Körpə yatağın yanına qoyulmuş beşikdə uzanmışdı. Başında ağ papaq var idi. Təzə rənglənmiş, buz mavisi lentlər bağlanmış beşiyin içi mavi yorğanla döşənmişdi. Üç balaca bacı, yataqdan yenicə qalxan, hələ də özünə gələ bilməyən ana və nənə körpənin ətrafına toplaşaraq körpənin gözlərini zilləyib baxmasına, arabir yumruğunu ağzına aparmasına tamaşa edirdilər. Gülümsəmirdi və ya gülmürdü, amma qızlardan biri çənəsini sığallayanda hərdən gözlərini qırpır, dilini dodaqları arasından o yana-bu yana hərəkət etdirirdi.
Ata mətbəxdə idi və onların körpə ilə oynadıqlarını eşidirdi.
- Ən çox hansımızı sevirsən, balaca? - Filis soruşdu və onun çənəsini qıdıqladı.
- O hamımızı sevir, - Filis sualı özü cavabladı. - Amma ən çox atanı sevir, çünki ata da oğlandır!
Nənə çarpayının kənarında oturub dedi:
- Onun toppuş qollarına baxın! Bir də barmaqlarına! Elə anasına oxşayır.
- O, necə də şirindir, elə deyilmi? - ana dedi. Mənim körpəm sapsağlamdır. Sonra əyilib körpənin alnından öpdü və qolunun üstündəki yorğanı düzəltdi. - Biz də onu çox sevirik.
- Bəs o kimə oxşayır? Kimə oxşayır? - Elis həyəcanla soruşdu. Hamı körpənin kimə oxşadığını görmək üçün beşiyin ətrafına yaxınlaşdı.
- Onun gözləri çox gözəldir, - Kerol dedi.
- Bütün körpələrin gözləri gözəl olur, - Filis dedi.
- Dodaqları babasınınkına oxşayır, - nənə dedi. - Dodaqlarına baxın!
- Bilmirəm... Məncə, yox, - ana dilləndi.
- Burnu! Burnu! - Elis qışqırdı.
- Nə olub burnuna? - ana soruşdu.
- Kiminsə burnuna oxşayır, - qız cavab verdi.
- Yox, bilmirəm, - ana dedi. - Məncə, oxşamır.
- Dodaqları... - nənə mızıldandı. - Balaca barmaqları...
O, körpənin yumruğunu açdı və barmaqlarını bir-birindən araladı.
- Körpə kimə oxşayır?
- O heç kimə oxşamır, - Filis dedi. Onlar daha da yaxınlaşdılar.
- Tapdım! Tapdım! - Kerol dedi. - O, ataya oxşayır!
Sonra onlar körpəyə daha diqqətlə baxdılar.
- Bəs ata kimə oxşayır? - Filis soruşdu.
- Hə, ata kimə oxşayır? - Elis sualı təkrarladı. Hamı birdən mətbəxə boylandı. Ata masanın arxasında oturmuşdu və arxası onlara tərəf idi.
- Heç kimə, - Filis dedi və sakitcə ağlamağa başladı.
- Şşş! - nənə dedi və baxışlarını yayındıraraq yenidən körpəyə baxdı.
- Ata heç kimə oxşamır! - Elis dedi.
- Amma o kiməsə oxşamalıdır axı, - Filis göz yaşlarını lentlərdən biri ilə silərək dedi.
Nənədən başqa hamı masanın arxasında oturan ataya baxırdı.
Ata oturduğu yerdən dönüb onlara tərəf çevrildi.
Onun üzü ağappaq və ifadəsiz idi.
İngilis dilindən tərcümə etdi: Fidan VAHİD
.jpeg)
Rene Maqrit. "Bənzərsiz". 1937
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
