Boris Maruna (1940-2007) görkəmli yuqoslav-xorvat şairi, esseist, ingilis və ispan ədəbiyyatının tərcüməçisidir. 1960-1990-cı illərdə siyasi mühacir olub. Los-Anceles Universitetini bitirib. Barselonada ispanistika üzrə təcrübə keçib. ABŞ və İspaniya ilə yanaşı, Argentina və İtaliyada yaşayıb.
Vətəninə geri dönəndən sonra "Hrvtska revyu"nəşriyyatının (1998-2000) baş redaktoru olub. 2003-cü ildən ömrünün son günlərinə qədər Xorvatiyanın Çilidəki səfiri kimi çalışıb. "Bizdən sonra eşq qalır" (1964), "Məhdudiyyətlər" (1986), "Uzaqdan səni sevmək daha asan idi. Geri dönmüşün ağıları" (1996), "Cəhənnəm maşınını işlətmək üçün qaydalar" (1998), "Katull belə yazırdı" (2005) kimi şeir kitablarının müəllifidir.
Boris Maruna
Qiymətli oxucuya
Birisi həmişə tapılacaq ki,
desin: bu nədir,
axı bu poeziya deyil.
Sən, qiymətli oxucu,
o adama sakitcənə de,
astadan söylə ki,
bu günün poeziyası
yaşamaq uğrunda mübarizədir.
Xorvatlar məni qıcıqlandırırlar
Xorvatlar məni qıcıqlandırırlar,
və bu, təəccüblü deyil,
mən onlarla 38 ildir ki, ünsiyyətdəyəm.
Əvvəla, onlar "hərşeyşünas"dırlar.
Sonra onlar hər yeri zibilləyirlər.
Üçüncüsü isə ancaq qadın və inqilabdır
söhbətlərinin mövzusu.
Onların siqaretlərinin tüsütüsü
Vankuver, Münhen və
Sidney tərsanələri arasındakı üçbucaqda
bütün barları doldurubdur.
Sol əllərində göy soğan,
sağda bişmiş qoyun əti,
ciblərində də xorvat fədailərinin nizamnaməsi.
Əl altında da müvafiq məsləhətləri həmişə var:
Sən məhəbbətdən yaz!
Cürətlə səslənməlidir misraların!
Biz səndən çox şey gözləyirdik!
Belə deyir xorvatlar.
Cavab verirəm ki, poeziyanı ələ salırsız, öz işinizdir,
amma məni məzur tutun!
Sözümdən inciyirlər, -
hə, bəzən boş şeylər onlara bəs edir -
Siqareti başqa cür sümürürlər,
mühacirət edirlər,
onları illərlə görmürəm,
bəzən onillərlə.
Onların arxasınca zir-zibili yığışdırıb
yeni şeirin içinə yerləşdirirəm.
Belə incikdirlər deyə
onlardan inciməyə dəyərmi?!
Hərçənd xorvat şairinın
vətəndaşlıq borcu və hüququdur ki,
onu qıcıqlandıran səbəblərdən danışsın.
Bu halda xorvatlardan.
Bəlkə səbəb bütün bu adamların
həm də mənim taleyimin bir parçası olması kimi
ünvansız bir hissdir?
Bəlkə əsəblərim daha dözmür -
getdikcə və aramsız şəkildə korlanır?
Ola bilsin, mən heç nəyi istisna etmirəm
və təəccüblənməyə də dəyməz.
Amerika
Bizim beş yaşlı qızımız
otağının qapısı ağzında durub.
Böyük, heyrət dolu gözləri var.
Gələcəyin ağıl dağarcığı.
Həyəcanımı gizlədərək,
divanda uzanan arvadıma deyirəm:
- Qulaq as, indiyəcən birtəhər yaşadıq,
amma daha dözmək olmur.
Görünür, həyatımda xoşagəlməzlik ikiymiş -
sən və Yuqoslaviya.
Ona dedim: sənin yanında olmaq yetər ki,
yaşamaqdan bezəsən,
canın boğazına yığıla,
Beykersfild pambıq tarlasında dumana çevriləsən.
Doğrusu, onda, nədənsə, bütün axşamı
Zadardan o yanda,
dənizdəki adanı düşünmüşdüm.
İlan kimi yumağa dönmüşdü arvadım,
soyuqqanlı halda qalın sevgi romanı oxuyurdu
(həftənin ən çox oxunan kitabları arasında
gərək ki, beşinciydi).
Yaxşı, fikirlərimiz
yenə üst-üstə düşdü.
Pal-paltarın arasından bəzi şeyləri götürdüm,
torbanı maşının arxa oturacağına tulladım.
Evə qayıdıb qızımla görüşdüm.
Məni gözləyir, ağlayırdı.
Qucağıma götürüb öpdüm, ona dedim ki,
unutma, ata səni çox sevir.
Arvadıma isə çiynimin üzərindən çəpəki nəzər salıb
söylədim: qoy bütün yerüstü nemətlər,
bir də fotoşəkillərim sənin olsun.
Küçəyə çıxdım.
Sahilə yan almış gəmilərin,
San Pedro limanının sarı işıqları sayrışırdı.
Yuxarı baxanda eyvandakı qızımı gördüm,
gözünü məndən çəkmirdi:
ona əl elədim.
Maşına oturanda, düşündüm
geri qayıdıb arvadıma deməliyəm ki,
həyatımız yazıyla dolu məktəb lövhəsidir,
gəl, hər şeyi silək, balaca.
Yenidən başlayaq.
Amma vaz keçdim.
Mühərriki işə saldım,
gözüyaşlı tərpəndim -
nə gizlədim,
Amerika adlı səhraya çökən
alatoranın içiylə irəlilədim.
Barbos
Marbelya və Rondo arasında, keçəl dağlarda gedirik:
Velebit silsiləsinə oxşar yerlərdə -
belə düşünsəm də bilirəm ki, bura Velebit deyil,
necə ki, mən övliya ola bilərdim,
amma deyiləm -
doğrusu, heç adam da deyiləm
bu zir-zibilin çevrəsində -
nəsə, bax, həmin bu dağlıq ərazidə
qardaşım Pedro və mən,
bir də bizim arvadlarımız
barbosla qarşılaşdıq.
Maşın sol böyrünü vurub apardı.
Qabırğaları çölə çıxmışdı.
Kürəyinin altından çıxan
bağırsaqlarına milçək daraşmışdı.
Dayanmışdıq, sanki dəfn mərasiminə gəlib çatmışdıq.
Bir anlıq barbos dondu,
başını bizə bir laqeyd nəzər salmaq üçün çevirdi.
Əqli üstələyən bir güclə
təslim olmurdu,
isti daşların üzərində
əl-ayağını yellədirdi -
ölümə əl eləyirdi.
Bəlkə, doğma kənddə öləcəyini
xəyal eləmişdi?
Bəlkə, sahibini axtarırdı?
Bəlkə, öz it həyatını düşünürdü?
Necə ki, mən yaxşı bir övliya ola bilərdim,
bəlkə o da yaxşı it ola bilərdi?
Amma indi biz hər ikimiz yeriyən,
hərəkət edən cəsədlərik.
Amma yenə də
onun yerinə olsaydınız
sonrakılara sözünüz nə olardı?
Bulanıq it bəbəklərində
gizlin bir dəhşət sayrışırdı:
doğma kənd uzaqda,
bədliklər isə qabaqdaydı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!