Həqiqət qara dağlardakı mağaradır - Nil GEYMAN

Nil Geyman müasir ingilisdilli ədəbiyyatın ən özünəməxsus yazıçılarından biridir. Onun yaradıcılığında mif, folklor, fantastika və insanın qaranlıq tərəfləri bir-birinə qarışır. "Həqiqət qara dağlardakı mağaradır" isə bu xüsusiyyətlərin xüsusilə aydın göründüyü, qədim bir əfsanənin içində insan xisləti, itki, tamah və həqiqət haqqında düşündürən təsirli bir hekayədir. Hekayənin sirri isə bəlkə də adında gizlənir: həqiqətə çatmaq üçün bəzən insanın ən qaranlıq yerə enməsi lazım gəlir.

 

Soruşursunuz ki, özümü bağışlaya bilərəmmi? Bacarıram - bir çox şeyə görə. Onu orada qoyub getdiyimə görə. Etdiyimə görə. Amma qızımdan bir il boyu nifrət etdiyimə görə özümü heç vaxt bağışlamayacağam. Elə düşünürdüm ki, qaçıb gedib - bəlkə də şəhərə. Bir il ərzində onun adının çəkilməsini qadağan etdim, özüm isə dualarımda onun adını yalnız bir şeyi diləyəndə çəkirdim: bir gün günahının böyüklüyünü dərk etsin - ailəmizin başına gətirdiyi rüsvayçılığı, anasının gözlərinin altındakı şişləri anlasın.

Buna görə özümə nifrət edirəm və heç nə mənim yükümü yüngülləşdirə bilməz - hətta orada, uzaqlarda, dağın yamacında baş verənlər də.

Mən onu, izi çoxdan soyumuş olsa da, təxminən on il axtardım. Təsadüfən tapdığımı deyərdim, əgər təsadüflərə inansaydım. Amma doğru cığırla gedirsinizsə, gec-tez həmin cığır sizi bir mağaraya aparacaq.

Amma bunlar sonra oldu. Əvvəl isə təpələrin arasındakı adi bir vadi, çəmənliyin ortasında ağardılmış bir ev və şırıltıyla axan balaca bir bulaq vardı - yaşıl otların və getdikcə bənövşəyi rəng alan süsənlərin arasında ağ göy kvadratına oxşayan bir ev.

Evin yanında isə tikan kollarından yun parçaları yığan bir oğlan uşağı vardı. Mən yaxınlaşanda məni görmədi, gözlərini də qaldırmadı. Ta ki mən danışmadım:

- Mən də belə edirdim. Budaqlardan, tikanlı kollardan yun yığırdım. Sonra anam onları yuyub mənim oyuncaqlarımı doldururdu. Top, kukla.

O, çevrilib mənə baxdı. Elə qorxmuş görünürdü, sanki haradansa, yerin altından çıxıb gəlmişdim. Halbuki belə deyildi. Mən neçə-neçə mil yol qət etmişdim və qarşıda bundan da çox yol vardı. Dedim:

- Mən səssiz yeriyirəm. Bura Kalum Makinnesin evidir?

Oğlan başını tərpətdi, sonra bütün boyu ilə dikəldi - boyu mənimkindən təxminən iki barmaq uzun idi - və dedi:

- Mən Kalum Makinnesəm.

- Bəlkə səninlə eyni adlı başqa biri də var? Çünki mənim axtardığım Kalum Makinnes artıq böyük adamdır.

Oğlan heç nə demədi, sadəcə, tikan kolunun yapışqan budaqlarından iri bir topa qoyun yununu çıxardı. Mən dedim:

- Bəlkə atan? Yəqin ki, onun da adı Kalum Makinnesdir?

Oğlan mənə baxdı.

- Sən kimsən? - deyə soruşdu.

- Boyum balaca olsa da, - dedim, - mən böyük kişiyəm və mənə Kalum Makinnes lazımdır.

- Nə üçün?

Oğlan bir anlıq susdu. Sonra əlavə etdi:

- Bəs niyə belə balacasan?

- Çünki atanıza bir neçə sual verməliyəm, - izah etdim. - Kişi işidir bu. - Onun dodaqlarının kənarında təbəssüm yarandığını gördüm. - Balaca olmaq elə də pis deyil, cavan Kalum. Bir axşam Kempbelllər qapımı döydülər - bütöv bir dəstə, bıçaqlı, dəyənəkli on iki oğlan - və arvadım Moradan mənim harada olduğumu soruşdular. Çünki hansısa uydurma təhqirin qisasını almaq üçün məni öldürməyə gəlmişdilər. O da dedi: "Balaca Conni, uzaqdakı çəmənliyə qaç və atanı evə çağır: mən onu çağırıram". Kempbelllər oğlanın qapıdan çıxdığını gördülər. Bilirdilər ki, mən çox təhlükəli adamam. Amma heç kim onlara mənim lap balaca olduğumu deməmişdi. Desə də, yəqin inanmazdılar.

- Bəs oğlan sizi çağırdı? - deyə uşaq soruşdu.

- Oğlan mənim oğlum deyildi, - dedim. - Özüm idim. Mən onların əlləri arasında idim, amma yenə də barmaqlarının arasından süzülüb çıxdım.

Oğlan güldü. Sonra soruşdu:

- Bəs Kempbelllər niyə sizi təqib edirdilər?

