Morten Höy Yensen (1987) Danimarka əsilli amerikalı yazıçı və ədəbiyyat tənqidçisidir. Kopenhagendə doğulan müəllif Nyu-Yorkda təhsil alıb. Yazıları "The New York Review of Books", "The Washington Post" və "The Yale Review" kimi nüfuzlu nəşrlərdə dərc olunub. Yensen Jens Peter Yakobsen haqqında "A Difficult Death" və Tomas Mannın "Sehrli dağ" romanının yaranma tarixini araşdıran "The Master of Contradictions" kitablarının müəllifidir. O, "Liberties" jurnalının Avropa üzrə əlaqələndiricisidir. Morten Höy Yensenin "Müasir yazıçının cəmiyyətdəki rolu" məqaləsini təqdim edirik.
Tomas Mann 1924-cü ilin avqustunda Andre Jidə məktub yazaraq yeni romanı - "Sehrli dağ"ın son dərəcə darıxdırıcı və alman təbiətli olduğunu bildirir. Kitabın almanlığı o qədər qorxunc miqyasdadır ki, ehtimal ki, Avropanın qalan hissəsi üçün heç bir məna kəsb etməyəcək. Çünki Mann özünü yalnız alman mədəniyyətinin nümayəndəsi saymırdı, həm də əsərlərinin musiqililik, pessimizm və romantizm kimi xüsusiyyətlərinə görə ənənəvi alman mədəniyyətinin məhsulu olduğunu düşünürdü. Lakin gözləntilərinin əksinə olaraq, o, məhz "Sehrli dağ" sayəsində dünya şöhrətli yazıçıya çevrildi. Nəşrindən on il keçməmiş roman danimarka, isveç, idiş, polyak, çex və fransız dilləri də daxil olmaqla, onlarla dilə tərcümə edilmişdi. Amerika oxucusu isə Mannla 1927-ci ildə Helen Treysi Lou-Porterin ingiliscə tərcüməsi vasitəsilə tanış oldu. İki il sonra Mann Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Mannın beynəlxalq şöhrət qazanmasının məhz bu vaxta düşməsi, şübhəsiz ki, böyük şans idi. Nasional Sosializmin ilk müxaliflərindən biri olan yazıçı 1933-cü ilin yazında İsveçrənin Aroza kurortundakı "Neues Waldhotel"də olarkən Münhendə həbslər barədə xəbərlər yayılmağa başladı və yaxınları ona Adolf Hitlerin artıq diktator kimi hökm sürdüyü Almaniyaya qayıtmamağı məsləhət gördü. Mann əsərlərinin almanlar üçün yazıldığına inansa da, 1938-ci ilə qədər İsveçrədə qaldı, sonra isə yaradıcılığına böyük maraq göstərilən Amerikaya sığındı.
Tomas Mannın 1932-ci ildən 1945-ci ilə qədər "The Yale Review" jurnalında dərc olunmuş yazıları oxuculara onu antifaşist mövqeli görkəmli yazıçı və alman kosmopolitizminin aparıcı nümayəndəsi kimi yenidən kəşf etmək imkanı verir. Mannın 1914-cü ilə qədərki yaradıcılığının ən diqqətçəkən xüsusiyyətlərindən biri onun cızdığı sənətkar obrazıdır. Lakin 1914-cü ildən etibarən burjua cəmiyyətinin adi həyat tərzi ilə ziddiyyət təşkil edən bu sənətkar obrazı birdən dəyişir və yerini Birinci Dünya müharibəsinin yaratdığı vətənpərvərlik ab-havasına verir. Müharibə ucbatından frankofon qardaşı Henrixlə yaşadığı fikir ayrılıqlarından sonra Mann alman mədəniyyətinin dərin qatlarına enməyə başlayır. Özünün də aid olduğu bir qrup alman mühafizəkar demokratik Qərb sivilizasiyasında yalnız səthi təmkinlilik görürdü və yazıçı bu meyilə qarşı çıxırdı. 1918-ci ildə Almaniya təslim olmazdan dərhal əvvəl nəşr edilən "Apolitik adamın düşüncələri" əsəri məhz bu prosesin nəticəsidir.
