Fernandonu yəhərləyən İzabella (Esse) - Xavyer MARİAS

Xavyer Marias (1951-2022) - ispan yazarı, tərcüməçisi və jurnalistidır. Nüfuzlu fəlsəfə alimi sayılan atası Xulian Marias məşhur yazar və filosof Xose Orteqa-i-Qassetin tələbəsi olub. General Franko rejimi dövründə İspaniya universitetlərində onun dərs deməsinə izn verilmədiyindən 1940-cı illərin sonlarından 1970-ci illərə qədər Xulian Marias ABŞ-da mühazirələr oxumağa məcbur qalıb. Bu səbəbdən Xavyerin də uşaqlıq dövrü okeanın o tayında keçib. Xavyer Madriddəki Komplutense Universitetində ingilis filologiyası üzrə ali təhsil alıb. 1983-1985-ci illərdə Oksford Universitetində ispan ədəbiyyatı haqda mühazirələrlə çıxış edib. Onun jurnalist yazıları dünyanın aparıcı qəzet və jurnallarında çap olunub. Bir tərcüməçi kimi o, U.B.Yeytsin, U.Stivensin və C.Eşberinin şeirlərini, L.Sternin, T.Hardinin, R.Stivensonun, C.Konradın, V.Nabokovun, K.Bliksenin, U.Folknerin, C.Selincerin, C.Apdaykın və digər məşhur nasirlərin əsərlərini uğurla ispan dilinə çevirib. İspaniyanın Fastenrat (1995), Romulo Qalyeqos (1995) mükafatları ilə yanaşı, "Femina" (1996), Nelli Zaks (1997) və Dublin (1997) ədəbi ödüllərinə, beynəlxalq Alberto Moravia (2000), Salambo (2003), Avstriyanın dövlət (2011) və Amerikanın ədəbiyyat (2010) mükafatına, Formentor beynəlxalq ədəbiyyat ödülünə layiq görülən Xavyer Marias 2006-cı ildən etibarən İspaniya Kral Akademiyasının üzvü olub.

 

Çoxları məni qalmaqalçı biri kimi tanıyır və bu yanaşma əsassız da deyil. Ancaq mən də özümü təmizə çıxartmaq üçün bənzər hallarda oğlan uşaqlarının işlətdiyi bir deyimdən yararlanmağı uyğun sayıram: "Əvvəl mən başlamadım".

Əgər ətrafındakı reallıq daim sənə basqı göstərirsə, yaxud zəhləni yamanca tökürsə, hətta bəzən öz idiotizmiylə səni çaş-baş vəziyyətə salırsa, onda sən də ara-sıra buna qarşı öz etirazını bildirməlisən də, çünki bu sözügedən reallığı şəkilləndirən, yaradan və idarə edən kəslər son dərəcə inadcıl olurlar. Hərdən adama elə gəlir ki, onların boş-bekar vaxtları istənilən qədərdir, belələri ömürlərini yalnız və yalnız bir məqsədə həsr eləyiblər: elə ki biz, yəni etirazçılar, onlarla mübarizədən yorulub-usanır və silahlarımızı yerə qoyuruq, onlar həmin andaca, eynilə asfalt hamarlayan silindr kimi bizim üstümüzdən keçir və öz bütün sayıqlamalarını da həmişəlik ona qatıb-qarışdıraraq, bizi yerlə bir eləməyə çalışırlar.     

Məsləkdaşım Peres-Revertenin (məşhur ispan romançısı və esseçisi Arturo Peres-Reverte (1951) nəzərdə tutulur - A.Y.) qələmindən çıxan bir köşə yazısından öyrəndim ki, Andaluziya hökuməti Təbii sərvətlər və ətraf mühitin qorunması, İdarəçilik, Maliyyə-iqtisad və Sosial siyasət departamentlərinin ortaq əməkdaşlığı sayəsində (təsəvvür edin, düz dörd departamentin iştirakıyla! Belə çıxır ki, bütün bu qurumların başqa heç bir işi-gücü, qayğısı yoxdur!) düz yetmiş bir səhifəlik "Qaydalar toplusu"nu tərtib və çap etdiribdir. Bu sənədin əsas qayəsi - "ekofeminist baxışlarla tanışlığa şərait yaratmaq və jurnalistikada işlənən dili, ətrafımızdakı reallığa ekoloji yanaşmanı da nəzərə alaraq, daha da təkmilləşdirməkdir".

