1978-ci ildə Bostonda doğulub. Uşaqlığı Nyu-Yorkda və Filadelfiyada keçib. Braun Universitetində bakalavr və magistr təhsili alandan sonra məktəbdə latın dilindən, yunan dilindən və Şekspir yaradıcılığından dərs deyib. Təhsilini Çikaqo Universitetində və Yel Universitetinin Dram məktəbi fakültəsində davam etdirib. 2011-ci ildə ilk romanı - "Axillin nəğməsi" çap olunub, roman "The New York Times"in bestseller siyahısına düşüb və "Orange" mükafatına layiq görülüb. 2018-ci ildə "Sirseya" romanı çap olunub və birinci romanın uğurunu təkrarlayıb. Müəllifin romanları kimi, "Qalateya" hekayəsi də yunan mifologiyası əsasındadır.
Mənim üçün narahat olmaqları xoşuma gəlirdi.
- Rənginiz ağarıb, - şəfqət bacısı dedi. - Rəng-ruhunuz qayıdana qədər sakit olmalısınız.
- Mənim rəngim həmişə belədir, - dedim. - Çünki daşdan düzəldilmişəm.
Qadın qeyri-müəyyən gülümsəyib adyalı yuxarı çəkdi. Ərim ona xəyallar qurduğumu, xəstəliyim ucbatından qəribə şeylər danışdığımı deyib xəbərdarlıq etmişdi.
- Siz yatın, mən də sizə yeməyə nəsə gətirim, - dedi.
Dodağının qırağında xalı var idi, qadın danışdıqca xalına baxmaq xoşuma gəldi. Bəzi xallar özünəməxsus və gözəldir, atların qaşqası kimi. Bəzilərinin isə üstündə tük bitir, özləri də gonbul qurda oxşayır, qadınınkı da belə idi.
- Yatın, - yenə dedi, çünki yatmamışdım.
- Zənnimcə, bir az çıxıb gəzsəm özümü daha yaxşı hiss edərəm, - dedim.
- Yox, - dedi. - Özünüzü daha yaxşı hiss edənə qədər olmaz. Baxın, əlləriniz necə soyuqdur.
- Daşdandır axı, - dedim, - demişdim bayaq. Gün vurmasa qızmaz. Siz heç hər hansı bir heykələ toxunmusunuz?
- Çox üşümüsünüz, - deyə təkrarladı. - Yatın, nadinclik etməyin.
Tələsirdi, çünki daş məsələsini ikinci dəfə demişdim və bu o biri şəfqət bacılarına çatdırılmalı dedi-qodu, həkimlə danışmağa əla bəhanə idi. Həkimlə sevişirdilər, ona görə belə həvəsli idi. Hərdən divarın o tərəfindən səslərini eşidirdim. Pis mənada demirəm, yaxşı bir sevişmək bu qadının da haqqıdır - əlbəttə, əgər yaxşıdırsa, burasını bilmirəm. Vəziyyətimi daha yaxşı başa düşməyiniz üçün deyirəm: onun üçün xəstə halım sağlam halımdan daha qiymətli idi.
Qapı bağlandı və otaq ətrafımda gəmi kimi şişdi. Şəfqət bacısı burada olanda otağın onun ucbatından dar gəldiyini bəhanə edə bilirdim, amma o gedən kimi divarlar nəfəslə dolan ciyər kimi şişib üstümə gəlməyə başladı.
Pəncərələr bəs etmirdi, o qədər hündürdə idilər ki, yataqdan güclə görünürdülər, o qədər balaca idilər ki, güclə hava gəlirdi. Otaqdan həm gül, həm də turşumuş iyi gəlirdi, elə bil minlərlə adam tər tökə-tökə yatmış - əlbəttə, yatmışdılar, - sonra da çirkli ayaqlarıyla yerdə gül tapdalamışdılar.
Növbə həkimdəydi, başımın üstündə dayanıb mızıldanırdı:
- Çole deyir ki, yatmırsınız.
- Üzr istəyirəm.
Xoşuna gəldi, amma hələ də şübhələnirdi, nə də olmasa, son bir il ərzində hər gün ondan üzr istəyirdim. Onun xətrinə müxtəlif şeylər edirdim: yerə baxırdım, dodaqlarımı dişləyirdim, barmaqlarımla oynayırdım. Bir dəfə hönkürdüm, ən çox xoşuna gələn də bu oldu.
Özümdən getmək üçün məşq edirdim, amma hələ də necə edəcəyimi tam kəsdirə bilməmişdim, çünki əvvəlcə uzun-uzadı tez-tez nəfəs almaq lazım idi, həkiminsə haçan gələcəyini heç vaxt əvvəlcədən bilmirdim. Amma bu işi də bacarsam, əminəm ki, həkim əldən gedəcək. Həkim hadisəni ərimə danışacaq, ərim onu qızıl pula tutacaq, məndən başqa hamı xoşbəxt olacaq. Di gəl, özümdən getmək ağlıma gəldiyi üçün mən də bir az xoşbəxt ola bilərəm.
- Nə edirsiniz belə? - sərt səslə dedi. - Bax, elə buna görə xəstəsiniz.
