Dəlinin gündəliyi - Gi de Mopassan

 

Ali məhkəmənin sədri dünyasını dəyişmişdi. Onun həyatı Fransanın bütün məhkəmələrinə nümunə idi. Hakimlər, vəkillər, məsləhətçilər bu arıq, solğun üzlü, gözləri çuxura düşmüş kişini görəndə hörmət əlaməti olaraq ona baş əyirdilər.

O, həyatını cinayətkarları təqib etməyə və zəifləri qorumağa sərf etmişdi. Fırıldaqçıların, qatillərin ən böyük düşməni o idi, çünki onların beynindəki fikirləri oxumağı bacarırdı.

İndi isə bu hakim ölmüşdü, 82 yaşında. Bu xəbəri eşidən bütün insanlar kədərləndi, qırmızı şalvarlı əsgərlər, ağ qalstuklu kişilər onu son mənzilə yola saldılar, göz yaşı axıtdılar. Kənardan baxan onların ürəkdən ağladığını deyə bilərdi.

Bir gün sonra onun yazı stolunun siyirməsində, cinayətkarlar haqda olan məlumatları saxladığı yerdə bir gündəlik tapdılar. Gündəliyin üstünə belə yazılmışdı: "Niyə?"

20 iyun 1851-ci il: Mən məhkəmədən bir az qabaq çıxıb evimə gəldim. Bu gün Blondelə ölüm hökmü kəsdim! Yaxşı, o özünün 5 uşağını niyə öldürüb? Tez-tez elə adamlarla rastlaşırıq ki, onlar kiminsə həyatını məhv etməkdən həzz alırlar. Bəli, bəli, əslində gərək belə şeydən həzz alasan. Dünyaya gətirmək və məhv etmək! Bu iki söz kainatın tarixini təşkil edir, vəssalam! İlahi, niyə axı öldürmək yoluxucu deyil?

25 iyun 1851-ci il: Yaşayan, yeriyib-yüyürən bir məxluqu düşünürəm. Məxluq? Kimdir məxluq? O, torpaq üstə gəzən həyat toxumudur. Mən belə düşünürəm ki, hər kəs bu həyat toxumunu məhv edə bilər. Sonra isə heç nə. O həyat toxumu məhv olur, yox olub gedir.

26 iyun 1851-ci il: Yaxşı, elə isə adam öldürmək niyə cinayət hesab olunur? Əslində, bu, təbiətin bir qanunudur. Hər bir canlı varlığın missiyası öldürməkdir. İnsan yaşamaq üçün kimisə öldürür. Vəhşi heyvanlar dayanmadan fasiləsiz olaraq hər gün ovlarını öldürürlər. İnsan da dayanmadan, ruhunu qidalandırmaq üçün, həzz almaq üçün öldürür. Məhz buna görə də insanlar da öldürməkdən həzz almaq üçün ov etməyi kəşf ediblər. Uşaq qarşısına çıxan bütün həşəratları, balaca quşları öldürür. Ancaq içimizdəki qırğın törətmək üçün qarşısıalınmaz arzumuz üçün bu kifayət deyil. Heyvanları, həşəratları öldürmək kifayət deyil, biz insanları da öldürməliyik. Bir vaxtlar insanlar bu ehtiyacı ödəmək üçün qurbanlar verir, qurbanlarını öldürürdülər. İndi isə sosial həyatın tələbləri qətl hadisəsini cinayət hesab edir. Bu cinayəti edən şəxsi ittiham edir, onu qatil hesab edirik. Biz insanlar bu ehtiyacımızı ödəmək üçün vaxtaşırı müharibələr edirik. Bu vaxt bir millət başqa bir milləti qırır. Müharibə, qan ziyafəti deməkdir, məhz bu ziyafət orduları dəli edir, bu ziyafət müharibədə iştirak etməyən insanlara da keçir. Onlar gecələr stolüstü lampanın işığında qırğınlar haqda hekayələr oxuyurlar. Bəziləri belə hesab edir ki, bu qaniçən cəlladlara nifrət etmək lazımdır. Əksinə, müharibə edənlərə hörmət edilir. Onlar şlyapalarına lələk, sinələrinə orden-medal taxırlar. Onlara rütbə verir, onlar mükafat alırlar. Qadınlar belə kişiləri çox sevir, izdiham belə insanları alqışlayır, çünki onlar qan tökmək missiyalarını uğurla yerinə yetiriblər. Bu insanlar ölüm alətlərini çiyinlərinə keçirib küçədən keçəndə yoldan ötən qara geyimli insanlar onlara qibtə ilə baxırlar, çünki öldürmək təbiətin ən böyük qanunudur. Öldürməkdən gözəl və şərəfli heç nə yoxdur!

