Suda boğulmuş kişilərin ən yaraşıqlısı - Qabriel Qarsia MARKES

 

Dənizdə böyük, qaya çıxıntısına bənzər qaraltını ilk dəfə görən uşaqlar onu düşmən gəmisinə bənzətdilər. Amma qaraltıda nə bayraq, nə də dor ağacı görüb onun balina olduğunu güman etdilər. O sahilə çırpılandan sonra uşaqlar onun üstündəki yosunu, meduza caynaqlarını, paltarının yerdə qalan cırılmış hissələrini, xırda çör-çöpləri təmizləyəndə onun suda boğulmuş kişi meyiti olduğunu gördülər.

Uşaqlar günorta boyunca onunla oynadılar, onu gah qumda basdırdılar, gah da qumdan çıxartdılar, kənd sakinlərindən biri onları görüb bütün kəndə car çəkdi. Boğulmuş kişinin cəsədini ən yaxınlıqdakı evə aparan kişilər onun bu vaxta qədər gördükləri cəsədlərdən çox ağır olduğunu hiss etdilər. Demək olar ki, o, at ağırlıqda idi, onlar düşündülər ki, yəqin suda uzun müddət qaldığından sümükləri arasına su sızıb. Nəhayət, cəsədi döşəməyə uzadanda gördülər ki, o başqa kişilərdən çox böyükdür, çünki otağa güclə sığırdı. Belə güman etdilər ki, bəlkə bu kişidə öləndən sonra da boy atmaq gücü varmış. Ondan dəniz qoxusu gəlirdi, yalnız bədəninin formasına əsasən onun insan cəsədi olduğu bilinirdi, çünki saçı palçıq və remora (1) ilə zireh kimi örtülmüşdü.

Onun bu kənddən olmadığını bilmək üçün üzünü təmizləməyə ehtiyac yox idi. Kənd uzaq körfəzdə taxtadan tikilmiş, gül-çiçəksiz, daşlarla örtülü kiçik həyəti olan iyirmi evdən ibarət idi. Evlər körfəz boyunca səpələnmişdi. Torpaq az olduğu üçün analar qorxurdular ki, külək onların uşaqlarını dənizə tullayar. İllər boyunca kənddə kimsə öləndə onun meyitini də qayalardan dənizə atardılar. Dəniz ucsuz-bucaqsız idi, kəndin bütün kişiləri yeddi qayığa sığırdı. Boğulmuş kişinin onlardan biri olmadığına əmin olmaq üçün bir-birinin üzünə baxmaq kifayət idi.

 

***

Həmin gecə kəndin kişiləri dənizə balıq tutmağa getmədilər, qonşu kəndlərə yollandılar, o kəndlərdən itkin düşənlərin olub-olmadığını öyrənmək istəyirdilər. Qadınlar evdə qaldılar - boğulmuş kişinin cəsədini təmizləmək üçün. Onlar kişinin bədəninə yapışıb qalmış palçıqlı otu təmizlədilər, saçının pırtlaşığını açdılar, pitrax kimi yapışmış remoraları pulcuqtəmizləyən bıçaqlarla qaşıdılar. Belə edərkən başa düşdülər ki, cəsədə yapışmış bitkilər dənizin dərinliyindəki bitkilərdir. Onun paltarları elə cırılmışdı ki, sanki o mərcan labirintlərindən keçmişdi.

Qadınların diqqətini bir şey də cəlb etdi, belə ki, bu kişi ölümü ləyaqətlə qarşılamışdı. Dənizdə yaxud çaylarda boğulan başqa kişilər kimi çirkli deyildi, üfunət qoxumurdu. Cəsədi tamam təmizləyib qurtarandan sonra onun necə bir kişi olduğunu görüb heyrətdən yerlərində donub qaldılar. Çünki bu kişi nəinki onların bu vaxtacan gördüyü ən ucaboy, ən güclü və ən böyük cinsiyyət orqanı olan kişi idi, hətta onlar kişiyə baxarkən o, onların təsəvvürünə də sığışmırdı.