Altı ay sonra Mann müharibədən əvvəl yazmağa başladığı əsərə - "Sehrli dağ"a qayıdır. Qaralamaları təkmilləşdirərək romanı tamamlaması isə dramatik siyasi hadisə ilə - xarici işlər naziri Valter Ratenaunun ölümü ilə eyni vaxta təsadüf edir. Bu hadisədən dərindən sarsılan Mann nə olursa-olsun, Veymar Respublikasını müdafiə etməyə davam edəcəkdi. 1920-ci illərin ikinci yarısında dərc etdirdiyi esselərdə və çıxışlarda o, almanları Nasional Sosialist Partiyasının gətirə biləcəyi fəlakətlər barədə xəbərdar etməkdən çəkinmirdi. Mann Almaniyanı vaxtında tərk etməsəydi, böyük ehtimalla həbs olunacaq və Daxau həbs düşərgəsində vəfat edən minlərlə insandan birinə çevriləcəkdi.

O, əvvəlcə Prinstonda, daha sonra isə Los-Ancelesdə yaşasa da, Yel Universiteti onun Amerikadakı həyatının əsas dayaq nöqtələrindən birinə çevrildi. Məsələn, hazırda alman ədəbiyyatı üzrə tədqiqatlarda istinad mənbəyi sayılan 1933-cü il tarixli "Tomas Mannın "Sehrli dağ" romanının tədqiqi" kitabının müəllifi Yel Universitetinin alman ədəbiyyatı üzrə tədqiqatçı-akademiki Herman Vayqand idi. Mannın əlyazmalarını qitələrarası müharibə təhlükəsindən qorumaq üçün 1937-ci ildə ilk addımı atan Cozef Uorner Ancel də Yel Universitetinin bakalavr tələbəsi idi. Məhz onun sayəsində universitet Mannın Amerikaya gəlişindən cəmi bir neçə gün sonra "Tomas Mann Kolleksiyası"nı açmağa nail oldu. "RMS Queen Mary" gəmisi Nyu-York limanına yan aldığı gün yazıçı o məşhur, meydan oxuyan sözləri demişdi:
"Mən haradayamsa, Almaniya da oradadır. Alman mədəniyyətini öz ruhumda daşıyıram."
Mannın "The Yale Review" jurnalında dərc olunmuş sonuncu yazısı "Almaniya və almanlar"da da göründüyü kimi, bu sözlər o dövr üçün, hətta onun özünün təxmin edə biləcəyindən qat-qat ziddiyyətli idi.
Yazıçının "The Yale Review" üçün qələmə aldığı yazılar universitetlərin Amerikadakı rolundan tutmuş Avropadakı islahatlara qədər, saysız-hesabsız mövzuya toxunur. Bu mətnlər Mannın alman kimliyi ilə bağlı kəskin sarsıntılar yaşadığı dövrdə dönə-dönə qayıtdığı bir məsələnin ətrafında birləşir: sənətkarla cəmiyyət arasındakı münasibət necə olmalıdır? Məhz buna görə də onun "The Yale Review" jurnalında dərc edilən ilk yazısının Höte haqqında esse olması olduqca məntiqlidir. Nasistlərin Reyxstaqda ən böyük partiyaya çevrilməsindən cəmi bir neçə ay əvvəl - 1932-ci ildə əslində nitq kimi təqdim edilmiş bu mətn Mannın müasir yazıçının rolu haqqında düşüncələrinin Höteyə söykəndiyini bəyan edən cəsarətli addım kimi qiymətləndirilə bilər (nasistlərin 1932-ci ilin iyulunda Reyxstaq seçkilərində qazandığı uğuru açıq şəkildə qınadığı üçün Mann böyük qəzəbə tuş gəlmiş, hətta Münhendəki evi daşlanmış, "Buddenbroklar" romanının nüsxələrindən biri yandırılaraq kolluğa atılmışdı).
Mannın cızdığı Höte portreti ənənəvi alman mədəniyyətində Veymarın dahi şairi kimi göylərə qaldırılan Hötenin obrazına çox az bənzəyir. Manna görə, Höte narahat, ehtiyatlı və özünüdərkə sahib bir dünya vətəndaşı, müasir yazıçının sələfi, eləcə də on beşinci əsrdən on doqquzuncu əsrin sonlarına qədər uzanan və burjua çağı adlandırdığımız yarım minilliyin nümayəndəsidir (başqa bir yazısında isə Mann Hötedən "Dichter", yəni şair kimi deyil, məhz "Schriftsteller", yəni sadəcə yazıçı kimi bəhs etməklə onun irsinə qarşı hörmətsizlik etməyə də cəsarət edir). Mann Hötenin burjua kimi səciyyələndirilə biləcək bir sıra xüsusiyyətini ard-arda sıralayır: ekstrovert həyat tərzi, geyiminə verdiyi diqqət, nizam-intizam sevgisi, başlanmış işi sona çatdırmağı özünə pedaqoji məcburiyyət sayması, eləcə də yaratma prosesinin ehtiyatlılığı və ləngliyi.
