Latın Amerikasının yenilikçi şairi - Sesar VALYEXO

Latın Amerikasının yenilikçi şairi: Sesar Valyexo

 

XX əsr dünya modernist poeziyasının parlaq imzası Sesar Valyexo (1892-1938) Perunun Santyaqo-de-Çuko şəhərciyində, çoxuşaqlı ailədə dünyaya göz açıb. Truxilyo Universitetində təhsil alıb, gənclik illərində yerli ədəbi mühitə qoşulub, sonralar Limada məskunlaşıb. 1920-ci ildə siyasi iğtişaşlarda iştirakına görə həbs olunub. Üç aylıq ağır həbsxana həyatı şairin dünyagörüşünə və yaradıcılığına ciddi təsir göstərib.

"Qara carçılar" (1918) adlı ilk şeirlər kitabı 26 yaşlı gəncə geniş ədəbi şöhrət qazandırıb. Bu topluda insanın mənəvi əzabları, tənhalıq və ölüm motivləri əsas yer tutur, şəxsi iztirab ümumbəşəri faciə və humanist duyğularla qovuşur.

1922-ci ildə nəşr olunan "Trilse" kitabı isə Valyexo yaradıcılığının dönüş nöqtəsi oldu. Dilin mövcud qaydalarını pozan, yeni sözlər və qeyri-adi sintaktik quruluşlardan yararlanmaqla avanqard nümunələri şəstlə ortaya qoyan iddialı şair ənənəvi poetik ifadə vasitələrini yeniləyərək ispandilli poeziyada özünəməxsus üslub yarada bilib.

1923-cü ildə Avropaya köçən Valyexo ömrünün sonunadək Parisdə jurnalistlik və tərcüməçiliklə məşğul olub, əsasən sosialist ideyalarına maraq göstərib. İspaniyada vətəndaş müharibəsi zamanı isə respublikaçıların və antifaşist qüvvələrin mövqeyini müdafiə edib, bəşəri faciələri öz əsərlərində dolğun şəkildə əks etdirib. Ölümündən sonra nəşr olunmuş "İnsani şeirlər" və "İspaniya, bu qədəhi məndən uzaqlaşdır" (1939) topluları məhz sosial ədalətsizliyə, iztiraba, tənhalığa, ağrı və ölümə dərin həssaslığı ilə seçilir. Mənsur şeirlərinin birində etiraf etdiyi kimi: "Mən bu ağrını Sesar Valyexo kimi çəkmirəm. Adım Sesar Valyexo olmasaydı da, bu ağrını çəkəcəkdim. Sənətkar olmasaydım, yenə eyni ağrını duyacaqdım; hətta canlı varlıq belə olmasaydım, yenə bu qədər ağrı çəkəcək, daim  ağrılar içində yaşayacaqdım..."

XX əsrin yenilikçi şairlərindən biri kimi dünya ədəbiyyatında özünəməxsus yer tutan Sesar Valyexo 1938-ci ilin aprelində Parisdə dünyasını dəyişib və Montparnas qəbiristanlığında dəfn olunub.

 

 

 

Sesar Valyexo

(Peru)

 

 

Ağ daş üstdə qara daş

 

Parisdə öləcəm mən - leysan yağışın altda.

O yağışda olmuşam. Xatırladım da hətta.

Parisdə öləcəm mən - bir əsir kimi tənha,

son payızın upuzun bir cümə axşamında.

 

Payızda öləcəm mən. Bu cümə axşamında

indi şeir yazıram. Qamçılayır yağış da

pəncərəmi. Dikəlir çiyinlərim güc-bəla,

tənhalıq da qanrılır əzabla, iztirabla.

 

Valyexo ölmüş artıq. Gözləri baxa-baxa

bir kəsə dəyməsə də, ona hər kəs dəyirdi.

Və heç nəyi də yoxdu özünü qorumağa.

 

Dəyənəklər, qamçılar onu döyürdü ancaq.

Yağış, cümə axşamı, tənhalıq, qançır çiyin

və bir də bu sətirlər şahid kimi qalacaq...

 

 

Yağış

 

Limada...

Limada yağış yağmada...

buludlar sökülür qat yerlərindən;

Kəskin bir ağrının çirkli suları

süzülür sevginin çat yerlərindən.

 

Sən guya...

getmisən şirin yuxuya...

özünü aldatmaq amma çox asan;  

Bəlkə, sənə hər gün nəğmə oxuyan

bəxtsiz aşiqini xatırlayasan.

 

Gözəl,

əsrarəngiz göy gurultusu...

qoy bu parıltılı, bu sirli cövhər

"Hə" deyən dilinin bir sehri olsun.

 

Düşür, amma

düşür o bir nizətək -

sənin həsrətinlə bitib qaldığım

biçarə yolumun tabutu üstə. 

 

 

Söyüd budağı

 

Qış ahəngi, tüllərin həzin yas vidaları -

vaxtsız ayrılıq qəfil bu qapını döyərkən;

Kədərli nəğmələrin uğursuz sədaları

və bir hicran duası - gün axşama dönərkən.