Kənddə elə böyük çarpayı, yaxud elə möhkəm stol tapmadılar ki, onu uzadıb, gecə boyunca yanında növbəylə dayanıb dua oxusunlar. Kəndin ən ucaboy kişilərinin bayramlarda geyindiyi şalvarlar ona dar oldu, kəndin ən kök kişilərinin kilsəyə gedərkən geyindiyi köynəklər, ən yaxşı materialdan tikilmiş ayaqqabılar ona yaramadı. Onun gözəlliyinə, qeyri-mütənasibliyinə heyran olmuş qadınlar ona yelkən bezindən şalvar, mələfədən isə köynək tikməyi qərara aldılar ki, o dünyaya ləyaqətlə yola salınsın. Qadınlar dairəvi oturub paltar tikərkən arabir cəsədə baxıb fikrə gedirdilər, onlara elə gəlirdi ki, heç vaxt külək bu gecə olduğu kimi fasiləsiz əsməyib, yaxud Karib dənizi hələ heç vaxt belə coşub-kükrəməyib, onlar düşünürdülər ki, belə dəyişikliyin suda boğulmuş kişiylə bir əlaqəsi var. Qadınlar düşünürdülər ki, əgər bu kişi onların kəndində yaşasaydı ən enli qapılar, ən enli tavan, ən möhkəm döşəmə onun evində olardı. Onun çarpayısının çərçivəsi dəmir boltlu nəhəng şalbanlardan hazırlanar, onun arvadı isə dünyanın ən xoşbəxt qadını olardı. Qadınlar fikirləşirdilər ki, bu kişidə ilahi güc olardı, balıqları adıyla çağırmaqla onları tutardı, o cəhd etsəydi ən quru qayalar arasında köpüklü bulaqlar qaynayar, qayalara güllər səpərdi. Onlar bu kişini gizlicə öz ərləri ilə müqayisə etdilər, düşündülər ki, bu kişinin bir gecədə edə biləcəyini onların əri həyatı boyu bacarmazdı. Ürəklərinin dərinliyində onlar öz ərlərini yer üzündə ən balacaboy, ən pinti kişi kimi qəbul etdilər. Belə fikirləşə-fikirləşə cəsədə şalvar və köynək tikməyə davam edəndə qadınların ən yaşlısı və elə bu səbəbdən də kişinin cəsədinə ehtirasla deyil, mərhəmətlə baxıb dərindən ah çəkdi:

- Onun üzü Esteban (2) adlı kişinin üzünə oxşayır.

Yaşlı qadın haqlıydı. Qadınların əksəriyyəti üçün kifayət idi ki, kişiyə bircə dəfə baxmaqla onun adının məhz Esteban ola biləcəyinə əmin olsunlar. Yalnız qadınlardan ən cavanı, ən inadkarı öz fikrində qalıb iddia etdi ki, kişini geyindirib gül-çiçəklərlə üstünü örtsələr, ona kömür kimi qara çəkmə geyindirsələr onu Lautaro (3) adlandırmaq olar. Amma bu, mənasız illüziya idi. Yelkən bezindən tikilmiş şalvar pis biçilmiş, yöndəmsiz tikilmiş şalvar kimi ona dar oldu, onun ürəyinin gizlincə döyünməsi köynəyinin düymələrinin partlayıb qırılmasına səbəb olurdu. Gecəyarısı küləyin vıyıltısı səngidi, dəniz də sakitləşdi. Sakitlik qadınların son şübhələrini də qovub apardı: O, Esteban idi.

