Duatək geyirəm şeir qılıncın
İyirmi birinci əsrə beş gün qalmış
Süleymaniyə küçələrində səfil gəzirəm.
İnsanlar tanış kimi baxırlar üzümə,
İçlərindən keçəni duyuram.
Sultan Süleymandan qalma bir hüznlü axşam,
Səssizcə oxşayır vüqarlı qübbələri
Qol saatımın əqrəbiylə yelqovanı,
Günəşi çəkişdirirlər bayaqdan.
Rükuda donub qalmış bir neçə taxta ev,
Qübbələr heyrət içində.
Saat iyirmi birə beş qalmış
Bir təlaşlı qatar keçir Sarayburnundan.
Buludlar salxım saçaq təpəmdə,
Bir yetim əncir pöhrəsi
boynunu uzadır qalaların qoynundan.
Yeniqapı önündə sarı işıq tarlası
Gəmilər ləngərləyib yatırlar,
Göy üzünü təqlid edir kirli sular
Sularda ulduzlar doğulub batır
Dərində könlü qaralıb ilbizlərin,
Balıqlar zülmət içində.
Qalalar sutək içərkən zamanı
Dumanlı bir külək əsir Mərmərənin qucağından
Uçub gedirəm Həzrəti Süleymana qədər
Ərməğanım çəyirtgə ayağından,
Qarışqa cüssəmlə dik durub yamacına
Əbədi görkəmini seyr edirəm.
Əsasına baxıram, gözlərim acıyır.
Əsanı gəmirən qurdu görürəm
Div sütunlar yontalayır gələcəyin məbədlərinə
Cinlər qəflət içində.
İyirmi birinci əsrə beş qalmış
Süleymaniyə küçələrində
Ürkək işıqlarla qol qola
Qaçıb minarələrin altına sığınıram,
Saat iyirmi birə beş qalmış
Dörd yanımda çağ qaçağı jandarmlar
Mən də şeir qılıncını duatək geyirəm.
Qulaqlarımda köhnə savaşların
həmqafiyə uğultusu
Bir yerdən üstümə çınqılar tökülür, yanıram
Bağlayın qollarımı, alın məni, jandarmlar,
Bütün duyğularım dəhşət içində.
Sığınacaq
Mərmi bənizli buludlar üfüqlərdən gəlib
üstümüzə sıxar köynəklərini,
Çılğın bir leysan vurar bağçamın güllərini
Arsız böcəklər iri yarpaqlara sığınar,
Mən də sənə...
Oyanar dənizlərin bahadır əskərləri
Göylərsə əl atar qılınclarına
Atəş düşər dərvişimin ovuclarına
Gəmilər qaçışıb limanlara sığınar,
Mən də sənə...
Nağıl qaçqını divlər gəzinər şəhərlərdə
Bir-birinə sıxılmış sarı, seyrək dişləri,
Sönər birdən bəbəyimin çəhrayı gülüşləri
Ürpərər hörümçəklər, torlarına sığınar,
Mən də sənə...
Uğultular gələr gecə dar cığırlardan
Küləklər əsər - İsrafil nəfəsi.
Çırpınar məhbus ruhumun çürümüş qəfəsi,
Zirvələrdə qartallar qayalara sığınar,
Mən də sənə...
Günəş al qan içində yavaş-yavaş boğular,
Qaranlıq geyinər silahlarını,
Titrədər boz çöllərin başıboş atlarını
Ulduzlar uzaqda kəhkəşanlara sığınar,
Mən də sənə...
Gecə yürüyüşü söhbəti
"Selçuk Eraydın'a"
Dərvişəm, mənə o günü xatırlat,
Fikrim taxıldı durna qanadlarına.
Üzün əmdi rəngləri, vaxt - bir sədəf təsbeh
Gəlib yoldaş oldum Ahal Təkə* atlarına
Zəfəran işıqlardan yollar çıxdı önümə
Və gördüm ki, hey dəyişməkdədir kainat
Dərvişəm,
mənə o günü xatırlat.
Bu şəhərlər nə qədər izdihamlı,
İşıqlar ulu küçələrdə nə qədər parlaq.
Sən də daldır gözlərini
göz bəbəklərimə
Beynimin içində bir zəfər məşəli yandır.