 

Bir ölümcül yaranın torpağa bata-bata

öz dərin məzarında gömülmə mənzərəsi;

Təmiz hava eşqinə yoxa çıxmış həyata

yabanı məkanların mavi yaz sədəqəsi.

 

Ağlayıb ayrılacam dan yeri sökülərkən,

ayım-günüm əzabla, iztirabla keçəcək;

Ah, bu ayrılıq dəmi çox tez gəldi, çox erkən,

keçdyim yol oraq tək illərimi biçəcək.

 

Göydə can verən Ayın öləziyən çırağı,

boş çöllükdə çanların polad cingiltiləri;

Və ulaya-ulaya vidanı nəm torpağa

gömən bir sürü itin uzun zingiltiləri.

 

 

Mərhəmət

 

Bu gün heç kəs gəlmədi,

gəlib sual vermədi -

kimsə bu axşam çağı nəsə ummadı məndən.

 

Şən məşəl yürüşündə

məzar üstə qoymağa bir çiçək də görmədim.

Bağışla məni, Tanrım: gör nə qədər az öldüm!

 

Bu gün, bu axşamçağı

keçir yanımdan hamı -

keçir məni duymadan, keçir məni görmədən, 

bircə söz soruşmadan, bircə yol dindirmədən.

 

Heç bimirəm onların unutduqları nədir -

ovcumda qalan bu şey yad bir əşya kimidir.

 

Amma

çıxıb qapıya

hayqırmaq istəyirəm ötüb keçən hamıya:

"Axtardığınız o şey burdadır, ay adamlar!"

 

Necə anladım axı

ömrün hər axşamçağı

üzümə neçə-neçə qapı bağlandığını

və nə qədər yad şeyin ruhumu sardığını?!

 

Bu gün heç kəs gəlmədi.

Və mən bu axşamçağı

gör nə qədər az öldüm, çox az öldüm, İlahi!

 

 

Günahkar qadın

 

Tanrım!

Sən şüşənin arxasındaydın

insanla dolu hüznlü axşamçağı;

bilsən, necə fəryad qoparırdı

sənin dəfnində o qadın!

 

Gözləri

bir cüt qara, ağrılı işıq zərrəsi -

Müqəddəs Cümə axşamının bənzəri!

Ürəyi uçuna-uçuna

qanlı göz yaşlarıyla çaldı

dəmir mismarları sənin xaçına!

 

Ah, günahkar qadın!

 

Sən gedəndən bəri,

Tanrım, o bir daha dönmədi geri!

Bircə yol gəlmədi

İordan çayının sahillərinə...

İndi də özündən çıxır  hirsini -

qan rəngli sularda soyur dərisini

və söyə-söyə

çörək satır alçaq yəhudiyə.

 

 

Həyatın ən təhlükəli anı

 

Bir adam anlatdı ki,

həyatımın ən təhlükəli anı

Marna savaşında rast gəlmişdi mənə -

bir güllə sancılmışdı sinəmə.

 

Bir başqası söylədi:

Məni Yokohomada yaxalamışdı

həyatımın ən təhlükəli anı -

zəlzələdən sonrakı sunamidə. 

Amma nə yaxşı ki, çatdı dadıma

möcüzətək sığındığım bir boyaqçı dükanı. 

 

Dilləndi bir ayrısı:

gündüzün gönortası

qəfildən yuxuya getməyim -

həyatımda ən təhlükəli andır.

 

O birisi söylədi:

mənim həyatımın ən qorxunc anı

ən tənha olduğum zamandır.

 

Belə dedi bir başqası:

Peru məhbəsində yaşadım

həyatımın ən dəhşətli anını.

 

Birisi də belə dedi:

həyatımın ən təhlükəli anı

atamın üzünü görəndə oldu -

əsla gözlənilmədən.

Sonuncu bir nəfərsə

birdən durub nə desə yaxşıdır:

həyatımın ən təhlükəli anı

hələ qarşıdadır.

 

 

Gözlüyə güvən, gözə yox

 

Gözlüyə güvən, gözə yox,

pilləkənə güvən, pilləyə yox;

qanada güvən quşun əvəzinə -

və yalnız özünə, yalnız özünə, yalnız özünə.

 

Pisliyə inan, pislik edənə yox,

qədəhə inan, qədəhdəki şəraba yox;

cansız bədənə inan canlı insanın əvəzinə -

və yalnız özünə, yalnız özünə, yalnız özünə.

 

Çoxluğa güvən, ayrıca bir fərdə yox,

çayın yatağına güvən, axan suya yox;

şalvarın balağına güvən ayağın əvəzinə -

və yalnız özünə, yalnız özünə, yalnız özünə.

 

Pəncərəyə inan, qapıya yox,

anaya inan, ana bətnindəki doqquz aya yox;

taleyə inan qızıl zərin əvəzinə -

və yalnız özünə, yalnız özünə, yalnız özünə.

 

 

Dilimizə çevirdi: Mahir N.QARAYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!