İşarələr və rəmzlər (Hekayə) - Vladimir NABOKOV

 

I

 

Dörd ildə dördüncü dəfə idi ki, onlar eyni çətinliklə üz-üzə qalırdılar: ruhən sağalmaz dərəcədə xəstə olan oğula ad gününə nə hədiyyə aparmalı? Onun heç bir istəyi yox idi. İnsan əlinin yaratdığı əşyalar onun gözündə, ya yalnız özünün duya bildiyi bədxah bir fəaliyyətdən vızıldayan şər pətəkləri, ya da onun mücərrəd aləmində heç bir işə yaramayan kobud rahatlıq vasitələri idi. Onu incidə və ya qorxuda biləcək bir sıra şeyi kənara qoyduqdan sonra (məsələn, hər cür texniki qurğu və cihaz qadağan idi) valideynləri zərif və zərərsiz bir xırdalıq seçdilər: on kiçik bankada on müxtəlif meyvə jelesi olan səbət.

O doğulanda onlar çoxdan evli idilər; o vaxtdan iyirmi il ötmüşdü və indi artıq xeyli qocalmışdılar. Qadının solğun-boz saçları necə gəldi yığılmışdı. Ucuz qara paltarlar geyinirdi. Öz yaşıdlarından fərqli olaraq (məsələn, qonşuları xanım Sol kimi: onun üzü çəhrayı-bənövşəyi boya ilə bəzənmişdi, papağı isə çay kənarı çiçəklərindən toplanmış bir dəstəyə oxşayırdı) o, yaz günlərinin qüsur axtaran işığına ağappaq, çılpaq bir sima ilə çıxırdı. Köhnə vətəndə kifayət qədər uğurlu iş adamı olmuş əri indi büsbütün qardaşı İsaakdan asılı idi - qırx ilə yaxındır ki, Amerikada yaşayan əsl amerikalı İsaakdan. Onu çox nadir görürdülər və ona "Şahzadə" ləqəbi qoymuşdular.

Həmin cümə günü hər şey tərsinə getdi. Metro qatarı iki stansiya arasında cərəyanını itirdi və sərnişinlər on beş dəqiqə ərzində yalnız öz ürəklərinin vəzifəşünas döyüntüsünə və qəzet xışıltısına qulaq asmalı oldular. Sonra minməli olduqları avtobus onları bir əsr gözlətdi; gələndə isə çərənçi liseyli uşaqlarla ağzınacan dolu idi. Sanatoriyaya aparan qəhvəyi cığırla yuxarı qalxarkən leysan yağırdı. Orada yenə gözləməli oldular; oğlanın, həmişə olduğu kimi (zavallı üzü sızanaqlı, səliqəsiz qırxılmış, qaşqabaqlı və çaşqın halda), ayaqlarını sürüyə-sürüyə otağa girməsi əvəzinə, qarşılarına tanıdıqları, amma xoşlamadıqları bir tibb bacısı çıxdı və şən bir səslə izah etdi ki, oğlan yenə intihara cəhd edib. Dedi ki, onun halı yaxşıdır, lakin görüş onu narahat edə bilər. Müəssisədə işçi çatışmazlığı elə ağır idi, əşyalar elə asanlıqla itib-batır, ya da qarışırdı ki, hədiyyəni idarədə qoymamağa, gələn dəfə onu oğluna öz əlləri ilə gətirməyə qərar verdilər.

Qadın ərinin çətirini açmasını gözlədi, sonra qoluna girdi. Əri əsəbiləşəndə adət etdiyi o özünəməxsus, cingiltili səslə boğazını arıtlamaqda davam edirdi. Küçənin o biri tərəfindəki avtobus dayanacağına çatanda əri çətirini yığdı. Bir neçə addım kənarda, yellənən, damcılayan ağacın altında, gölməçədə balaca, yarıölü, hələ lələklənməmiş bir quş balası çarəsizcəsinə çırpınırdı.

Metro stansiyasına qədər uzanan uzun yolboyu qadınla əri bir kəlmə də danışmadılar; qadın çətirin qulpunu bir əlindən o birinə keçirən, titrəyən qoca əllərinə (şişmiş damarlar, qəhvəyi ləkəli dəri) hər dəfə baxanda göz yaşlarının getdikcə artan təzyiqini hiss edirdi. Fikrini nəyəsə yönəltməyə çalışıb ətrafa baxanda sərnişinlərdən birini - tünd saçlı, dırnaqları çirkli-qırmızı lakla boyanmış bir qızı - yaşlı bir qadının çiynində ağlayan gördü və bu ona zərif bir sarsıntı, mərhəmət və heyrət hissi yaşatdı. Bəs o yaşlı qadın kimə oxşayırdı? İllər əvvəl Minskdə qızı Soloveyçiklərdən biri ilə evlənmiş Rebekka Borisovnaya.