Heç demə, özümdən getməyi fikirləşə-fikirləşə ayağa durmuşdum. Həkim gəldiyi üçün otaq balacalaşmışdı, həkim sarımsaq yemişdi, iyə qalsa, elə bil ömrü boyu hər gün sarımsaq yemişdi, mən də nəfəsim çatsın deyə pəncərənin qabağına getmişdim.
- Üzr istəyirəm, - dedim. - Nərgizlərin ətrini çox sevirəm, özümü saxlaya bilmədim.
Ağlıma gələn birinci şeyi dedim, amma sözlərim həkimin qaşlarını daha çox çatmasına səbəb oldu, hər halda, burada nərgiz yox idi, çünki dəniz qırağındakı qayalı uçurumun başında idik, dırmaşıb pəncərədən çıxsaydım, qaça bilməzdim, bundan əlavə, ölərdim. Üstəlik, nərgizlərin ətri olub-olmadığını da bilmirdim.
- Bu saat yerinizə qayıdın, - dedi. Sözünə qulaq asdım, biləyimdən tutdu. - Nəbziniz çox zəifdir.
Nəbzim əlbəttə, zəif idi, çünki məni daşdan düzəldiblər, amma bunu demədim. Eyni anda həm peşmanlıq, həm də heyrət bildirən "mmm" səsi çıxarmaqla kifayətləndim. Şəfqət bacısı çıxan kimi tez-tez nəfəs alıb-verməyə başlasaydım, indi huşumu itirə bilərdim. Amma eləməmişdim və artıq çox gec idi.
Dedim:
- Gəzsəm, özümü daha yaxşı hiss edərəm, zənnimcə.
- Çox zəifsiniz, - həkim dedi. - Özünüzə zərər versəniz sonra ərinizə nə deyərəm?
- Mən əvvəllər daş olmuşam, - dedim. - Gəzməklə özümə zərər verə bilmərəm.
- Kifayətdir, - dedi, səsindən hiss etdim ki, çay gətirdəcək. Yerimə uzanmayanda mənə çay verirlər, çaydan zəhləm gedir, çünki içənə qədər yanımda otururlar, sonra başım ağrıyır, ağzım acılaşır və yerimə işəyirəm.
Yerimə uzandım.
- Düz deyirmişsiniz, belə daha yaxşıdır, - dedim. - Mmm, özümü yaxşı hiss etdim.
Kirpiklərimin arasından onu izləyirdim. Şübhələnirdi, ona görə yerimdə qıvrılıb ayaqlarımı qarnıma yığdım.
- Düz deyirmişsiniz, çox yorğun imişəm, xəbərim yox imiş.
Bu qədərinin məni çaydan xilas edəcəyinə ümid edirdim.
- Nəbadə yerinizdən durasınız, - dedi. - Bu gün əriniz sizi görməyə gələcək.
Qıvrılmasaydım da olardı, fikirləşdim, çünki ərim gələn günlərdə mənə çay vermirlər. Ərimin sidik iyindən zəhləsi gedir.
Yerimdə fırlanıb düz uzandım. Bunu asanlıqla edirəm, çünki çox məşq etmişəm; deyəsən, bir tərəfim, daş olan tərəfim hələ də xatırlayır və əvvəlki cizgilərinə qayıtmaq xoşuna gəlir. Bircə barmaqlarla bir az çətindir, ərim tez-tez qürurla barmaqlarımın tənbəl heykəltəraşın əlindən çıxmış kimi əyri olmamağı, həqiqi görünməyi üçün bir ilini sərf etdiyini deyir. Yəni diqqətimi cəmləyib barmaqlarımı onun xoşuna gələn kimi tutmalıyam, yoxsa hər şey məhv olar.
Vaxt keçdi, amma nə qədər keçdiyini bilmirəm. Sonra bayırdan sikkə cingiltisi və şəfqət bacılarının şən nidaları eşidildi. Ərim artıq çox varlıdır və pulu hamısı mənə yerimə girim desin deyə min həkimə verməyə çatar. Əslinə qalsa, mənim sayəmdə varlı olub, amma bunu deməyim heç xoşuna gəlmir. Deyir ki, var-dövləti tanrıçanın lütfü, bir də öz istedadı sayəsində qazanıb; çünki məni mərmərdən düzəldən odur. Mən doğulandan sonra... Bəlkə də, "doğulmaq" kəlməsi yerinə düşmür, amma bunun yerinə nə demək olar, bilmirəm. Oyanmaq? Qabığımdan çıxmaq? Yox, bu ondan pis. Yumurtayam bəyəm?!
Doğulmaq deyəcəyəm. Mən doğulandan sonra məni bacardığı qədər gizli saxlamağa çalışdı, amma evdə qulluqçular var idi və hamı heykəltəraşın arvadı, onun nə qədər qəribə olduğu və elə bir gözəlliyin ancaq tanrılardan gələ biləcəyi haqqında danışmağa başladı. Bəziləri buna inandı, bəziləri yox, amma birdən-birə hamı ondan heykəl istəməyə başladı. Beləcə, bakirə dalınca bakirə yonmağa başladı, mən də soruşdum:
- Səncə, bunlardan hansısa canlanacaq?
- Əlbəttə ki, yox, - dedi, - bu adamlar tanrıçanın lütfünə layiq deyil.
