Niyə Ədəbiyyat? - Mario Varqas LYOSA

Müasir dünya ədəbiyyatının ən nüfuzlu romançılarından, esseistlərindən və mütəfəkkirlərindən biri hesab edilən Mario Varqas Lyosa 28 mart 1936-cı ildə Perunun Arekipa şəhərində anadan olub. Uşaqlığını Peru ilə Boliviya arasında keçirib. Orta təhsilini Boliviyada konsul işləyən babasının yanında alıb, daha sonra isə hərbi məktəbi bitirib. Gəncliyində hərbi məktəbdə aldığı təcrübə romanlarının əsas mənbələrindən birinə çevrilib, romanlarını güc, zorakılıq və fərdi azadlıq mövzuları ətrafında yazıb. 1953-cü ildə San Markos Milli Universitetinin ("Universidad Nacional Mayor de San Marcos") Ədəbiyyat və hüquq fakültəsinə qəbul olunub. 1959-cu ildə İspaniyada, Madrid Komplutense Universitetində ("Universidad Complutense de Madrid") "Xavier Prado" təqaüdü ilə doktorantura oxumağa başlayıb və bu universitetdən fəlsəfə və ədəbiyyat doktoru ünvanını alıb. Daha sonra Parisə gedib. Parisdə Berlitz Liseyində (Escuela Berlitz) ispan dili müəllimliyi edib. Bu arada "FransPres" kimi agentliklərin ispan dili şöbələrində də işləyib. Jurnalistikadan akademik sahəyə qədər uzanan çoxşaxəli həyatı boyunca ədəbiyyata insan azadlığını müdafiə etmək üçün ən güclü vasitələrdən biri kimi baxıb. "Şəhər və itlər" (1963), "Yaşıl ev" (1966), "İt balaları" (1967), "Pantaleon və qonaqlar" (1973), "Xuliya xala və yazıçı" (1979), "Dünyanın sonuna çıxan müharibə" (1982), "Maytanın hekayəsi" (1992), "And dağlarında terror" (1993) kimi romanlarında özünəməxsus hekayə texnikaları ilə hakimiyyət, diktatura, ehtiras, tarix, yaddaş və fərdi müqavimət mövzularına toxunub. Romanlardan əlavə, o, həmçinin pyeslər, esselər, ədəbi tənqid, siyasi yazılar yazıb və ictimai müzakirələrdə fəal iştirak edən bir ziyalıya çevrilib. 1990-cı ildə Peru prezidentliyinə namizədliyini irəli sürüb; seçkilərdə uduzsa da, siyasi düşüncə "istehsalını" heç vaxt dayandırmayıb. Həyatı boyu ədəbiyyatın inamını qətiyyətlə müdafiə edib. 2010-cu ildə "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 18 yaşındaykən dayısının 31 yaşlı baldızı Xulia Urkidi ilə evlənib. Müxtəlif ölkə, şəhərlərdə yaşayandan sonra 1964-cü ildə Peruya qayıdıb və Xulia Urkidi ilə boşanıb. 1965-ci ildə Patrisiya Lyosa ilə evlənib və ondan Alvaro (1966), Qonzalo (1967) və Morgana (1974) adlı uşaqları dünyaya gəlib. 89 yaşına qədər ailəsi ilə birlikdə Perunun paytaxtı Lima şəhərində yaşayıb. Servantes, Asturiya Şahzadəsi və PEN/Nabokov mükafatları kimi bir çox nüfuzlu mükafatlara layiq görülən Lyosa 13 aprel 2025-ci ildə Limada vəfat edib. Yazıçının "Ədəbiyyat və Azadlıq" kitabına daxil edilən "Niyə Ədəbiyyat?" essesindən seçilmiş hissələri təqdim edirik.