Axırıncı dəfə özünü məhv etməyə cəhd edəndə, həkimin sözü ilə desək, onun üsulu ixtiraçılıq şah əsəri idi; xəstə yoldaşlarından biri - həsəd aparan biri - onun uçmağı öyrəndiyini zənn edib mane olmasaydı, o, əlbəttə, məqsədinə çatardı. Onun əsl istəyi öz dünyasında bir dəlik yırtıb oradan qaçmaq idi.

Onun sayıqlamalar sistemi elmi aylıq jurnalda geniş məqalənin mövzusu olmuşdu, lakin bundan çox-çox əvvəl ərlə arvad bunu özləri üçün həll etmişdilər. Herman Brink buna "istinad maniyası" demişdi. Bu cür çox nadir hallarda xəstə elə təsəvvür edir ki, ətrafında baş verən hər şey onun şəxsiyyətinə və varlığına örtülü bir eyhamdır. O, real insanları bu sui-qəsddən kənarda saxlayır - çünki özünü başqalarından qat-qat ağıllı sayır. Görünən təbiət hara getsə, onu izləyir. Gözlərini ona zilləmiş səmada buludlar bir-birinə ağır-ağır işarələrlə onun haqqında inanılmaz dərəcədə təfərrüatlı məlumat ötürürlər. Onun ən gizli fikirləri axşam düşəndə qara-qara əl-qol atan ağaclar tərəfindən barmaq əlifbası ilə müzakirə olunur. Çınqıllar, ləkələr, ya da günəş ləkələri hansısa qorxunc mənada onun ələ keçirməli olduğu mesajları əks etdirən naxışlar yaradır. Hər şey bir şifrədir və hər şeyin mövzusu odur. Casusların bəziləri kənar müşahidəçidir - məsələn, şüşə səthlər və sakit gölməçələr; digərləri, məsələn, mağaza vitrinlərindəki paltolar, qərəzli şahidlərdir, yenə başqaları (axar su, fırtınalar) dəlilik həddinəcən isterikdirlər, onun barəsində təhrif olunmuş fikrə malikdirlər və hərəkətlərini qrotesk şəkildə, yanlış yozurlar. O, hər an ayıq-sayıq olmalı və həyatın hər dəqiqəsini, hər zərrəsini əşyaların dalğalanmasını deşifrə etməyə sərf etməlidir. Nəfəsi ilə verdiyi havanın özü belə fihristə salınır, arxivləşdirilir. Kaş doğurduğu maraq yalnız bilavasitə əhatəsi ilə məhdud olaydı - amma heyhat, belə deyil! Məsafə artdıqca vəhşi söz-söhbət selinin həcmi və axıcılığı da artır. Qan kürəciklərinin milyon dəfə böyüdülmüş siluetləri nəhəng düzənliklər üzərindən süzülüb keçir; daha uzaqlarda isə dözülməz möhkəmliyə və ucalığa malik nəhəng dağlar qranit və inildəyən küknar dili ilə onun varlığının son həqiqətini yekunlaşdırır.

 

II

 

Onlar metronun gurultusundan və üfunətli havasından çıxanda günün son qırıntıları küçə işıqlarına qarışırdı. Qadın şam yeməyi üçün bir az balıq almaq istədi; jele bankaları olan səbəti ərinin əlinə verib ona evə getməsini söylədi. Əri üçüncü mərtəbəyə qalxdı və yalnız o vaxt yadına düşdü ki, açarlarını səhər qadına vermişdi.

Pilləkən üstündə sakitcə oturdu; təxminən on dəqiqə sonra qadın ağır addımlarla yuxarı qalxanda - solğun təbəssümlə, öz səfehliyinə təəssüflənib başını yelləyə-yelləyə gələndə -  səssizcə ayağa qalxdı. İkiotaqlı mənzillərinə daxil oldular və əri dərhal güzgünün qarşısına getdi. Baş barmaqları ilə ağzının kənarlarını aralayıb maskavari dəhşətli bir sifət alaraq yeni, ümidsizcəsinə narahat protezini çıxartdı və onu ağzına bağlayan uzun tüpürcək saplarını qopardı. Qadın süfrə açarkən əri rusdilli qəzetini oxuyurdu. Oxumağı yarımçıq qoymadan, dişsiz də yeyilə bilən yeməkdən dadmağa başladı. Qadın ərinin əhval-ruhiyyəsini bilirdi, ona görə o da dinmirdi.