Sonra əvvəllər mənə necə yaxşı baxdığını, məni ipək parçalarla bürüdüyünü, gül-çiçəklə, daş-qaşla bəzədiyini, mənim üçün balıqqulaqları, rəngli daşlar gətirdiyini, hər gecə tanrıçaya dua etdiyini danışdı yenə.
- Qəsəbədən bir qızla evlənmək daha asan olmazdı? - soruşdum.
- O ayağısürüşkənlərlə mənim nə işim?
Qapı açıldı.
- Siz çıxın, bizi narahat etməyin, - ərim şəfqət bacılarına dedi.
Amma keçən bir il ərzində bizi heç vaxt narahat etməmişdilər deyə bunu deməyinə ehtiyac yox idi. Nə üçünsə ərim özünü hökmdar zənn edir.
Sükut çökmüşdü, çünki mənə baxır, barmaqlarımı və başqa əzalarımı gözdən keçirirdi. Gözlərimi açmırdım, çünki vəzifəm o "ah, mənim gözəlim yatırmış" mızıldana bilsin deyə yerimdə sakitcə yatmaq idi. Həqiqi görünsün deyə bir neçə dəfə xoruldadığım da olmuşdu. Amma bu onun xoşuna gəlməmişdi.
- Yatıb? - dedi. İçəri girdi. - Eh, neynək, yatıb əlbəttə. Mərmərdir də, başqa şey deyil ki?! - Yatağın yanında diz çöküb əllərini göyə qaldırdı. - Ey tanrıça! Niyə arvadım olsun deyə belə bir bakirə tapa bilmirəm? Niyə bu mükəmməllik ət yox, mərmərdir? Kaş ki... - Gözlərini yumdu. - Yox, bunu deməyə dilim dönməz.
Bəlkə, yüngülcə xoruldayım, fikirləşdim, amma bu daha pis olardı.
- Arzumu dilə gətirməyə cürət edə bilmərəm. Ancaq... Ey dul tanrıça, sən mənim qəlbimin ən gizli istəklərini bilirsən. Yalvarıram sənə, məni bu əzabdan xilas et!
Başı döşəyə düşdü, məni görə bilməzdi, gözlərimi açdım. Saçı seyrəkləşirdi, saçlarının arasındakı boş yerləri saydım.
Həmişəki kimi üç yerdə idi.
Gözlərimi vaxtında yumdum. Başını qaldırıb dedi:
- Yox, mümkün deyil. Taleyimə boyun əyməliyəm.
Əli dirsəyimlə biləyimin arasına sürüşdü və qolumdan tutub sıxdı.
- Bu nədir belə? - Qoluma baxdı. - Belə şey mümkündür? And olsun ki, istidir.
Ən azı, adi daşdan istidir.
Fikrini cəmləmək istəyirmiş kimi başını yellətdi.
- Yox, xəyaldır. Bəlkə, üstünə gün düşdüyü üçün mərmər qızışıb?!
Otağa işıq düşmürdü, amma bunu demək üçün düzgün zaman deyildi.
- Tanrıça, özün kömək ol!
Baldırımı, qarnımı ovuşdurdu, özü də bərk, daş olub-olmadığımı yoxlayırdı. Tərpənmədiyim üçün özümdən xoşum gəldi.
- And olsun, canıma and olsun, istidir. Ey tanrıça, əgər bu yuxudursa, icazə ver, oyanmayım. - Sonra dodaqlarını dodaqlarıma dayadı. - Yaşa, yaşa, həyatım, sevgilim, yaşa.
Təzə doğulan ceyran balası kimi gözlərimi açmalıyam, artıq vaxtı çatıb; günəş kimi üstümdə dayandığını görür, heyrət və minnətdarlıq məni boğurmuş kimi çətinliklə nəfəs ala-ala inildəyirdim, sonra mənimlə sevişdi.
Sonra çiyninə yaslandım.
- Darıxmışdım, sevgilim, - dedim.
Heç nə demədi, amma səbrinin tükəndiyini hiss edirdim. Sinəsinin təri qurusa da, kürəyi bataqlıq kimi idi. Üstəlik, döşəkağının altındakı həsir qaşındırırdı, ərim evdəki yumşaq döşəyə öyrəşmişdi.
- Nə üstündə işləyirsən? - soruşdum. Çünki onun cavab verəcəyi yeganə sual bu idi.
- Heykəl, - dedi.
- Ah, - gözlərimi yumdum. - Kaş görə bilsəydim. Nə heykəlidir?
- Qız.
- Əminəm ki, çox gözəl olacaq, - dedim. - Qəsəbədən sifariş veriblər?
- Yox, - dedi. - Boğaza yığıblar məni. Budəfəkini özüm üçün düzəldirəm.
- Nə gözəl! - dedim. - Yəqin, işin qurtaranda onu görə biləcəyəm.
- Ola bilər, - dedi.
- Özümü yaxşı aparacağam, - dedim.
Ağzını açmadı.
- Qız neçə yaşındadır? - soruşdum.
- On, - dedi.
"Cavan" deməyini gözləyirdim. Bir dəfə mənim neçə yaşında olmağımı istədiyini soruşmuşdum, "bakirə" demişdi.
- On, - dedim. - On iki ola bilməz?
- Yox, - dedi.