O, yazırdı:
"Höte cəsur improvizasiya ustasından daha çox, çalışqan sənətkardır və o, heç vaxt özünə güzəştə getmir".
Mannın essesində təsvir etdiyi Höte Veymar klassisizminin şairindən çox, onun öz romanlarındakı nevrotik personajlara bənzəyir. Bu personajlar hələ otuz yeddi yaşına belə çatmamış özünü yoran Tomas Buddenbrok və ya "Venesiyada ölüm"də qarşımıza çıxan, sənət əməyinin tələb etdiyi gündəlik mübarizələrdən yorulmuş yazıçı Qustav fon Aşenbaxdır. Lakin Mannın bədii obrazlarında olduğu kimi, burjuanın maskası hər an düşə bilər və bu onun gizlətməyə çalışdığı qeyri-rasional və qaranlıq qüvvələri ifşa etmək təhlükəsi yaradır. Üstəlik o, Höteyə ironik nihilizmi, şairlərin ən bariz xüsusiyyətlərindən biri olan inancın çatışmazlığını aid edir. Nihilizm anlayışı Höteni Şopenhauer və Nitsşeyə bağlayır və buna görə də Mannın cızdığı bu portret-essedən də aydın görünür, birmənalı şəkildə Mannın özünün məhz belə olmaq istədiyi avtoportretə bənzəməyə başlayır.
Bu "ironik nihilizm" sənətkarın həyata zidd olan hər şeyə, ölümə, parçalanmaya və süquta bəslədiyi qeyri-sağlam və təhlükəli marağın ifadəsidir. Bunun bənzərini Mannın "Disillusion" adlı bədii mətnində görürük (əslində 1896-cı ildə, hələ iyirmi yaşlarındaykən yazdığı, lakin 1936-cı ildə "The Yale Review" jurnalında dərc olunan bu mətndə): Venesiyada yaşayan sirli bir cənab bütün məhdudiyyətlərdən xali bir həyat arzulayır, ancaq əldə etdiyi yeganə şey belə bir həyatın mövcudluğu illüziyasına qapılmaqdan doğan dərin məyusluq olur.
Lakin məhdudiyyətlərdən xali, hüdudsuz həyat əslində həyat deyil, ölümdür ("Sehrli dağ" romanının bir yerində Hans Kastorp qarda azır və sadəcə "bəmbəyaz heçliyin" içinə uzanıb ölmək istəyir). Mann bütün yaradıcılığı boyu eyni fikrin ətrafında dolaşır: sənətkar adi və sağlam həyata uyğunlaşa bilmir və naməlum bir səbəbdən sakit ölümə yarı-yarıya vurğundur. O, "sənətkarın bohem rəftarı" adlandırdığı bu ruhi vəziyyəti yazıçının sosial uyğunsuzluğu, nizamlı cəmiyyətin tələbləri qarşısında göstərdiyi laqeydlik və yumor kimi, vaxtaşırı isə ironiyaya çevrilərək məhz özünü hədəf alan narahat vicdan kimi səciyyələndirir. Sənətkar həmişə status-kvoya qarşı çıxır; o, müasir sənətin təbiətində yatan tənqidi baxış vasitəsilə mövcud nizamın əsaslarını sarsıdır. Mannın erkən dövr romanlarında qarşımıza çıxan Tonio Kröger kimi o da səhv yolda addımlayan, uğursuz burjuadır.
Lakin sənətkarın bohem ironiyası məsələnin yalnız bir tərəfi ola bilər. İroniya təkbaşına həyata xidmət edə bilməz, - deyir Mann, - çünki həyat özünə ciddi yanaşılmasını istəyir; sənət də belədir, o da ciddiyyət tələb edir. Höte barədə yazdığı essedə isə "lebenswürdig" (yaşamağa dəyər) sözündən bəhs edir və bu sözün ona burjua idealının həm ali, həm də mücərrəd forması olan həyat təsdiqini xatırlatdığını bildirir. Mannın bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamaq üçün Konrad Kellenin 1965-ci ildə "The Yale Review" jurnalında dərc olunan "Tomas Mann haqqında xatirələr" başlıqlı essesinə nəzər sala bilərik. Kellen yazır:
"Mannın qaralamalara ehtiyac duymadan həcmli romanlar yaza bilməsinə və sözləri heç vaxt hədər yerə işlətməməsinə imkan verən başlıca amil onun özünə missiya olaraq seçdiyi yazıçılıq fəaliyyətinə qarşı formalaşdırdığı ölçülü-biçili təmkinlilik idi."