Əri yatağa gedəndən sonra qadın köhnə albomlar və kirli kart dəsti ilə qonaq otağında qaldı. Qaranlıqda yağışın əzik-üzük zibil qutularına dəyib cingildədiyi dar həyətin o biri tərəfində pəncərələr laqeyd-laqeyd işıqlanırdı; pəncərələrdən birində qara şalvarlı bir kişi dirsəklərini yuxarı qaldırıb səliqəsiz çarpayıda arxası üstə uzanmışdı. Qadın jalüzü endirib fotoşəkillərə baxmağa başladı. Körpə ikən o, əksər uşaqlardan daha çox heyrətə düşmüş görünürdü. Albomun içindən onların Leyptsiqdə işləmiş alman xidmətçisinin və onun kök üzlü nişanlısının şəkli yerə düşdü. Minsk, İnqilab, Leyptsiq, Berlin, Leyptsiq, fokusdan tamam çıxmış əyri ev fasadı. Dörd yaşındadır, parkda: qaşqabaqlı, çəkingən, qırışmış alnı ilə, hər hansı başqa yad adamdan olduğu kimi, ona yaxınlaşan həvəsli dələdən də üz çevirir. Roza xala - həyəcanlı, hündür, iri, dəli baxışlı qoca qadın; almanlar onu da, onun narahat olduğu bütün insanları da edam edənə qədər pis xəbərlərlə, iflaslarla, qatar qəzaları və xərçəng şişləri ilə dolu əsəbi bir dünyada yaşamışdı. Altı yaş - məhz o vaxt o, insan əlləri və ayaqları olan heyrətamiz quşlar çəkmiş, böyük adam kimi yuxusuzluqdan əziyyət çəkmişdi. İndi tanınmış şahmatçı olan əmi uşağı. Yenə o, təxminən səkkiz yaşında, artıq anlaşılması çətin, dəhlizdəki divar kağızından qorxan, kitabdakı müəyyən bir şəkildən - təpə yamacında qayalar və yarpaqsız ağacın budağından asılmış köhnə araba təkəri olan sakit bir mənzərədən qorxan vaxtı. On yaş: Avropanı tərk etdikləri il. Utanc, mərhəmət, alçaldıcı çətinliklər, həmin xüsusi məktəbdə yanaşı olmalı olduğu çirkin, bədniyyətli, geridə qalmış uşaqlar. Sonra onun həyatında sətəlcəmdən sonrakı uzun sağalma dövrünə təsadüf edən bir mərhələ başladı: valideynlərinin inadla fövqəladə istedadlı uşağın ekssentrikliyi sandıqları o kiçik fobiyalar məntiqi surətdə bir-birinə bağlı illüziyaların sıx bir düyününə çevrildi və onu normal ağıllı insanlar üçün büsbütün əlçatmaz etdi.

Qadın bunu da, bundan artığını da qəbul edirdi - çünki axı yaşamaq bir sevincin ardınca digərinin itirilməsini qəbul etmək demək idi; onun halında isə hətta sevinclərin yox, sadəcə yaxşılaşma ehtimallarının itirilməsini. Qadın düşünürdü: nədənsə özünün və ərinin dözməli olduğu sonsuz ağrı dalğaları haqqında; görünməz divlərin oğlunu təsəvvürəgəlməz yollarla incitməsi haqqında; dünyada olan ölçüyəgəlməz zərifliyin miqdarı haqqında; ya əzilən, ya hədər gedən, ya da dəliliyə çevrilən bu zərifliyin taleyi haqqında; süpürülməmiş künclərdə öz-özünə zümzümə edən baxımsız uşaqlar haqqında; fermerdən gizlənə bilməyən və meymunvari bükülmüş qamətinin kölgəsinin arxasınca əzilmiş çiçəklər qoyub getdiyini çarəsizcəsinə seyr etməli olan gözəl alaq otları haqqında - qorxunc qaranlıq yaxınlaşdıqca.