Ona paltar tikib geyindirən, onun saçını darayan, dırnaqlarını kəsib, saqqalını qırxan qadınlar onu yenidən döşəməyə uzadanda içlərindəki kədəri gizlədə bilmədilər. Məhz həmin vaxt qadınlar başa düşdülər ki, belə nəhəng bədən sahibi sağlığında necə əzab çəkirmiş. Qadınlar sağlığında onun qonaq getdiyi evlərin qapılarından yanakı keçməyini, tavanın tirləri başını yaranda ev sahiblərinin ən möhkəm stulları ona təklif edib, qorxa-qoxa, "burda otur, Esteban" deməyini gözləri önünə gətirdilər, onun yekə, qırmızı əllərini hara qoyacağını bilmədən divara söykənib "narahat olmayın, elə bura da rahatdır", deyib necə gülümsədiyini təsəvvür etdilər, hər dəfə harasa gedəndə ayaq üstə dayanmaqdan dabanlarının suluqladığını, divarlara söykənməkdən arxasının qızardığını düşündülər. Ona təklif olunan stulda oturarsa stulun sınacağından qorxduğunu dilə gətirməz, "getmə, gözlə, qoy kofe qaynasın" deyənlərin o evdən çıxandan sonra "nəhayət, nəhəng axmaq rədd olub getdi", "Allaha şükür, nəhayət, yekəpər getdi" pıçıldadığını eşitmirdi. Dan yeri sökülməzdən qabaq qadınlar onun cəsədi yanında dayanıb bunları fikirləşirdilər. Nəhayət, onun sifətini yaylıqla örtdülər ki, gün işığı onu narahat etməsin, onu artıq ölü kimi, müdafiəsiz , öz ərlərinə oxşar insan kimi görürdülər, ürəklərində göz yaşları çatlar yaradırdı. İlk olaraq qadınların ən cavanı ağlamağa başladı. O biri qadınlar onun yanında oturdular, əvvəlcə ah çəkdilər, sonra kədərlərini göz yaşlarıyla boşaltdılar. Onlar nə qədər çox ağladıqca bir o qədər də ağlamağı arzulayırdılar. Çünki dəqiqələr keçdikcə onlar boğulmuş kişini Estebana daha çox bənzədirdilər. Nəhayət, onlar onu yer üzündə ən köməksiz, ən sakit, başqalarına kömək etməyə can atan fağır Esteban kimi ağladılar. Elə həmin dəqiqələrdə kəndin kişiləri qayıtdılar, bildirdilər ki, suda boğulan kişi yaxınlıqdakı kəndlərdən deyil. Qadınlar göz yaşı tökə-tökə bu xəbərə sevindilər.

- Allaha şükür! - onlar dərindən nəfəs alıb dedilər. - O, bizimdir.

Kişilər qadınların jestikulyasiyalarını sadəcə qadın yüngüllüyü hesab etdilər. Onlar bütün gecəni qonşu kəndin sakinlərini sorğu-suala tutub kiminsə suda axıb-axmadığını soruşduqları üçün hədsiz yorulmuşdular, bircə şey istəyirdilər, bu vaxtsız "qonaqdan" canlarını qurtarsınlar - küləksiz, günəşli gündə. Onlar şalban və dor ağacı qalıqlarını bir-birinə möhkəm bağlayıb xərək düzəltdilər ki, cəsədi qayalığa çatdırana qədər onun ağırlığına tab gətirə bilsin. Kişilər onun topuqlarına gəmi lövbəri bağlamaq istəyirdilər ki, o, birbaşa suyun dərinliyinə getsin, dalğalar onu yenidən sahilə çıxartmasın, çünki başqa vaxtlar dalğaların sahilə çıxardığı meyitləri qayadan atandan sonra onlar yenidən sahilə qayıtmışdı. Kişilər qadınları inandırmağa çalışırdılar ki, cəsədin topuqlarına lövbər bağlamaq yaxşı nəticələnər, lakin qadınlar razı olmadı. Onlar qorxa-qorxa xəzinəni dimdikləyən toyuqlar kimi cəsədin başına fırlanır, cəsədə skapulyar geyindirməyi təklif edirdilər ki, onu suya tullayanda onu küləkləsin, qadınların bəziləri cəsədə bilək kompası bərkitməyi xahiş edirdi. Kişilər qadınlara təpinir, deyirdilər ki, onlara mane olmasınlar. Kişinin biri dedi ki, bir bax, az qala cəsədin üstünə yıxılmışdım. Nəhayət, kişilər qadınların canfəşanlığından şübhələndilər və deyinməyə başladılar, dedilər ki, onsuz da cəsəd köpək balıqlarına yem olacaq, amma qadınlar ucuz, qədim bəzək əşyalarını gətirməyə davam edir, göz yaşı axıtmasalar da köks ötürürdülər. Kişilər hirsli-hirsli danışmağa son qoyub dedilər ki, bu vaxtacan hələ heç vaxt suda boğulan adam üçün belə canfəşanlıq edilməyib, bu boğulmuş kişi heç kimdir, adicə çirkli cəsəddir. Qadınlardan biri cəsədə qarşı bu hörmətsizlikdən pərt oldu və cəsədin üzündəki yaylığı götürdü. Və bu vaxt kişilər də heyrətdən yerlərində donub qaldılar.