Bu sözügedən həlləm-qəlləm sənədi yazan kişi və ya qadın redaktoru hər halda ya təzədən məktəb partası arxasında oturtmaq, ya da daha yaxşısı - ölkədən qovmaq lazımdır. Məncə, həmin sənəddə nədən bəhs olunduğunu siz artıq təxmin elədiniz və fərqinə vardınız ki, o, bir neçə il öncə "İşçi komissiyalar" adlı həmkarlar birliyinin nəşr etdirdiyi və vaxtaşırı bizlərə varlığı xatırladılan direktivlərə hədsiz dərəcədə bənzəyir. Həmin direktivlərdə məsləhət görülürdü ki, "tələbələr" əvəzinə "təhsil alan kontingent", "aktyor" əvəzinə "rol ifa eləyən şəxs", hətta "futbolçular" əvəzinə (çünki ispan dilindəki "futbolistas" kəlməsi "-as" şəkilçisi ilə bitir və bu, qadın cinsinə aid isimlərin cəm halını göstərir) isə "futbol oynayan kəslər" demək lazımdır.

Hə, indi aldınız payınızı, ay idman jurnalistləri?! "Ekofeminizm" və "ətraf mühitə ekoloji yanaşma" prinsiplərinə uyğun olaraq, bundan belə siz "Barsa futbolçuları" ifadəsini həmişəlik unutmalısınız. Qoyulan qaydalara tam ciddiyyətlə və sözsüz tabe olaraq, "Barsa komandasını təmsilən futbol oynayanlar" ifadəsini işlətməlisiniz. Belədə reportajlarınızın necə "oxunaqlı" olacağını mən indidən təsəvvürümə gətirə bilirəm!

Ancaq heç bunlar da ən maraqlı məqamlar deyil. Peres-Revertenin misal gətirdiyi başqa bir məqamın da "El Pais Seminal"ın oxucularında dərin maraq doğuracağını düşünürəm: andaluziyalı uşaqlar bundan belə Qranadanın sonuncu əmiri Boabdilin anasına aid olduğu söylənilən məşhur ifadəni də unutmalı olacaqlar. Yəqin sizlər də yaxşı xatırlayırsınız ki, 1492-ci ildə Qranada tamamən xristianların nəzarətinə keçəndə Boabdilin anası ona təsəlli verərək deyibmiş: "Bir kişi kimi qoruya bilmədiyin dəyəri itirdiyin üçün, barı, gəl, qadın kimi ağlama". Bu ananın qadın cinsinə necə nifrət bəslədiyi həmin deyimdən aşkar şəkildə görünür və buna görə ona heç nə - nə yaşadığı zəmanə, nə də (bəzi xüsusi istisnaları çıxmaq şərtilə!) qadınların döyüşlərə qatılmaması faktı da hər hansı bəraət qazandıra bilməz. Onu əfv eləmək olmaz, buna görə də, rəvayətlərə inansaq, ona aid edilən və yerli xalqın əsrlər uzunu yaddaşında qoruyub-saxladığı bu cümlə hər şeyə rəğmən, senzuraya uğramalıdır, yəni onun daha yüngül və əvvəlki mənasından fərqli sözlərlə ifadəsi son dərəcə vacibdir: "Ağlama, çünki bunun üçün heç bir səbəbin yoxdur". Amma ən azından mən dəqiq bilirəm ki, o kişinin ağlamaq üçün dəqiq bir səbəbi var imiş: o, iqtidarını əldən veribmiş, mövcud dövlət əlindən çıxdığı üçün mühacirətə getməyə məcbur qalıbmış, üstəlik, onun təbəələrini də yaxın gələcəkdə oxşar aqibət gözləyirmiş.

Ancaq Andaluziya hökumətinin yaydığı o qaydaların müəllifləri bu cümlənin daha dolğun və asan anlaşılan ekvivalentini tapmağa da əriniblər, onlar sadəcə "kişi" və "qadın" sözlərini ixtisara salıblar və nəticədə cümlə bu hala düşübdür: "Qoruya bilmədiyin bir  dəyərdən ötrü ağlama". Nə bilmək olar, bəlkə elə bu "qoruya bilmədiyin" ifadəsi də o dörd departamentə şübhəli görünə bilərdi?! Bəlkə onlar bu söz birləşməsini də "ekologiyaya zidd" bir şey sayardılar?!

Əgər söhbət sadəcə Andaluziyadan getsəydi, yenə dərd yarıydı! Bu yaxınlarda bir amerikalı naşir Mark Tvenin "Heklberri Finnin macəraları" romanını da bu mənada redaktə eləmək fikrinə düşmüşdü və mətndəki aşağılayıcı çalarlı "nigger" (ingiliscə "zənci, "qaradərili" - A.Y.) kəlməsini dəyişmək istəmişdi, halbuki XIX əsrdə yaşayan insanlar bu sözü "qul" mənasında işlədiblər, "injun" (bu, "indian" sözünün məlum variantlarından birinin transkripsiyasıdır) sözünü isə o işgüzar naşirin nə ilə əvəzlədiyini indi dəqiq xatırlamıram, ancaq deyəsən, "Amerikanın yerli sakini" şəklində dəyişmişdi və siyasi cəhətdən korrekt yanaşılarsa, bu da "komançi, siu, şayenn və digərləri" izahı ilə əvəzlənməliymiş.

