Aleksandr Blokun şeirləri - Firuz Mustafanın tərcüməsində

Aleksandr Blok

(Rusiya)

(1880-1921)

                

 

***

Səhər dumanında çıxıram çölə,

Günəş üz-gözümü öpür həvəslə.

İstəkli mələyim, sənsənmi belə

Uçursan yanıma qanadlar üstə?

 

Taybatay açılır ağır qapılar!

Mehin rayihəsi dolur içəri.

Bu yanda bax, bu cür oynaq mahnılar

Nəsə səslənmirdi lap çoxdan bəri.

 

Səhər dumanında o nəğmələrlə

Öpür üz-gözümü günəşlə külək.

İstəkli mələyim, onlarla birgə

Uçursan yanıma qanad gərərək.

 

3 oktyabr 1901

      

         

***

S.Solovyova həsr olunur

 

Şübhəli kölgələr gəzir, dolaşır,

Ucadan səslənir kilsə zəngləri.

Kilsənin işıqlı pilləsi, daşı

Yolunu gözləyir bayaqdan bəri.

 

Sən burdan keçəndə toxunacaqsan

Əsrləri geymiş soyuq daşlara.

Bahar çiçəkləri bəlkə də o an

Sənin hüzurunda geyəcək qara.

 

Boy verir çəhrayı mübhəm kölgələr,

Ucadan səslənir kilsə zəngləri.

Dumanda uyuyur qədim pillələr,

Səni gözləyirəm nə vaxtdan bəri.

 

4 yanvar 1902

 

 

***

Səninlə rastlaşdıq biz qürub çağı,

Avarla körfəzi yarıb keçirdin.

Soyumuş bir eşqə desəm də ağı,

Bəyaz paltarınla könlümə girdin.

 

Necə əsrarlıydı səssiz görüşlər,

Qarşıda - uzanan qumluqda isə

Şamlar alışırdı... qarışanda şər

Solğun gözəlliyi anırdı kimsə.

 

Çılğınlıq, yaxınlıq, od kimi istək

Lacivərd sükutda heç olarmı ram...

Səninlə rastlaşdıq axşam çənində,

Dalğalar, qamışlar dindi o axşam.

 

İndi nə hicran var, nə eşq, nə kədər,

Hər şey ötüb keçib, çaytək axıbdır.

Yoxdur bəyaz paltar, qəmli nəğmələr,

Qızıl avarın da yoxa çıxıbdır.

 

13 may 1902

 

 

***

Qaranlıq məbədə mən çathaçatda

Müqəddəs ayini icra qılaraq,

Orda qəndillərin işığı altda

Bir Gözəl Qadını gözləyirəm, bax.

 

Uca sütunların boz kölgəsində

Qapı səslərindən əsirəm tir-tir.

Mənim üz-gözümdə, sir-sifətimdə

Təkcə Onun şəkli əks olur indi.

 

Ah, mən alışıram möminlər təki

Əbədi Xanımın şah cübbəsinə.

Pərvazlar boyunca qaçışır sanki

Yuxular, nağıllar, gülüşlər yenə.

 

Şamlar nə incədir, ey Müqəddəsim,

Sanki üz-gözündən şəfəqlər yağır!

Mənə çatmasa da səsin, nəfəsin,

Əminəm: Sən mənə əzizsən axı.

 

25 oktyabr 1902

 

 

***

Yuxuda üstümə xoşbəxtlik yağır,

Yuxuda görürdüm tənha deyiləm.

Yuxudan ayıldım səhərə yaxın -

Çat verən buzların səsi bir aləm.

 

Sanki bir möcüzə sarmışdı məni...

Hardasa baltanı itiləyərək

Şən, sağlam adamlar yarıb gecəni

Tonqal çatırdılar nəğmə deyərək.

 

Qətran çəkirdilər taxta qayığa...

Çaysa oxuyaraq öz nəğməsini

Qatıb qabağına dalğalarının

Qovurdu buzları, avar səsini.

 

Sanki sərxoş idim şən nəğmələrdən,

Könlüm xoşbəxtliklə siləbəsilə...

Bahar sevinciylə köklənmişəm mən,

Bilirəm, Sən tənha, yalqız deyilsən.

 

11 mart 1903

 

 

Xilaskar mələk

 

Mən səni sevirəm, Mühafiz-Mələk,

Yerdə mənimlədir bu çən, bu çisək.

 

Sevirəm, çünki sən təmiz olmusan,

Bütün sirlərimi məndən almısan.

 

Bizi birləşdirib gecələr - yalqız,

Həm sevən olmusan, həm bacı, həm qız.

 

Bu uzun ömürçün sevmişəm səni,

Bir də ki, arvadım olmusan mənim!

 

Sevmişəm bu mənfur ailə üçün,

Bu zəncir, bu ovsun, bu hiylə üçün.

 

Mənim sevdiyimi sevməyirsən sən,

Aclar, kasıblarçün dərd çəkirəm mən.

 

Bizim ömrümüzə köç eləyib qəm,

İstəsəm kimsəni öldürəmmərəm.

 

Məni və xalqımı alçadanları -

Qorxaq əclafları əzəydim, barı!

 

Azadlıqsevərlər, güclülər bu gün

Məhbusdur. Odumda yandım büsbütün.