30 iyun 1851-ci il: Öldürmək qanundur, çünki təbiət əbədi olaraq cavan qalmağı sevir. Sanki təbiət şüursuz hərəkətləri ilə qışqırıb deyir: Cəld ol, öldür! Cəld ol! Cəld ol! Təbiətdə nə qədər çox insan məhv olsa, təbiət bir o qədər də yenilənər.

2 iyul 1851-ci il: İnsan varlığı... İnsan varlığı nədir? Bu varlıq kainatın tarixini təmsil edir. İnsan varlığı millətlərin güzgüsüdür. Hər bir insan varlığı makrodünyada bir mikrodünyadır.

5 avqust 1851-ci il: Mən bütün həyatım boyunca bıçaqla, silahla insan öldürənləri bir kəlmə sözlə, hökmümlə öldürmüşəm. Kaş mən də o qatillər kimi olaydım!

10 avqust 1851-ci il: Mən qatil olsaydım məndən kim şübhələnərdi? Kim? Kim? Xüsusilə də, öldürmək üçün fərqli bir insan seçsəm, heç kim şübhələnməz. Yəni, elə bir adam ki, onu bu dünyadan rədd etməyə heç bir marağım olmasın.

15 avqust 1851-ci il: İçimdə kimisə öldürməyə güclü ehtiras var. Bu ehtiras daxilimə keçib. Əllərim əsir.

22 avqust 1851-ci il: Daha dözə bilmirəm, eksperiment üçün, başlanğıc üçün balaca bir məxluqu öldürdüm. Köməkçim Janın bir bülbülü vardı qəfəsdə. Qəfəs ofisin pəncərəsinin qabağından asılmışdı. Bu gün Jana bir tapşırıq verib iş dalınca göndərdim. O gedəndən sonra o balaca quşu ovcuma götürdüm, onun ürəyinin döyüntüsünü hiss edirdim. Quş isti idi, quşu öz otağıma apardım. Arabir onu daha möhkəm sıxırdım, mən belə edəndə quşun ürəyi daha möhkəm döyünürdü. Bundan həzz alırdım. O boğulurdu. Heyif ki, bir damcı da olsa qan görmürdüm.

Qan görmək üçün balaca, dırnaq qayçısını götürdüm, bülbülün boğazını kəsdim. Mən belə edəndə quş ağzını açdı, canını qurtarmaq istədi, amma ona ovcumdan çıxmağa imkan vermədim. Onu elə tutmuşdum, sanki quduz it tutmuşdum. Daha sonra əsl qatillər kimi hərəkət etdim, əsl qatillər kimi. Bülbülün boğazını kəsəndən sonra qayçını, əllərimi yudum. Quşun cəsədini bağa apardım, onu çiyələk ləkində basdırdım. Tam arxayın oldum ki, heç kim onu tapa bilməyəcək. Hər gün ora gedib çiyələk yeyəcəm. Həyatdan zövq almağın yolu budur!

Köməkçim içəri girən kimi bülbülü qəfəsdə görməyib qışqırdı. O elə düşündü ki, bülbül uçub gedib. Ah! Ah!

25 avqust 1851-ci il: Mən insan öldürməliyəm. Mən insan öldürmək istəyirəm.

30 avqust 1851-ci il: İstəyimi yerinə yetirdim. Amma çox balaca məxluq! Vernes meşəsinə gəzməyə getmişdim. Mən sözün həqiqi mənasında heç nə düşünmürdüm. Heç nə. Yolun qırağında bir balaca oğlan gördüm. Əlindəki bir dilim çörəyi yeyirdi. Məni görəndə dayanıb salam verdi.

Həmin vaxt beynimə bir fikir girdi: Görəsən onu öldürümmü?

- Oğlum, sən bura tək gəlmisən?