 

***

Kitab yarmarkalarında və ya kitab mağazalarında tez-tez başıma bu hadisə gəlir: Bir bəy mənə yaxınlaşır və avtoqraf istəyir. Ya arvadı, ya qızı, ya da anası üçün. "O oxumağı sevir", deyir, "Ədəbiyyatı sevir". Dərhal soruşuram: "Bəs, sən? Oxumağı sevmirsən?" Cavab çox vaxt eyni olur: "Əlbəttə ki, sevirəm, amma başımı qaşımağa vaxtım yoxdur". Bu izahatı neçə dəfə eşitdiyimi dəqiq bilmirəm. Onun kimi minlərlə insanın həyatda o qədər vacib işi, o qədər öhdəliyi və məsuliyyəti var ki, dəyərli vaxtlarını saatlarla roman və ya şeir oxumağa sərf edə bilmirlər. Bu ümumi anlayışa görə, ədəbiyyat həmişə "onsuz da yaşanıla bilən" bir şeydir; ədəbiyyatın həssaslığımızı və incəliyimizi artıran nəcib və faydalı bir məşğuliyyət olduğuna şübhə yoxdur, lakin o, sadəcə bir əyləncədir, yalnız boş vaxtı olanların məşğul ola biləcəyi bir əyləncə. Bu, idmanla məşğul olmaq, kinoya getmək, yaxud şahmat oynamaq kimi bir şeydir; həyatın mübarizəsinin əvəzolunmaz vəzifə və öhdəliklərini "prioritetləşdirmək" lazım olduqda, ədəbiyyatı tərəddüd etmədən görməzdən gəlmək olar.

 

***

Görünür, ədəbiyyat getdikcə qadınların məşğuliyyətinə çevrilib. Kitab mağazalarında, yazıçıların verdiyi mühazirələrdə və ya oxu günlərində, hətta universitetlərin humanitar elmlər fakültələrində qadınların sayı kişilərdən xeyli çoxdur. Bu fenomen tez-tez belə izah olunur: orta təbəqədən olan qadınlar kişilər qədər işləmədikləri üçün daha çox kitab oxuyurlar; üstəlik, əksər qadınlar üçün xəyal qurmağı və fantaziyalara vaxt ayırmağı əsaslandırmaq kişilərə nisbətən daha asan ola bilər. Qadınların və kişilərin fərqli fəzilət və qüsurlara malik olduqları fikri əsasında qadınları və kişiləri sərt şəkildə təsnif edən izahatları heç vaxt sevməmişəm; lakin ədəbiyyat oxucularının sayının gündən-günə azaldığı və qalan oxucuların əksəriyyətini qadınların təşkil etdiyi aydındır.

Bu, hər yerdə belədir. Məsələn, İspaniya Yazıçılar Birliyinin İspaniyadakı son araşdırması ölkə əhalisinin yarısının heç vaxt bir kitab da oxumadığını ortaya qoyub. Araşdırma, həmçinin göstərdi ki, oxuyan azlıq arasında oxuduğunu deyən qadınların sayı kişilərin sayından 6.2 faiz çoxdur; və bu fərq daha da artacaq kimi görünür. Mən bu qadınlara görə sevinirəm, amma bu kişilərə və oxuya bilən, lakin oxumamaq qərarına gələn milyonlarla insana yazığım gəlir. Onlara yazığım gəlməsinin səbəbi təkcə əldən verdikləri zövqdən xəbərsiz olmaları deyil; həm də ədəbiyyatsız bir cəmiyyətin, yaxud ədəbiyyatın gizli bir günah kimi sosial və şəxsi həyatın kənarına atılıb fanatik bir kulta bənzər bir şeyə çevrildiyi bir cəmiyyətin mənəvi cəhətdən vəhşiləşməyə və üstəlik, azadlığını təhlükəyə atmağa məhkum bir cəmiyyət olduğuna inanmağımdır.

