriydi qabağımızdakı.

Sədəf daraqla darayırdın bığlarını,

Vücudun qara qəpiyə dəyməsə də.

Tfu sənə!

Sən nə mənim çəkdiyim tütündən çəkdin,

Nə də mənim kimi qovla onu yandırdın.

Bu yorğanın altında, bu yataqda sən

Boş yerə yatdın ee, boş yerə!

İki oğlum vardı mənim, bu Mekenin iki oğlu vardı,

Başında turp əkəcəkdi onlar,

Əcəl kimi gəlib aldın onları məndən,

Alıb İtaliya adalarına göndərdin.

Oğlanlarım öldü - sənsən onları dənizə atıb boğan!

Bizim arvad sənə görə dünyada tək qaldı.

Tarlam sənə görə beş ildi əkilmir,

Sənə görə alaq otları basıb torpaqlarımı.

Sənsən Əli oğlu Qasımın da oğullarını öldürən,

Xırmanda işlədiyimiz gecə.

Sənsən öldürən Qakiyonun oğlu Kiçonun balaca qızını da,

Qadınlar xəmir yoğuranda.

Mənim haqqımda heç eşitməmisən? Meke haqqında heç nə eşitməmisən?

De də, danış, məndən heç nə eşitməmisən?

Ola bilməz ki, adımı dəftərinin bir küncünə yazmayasan.

Mütləq bilirsən mənim adımı.

Mən Mekeyəm, bax,

Altı kauçuk dəri çəkmələrimlə,

Qov alışqanımla,

Kəmərim, patrondaşım və tapançamla

Mekeyəm mən!

Mənəm sənin kazarmalarını yandıran

Siciliyadan Bradaşeşə qədər.

Mənəm sənin əsgərlərini əsir götürən.

Mən hər yerdə var idim, hər yerdə varam, hər yerdə olacağam,

Sən qaçacaqsan məndən quyruğunu qısa-qısa.

Amma axırda səni də haqlayacağam,

Ya oyaq vaxtında, ya da yuxuda.

Tfu! Tüpürüm sənin kimi imperatorun sifətinə!

Oyunbaz çömçəquyruq!".

Və partizan Meke hələ də yatmaq istəyirdi.

Və partizan Meke uzandı imperatorun yatağına.

Çəkmələri çıxartmadı ayağından,

Patrondaşını da açmadı.

Əllərini çarpazladı sinəsində partizan Meke,

Mızıldandı dodaqaltı:

"İşə bax ha,

Mən də imperator oldum!".

Birdən yox oldu duman içində III Viktor Emmanuil,

Birdən yox oldu duman içində böyük bir imperiya.

İtaliyadan gətirilmiş yorğanın üstündədir indi

Altı kauçuk dəri çəkmələr.

Və pərqu balışın altındadır partizan Mekenin doqquz gülləlik tapançası,

Tüfəndi də yatağın baş tərəfinə söykədilib.

 

Gecən xeyrə qalsın, partizan Meke,

Gecən xeyrə qalsın!

 

İzahlar:

1 - III Viktor Emmanuil (1869-1947) - Birləşmiş İtaliyanın üçüncü kralı. 1939-cu ildən 1943-cü ilə qədər İtaliya tərəfindən işğal olunmuş Albaniyanın kralı olub.

2 - Vasil Laçi (1922-1941) - Albaniyanın milli qəhrəmanı. 1941-ci ilin may ayında Albaniyaya səfər edən III Viktor Emmanuilə sui-qəsd təşkil edib, amma dörd güllədən sonra tapança atmayıb, atdığı güllələr isə hədəfə dəyməyib. 21 may tarixində edam edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!