İşi davam etdirə bilmək üçün ona burjuanın xoşbəxtliyi yox, məhz sağlamlığı lazım idi. Hətta bir dəfə belə demişdi:
"Mən həzzə, bəhrəsiz olduğuna inandığım xoşbəxtliyə etibar etmirəm."
İntizamlı əmək barədə burjua dünyagörüşü Mann üçün sadəcə məhsuldar olmaq üsulu deyil, həm də sənətkarın fitrətən özü ilə gətirdiyi parçalanma və yox olma meylinə forma vermək vasitəsi idi. Çünki sənətkar özünü cəmiyyətdən təcrid etdikcə və hər an ölümə rəğbət bəslədikcə, əslində xəstələnmək təhlükəsi ilə üz-üzə qalır.
İkinci Dünya müharibəsi ilə vaxtından əvvəl hesablaşdığı "Almaniya və almanlar" essesində Mann alman romantizminə sirayət edən qeyri-sağlam psixoloji vəziyyətdən, ölümün yoldan çıxardığı cəmiyyətdən bəhs edir və nasist ideologiyasının köklərini beş yüz il əvvələ - Martin Lüterə və Protestant Reformasiyasına qədər aparır. Manna görə, nasizm bir anda ortaya çıxmış ideologiya deyil, o, uzun müddət ənənəvi alman mədəniyyətinin ayrılmaz parçası olmuş ünsürlərdən bəhrələnir: romantizm, musiqililik, pessimizm, müəyyən dövrlərdə həyata hökmranlıq edən qeyri-rasional və şeytani qüvvələr.
Bu essedə diqqətçəkən digər məqam odur ki, Mann əksər alman mühacirlərindən fərqli olaraq, Hitler rejimini dəstəkləyən ziyalılarla özü kimi onu dəstəkləməyənlər arasında kəskin sərhəd çəkməkdən imtina edir. "Biri yaxşı, digəri isə pis olmaqla iki Almaniya yoxdur," - deyə yazır:
"Yalnız ən yaxşı cəhətləri belə şeytani bir hiyləgərliklə şərə çevrilən tək bir Almaniya var. Pis Almaniya elə yaxşı Almaniyanın yoldan çıxmış versiyasıdır və gələcəkdə bədbəxtlik, günahkarlıq və dağıntılar içində çabalayacaq olan da məhz yaxşı Almaniyadır."
Bu sözlərdən də başa düşüldüyü kimi, Mann Nasional Sosializmin köklərinin güman edildiyindən qat-qat qədimə uzandığını, buna görə də baş verənlərə görə bütün almanların günahkarlıq hissi keçirdiyini vurğulayır və hətta özünü də bundan kənarda tutmur:
"Almaniya barədə dediyim sözlərin biri belə soyuq və obyektiv məlumata əsaslanmır, əksinə, onların hamısı mənim daxilimdədir, mən onların hamısını yaşamışam."
Tənqidçi Henri Hetfildin 1977-ci ildə "The Yale Review" jurnalında dərc etdirdiyi "Qeyri-mümkünə nail olmaq: Tomas Mann" essesində qeyd etdiyi kimi, Mann şəxsən özünü maraqlandıran şəxsiyyətlər barədə yazdığı esselərdə adətən avtoportret elementinə də yer verir.
Beləliklə, bu düşüncələr onun həm öz həyatına, həm də əsərlərinə yönəltdiyi dərin daxili baxışın ifadəsi, bədii nəsri ilə siyasi yazıları arasında körpü idi. Mann aşağıdakı sualı verməklə öz mövcudluğunun ağrısını da göstərirdi:
"Sənətkarın fitrətən sahib olduğu ironiya meyli və təvazökarlığı onun xarici dünyaya və sosial problemlərə qarşı göstərdiyi qeyri-ironik, daha çox qətiyyətli və bir qədər də əxlaqi mövqeyi ilə necə uzlaşa bilər?"
Tərcümə etdi: Ülvi BAHADIR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