 

Məni pulla almaq istəyən axmaq

İstəyir ki, olum it kimi qorxaq...

Məni qul nəslindən hesab edənlər,

Zəif, müti bilib məni güdənlər,

 

Bilsinlər könlümə hopsa da zəhər

Bıçaq qaldırammaz heç vaxt bu əllər.

 

Acı taleyimə, sənin gücünə

Vurğun olduğumçün bağlıyam sənə.

 

Qurğuşunda bişib odlananı, bil,

Təzədən dağlamaq - bu, mümkün deyil.

 

Səninlə şəfəqə baxdıq bir zaman,

Səninlə zülmətə baxırıq bu an.

 

Belə gətiribdir bax, nəsibimiz,

Həm azad, həm də ki, kinli quluq biz.

 

Müti ol! Qorxmaz ol! İrəli! Çəkil!

Odsan, yoxsa zülmət? Bu, məlum deyil.

 

Qışqıraq? Ağlayaq? Bəs nə edək biz?

Bu yolları sənlə qoşa gedək biz!

 

Dirilək? Məhv olaq? Bəlkə ölək biz?..

 

17 avqust 1906

 

 

Divanın bucağında

 

Buxarıda daş kömür

Közərir.

Pəncərənin od tutub

gözləri.

Dənizlərdə gəmi var,

Tufan var.

Dəniz üstə qıy vurar

Durnalar.

Sənə günəş deyərəm

Mən düzü.

İnan mənə - şairəm! -

əzizim...

Necə nağıl istəsən

Deyərəm,

Nə cür maska desən sən

geyərəm.

Bax, əriyən kölgələr

Sürünür,

Ağ divarda sərgilər

görünür.

Hüzurunda günahmı

Baş əymək?..

Boyaların şahıdır

Mavi rəng...

 

9 yanvar 1907

 

 

Spoletolu qıza

 

Qamətin düpədüzdür sənin, kilsə şamıtək

Qılınc ovxar çəkibdir baxışına, gözünə.

Ay qız, sənlə görüşə can atmayır bu ürək -

İzn ver, rahib kimi gəlim qızım közünə.

 

Xoşbəxtlik istəmirəm, gözləmirəm sığal da.

Bəlkə təhqir eləyim kobud ədayla bu dəm?!

Adi bir şair kimi izləyirəm uzaqdan

Sən necə qoparırsan çiçəkləri. Sevirəm.

 

Elə bil ki, uçursan - küləklər səni qovur,

Günəş səni yandırır, Mariya! Bir bax mənə,

Ey mələk, qoy gözümü mən açaraq bir hovur

Ürəyimi tapşırım ağrıların cənginə.

 

Mən qiymətli almazdan qopan sirli şeirimi

Qara, qıvrım saçının tağlarına qatıram.

Ehtirasla sevərək çırpınan ürəyimi

Alışan gözlərinin zülmətinə atıram.

 

4 iyun 1909

 

 

***

Gecə, küçə, aptek, bir də ki, fanar,

İşıqlar - mənasız, dumanlı, boyat.

Hələ bir qərinə yaşamaq olar,

Yaşa - xeyri yoxdur, bu cürdür həyat.

 

Ölsən başlayacaq hər şey təzədən,

Görməzsən keçmişin bir faydasını.

Gecə, buz yaşmaq var çayın üzündə

Aptek, küçə, fanar - öz qaydasında...

 

10 oktyabr 1912

 

 

***

Axdı sular kimi il dalınca il,

Mənə - bu qanmaza, bu lala-kara

Yuxuda kim isə dedi elə bil:

O səni sevməyib, sevməyib, bala.

 

Bir vaxt təsadüfən çıxıb yollara

Səni körpə qəlbim görüb bir zaman.

Bizi təsadüflər gətirib bura,

Sonra sən demisən: keç günahımdan.

 

Qəlbim sevgi ilə doludur yenə,

Başqasını sevmək - düşməkdir oda.

Doğma bir nəğməni mən dönə-dönə

Yenə dinləyirəm yuxularımda.

 

30 sentyabr 1915

 

 

***

Uca dağın, göy meşənin,

Tozlu yolun o üzündə,

Qəbristanlıq civarında

Çiçək gördüm göy üzündə.

 

Dağlar bəyaz geyinəndə,

Meh öpəndə çöl-çəməni,

Mən kədərlə düşünürəm

Qərib qalan dünənimi.

 

Yuxularda görüb səni

Yapışıram əllərindən.

Sehrlənib təkrar-təkrar

Söyləyirəm adını mən.

 

30 senyabr 1915

 

 

Çalağan

 

Uçur çalağanlar, çaylaq quşları,

Ona bu çəmənlər, çöllər doğmadır,

Mürgülü güllərin gözü yaşarıb...

Bir ana sızlayır indi daxmada:

"Oğul, döşlərimdən süd əm doyunca,

Böyü, itaət et, sən üz tut xaça".

 

Əsrlər ötüşür, dinir cəbhələr,

Kəndlər alovlanır, el batır yasa.

Mənim doğma yurdum, qəmli, mükəddər

Analar ağlayır. Sən sızlayırsan.

Nə vaxt qurtaracaq bu göz yaşları?

Çoxmu vurnuxacaq çaylaq quşları?

 

22 mart 1916

 

 

Tərcümə etdi: Firuz MUSTAFA

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!