- Mənim on beş yaşlılardan xoşum gəlir, - dedim. - Dünən şəfqət bacısı qızını da gətirmişdi, elə gözəl idi ki. Üzü işıq saçırdı.
- On beş yaşlılara marağım yoxdur, - dedi. - Şəfqət bacısının qızı da vecimə deyil.
- Əlbəttə, deyil. - Mükəmməl barmaqlarımla sinəsini sığalladım. Çalışdım səsim yumşaq çıxsın. - Pafos necədir?
- Yaxşı, - dedi. Heç bir məna kəsb etməyən bu iyrənc kəlmə.
- Xoşbəxtdir?
- Anasının elədiklərindən sonra necə xoşbəxt ola bilər ki?!
Buna hazır idim, göz yaşlarımı sinəsinə axıtdım.
- Çox peşmanam, sevgilim. Kaş ki ona etdiklərimi düzəldə bilsəydim.
Məni itələyib dikəldi.
- Ona yarınmaq istəyirsən, amma mənə yarınmırsan.
"Səncə, indi etdiyim nədir?" - soruşmaq istədim. Amma bu cavab ərimin xoşuna gəlməzdi, əlbəttə. Ağ və hamar səthləri sevir. Yerdə diz çökdüm, əllərimi döşlərimin üstündə çarpazladım.
- Sevgilim, inan ki, dünyada istədiyim yeganə şey səninlə evə qayıtmaqdır. Elə bu gün fikirləşirdim ki, kaş yanımda səndən bir şey olaydı, özümü onunla ovudardım. Məsələn, şəkil. Sənin şəklin.
Bu onu təəccübləndirdi.
- Şəkil deyirsən, - dedi. - Heykəl demirsən.
- Ah, sevgilim, heykəlin mənə əzab verərdi, - dedim. - Sənə o qədər oxşayardı ki, ürəyim tab eləməzdi.
- Mmm, - dedi.
Döşlərimi daha yaxşı görə bilsin deyə əllərimi bir az aşağı saldım. Gözəl idilər, üstündə yaxşı işləmişdi.
- Mənim üçün heç darıxmırsan? Heç bir az da?
- Darıxıramsa, bu sənin günahındır.
- Əlbəttə, bilirəm, mənim günahımdır. Üzr istəyirəm, sevgilim. Çox axmağam, heç özüm də bilmirəm nə edirəm.
- Axmaqsan, düzdür, - dedi. Hələ də döşlərimə baxırdı.
- Çox axmağam, dəhşətli dərəcədə.
- Qaçmamalıydın, - dedi.
- Canıma and olsun ki, bir də qaçmayacağam. Onsuz da məni qoyub getməyinə dözə bilmirəm. Hər günüm yolunu gözləməklə keçir. Sən mənim ərim və atamsan.
- Və anan, - dedi.
- Hə, və anam. Və qardaşım. Hamısı sənsən.
- Bunları sadəcə Pafosu görmək istədiyin üçün deyirsən, - dedi.
- Əlbəttə, onu görmək istəyirəm. Yoxsa məndən nə ana olar? Hissiz və utanmaz. Tanrıça və sən məni elə yaratmamısınız axı.
Çətinliklə nəfəs alırdım, amma büruzə verməməyə çalışırdım. Yer dizlərimi əzsə də, tərpənmirdim.
- Utanmaz, - dedi.
- Utanmaz, - dedim.
Mənə baxdığını hiss etdim, gördüyü işə heyranlıqla baxırdı. Məni yonanda bu cür deyildim, amma o, məhz belə yonduğunu zənn edirdi. Gözəl heykəl idim, adım "Möhtac". Məni satıb Ərəbistan şahları kimi yaşaya bilərdi.
Qaşlarını çatıb barmağıyla göstərdi.
- Bu nədir belə?
Qarnıma baxdım, işıqda parıldayan gümüşü, əcaib ləkələri gördüm.
- Sevgilim, uşağımızın əlamətidir. Qarnımın şişən yeri.
Gözünü dikdi.
- Haçandan var?
- Qızımız olandan.
Yəni on ildir.
- Çirkin görünür, - dedi.
- Üzr istəyirəm, sevgilim, bütün qadınlarda olur.
- Daş olsaydın, oranı qaşıyıb düzəldərdim, - dedi.
Çıxıb getdi, sonra həkim əlində çay gəldi.
Məsələ burasındadır ki, zənnimcə, ərim mənim danışa biləcəyimi gözləmirdi. Buna görə onu çox da günahlandırmıram, nəticədə məni sadəcə heykəl bilirdi: saf, gözəl, sənətinə boyun əyən heykəl. Təbii ki, canlı olmağımı arzulayanda yenə elə olmağımı, amma mənimlə sevişə bilsin deyə bədənimin isti qalmağını istəyirdi. Amma bunun üstündə çox da baş sındırmamağını, mənim həm canlı, həm də heykəl ola bilməyəcəyimi başa düşməməyini axmaqlıq hesab edirəm. Mənim doğulmağımdan sadəcə on bir il keçib, amma bunu mən belə bilirəm.
