Bütün dünyada nasir kimi şöhrət tapmış, Nobel mükafatına layiq görülmüş Joze Saramaqonun həm də şair olduğundan xəbərsiz idim. Düzü, şeir kitabı rastıma çıxanda almağa tərəddüd etdim, düşündüm ki, yəqin, şeir onun "əlavə işi"dir. Amma bir neçə şeirini oxuyandan və ömrünün sonuna qədər poetik əsərlər yazması həqiqətini biləndən sonra fikrimdən daşınıb kitabını aldım.
Joze Saramaqo bizim ədəbi mühitin dəbdə olan bənzətməsi ilə desək "kitabdan gəlmə şair"dir. Amma bir çox bu tipli şairlərdən fərqli olaraq onun yazdıqları yalnız "beyin suyu" deyil. Çünki Saramaqonun həyata, dünyanın min bir üzünə dərindən bələd olduğunu onun romanlarından yaxşı bilirik.
Joze Saramaqonun şeirləri ilə nəsr əsərləri arasında ümdə fərqlər hansılardır?
l Əgər Saramaqo romanlarında "ölüm olmasaydı nə olardı?", "həyat bir filin səyahət gündəliyidirmi?", "İsa Məsih günümüzdə doğulsaydı ona münasibət necə olardı", "hər kəs eyni vaxtda kor olsaydı vəziyyət necə dəyişərdi?" kimi "oyun suallar"a üstünlük verirsə, şeirlərində həyatın cavab verməyə çalışdığı, dünya tarixinin müəyyənləşdirdiyi, təcrübələrin dönə-dönə təsdiq elədiyi məsələlərə və məqamlara qayıdır. Əgər o, nəsrdə alternativ dünyadan ilhamlanırsa, şeirdə onu düşündürən dünyanın sonsuz təkrarlardan ibarət olmasıdır.
l Əgər Saramaqo nəsr əsərlərində dünyanın gedişatında məntiq tapa bilmir və həyatı daha dürüst ifadə etməyin yolunu ironiya hesab edirsə, şeirdə o, həyatın üstünə getməyi, onu çılpaq həqiqətləri ilə dərk etməyi üstün tutur.
l Saramaqonun nəsr əsərlərindəki şöhrətli personajlar siyasətdən götürülüb, şeirlərində isə ədəbiyyatdan.
l Saramaqo nəsr əsərlərində bu dünyanın yükü, gerçəkliyi ağır gəlir, şeirlərində o dünyanın, yaxud hansısa mücərrəd aləmlərin.
l Saramaqo romanlarında nə qədər soyuq ağıl sahibidirsə, praqmatik damarı daha qabarıqdırsa, şeirlərində o qədər çılğındır, etirazçıdır. O özü bu barədə yazır: "Mən bu şeirləri yazdığım dövrün amansız sükutundan indinin azad sözlərinə aparan yolda, altmış il haqq-hesab çürüdəcəyimi cavankən düşünə bilməzdim, elə indiki qocalığım da belə bir nəticəyə gələ bilməzdi. Hər halda, cavanlığımın bilmədiyini indiki mən bilirəm: İnsan bir gün hər şeyin dilə gətirilə biləcəyinə ancaq 20 yaşında inana bilər".
l Saramaqo romanlarında müxtəlif üslubların sintezinə nail olmaqla, ədəbi cərəyanların şərtiliyini göstərməyə çalışır. Şeirdə isə realizm və romantizm sintezi ilə yetinir. Makado yaradıcılığına hədsiz meyli də dediklərimizin qismən sübutudur. O, bu barədə yazır: "1966-cı ildən bəri şeir kitabımın girişində Antonio Makadonun bu misralarını epiqraf seçmişəm:
Vaxtımız gedir vaxta.
Ki, quyu dolub daşsın.
Fəqət onu əvvəlcə doldurmaq lazımdır.
Kimsə ancaq uşağa xas saflıqla buna oxşar fikir deyə bilər, yəni quyu ancaq biz onu doldursaq daşar, amma mən boş kağız qarşılığında yazdığım bütün kitablarımdan mərcə girərəm ki, "Qastiliya çölləri"ni yazan şair fikirləşdiyi quyunun (həyat, yoxsa əsər?) daşacaq qədər dolmayacağını çox yaxşı bilirdi, çünki heç kəs o quyunu ağızbaağız doldura bilməz. Daşın aşağı yuvarlanacağını bilsə də, onu zirvəyə qaldıran Sizif kimi dibsiz bir uçurumu əbəs yerə doldurmaq istəyən, buna əbədiyyən məhkum olan Danaidlərsayaq, əbədiyyətin haçansa ona təmas etməyimizə icazə verəcəyi ümidi ilə hərfləri dalbadal düzən hamımız kimi... Antonio Makado hardasa bu arzusuna çatacaqdı. Sadəcə, buna vaxt çatmadı".
Bütün bu sadalanan dünyagörüşü fərqləri həm də aləmə şeir, yaxud nəsrin gözüylə baxanda yaranan fərqli mənzərələrdir. Saramaqonun nəsr, yaxud şeir yaradıcılığını hardasa sual-cavab saymaq olar. Ancaq tam mənada demək olmaz ki, Saramaqonun suallarına cavab verən Saramaqo, doğrudan da, qoyulan suallara cavab tapa bilib...
