Nil Geyman müasir ingilisdilli ədəbiyyatın ən özünəməxsus yazıçılarından biridir. Onun yaradıcılığında mif, folklor, fantastika və insanın qaranlıq tərəfləri bir-birinə qarışır. "Həqiqət qara dağlardakı mağaradır" isə bu xüsusiyyətlərin xüsusilə aydın göründüyü, qədim bir əfsanənin içində insan xisləti, itki, tamah və həqiqət haqqında düşündürən təsirli bir hekayədir. Hekayənin sirri isə bəlkə də adında gizlənir: həqiqətə çatmaq üçün bəzən insanın ən qaranlıq yerə enməsi lazım gəlir.
Sahili dünyanın qalan hissəsindən uzaqda saxlayan sıra ilə düzülmüş alçaq təpələr uzaqdan yumşaq, dumanlı və yasəmən rəngində görünürdü, sanki bulud idilər. Adamı özlərinə çəkirdilər. Hündürlükləri az qala dağ qədər idi - onlara qalxmaq asan görünürdü, amma belə bir təpənin zirvəsinə çatmaq üçün bəzən bütöv bir gün lazım gəlirdi. Biz yuxarı qalxırdıq və birinci günün sonunda soyuq iliyimizə işləməyə başladı.
Qabaqdakı zirvələrin üstündə qar gördüm, halbuki yayın ortası idi.
Birinci gün boyu bir-birimizə heç nə demədik. Danışmağa söz yox idi. Hara getdiyimizi bilirdik.
Tikanlı çırpıdan və qurumuş qoyun peyinindən ocaq qaladıq; su qaynatdıq, özümlə gətirdiyim qazanın içinə bir ovuc yulaf və bir çimdik duz atıb sıyıq bişirdik. Onun ovucu nəhəng, mənimki isə balaca idi, əlimə nə qədər sığırdısa, o qədər. O gülümsəyib dedi:
- Ümid edirəm, bu sıyığın yarısını yeməyəcəksən.
Yeməyəcəyimi dedim və doğrudan da yemədim. Çünki mənim iştaham adi boylu adamlarınkından azdır. Məncə, bu yaxşı şeydir. Belə ucqar bir yerdə, iri bir adamın acından öləcəyi səhralıqda qoz-fındıq və giləmeyvə ilə də yaşaya bilərəm.
Hündür təpələrin arasından güclə seçilən bir cığır keçirdi. O cığırla gedir, demək olar ki, heç kimə rast gəlmirdik. Yalnız eşşəyi köhnə qazanlarla başdan-ayağa yüklənmiş bir qalayçı ilə qarşılaşdıq. Yanında eşşəyin yüyənindən tutmuş bir qız gedirdi. Məni uşaq zənn edib gülümsədi, sonra səhvini anlayıb qaşlarını çatdı və qalayçı heyvanını həvəsləndirmək üçün istifadə etdiyi çubuqla qızın əlindən vurmasaydı, yəqin mənə daş atacaqdı.
Bir az sonra yaşlı bir qadınla bir kişiyə çatdıq. Qadın onu nəvəsi adlandırdı və dedi ki, təpələrin o tayındakı evlərinə qayıdırlar. Onunla birlikdə bir şeylər yedik. Qadın danışdı ki, ilk nəticəsinin doğuşunda iştirak edib və doğuş salamat keçib. Sonra əlimizdə fal baxmaq üçün xətlərə baxmağı təklif etdi, təbii ki, ovucunu qızıl-gümüşlə yağlamağa bir şeyimiz vardısa.
Mən cənublular arasında işlənən, köhnə bir sikkə verdim qarıya. O, ovucuma baxıb dedi:
- Keçmişində ölüm görürəm, gələcəyində də ölüm.
Tərcümə etdi: Malik ATİLAY
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