Birinci dəfəsində, doğulandan bir az sonra hamilə qaldım. Daşdan olsam da. Məni tanrıça yaratsa da, hamiləliyim həqiqi idi, yorğun idim, ürəyim bulanırdı, ayaqlarım o qədər şişmişdi ki, ərimin xoşuna gələn qızıl səndəllərə yerləşmirdi. Bu onu hirsləndirir, amma məni yatağa atmaqdan, ya da divara dayamaqdan çəkindirmirdi, mənsə bircə uşaq yox, küçə pişikləri kimi bir sürü uşaq doğacağımı fikirləşib qorxurdum.
Qızım gözəl, daş kimi solğun idi, dəhşətli istilərin çöldəki inəkləri öldürdüyü yay mövsümündə doğulmuşdu. Amma qızımla mən həmişə sərin idik, yellənən kürsüdə yellənirdik. Gəzməyə çıxanda hamı bizə baxıb pıçıldaşır, amma bizimlə danışmırdılar; təkcə bir dəfə bir qadın Pafosun ayağına toxunub məndən xeyir-dua istəmişdi. Nəsə mızıldandım, qadın minnətdarlıqla qoluma toxundu. Barmaqları qəribə idi, yarpağını tökmüş ağacların incə budaqlarına oxşayırdı, amma yumşaq idi.
Bəzən, ərim işləyən vaxtlarda yamaca qədər getməyimizə icazə verirdi. Pafos artıq böyümüşdü, o çoban oyunu oynayırdı, mən onun qoyunu olurdum. Xoşuna gəlirdi. Keçi olmağım, yalın ayaqla qayadan-qayaya tullanmağım daha çox xoşuna gəlirdi.
Bir az da böyüyəndən sonra ona müəllim tutmaq üçün israr etdim, amma ərim dedi ki, bu onun tərbiyəsini pozar.
- Yox, - dedim. - Əksinə, məndən fərqli olaraq, ərinin işinə yarayar.
Ərim mənə baxıb gülümsədi.
- Kifayət qədər işimə yarayırsan.
Amma axırda müəllim tutdu, çünki hər dəfə bu mövzu açılanda ərimə yaltaqlanıb onun şəninə mədhiyyələr qoşurdum.
Gəzməyə çıxanda Pafos öyrəndiklərini mənə də öyrədirdi.
- Bax, - dedi, - hərfləri budaqlardan düzəldə bilərsən.
- Amma bəziləri əyridir, - dedim.
Qaşlarını çatdı:
- Düz deyirsən, - dedi. - Bəlkə, sahilə gedib quma yazaq?!
Elə elədik, qum budaqlardan daha yaxşı idi, hətta müəllimin lövhəsindən də, çünki hərfləri bizim yerimizə dalğalar silirdi. Pafos ağıllı qız idi, özü də çox ağıllı, elədiklərimizi atasına deməməli olduğunu deməyimə də ehtiyac qalmırdı.
Gecələr ərim qızımızı yerinə göndərirdi.
- Bəs sən, sevgili arvadım? - soruşurdu. - Sənin yuxun gəlmir?
Onda başa düşürdüm ki, ona qovuşmaq üçün yenə daşdan oyanmaq oyunu çıxarmalı, buna görə yerimə gedib özümə əl gəzdirməliyəm.
Pafos səkkiz yaşı olanda ərim müəllimi qovdu.
- Sənə baxırdı, - mənə dedi.
O gün fikrim özümdə deyildi. Pafosu və hərfləri fikirləşirdim.
- Yəqin ki, - dedim.
Hamı mənə baxırdı, çünki qəsəbənin ən gözəl qadını idim. Bunu özümü tərifləmək üçün demirəm, təriflənməli bir şey yoxdur. Çünki bunu özüm etməmişəm.
Ərim üzümə baxıb:
- Bilirdin? - soruşdu.
İzah etməyə çalışdım, amma gec idi. Daha gəzintiyə çıxmağımıza icazə vermədi. Pafos üçün mürəbbiyə tutdu, lövhələrini əlindən aldı və günlərlə mərmərin qabağında oturub qaşqabağını salladı, işləmədi. Gecələr mənimlə əvvəlkindən sərt rəftar edir və:
- Sən də o birilər kimi olacaqsan? - soruşurdu.
"Yox" deməli olduğumu bilirdim. - Yox, sevgilim, yox, qətiyyən.
Pafos səbirsiz idi, evimizdən zəhləsi gedir, çəmənlikdəki macəralarımıza qayıtmaq istəyirdi. Atası quş kimi oturub fikrə dalmaq istəyəndə - həmişə bunu istəyirdi - qızımız səssiz oturmur, gün keçdikcə daha dözülməz olurdu.
Onu otağımıza apardım, barmaqlarımızla hərflər düzəltdik. Pafos gülürdü, mən də ona qoşulmuşdum, səsimizin necə bərk çıxdığından xəbərimiz yox idi.
Ərim qapını açdı:
- Niyə gülürsünüz?
Pafos dedi:
- Niyə gülməyək?
Boyu, qolları, ayaqları başqa qızlarınkından uzun idi. Atasından qorxmurdu.
- Sevgilim, - dedim, - səni narahat etdiyimiz üçün üzr istəyirəm.
- Amma o üzr istəmir.
- O hələ uşaqdır, - dedim.
- Mən uşaq deyiləm, - Pafos dedi.
- Onda üzr istə, - ərim dedi.
- Yazıq, deyəsən, acmısan, - dedim. - Yemək yeməmisən? Pafos, əzizim, icazə ver atanla danışım.