- Bəli, cənab!

- Meşədə təksən?

- Bəli!

Oğlanı öldürmək fikri beynimdən çıxmırdı. Ehtiyatla ona yaxınlaşdım. Qəflətən onun boğazından yapışdım. O mənə baxdı. Gözlərində dəhşət vardı. Ah, onun gözləri! O, balaca əlləri ilə biləyimdən tutdu, onun bədəni od üstündəki lələk kimi qırışırdı. Sonra o daha hərəkət etmədi. Onun meyidini arxın içinə atıb üstünə də kol-kos tulladım, sonra evə qayıdıb yaxşıca nahar etdim. İlahi, o nə balaca uşaq idi! Özümü çox yaxşı hiss edirdim, rahat idim, yüngülləşmişdim, cavanlaşmışdım. Sonra vəzifəli şəxslərlə birgə şam etdim. Onlar mənim gümrah olduğumu dedilər. Amma mən qan görməmişdim.

31 avqust 1851-ci il: Uşağın meyidini tapıblar. Hamı uşağın qatilini axtarır. Ah! Ah!

1 sentyabr 1851-ci il: İki avaranı tutublar. Amma heç bir sübut yoxdur.

2 sentyabr 1851-ci il: Uşağın valideynləri mənim yanıma gəlmişdilər. Ah, onlar necə də hönkürürdü!

6 oktyabr 1851-ci il: Heç kim məndən şübhələnmədi. Heyif, qan görmədim. Əgər qan görsəydim, özümü rahat hiss edərdim. Öldürmək ehtirası mənim qanımdadır. Bu ehtuiras 20 yaşlı cavanın ehtirası kimidir.

20 oktyabr 1851-ci il: Başqa bir məxluqu da öldürdüm. Səhər yeməyindən sonra çayın sahilində gəzirdim. Birdən söyüd ağacının altında yatan balıqçı diqqətimi cəlb etdi. Yaxınlıqdakı kartof tarlasının qırağında bir bel gördüm, elə bil mənim üçün qoymuşdular. Gedib beli götürüb ağacın altına qayıtdım. Belin sapını dəyənək kimi yuxarı qaldırdım, bir zərbə ilə balıqçının başına vurdum. Ah, onun başından qan axdı, gedib çaya töküldü. Mən isə yavaş-yavaş oradan uzaqlaşdım. Ah, birdən məni görərlər!

25 oktyabr 1851-ci il: Balıqçının qardaşı oğlu da onunla birlikdə imiş. Onu balıqçını öldürməkdə ittiham etdilər.

26 oktyabr 1851-ci il: Vəkil də təsdiqlədi ki, balıqçının qatili öz qardaşı oğludur. Şəhərdə hamı buna inandı. Ah! Ah!

27 oktyabr 1851-ci il: Balıqçı ağacın altında yatanda qardaşı oğlu kəndə gedibmiş ki, pendir-çörək alsın. O and içdi ki, o kəndə gedəndə öldürüblər əmisini. Kim idi onun sözünə inanan?!

28 oktyabr 1851-ci il: Balıqçının qardaşı oğlunun cinayəti etiraf etməkdən başqa yolu qalmadı. Ah! Ah!

15 noyabr 1851-ci il: Balıqçının qardaşı oğlunun əleyhinə çoxlu sübutlar vardı. O, balıqçının varisi imiş.

25 noyabr 1851-ci il: Ölüm hökmü! Ölüm hökmü! Mən balıqçının qardaşı oğluna ölüm hökmü verdim. Vəkil lap mələk kimi danışırdı. Ah! Onu edam edəndə gərək gedib tamaşa edəm.

10 mart 1851-ci il: Onu bu səhər edam etdilər. O çox yaxşı öldü! Çox yaxşı! Lap zövq aldım. İlahi, insan başının kəsildiyini görmək nə gözəl şeydir!

Gündəlikdə başqa səhifələr də vardı. Amma onun yeni cinayəti haqda məlumat yox idi.

Baş verənlər haqda bir psixiatra danışdılar. O dedi ki, bu dünyada çoxlu sayda insanlar var ki, onların dəli olduğunu heç kim bilmir.

 

İngiliscədən tərcümə etdi: Sevil GÜLTƏN

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!