Bənzər təşəbbüslərin daha bir nöqsanı isə onların sadəcə gülünc olmasıyla bitmir, məsələ bundadır ki, onların təməlində yalan sırımaq, gerçəyi saxtalaşdırmaq, əsl həqiqəti gizlətmək, onu əymək niyyəti yatır. Bu isə keçmişə də, tarixə də, ədəbiyyata da açıq senzura tətbiq eləməkdir. Bundan belə çıxır ki, əgər keçmiş bizim istəklərimizə uymursa və bu günümüz də keçmişimizlə səsləşmirsə, onda onu saxtalaşdırmağa tam haqqımız çatır.

Tarantinonun "Şərəfsiz bicbalalar" filmindəki durum isə bundan azacıq fərqlənir: orada yəhudi yaraqlısı avtomatdan açdığı atəşlə Hitleri "biçir", - bu, bədii film olduğundan burada xəyal gücü gen-bol qanadlana bilər və əminəm ki, əslində hər şeyin tamamilə fərqli məcrada baş verdiyi hər kəsə yaxşı bəllidir, yəni Hitler lazım gəldiyindən daha uzun bir müddət diri qalıb və bu səbəbdən o, altı milyon yəhudini qətlə yetirməyə fürsət tapsa da, onların heç birisi ona heç barmaqlarının ucuyla da toxunmağı ağıllarına gətirməyib. Əgər Tarantinonun öz farsı üçün uydurduğu bu əhvalatı tam ciddiyyətlə məktəblərdə tədris eləməyə başlasalar, inanıram ki, insanlar bundan hədsiz hiddətlənərlər.

Elə Andaluziya hökuməti və Mark Tvenin sonuncu naşiri də əslində məhz bununla məşğuldur. Həm də bu azmış kimi, onlar öz saxtakarlıqlarıyla hələ bir növ fəxr də edirlər. Vaxtilə Stalin də eyni işlə məşğul idi: məlumdur ki, onun göstərişinə əsasən, kollektiv fotolardan onun rəğbətindən gec və ya tez məhrum olan (başqa sözlə desək, Sibirə sürgün olunan və ya güllələnən!) silahdaşlarının təsvirləri silinərək qeybə qarışırdı. Hər halda bunu edərkən Stalin düşünürmüş ki: "Bir vaxtlar sadiq dostum sayılsalar da, sonradan bir xain olduğu meydana çıxan bu nakəslərin mənimlə yanaşı görünməsi heç könlümə yatmır. Odur ki, gəlin, keçmişi elə dəyişək ki, xainlər heç bir yerdə gözümüzə dəyməsinlər".

Eyni məntiqlə yeni puritanlar da bütün tarixi və ədəbiyyatı görünməmiş bir amansızlıqla və yenidən yazmağa hazırdırlar: "Ledi Makbetin bir qadın kimi ərini cinayətə vadar eləməsi zərrəcə könlümüzə yatmırsa, gəlin, o mətni yenidən yazaq və qoy bu dəfə həmin ledi ərini əlini qana bulamaq fikrindən daşındırsın".

Növlərin təkamülü təlimi də dini baxışlara ziddir. Onda, gəlin, Darvini də mifik bir personaj elan eləyərək deyək ki, o, heç vaxt mövcud olmayıbdır: "Don Kixotun xüsusi silahdaşıyanı olubmuş? Amma bu, tamamilə yolverilməzdir. Bu, əsl sinfi bərabərsizlik nümunəsidir! Gəlin, Sançonu da cəngavərə çevirək və bu sayədə onlar bərabərhüquqlu şəxslər olsunlar".

İnsana qorxu aşılayan o "Tanto monta, monta tanto, İsabel como Fernando" (ispancadan tərcüməsi belədir: İzabel ilə Fernandonun nə fərqi var ki?! Elə ikisi də minib-çapır da) yanıltmacı ilə yalnız bircə halda barışmaq olmaz, çünki onun kökündə açıq-aşkar bir haqsızlıq yatır: hamıya yaxşı bəllidir ki, İzabel ərindən daha ağıllı imiş və hamını minib-çapan da əri yox, məhz o qadının özü imiş. O səbəbdən bundan belə həmin yanıltmac da məhz bu cür səslənməlidir: "İzabel Fernandonu yəhərləyib". Bax, belə. Çünki bu variant digərlərinə nisbətən daha ekofeminist və ekoloji mahiyyət daşıyır.

 

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!