Pafos çıxdı, qızın sözümə necə baxdığını görəndə ərim dişlərini qıcadı.
- Onu məndən çox sevirsən, - dedi.
- Əlbəttə ki, yox, heç elə şey olar? - Saçını sığallamağa başladım. Gün boyu oturub fikirləşməkdən saçı uzanıb yağlanmışdı. - Sadəcə qızımız o mürəbbiyəyə görə çox ağıllıdır. Darıxır, mən də ona heç nə öyrədə bilmirəm. Müəllimə ehtiyacı var.
- Müəllimə? - dedi.
- Hə, - dedim. - Başqa bir müəllim tutsaq hər şey daha yaxşı olar, səni narahat etmərik.
Cavab vermirdi, elə bildim özlüyündə ölçüb-biçir, amma gözlərim üzünə sataşdı, gərgin idi, hirsli idi, az qala dərisi partlayacaqdı. Qolumdan yapışdı:
- Heç utanmırsan?
Qolumu elə möhkəm sıxmışdı ki, cavab verməyi ağlıma da gətirmədim.
- Artıq heç üzün də qızarmır, - dedi. - Dərd bundadır. Üzr istəyirsən, amma qızarmırsan. Utanmaz kəsilmisən başıma?
- Yox, qətiyyən, - dedim.
Paltarımın yaxasından tutub dartdı, amma olmaq istədiyi qədər güclü deyildi, paltarım cırılmadı. Yenə, yenə dartdı, sonra məni yerə yıxdı, parça təslim olana və mən lüt qalana qədər dartdı.
Əllərimlə bədənimi örtüb uşaq kimi yumşaq səslər çıxardım. Üzüm qızarsın deyə dua etdim. "Üzünü qızart, yoxsa səni öldürəcək". Bəxtimdən otaq isti idi və mən hirslənmişdim, həm də utanmışdım, çünki Pafos səsimizi eşidə bilərdi, yanaqlarıma qan gəldi, qızardım.
- Hmm, hələ də sözümə qulaq asırsan, - dedi.
Məni yerimə göndərdi. Məşəlin işığında bədənimdəki izlərə baxıb heyrətə gəldi, boynum qızarmış, qollarımla döşlərimdə tutduğu yerlər göyərmişdi, həmin yerləri ovuşdurdu.
- Mükəmməl rəngdir, - dedi, - bax.
Görüm deyə güzgünü qaldırdı.
- Sən ən əsrarəngiz kətansan, sevgilim.
Bir az pulum vardı, ərimin içi dolu çantalarından düşən xırda sikkələr, bir də küçədən tapdıqlarım. Mürəbbiyədən oğurladığım ayaqqabılar vardı, qızıl deyildi, dəridən, tozlu yollarda geyinilmək üçün tikilmiş ayaqqabılar. Ərimdən bir mantiya çırpışdırmışdım. Pafosun özünün mantiyası vardı, çünki ərimə ona tez soyuq olduğunu demişdim, amma o da mənim kimi heç vaxt üşüməz və ona isti olmazdı.
- Çəmənə gedək? - qızımdan soruşdum.
- Atam icazə verməz, - dedi.
- Bilirəm, - dedim, - buna görə ona deməyək.
Qəsəbədən keçəndə hamı bizi gördü. Bir qadın və bir qız, üzləri süd rəngində? Hə, bu qədəri bəs etdi.
Şəfqət bacısı quru döşəkağı gətirənə qədər uzun müddət nəm yerdə uzanmağıma göz yumdu. Həsiri məni bir az da çox qıdıqlasın deyə qabartdı və nə deyirəm-deyim, cavab vermədi, ona xalının çox gözəl olduğunu deyəndə də. Üstəlik, bunu yalandan demirdim. O an özünə görə gözəl görünmüşdü gözümə.
Sonra məni yuyundurdu. Əski işlətmədi, əlini suya batırıb yuyundurdu. Zənnimcə, şikayətlənəcəyimi gözləyirdi, amma etmədim, çünki əminəm ki, bu işdən zəhlən gedirsə, kimisə yuyundurmaq çox pis işdir. Sonra ərimin əlavə pul ödədiyi gül yağını bədənimə çəkdi. Onu da əlinə sürtüb çəkdi, deyəsən, məni incitmək istəyirdi, amma sərf etdiyi güc, bədənimdən çıxan səs və rəngimin çəhrayılaşması xoşuma gəldi.
Şəfqət bacısı çıxan kimi gül yağını döşəkağıyla bacardığım qədər sildim. Çayın təsiri getmişdi, zehnim aydın idi. "Qızımın on yaşı var", deyə fikirləşdim. Pafosun on yaşı var.
Səhəri gün həkim qaşlarını çatıb mənə baxdı:
- Narahatsınız?
- Yox, - dedim, - yaxşıyam.
"Onda niyə yatırsınız?" demək istədi, amma özünü saxladı, çünki elə desə, xəstə olmadığımı etiraf etmiş olardı. Ürəyimdə ona güldüm.
- Özümü çox sakit hiss edirəm, - dedim. - Sakit və yaxşı.
- Hmm, - dedi.
- Yəqin, ərim bu gün gələr, - dedim. - Onun üçün çox darıxmışam.