Fərid Hüseyn
Joze Saramaqo
Mumiyalama,
yaxud şeirdə ikiüzlülük
Yaşayarkən ölüm haqqında danışa bilərəmmi?
İnildəyə bilərəmmi xəyali aclıqdan?
Şeirin içində gizlənib döyüşə bilərəmmi?
Özüm heç nə ola-ola hər şeyi təqlid edə bilərəmmi?
Həqiqətin içindən çəkib çıxara bilərəmmi həqiqəti?
Bulaqlarla sulaya bilərəmmi çölləri?
Dəyişdirə bilərəmmi silahları və alətləri?
Mənasız bir gecəni
ucaltdığım günəşlə işıqlandıra bilərəmmi?
Hər şey aciz qalırsa hədər sözlərə
və onlarla örtə bilirəmsə sığınacağımı
onda, deməli, kölgənin yuvasındakı işığı inkar edirəm.
Eynən mahnı kimi,
onlar da özünü inkar edər sözləri mumiyalayaraq.
Pəncərə gözlər və dustaq qanadlar,
mən sözlərdən ancaq
həqiqətlərin izinə düşməkçün yararlanıram.
Köhnə üsluba elegiya
Nə nəyisə güclə bəyənirəm,
nə də tez çıxıram özümdən.
O vaxt ki, dünyada daha
bəyənməyə bir şey qalmayanda.
Eşq bitəndə
həyatın xarabalıqlarına
baxmaq arzusu da ölür
onunla birgə.
Dayanıram çayın o tərəfində ki,
orda heç kəs suyun səsinə qulaq asmır,
qarşı tərəfdəsə var möcüzəvi yerlər
və yaşıl, ucsuz-bucaqsız sahillər.
Əllərimi palçığa soxuram,
dörd yüz nəsil yaşayıb burda.
Uzun bir yuxu keçir başım üstdən
göy üzü qaralanda.
Eh insan taleləri,
eh mənim taleyim,
əvvəlcə səs kəsildi,
sonra da hıçqırıq boğuldu...
Bircə dua
Bircə duam var, amma Allaha yox,
onun harda olduğundan xəbərsizəm,
bilmirəm məni tanıyır, yoxsa yox?
Həyatın yaddaşına əmanət edirəm özümü.
Bəziləri buna aqibət deyir,
bəzilərisə Allahın qisməti.
Alın yazın yoxdursa,
Allahın da
bağışlamaqdan özgə gücü yoxdur.
Bircə duam var,
haçansa çevriləcəyim kölgə,
heç olmasa bunu eşitsin.
Çünki o dua insan əməlləri
və ondan sonra xatırlanacaq
hadisələr haqqındadır.
Artıq mənimtək yox,
dünyadan əl çəkirmiş kimi
boşalmalıdır tutan qol.
Təzədən doğulsun ovucda
buza dönmüş güllərin
və sinələrin xatirəsi.
Heç kəs əbədiyyətin bəxşiş payından
başqa bir mirasa layiq deyil,
Sinə bəsdir, gül çoxdur
bütün həyatın yaddaşına.
Məlumat
Xeyr, ölüm deyilən şey yoxdur,
adicə daş da ölü deyil,
heç yerə düşən meyvə də.
Toxunan barmaqlarım həyat verir onlara,
nəfəs alırlar qanımın ritmiylə,
onlara dəyən nəfəsimlə.
Bu əl bir gün quruyanda da,
başqa bir əlin xatirəsində
əbədiyyən yaşadacaqlar varlıqlarını.
Eynən ağzın sakitcə qoruyacağı kimi
öpdüyü dodaqların dadını.
Yox demək günü
Yalançı mənzərələrdən,
Ay işığından və şəfəqdən,
rayihələrdən və güllərdən,
yalançı başgicəllənmələrdən
əl çəksin şeir.
Bu havayı geyimlərdən də.
Quru olsun, kobud olsun,
amma daşlaşmış ayaqlar kimi
söz açmasın ürəkdən.
Nə də danışsın zərifliklərdən.
"Yox" lazımdırsa, "yox" desin,
təlxəklik eləməsin.
Çəksin əlini, ayağını xəcalətdən.
Qışqıranda
qulaqlarını tıxayanları hədəf seçsin.
Mənim haqqımda danışası olsa,
ancaq tikanlı sözlərə icazə var.
Əgər, doğrudan da, şeirdisə belə olsun:
Qapılar qapalı, küçələr sehrli.
Eh, bu misralarda
gör necə də intizarını çəkirik
"bəli" sözünün.
Çünki zaman axır
Çünki dayanmır zaman,
eybi yoxdur,
əgər keçən günlər yaxınlaşırsa
zəhərli su dolu o stəkan
həyat təşnəsinin qeyb olduğu yerdədirsə.
Saymırıq ötən günləri
sanki bu gün doğulmuşuq.
Hələ həyat yenicə başlayıb
və daha uzaqda
bizi gözləməkdən yorulub ölüm.
Tərcümə edən: F.Hüseyn
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!