Qulağımı cırmaqlayır üsyankar bir nəğmə
Bir qızın biləyində dövrü izləyir saat,
Dərvişəm,
mənə o günü xatırlat.
Mübarək səslər keçərkən üstümüzdən
Bir oxunuş təlaşı gəzir bazarlarda
Uşaqlar oynayır gələcəkdən xəbərsiz.
Yunusdan qalan firuzə baxışlı bir yerdə
Qədim çeşmələr zamana yumarkən gözlərini
Məbəd divarlarında daşı zorlayır həyat,
Dərvişəm,
mənə o günü xatırlat...
Yolumuz sonunda dəryaya çatdı,
Dağlardan nişan verən Rəhmanın gəmiləri
Üfüqün alaca rəngində qeyb oldu bir-bir,
Vəcdə gəlmiş limanlarda dondu, qaldı səsləri.
Gecə bir mübarizə geyimidir,
geyin və yeri
Yenə ulduzlar salxım-salxım, səmalar qat-qat
Dərvişəm,
mənə o günü xatırlat...
*Ahal Təkə - cins türkmən atı.
Zaman nağılı
Susadım, su deyə içdim zamanı,
Mindim bir işığa, keçdim zamanı.
Dilimə verildi sözdən bir açar,
Yanaşdım, onunla açdım zamanı.
Dedilər ki: zaman qılıncdır, kəsər,
Götürüb onunla biçdim zamanı.
Sonra əllərimdə oldu bir təsbeh,
Qoparıb ətrafa saçdım zamanı.
Silkinib çevrildi bir göy kürəyə,
Sardım qollarımla qaçdım zamanı.
Qırx min ildə, qırx min beldə dolaşdım,
Nəhayət ki, dostum, seçdim zamanı.
Susadım, su deyə içdim zamanı,
Mindim bir şüaya keçdim zamanı.
Vaxt bir əjdahadır çiynimizdə
Sonra üstümdə gərilər dalğın baxışlı bir göy
Yağmur damlaları dəyər kirpiklərimə.
Törəsizdir* yolları bu şəhərin
Və küçələri sərsəri,
Ağu sağarkən ulduzlar Mastar Dağına
Çılğın xəncərlər altında qan tutar gecələri...
O əvvəlki sızlayan gecələr yox artıq
Bizi qucaqlayan, saçlarımızdan öpən.
Bir uzaq dənizdə
avar çəkməyə məhkum nağıllar
Nə cin qaldı, nə pəri,
Yırtıcı tərlanlar dolaşır başımızda
Akasyalar qılıncını çəkmiş savaş əskəri.
Gəlib keçər yanımdan uşaqlar,
Uzanıb əllərini tutammaram.
Oxşamaz saçlarını sarışın sabahlar
Utanar zamandan yumşaq telləri.
Məzardan qaranlıq, röyadan dərin
Eris Quyusuna* düşmüş gözləri.
Bu maviylə küsülü göyün altında
Bərabər vurar ürəklərimiz.
Bərabər udarıq bu havanı,
Nə bilim neçə ildən bəri.
Tökülər bol-bol taleyimizə
Amalsız çeşmələrin qapqara kiri...
Bir gün sənə rast gəlsəm bu küçədə
Dörtnala köhlənlər keçsə köksümdən.
Yenidən sızlasa isti ovuclarında,
Yusif gözəlliyimin cizgiləri...
*Eris quyusu - Eris adlı bir yəhudiyə aid bağçada olduğu üçün belə adlandırılıb.
*Törəsiz - qanunlara uymayan.
Ayan bəyan
Bir namərdcə oyunu başladınca Yanıqyan*
Ard-arda düzüldü neçə-neçə Manukyan.*
"Yan"lar keçdi hücuma, biz de yan gəlib yatdıq,
Los Angelesdən Bona görülməmiş panikyan.
Sanmayın ki, bunların tamamı "yan"lardandır
Bir qismi buradan gedən, geni pozuq sanıkyan.*
Aç gözünü Türkoğlu! Necə illər bunlara
Ağıl verən xocalar evimizdə qonaqyan.
Bunca olub bitəndən ibrət almaq yox, mudir
Kiçik-böyük hamımız heykəl kimi donuqyan.