 

***

Bütün millətlərdən olan insanlar mahiyyət etibarilə bərabərdirlər; onların arasında ayrı-seçkilik, qorxu və istismar toxumlarını səpən yalnız ədalətsizlikdir: insanları qərəz, irqçilik, dini və ya siyasi fanatizm və özündən kənarda hər şeyi istisna edən millətçilik axmaqlıqlarından bütün böyük ədəbiyyat əsərlərində qarşımıza çıxan bu həqiqət qədər yaxşı qoruya biləcək heç nə yoxdur.

Bəşəriyyətin irsinin zənginliyini etnik və mədəni fərqlərdə görməyi və bu fərqləri bəşəriyyətin çoxşaxəli yaradıcılığının təzahürü kimi qiymətləndirməyi bizə ədəbiyyatdan daha yaxşı heç nə öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyarkən, şübhəsiz ki, böyük zövq alırıq; eyni zamanda, kim olduğumuzu və necə olduğumuzu, insani bütövlüyümüzü və insani qüsurlarımız daxilində, hərəkətlərimizlə, xəyallarımızla və kabuslarımızla, təkbaşına və bizi başqalarına bağlayan münasibətlərdə, cəmiyyətdəki imicimizdə və şüurumuzun gizli dərinliklərində öyrənirik.

Ədəbiyyat insanlar arasında qardaşlıq bağı yaratmaqla, onlarla dialoq qurmağa, ortaq mənşə və məqsəddən xəbərdar olmağa imkan verməklə bütün zaman maneələrini aşır. Ədəbiyyat bizi keçmişə aparır, bir vaxtlar sevinc yaşamış, indi bizi sevindirən və ilhamlandıran mətnlərdə xəyal quran insanlarla əlaqələndirir. Zaman və məkanı aşaraq, ortaq insan həyatının bir parçası olmaq mədəniyyətin ən böyük qələbəsidir və hər nəsildə bu hissin yenilənməsinə və davam etməsinə ədəbiyyatdan daha çox töhfə verən bir şey yoxdur.

 

***

"Ədəbiyyatın nə faydası var?" sualı həmişə Borxesi narahat edirdi. Bu sualı axmaq hesab edən Borxes belə cavab verirdi: "Bülbülün nəğməsi və ya çox gözəl gün batımının nə faydası var? - sualını soruşmaq kiminsə ağlına gələr?!" Əgər belə gözəl şeylər mövcuddursa, bu gözəl şeylər həyatı bir anlıq da olsa daha az çirkin və daha az kədərli edə bilirsə, onlar üçün utilitar əsaslandırma axtarmağa nə ehtiyac var? Bununla belə, "Ədəbiyyatın nə faydası var?" sualı əslində pis sual deyil. Çünki romanlar və şeirlər təsadüfən və ya təbiət tərəfindən yaradılmır ki, quşun nəğməsi və ya günəşin batması ilə eyni şey olsun. Romanları və şeirləri insanlar yaradır, ona görə də onların necə və niyə yarandığını, məqsədinin nə olduğunu və niyə bu qədər davamlı olduğunu soruşmağın heç bir zərəri yoxdur.

 

***

Ədəbiyyat taleyinə təslim olanlara, yaşadıqları həyatdan razı olanlara heç nə demir. Ədəbiyyat üsyankar ruhu qidalandırır, narazılıq yayır; həyatda həddindən artıq çox şeyi və ya çox az şeyi olanların sığınacağıdır. İnsanlar bədbəxtlikdən qaçmaq və bütövlük tapmaq üçün ədəbiyyata sığınırlar.

 

***

İnsanlığın sonu, tarixin sonu hələ yazılmayıb və əvvəlcədən müəyyən edilməyib. Bizimlə nə baş verəcəyi tamamilə bizim açıq düşüncəli və iradəli olmağımızdan asılıdır. Lakin təxəyyülümüzün yoxsullaşmasının, hisslərimizi saflaşdıran, bizə daha gözəl və diqqətli danışmağı öyrədən doymaz istəyin yox olmasının və azadlığımızın zəifləməsinin qarşısını almaq istəyiriksə, hərəkətə keçməliyik. Daha aydın desək, kitab oxumalıyıq.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!