Cəsəd Esteban idi. Onu tanımaq üçün eyni sözü təkrar etməyə ehtiyac yox idi. Əgər qadınlar cəsədin cənab Uolter Reli (4) olduğunu desəydilər, onlar onun xarici aksentindən, çiynindəki amerikan tutuquşusundan, kannibalları öldürmək üçün istifadə etdiyi arkebuzadan təsirlənərdilər. Amma dünyada yalnız bir Esteban vardı, çay siyənəyi kimi, qənimətsiz, kiçik şalvarda, yalnız bıçaqla kəsmək mümkün olan daş kimi bərk dırnaqlı. Cəsədin üzündəki yaylığı götürmək kifayət idi ki, onun üz ifadəsindən utandığını başa düşsünlər. Sanki o demək istəyirdi ki, belə nəhəng, ağır yaxud yaraşıqlı olmaq onun günahı deyil, əgər hər şeyin belə olacağını bilsəydi boğulmaq üçün özünə başqa yer tapardı. "Boğazıma qallon bağlayıb özümü qayadan atardım, tanımadığım insanları bu çirkli qaxac bədənimlə əziyyətə salmazdım".

Cəsədin üzündə elə ifadə vardı ki, hətta kişilərin arasında ən qısqancları, yəni onlar uzun gecələrdə dənizdə olanda arvadlarının onları xəyal etməkdən yorulub suda boğulmuş kişiləri arzulayacağını düşünən kişilər də Estebanın səmimiliyini duyub sümüklərinə qədər titrədilər.