Utanırıq biz artıq el üzünə baxmağa
Bu aciz halımıza cümlə aləm tanıqyan.
Həmdülillah tükənməz bərəkətli soyumuz
Gəl gör ki, bunca insan dövlətinə dönükyan.
Sezmək dursun bir yana, qulağımız eşitmir,
Burnumuz qoxu almaz, göz nurumuz sönükyan.
Belə bir acizlikdir bizim xariciyəmiz
Bel bükülmüş, əl titrək, ayaqları sınıqyan.
Haydı bəylər silkinin, güldürməyin kafiri,
Moskva dil çıxarır və Yunandan nanikyan*.
*Manukyan - Türkiyə ermənisi, genel ev işlədən qadının adı.
*Yanıqyan - Türkiyədə doğulmuş erməni sui-qəsdçi.
*Nanikyan - erməniləri kobud ifadə ilə tənqid edir.
*Sanıkyan - şübhəlini nəzərdə tutur.
*Tanıqyan - şahid nəzərdə tutulur.
Qeyd: Ermənilərin etdiklərini şiddətlə qınayan şair qafiyələrin sonuna erməni soyad sonluğu olan yan artırmaqla şeirdə ironik bir təsvir yaratmışdır.
Bakılı qərənfil
"Allah'ı seversen göreyim vare karanfil
İ'lam edegör halimi dildare karanfil!"
Vasfi
Dilbər Firəng bağında məsti xumar olmuş,
Məsihin nəfəsidir saçlarında dolaşan.
Galatyalar*, quzmanyalar*,
şam meşələri
Soyunarkən açıq-saçıq Bizans axşamlarına,
Utancaq sularda yumar gözünü
nilüfərlər.
Sənin burda adın yox, ey biçarə qərənfil,
Əli, üzü qan içində, qəlbi yarə, qərənfil.
Azad quşlar uçub gəldi Qaf dağlarından,
Qanadları Qaf surəsi gözəlliyində.
Odlar yandı gözlərinin bulağında
zərif qızların
İlıq sevdaları düşdü Xəzərin ürəyinə,
Bakı göylərindən baxan ulduzların.
Eldən elə çox gəzdin sən avarə, qərənfil,
Daha taqət qalmadı intizarə, qərənfil.
Belə yatarkən mahnılar Hüseyni beşiyində,
Pozuldu gözəl bəstələr mərmi çığırtısıyla.
İsti, sakit ocaqlara düşdü "Yanvar qırğını"
Ən asi zirvələrdə susdu acı küləklər,
Göygölün yuxularına axdı qərənfil qanı.
Var hüzuru Hüseynə parə-parə, qərənfil,
Bunca yarələr ilə ona yarə, qərənfil.
Dilbər dərin yuxuda, kirpikləri dolaşıq,
Halbuki qulanlar kişnər səbirli çuxurlarda.
Nalsız dırnaqlarında dastanlar qımıldanar
Minib gedər nəfəsləri qurğuşun buludlara
Baxarsan bir baharda Səttarxanlar oyanar.
Dayanmaq asan deyil bu əfkara, qərənfil,
Tökəlim dərdlərini gəl əş'arə, qərənfil.
*Galatyalar - Ankara, Yozgat, Çankırıb havalisinin tarihi ismi.
*Quzmanyalar - çiçək adı.
Türkiyəm
Baş qoymuşam Türkiyəmin yoluna
Düzlüyünə, yoxuşuna ölərəm.
Əsrlərdir qıratımı suladım
İrmağının axışına ölərəm.
Dəli sular, salxım saçaq söyüdlər,
Qışlada komandan əskər öyüdlər.
Yaylalarda ata minər igidlər,
Bozqurd kimi baxışına ölərəm.
Sevdalıyam, yanğın yeri bu sinəm,
Doxsan ildir çilə çəkmiş hey nənəm.
Bulaqlardan su doldurar Əminəm,
Mavi muncuq taxışına ölərəm.
Düyünüm, dərnəyim, halayım, barım,
Torpağım, çörəyim, namusum, arım,
Kilimlərdə rəsimli qayğılarım,
Heybələrin naxışına ölərəm.
Dilimizə uyğunlaşdırdı: Aysel Xanlarqızı SƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