- Demişdi gələcək, - həkim dedi.
- Nə gözəl! - dedim. - Çox möhtəşəm xəbərdir.
Xırda pul səsi gec gəldi, amma heç mənim də səbirsizliklə gözlədiyimi demək olmazdı. Özümü qaydaya saldım. Qapı açıldı və ərim şəfqət bacılarını göndərdi. Kilidin səsini eşitdim.
- Ah, yatırmış mənim gözəlim.
- Yox, yatmıram, - dedim.
- Sənin yaxşılığın üçün deyirəm, yerinə uzan, sən özünə gəl, bir azdan gələrəm.
- Hamiləyəm, - dedim.
Key-key baxdı.
- Mümkün deyil, - dedi.
Pafosdan sonra qarnımın üstünə boşalırdı.
- Tanrıların izni ilə hər şey mümkündür, - dedim. - Qarnıma bax.
Böyük görünsün deyə qarnımı bir az qabartmışdım. Onsuz da qadınların nəyə oxşadığını bilmirdi. Onun nəzərində əgər bir dəyişiklik varsa, bu qəribə idi.
Rəngi ağardı, üzü elə mənim üzüm kimi solğunlaşdı.
- Həkim belə bir söz deməyib.
- Həkimə göstərməmişəm. İstədim birinci sən biləsən. Sevgilim, elə xoşbəxtəm ki, bir uşağımız da olacaq, sonra yenə biri. Sonra da...
Amma çoxdan çıxıb qapını bağlamışdı. Həkim bu dəfə başqa bir çay gətirib gəldi.
- Bunu içməlisən, - dedi.
- Xahiş edirəm, - dedim, - şəfqət bacısını göndərə bilərsiniz, mən içəndə yanımda olsun?
- Bu saat, - dedi, çünki əks təqdirdə ağlayacağımı hiss etmişdi. Bu qədər asan olması inanılmaz idi.
Şəfqət bacısı gəldi.
- İncidəcək? - soruşdum.
Qorxurdum incidər.
- Bir az incidəcək, - dedi, - sonra qan gələcək.
- Qorxuram, - deyib üzümü balışa basdım.
Bir an keçdi, şəfqət bacısının əlini kürəyimdə hiss etdim.
- Narahat olma, - dedi, - bunu mən də eləmişəm, bax, sağam.
- Amma uşaq sağ deyil, - dedim.
- Hə, - dedi.
Ağrıdan qıvrılıb göz yaşlarımı balışa tökdüm.
- Çayı içməlisən, - dedi. Amma səsi həmişəki kimi sərt deyildi.
- Kaş bayıra çıxa bilsəydim, - dedim. - Uşağı tanrıçaya vermək istəyərdim.
- Həkim buna icazə vermir.
Gözlədim, gözlədim, ağladıqca ağladım, axırda dedi:
- Həkim bu gecə burada olmayacaq.
İt kimi otların üstündə fırlanmaq istədim, amma hamilə kimi ağrı çəkməli idim, ona görə haramınsa sınmaq ehtimalı varmış kimi ağır-ağır hərəkət etdim. Çayı gətirdi, ovcumda tutub qurtumladım.
- Sancılananda xəbər elə, - dedi.
Barmaqlarımı torpağa batırdım. Hava qaranlıq idi və sadəcə balaca ay görünürdü, tanrıçanın, əgər varsa, mənə gülümsədiyini xəyal etdim. Dedim:
- Deyəsən, nəsə hiss edirəm.
- Bu yaxşıdır, - dedi.
Bağda idik, binanın arxasında, dənizdən uzaqda.
- Nəsə hiss edirəm, - dedim.
- Bu yaxşıdır, - dedi.
Sonra yerə uzanıb qıvrıldım, qışqırmağa başladım. Tərəddüd etdi, mənə toxunmağa qorxurdu.
- Ağrıdır, incidir. Həkimi çağır!
Şəfqət bacısı tir-tir əsirdi, onun halına yandım bir az, amma çox yox.
- Həkim, yaxşı. Gedim çağırım. Bir dəqiqə gözlə, evi uzaqda deyil.
O gedən kimi qaçmağa başladım. Məni tuta biləcəyindən qorxmurdum. Əlləri bacarıqlı idi, amma ayaqları mənimkindən sürətli deyildi. Gülümsədim, qəsəbəyə gedən yola düşdüm.
Evin qapısına baxmadım, bilirdim kilidlidir. Arxa tərəfdə bir ağac vardı, zeytun ağacı. Əvvəllər Pafos onunla bir yerdə bu ağaca dırmaşım deyə mənə yalvarırdı. Başmaqlarımı tullayıb boz rəngi içimi isidən budaqlara dırmaşdım. Qızımın pəncərəsindən keçdim.
Bütün günü bunu fikirləşmişdim. Qızımı oyadım, ya yox? Uşaq idi, hələ on yaşı vardı, qorxardı. Buna görə dəniz qoxusu verdiyi üçün qum yığıb gizlətdiyi qabı çıxardım, yerə bir az qum töküb üstünə "Pafos" yazdım. Başqa şeylər də yazmaq istəyərdim, amma bildiyim bu qədər idi.