- Mal-qaranın kimin olduğunu mübahisə etdik. Onlar deyirdilər ki, inəklər onlarındır. Mən isə deyirdim ki, bu inəklər təpələrin o biri tərəfində mənim yanıma düşdüyü ilk gecədən etibarən Kempbelllərin onlara olan mülkiyyət hüququ başa çatıb.

- Burada gözlə, - dedi cavan Kalum Makinnes.

Mən bulağın kənarında oturub evə baxmağa başladım. Ev yaxşı idi: onu həkimin, ya da hüquqşünasın evi hesab edərdim, amma heç vaxt adi bir mal-qar oğrusunun evi saymazdım. Ətrafda daşlar səpələnmişdi. Onları bir yerə yığdım, sonra bir-bir götürüb bulağa atmağa başladım. Gözüm iti idi və daşların sahilə dəyib sıçrayaraq suya düşməsinə baxmaq mənə xoş gəlirdi. Yəqin, yüzə yaxın daş atdım və elə bu vaxt oğlan geri qayıtdı. Onun arxasınca hündürboy bir kişi iri addımlarla gəlirdi - saçlarına dən düşmüşdü, sifəti isə canavar sifəti kimi uzunsov idi. Bu təpələrdə çoxdan canavar yoxdur, ayılar da buranı tərk ediblər.

- Gününüz xeyir, - dedim.

O, salamımı almadı, yalnız diqqətlə mənə baxdı. Mən dedim:

- Mənə Kalum Makinnes lazımdır. Əgər siz o adamsınızsa, deyin, mən də hər şeyi izah edim. Əgər deyilsinizsə, onda sağlıqla qalın, mən də öz yoluma davam edim.

- Kalum Makinneslə nə işiniz var?

- Onu bələdçi kimi tutmaq istəyirəm.

- Bəs sizi hara aparmalıdır?

Mən onun gözlərinin içinə baxdım.

- Bunu demək çətindir, - cavab verdim. - Çünki bəziləri belə bir yerin ümumiyyətlə mövcud olmadığını deyirlər. Dumanlı adada bir mağara var.

O, susdu. Sonra dedi:

- Kalum, evə get.

- Amma, ata...

- Anana de ki, sənə konfet verməyə icazə vermişəm. Sən konfeti sevirsən, elə deyil? Get.

Oğlanın üzündən müxtəlif hisslər keçdi, çaşqınlıq, tamah, intizar. Sonra geri çevrilib ağ evə doğru qaçdı.

- Sizi bura kim göndərib? - Kalum Makinnes soruşdu.

Mən ayaqlarımızın yanında şappıldaya-şappıldaya axan, təpədən aşağı özünə yol axtaran çayı göstərdim.

- Bu nədir? - soruşdum.

- Su, - cavab verdi.

- Deyirlər, o suyun o tərəfində bir kral yaşayır, - dedim.

O zaman mən onu hələ heç tanımırdım və sonralar da onu tam tanımağa macal tapmadım. Amma baxışları dərhal ehtiyatlandı, başı da bir az yana əyildi.

- Haradan bilim ki, özünü dediyin adam kimi göstərirsən?

- Mən heç nə iddia etməmişəm, - dedim. - Sadəcə, kimsə Dumanlı adada bir mağaranın olduğunu və bəlkə də sizin ora gedən yolu bildiyinizi eşidib.

- Mən sizə bu mağaranın harada olduğunu deməyəcəyəm, - bildirdi.

- Mənə izah lazım deyil, bələdçi lazımdır. İkilikdə səyahət etmək tək getməkdən daha təhlükəsizdir.

O, məni başdan-ayağa süzdü. Boyumla bağlı zarafat gözləyirdim, amma heç nə demədi və buna görə ona minnətdar oldum. Sonra dedi:

- Mağaraya çatanda mən içəri girməyəcəyəm. Qızılı oradan özünüz çıxarmalı olacaqsınız.

- Mənə fərqi yoxdur, - cavab verdim.

- Gücünüz çatdığı qədər götürə bilərsiniz, - dedi. - Mən ona toxunmayacağam. Amma sizi ora apararam, olsun.

- İşinizin haqqını yaxşı verəcəyəm, - dedim və sinəmdən pul kisəsini çıxardım. - Bu, məni ora aparmağınız üçündür. Daha ikisini isə geri qayıdanda verəcəyəm.

O, pul kisəsindəki sikkələri nəhəng ovcuna töküb başını tərpətdi.

- Gümüşdür, - dedi. - Yaxşıdır. - Sonra əlavə etdi: - Arvadımla və oğlumla sağollaşım.

- Özünüzlə heç nə götürməyəcəksiniz?

- Gəncliyimdə mal-qaranı oğurlayırdım, bizim kimilər də yüngül səyahət edir, - dedi. - Yalnız bir kəndir götürəcəyəm, dağlarda lazım olar.

Kəmərindən asılmış xəncərə vurdu və ağardılmış evinə tərəf getdi. Mən onun arvadını nə onda, nə də sonralar heç vaxt görmədim. Saçlarının hansı rəngdə olduğunu da bilmirəm.

Onu gözləyərkən daha əlli-altmış daş atdım çaya. Sonra o, çiynində kəndir dolağı ilə geri qayıtdı və biz evdən uzaqlaşaraq qərbə doğru yollandıq. Mal-qara oğrusuna görə həddən artıq böyük olan o ağ ev arxamızda qaldı.

 

(Davamı olacaq)

 

Tərcümə etdi: Malik Atilay

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!