 

III

 

Gecə yarıdan keçmişdi ki, qadın qonaq otağından ərinin iniltisini eşitdi; az sonra əri gecə köynəyinin üstündən geydiyi qaraqul yaxalıqlı köhnə paltoda səndələyərək içəri girdi - özünün də gözəl mavi xalatı olduğu halda, bu paltonu ondan qat-qat üstün tutardı.

- Yata bilmirəm, - deyə inildədi.

- Niyə? - deyə qadın soruşdu. - Niyə yata bilmirsən? Axı yorulmuşdun.

- Ona görə yata bilmirəm ki, ölürəm, - dedi və divana uzandı.

- Mədəndir? İstəyirsən, Dr. Solovu çağırım?

- Həkim yox, həkim yox! - deyə inildədi. - Cəhənnəmə qalsın həkimlər! Biz onu oradan tez çıxartmalıyıq. Yoxsa məsuliyyət bizim boynumuza düşəcək. Məsuliyyət! - deyə təkrar etdi və hər iki ayağını yerə qoyub yerindən sıçrayaraq oturdu, sıxılmış yumruğu ilə alnına döyməyə başladı.

- Yaxşı, - deyə qadın sakitcə dedi, - sabah səhər onu evə gətirərik.

- Bir az çay içmək istərdim, - dedi əri və hamama çəkildi.

Qadın çətinliklə əyilib divandan yerə düşmüş bir neçə oyun kartını və bir-iki fotoşəkli yığdı: ürək valeti, pika doqquzluğu, pika tuzu, Elza və onun vəhşi nişanlısı.

Əri əla əhval-ruhiyyə ilə qayıtdı və ucadan dedi:

- Mən hər şeyi hesablamışam. Yataq otağını ona verəcəyik. Hərəmiz gecənin bir hissəsini onun yanında, o biri hissəsini isə bu divanda keçirəcəyik. Növbə ilə. Həkimin onu həftədə heç olmasa iki dəfə müayinə etməsinə nail olacağıq. Şahzadənin nə deyəcəyi vecimə deyil. Necə olsa, o, çox danışmalı olmayacaq, çünki belə daha ucuz başa gələcək.

Telefon zəng çaldı. Onların telefonunun belə qeyri-adi saatda səslənməsi nadir hallarda olurdu. Ərinin sol ayağı başmağından çıxmışdı; otağın ortasında dayanıb daban və barmaqları ilə başmağını axtarır, uşaq kimi, dişsiz-dişsiz arvadına baxırdı. İngilis dilini ondan yaxşı bildiyi üçün zənglərə həmişə qadın cavab verirdi.

- Çarli ilə danışa bilərəm? - deyə qızın ifadəsiz, kiçik səsi eşidildi.

- Hansı nömrəyə zəng edirsiniz? Yox. Burası düz nömrə deyil.

Qadın dəstəyi ehtiyatla yerinə qoydu. Əli öz qoca, yorğun ürəyinə uzandı.

Əri bircə an gülümsəyib dərhal həyəcanlı monoloquna qayıtdı. Səhər açılan kimi onu gətirəcəkdilər. Bıçaqlar kilidli siyirmədə saxlanmalı idi. Ən pis vaxtlarında belə o, başqaları üçün heç bir təhlükə törətmirdi.

Telefon ikinci dəfə zəng çaldı. Eyni ifadəsiz, həyəcanlı gənc səs yenə Çarlini istədi.

- Siz nömrəni səhv yığırsınız. Deyim, nə edirsiniz: sıfırın əvəzinə "O" hərfini yığırsınız.

Gözlənilməz bayramvari gecə çayına oturdular. Ad günü hədiyyəsi masanın üstündə idi. Əri səsli-səsli qurtumlayaraq çay içirdi; üzü qızarmışdı; arabir şəkərin daha yaxşı əriməsi üçün stəkanı qaldırıb dairəvi hərəkətlə çalxalayırdı. Böyük bir xalın olduğu keçəl başının yan tərəfindəki damar qabarıq görünürdü və səhər qırxılmasına baxmayaraq, çənəsində gümüşü sərt tüklər nəzərə çarpırdı. Qadın ona bir stəkan da çay süzərkən əri eynəyini taxdı və parıldayan sarı, yaşıl, qırmızı kiçik bankalara məmnuniyyətlə bir də baxdı. Onun yöndəmsiz, nəm dodaqları bəlağətli etiketlərdə yazılanları səsləndirdi: ərik, üzüm, sahil gavalısı, heyva. O, cır almaya çatanda telefon yenidən zəng çaldı.

 

Tərcümə etdi: Malik ATİLAY


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!