Sakitcə otağından çıxıb giriş qapısına getdim. Tələsməyə bilərdim, heç kim məni burada axtarmayacaqdı. Bundan qabaq qaçanda necə olmuşdu? Qapının sürgüsünü açıb aralı qoydum.
Ərimin iş otağı evin ən görkəmli yerində, o biri başda idi. Qapının arxasında dayandım, qaçmağın yorğunluğu canımdan çıxsa da, sürətlə nəfəs alırdım. Evdə səssizlik hökm sürürdü. Qulluqçulara görə narahat olmağa dəyməzdi, ərimin onların evdə yatmağından xoşu gəlmirdi.
Qapını itələyib açan kimi qızı gördüm, otağın ortasında parıldayırdı.
- Daş, - öz-özümə dedim, çünki bir az titrəyirdim. - O daşdır və oyanmayacaq.
Bir addım da yaxınlaşıb üzünə baxdım. Solğun idi, mirvariyə oxşayırdı, ağzı incəydi. Gözləri yumuluydu, daş divanın üstündə uzanmışdı. Balaca olduğu üçün yaşı Pafosdan az görünürdü. Başdan-ayağa mükəmməl idi. Nə qaysaqlanmış yarası vardı, nə dırnaqlarının altında qum.
Heç keçi dalınca qaçmamış, heç itaətsizlik etməmişdi. Az qala yanaqlarının alı görünürdü.
İpək parçalar üstünə adyal kimi sərilmişdi, çəkib götürdüm. Biləyində çiçəklərdən hörülmüş qolbaq vardı, çıxardım. Alnından öpüb pıçıldadım:
- Bağışla, qızım.
Ərimin otağına gedib kandarda dayandım. Yerinə sərilmişdi.
- Ah, yatırmış mənim gözəlim, - dedim.
Ərimin gözləri açıldı və məni gördü. Dönüb qaçdım. Dəhlizdə ona görə qoyduğum kətilə ilişib yıxıldığını eşitdim, o saat durdu, pilləkənlərə çatmaq üzrəydi.
Giriş qapısından keçib yola çıxdım, arxadan tap-tap ayaq səsləri gəlirdi. Qışqırmırdı, çünki nəfəsini əbəs sərf etmək istəmirdi; gecənin səssizliyindən və küçələrdə qaçan bizdən başqa heç nə yox idi. Ciyərlərim sıxılırdı bir az, amma vacib deyildi, bir azdan onlara ehtiyacım qalmayacaqdı.
Yol qəsəbədən keçib dənizə doğru enirdi. Bir il yataqda yatmaqdan kökəlib ağırlaşmışdım, amma o da idman eləməyi xoşlamırdı, gonbul və yavaş idi. Torpaq yerini quma verdi, qum sərin və narın idi, sonra çınqıllığa çatdım, çınqıl heç vaxt ayaqlarıma batmamışdı və sonra, nəhayət, dalğalar.
Özümü atdım, birtəhər dalğaları keçib dənizə çatdım. Dalımca suya tullandığını eşitdim.
Su mənim ərazim deyildi. Üzdükcə paltarımı dartıb hərəkətimi ləngləşdirirdi. "Bir az da uzaqlaş", özümə dedim. Gəldiyini eşidirdim, ömrü boyu mərmər daşıdığı üçün qolları mənimkilərdən güclü idi. Suyun ayağımın yanında titrəşdiyini hiss etdim, az qala məni tuturdu. Dönüb arxaya baxdım, onun nə qədər yaxın, sahilin nə qədər uzaq olduğunu gördüm. Sonra topuğumdan yapışıb ip kimi dartdı, əvvəl bir əliylə, sonra hər iki əliylə çəkdi, bədənimi suda dikəltdi, boğazımdan tutub üzünü üzümə yapışdırdı.
Deyəsən, müqavimət göstərməyimi gözləyirdi. Etmədim. Qollarımı qabırğalarının ətrafına doladım, çıxıb qaçmasın deyə biləyimdən yapışdım. Ani ağırlıq ikimizi də suyun altına çəkdi. Ayaqlarını çırpıb üzə çıxmağa çalışırdı, amma mən çox ağır idim, dalğalar ağız-burnumuza çırpılırdı. Xahiş edirəm, indi, deyə dua etdim.
Əvvəlcə suyun soyuğudur, deyə zənn etdim. Əllərimdən yapışıb gövdəsinə sarılmış qollarımı açmağa çalışdı, amma nə elədisə, aça bilmədi. Sonra o hiss qarnıma, sinəmə yayıldı, o suyu təpikləsə də, bizi yuxarı çəkə bilmədi. Məni vurdu, amma zərbələri sulu və zəif idi deyə heç nə hiss etmədim.
Doğrudan, şansı yox idi. Nə də olmasa, ətdən idi. Qaranlıq boyunca aşağı düşdük, suyun soyuğu boynuma doldu, dodaqlarımla yanaqlarımdan qanımın rəngini sildi. Pafosu, onun necə ağıllı olduğunu fikirləşdim. Divanda rahat yatmış daş bacısını fikirləşdim.
Axıntı boyunca düşdükcə düşdük və xərçənglərin mənim solğun çiyinlərimə dırmaşıb oradan ərimi necə yeyəcəyini fikirləşdim. Okeanın dibi qumlu və balış kimi yumşaq idi. Yerimə girib yuxuya getdim.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