Nəticə etibarilə onlar boğulmuş kişiyə ən gözəl dəfn mərasimi təşkil etməyi qərara aldılar. Yaxınlıqdakı kəndlərdən gül gətirməyə gedən qadınlar qayıdanda onlarla bərabər başqa qadınlar da gəlmişdi, qadınların dediklərinə inanmayıb hər şeyi öz gözləriylə görmək istəyirdilər. Onlar suda boğulmuş kişinin cəsədini görəndən sonra yenidən kəndlərinə qayıdıb daha çox gül gətirdilər. O qədər gül gətirdilər və elə böyük izdiham oldu ki, iynə atsan yerə düşməzdi. Ən son dəqiqələrdə kişinin cəsədini kimsəsiz kimi dənizə tullamaq kənd sakinlərinə ağır gəldi. Buna görə də onlar izdiham içindən ona ana və ata seçdilər, başqaları özlərini onun qardaşları, əmiləri, dayıları, əmisi oğlu, dayısıoğlu hesab etdilər, nəticədə bütün kənd sakinləri bir-birinə qohum oldular. Bəzi dənizçilər uzaqdan ağlaşma səsi eşidib yolu azdıqlarını düşündülər, kənd sakinləri sonradan eşitdilər ki, dənizçilərdən biri özünü dirəyə bağlayıb, qədim əfsanələrdəki sirenlərin (5) onu yoldan çıxardığını bu yolla xatırladıb. Onlar kişinin cəsədini qayalığa çiyinlərində aparmağı üstün tutdular, ilk dəfə olaraq kəndin kişiləri və qadınları kişinin cəsədi qarşısındakı küçələrin xarabalığa bənzədiyini, həyətlərinin quraqlıq, xəyallarının dar olduğunun fərqinə vardılar. Kənd sakinləri onun cəsədini dənizə lövbərsiz tulladılar ki, istəsə o geri qayıda bilsin, cəsəd qayalıqdan uçuruma düşdüyü anlar onlara bir əsr kimi uzun göründü və bu müddətdə onlar nəfəslərini içinə çəkdilər. Həmin anlarda tam olmadıqlarını və bundan sonra heç vaxt tam olmayacaqlarını dərk etmək üçün bir-birinə baxmağa ehtiyac yox idi. Bununla belə, onlar bilirdilər ki, bundan sonra hər şey fərqli olacaq. Evlərinin qapıları daha enli, döşəməsi daha möhkəm olacaq ki, Estebanın ruhu tavandakı tirlərə toxunmadan hər yerə rahat gedə bilsin, gələcəkdə heç kim deyinməsin ki, nəhayət, yekə axmaq öldü. Onlar Estebanın xatirəsini əbədiləşdirmək üçün evlərinin divarlarını parlaq rənglərlə rəngləyəcək, yorulub əldən düşənədək qayaları qazıb qaynayan bulaqları üzə çıxardacaq, qayalarda gül toxumları əkəcəklər ki, gələcəkdə nəhəng gəmilərlə səyahət edən səyahətçilər dənizin yuxarısındakı bağlardan gələn güllərin ətrinin qoxusunu hiss edib yuxudan oyansınlar. Və gəminin kapitanı da kabindən göyərtəyə çıxacaq kapitan uniformasında - əlində astrolyabiya (6), pencəyinin yaxasında müharibə medalları. Astrolyabiya Karib dənizi üfüqlərində qızılgüllərin olduğunu deyəcək on dörd dildə. Kapitan əlini irəli uzadıb söyləyəcək: "Bir ora baxın, külək ona görə mülayimdir ki, o indi gül ləklərinin altında yatır. Günəş şəfəq saçdığı yerdə, günəbaxanların hansı tərəfə dönməli olduğunu bilmədiyi yer Esteban kəndidir".

 

________________________________________________

1 - Maqnit balıq kimi tanınan yapışqan balıq - "stickerfish"

2 - Esteban yunan sözü olan Stephen-in ispanca  formasıdır. "Stepanos"un mənası "tac", "çələng"dir, şərəf, qələbə, şöhrət ifadə edir. İlk xristian şəhidi Müqəddəs Stepanın da adıyla əlaqəlidir.

3 - Bu adın mənası "qırğı", "qoçaq", "cəsarətli" deməkdir. İspaniyanın müstəmləkəyə çevrilməsinə müqavimət göstərən Mapuçe (yer adamları) döyüşçülərinin adıyla bağlıdır.

4 - İngilis İntibah ədəbiyatının şairi və nasiri. O Amerikada ilk müstəmləkə yaradanlardan biridir, ingilislərin Kadiksə (İspaniya) cəsarətli hücumlarının iştirakçısı olub.

5 - Sirenlər - yarı balıq, yarı qadın. Əfsanələrdə onların dənizçilərin yoldan çıxardığı deyilir.

6 - Qədim astronomik cihazdır. Ulduzların, Ayın və Günəşin mövqeyini təyin etmək, dəqiq vaxt hesablamaq üçün istifadə olunur.

 

 

İngilis dilindən tərcümə etdi: Sevil GÜLTƏN

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!