Enn Patrisiya Karson 21 iyun 1950-ci ildə Kanadanın Toronto şəhərində anadan olub. Şair, esseist, tərcüməçi, klassik filoloq və akademikdir. Atası bankir olan yazıçı Kanadanın müxtəlif şəhərlərində böyüyüb. Orta məktəb illərində bir Latın dili müəllimi onu Qədim Yunanıstan dünyası və dili ilə tanış edib, ona fərdi dərslər verib. O, Toronto Universitetinin nəzdində olan Müqəddəs Maykl kollecinə daxil olub, lakin birinci və ikinci ilinin sonunda Universiteti iki dəfə tərk edib. Tədris proqramının məhdudiyyətlərindən, xüsusən də Con Milton haqqında məcburi kursdan narahat olan Karson qısa müddətə qrafika sənəti sahəsinə üz tutub. Daha sonra Toronto Universitetinə qayıdan yazıçı 1974-cü ildə bakalavr, 1975-ci ildə magistr, 1981-ci ildə doktorluq dərəcəsini alıb. O, həmçinin bir il Müqəddəs Endryus Universitetində yunan vəzni və yunan mətn tənqidi üzrə təhsil alıb. Karson 1979-cu ildən bəri ABŞ və Kanadanın müxtəlif Universitetlərində klassik filologiya, müqayisəli ədəbiyyat və yaradıcı yazı fənlərini tədris edib. Onun işlədiyi Universitetlər arasında MakQil Universiteti, Miçiqan Universiteti, Nyu-York Universiteti və Prinston Universiteti də var.
Klassik filologiya təhsili almış və müqayisəli ədəbiyyat, antropologiya, tarix və incəsənətlə maraqlanan Karson öz əsərlərində müxtəlif fənlərdən ideya və mövzuları bir araya gətirib. O, tez-tez yunan və latın ədəbiyyatına istinad edir, bu əsərləri yenidən şərh edir və müqayisəli kontekstlərə tərcümə edirdi. Əsərlərində Esxil, Qay Valeri Katullus, Evripid, Homer, İblik, Mimnermos, Sapfo, Seoslu Simonid, Sofokl və Fukidid kimi müəlliflərin əsərlərinə yer verib. Eyni zamanda Karson antik yunan dramaturgiyasının ingilis dilinə ən incə və bədii tərcüməçilərindən biri hesab olunur. O, klassik dövrün on möhtəşəm faciəsini - Esxilin "Aqamemnon"unu, Sofoklun "Antiqona" və "Elektra"sını, Evripidin "Alkesida", "Hekaba", "Herakl", "Hippolit", "İfigeniya Tavridada" və "Orest" əsərlərini, eləcə də Sapfonun günümüzə gəlib çatan bütün lirik parçalarını yüksək ustalıqla ingiliscəyə çevirib.
Karson, həmçinin Emili Bronte, Pol Selan, Emili Dikinson, Georg Vilhelm Fridrix Hegel, Martin Haydegger, Fridrix Hölderlin, Frans Kafka, Con Kits, Gertruda Ştayn, Simon Vayl və Virciniya Vulf kimi daha yeni dövr yazıçı və mütəfəkkirlərin əsərlərindən də istifadə edib. Kitablarının çoxunda o, poeziya, esse, nəsr, tənqid, tərcümə, drammatik dialoqlar, bədii ədəbiyyat və qeyri-bədii hekayələr də daxil olmaqla, müxtəlif ədəbi janrları müxtəlif dərəcələrdə birləşdirməyə çalışıb.
Karson bu günə qədər iyirmidən çox kitab və tərcümə nəşr etdirib. Onun yaradıcılığı müasir ədəbiyyatın ən parlaq nümunələri arasında xüsusi yer tutur. Onun "Qısa söhbətlər" (1992), "İçməli su" (1995), "Ərin gözəlliyi" (2001), "Troyalı Norma Cin Beyker" (2019) və "Yanlış Norma" (2024) kimi əsərləri həm poetik dərinliyi, həm də üslub yeniliyi ilə diqqəti cəlb edir. Quqenhaym və MakArtur təqaüdlərinin laureatı olan Karson, həmçinin Lanan Ədəbiyyat Mükafatını, iki dəfə Qrifin Poeziya mükafatını, T.S.Eliot Mükafatını, Asturiya Şahzadəsi Mükafatını, İngilis poeziyası üzrə Baş Qubernator Mükafatını və PEN/Nabokov Mükafatını qazanıb. 2005-ci ildə Kanada ədəbiyyatına verdiyi töhfələrə görə Kanada Ordeninə layiq görülüb.
Karson həm müasir ədəbiyyatda özünəməxsus səsə malikdir, həm də antik irsin yeni nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bütün yaradıcılıq yolu və fəaliyyəti nəzərə alınaraq 2026-cı ildə "klassik ənənə ilə oynaq dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və yenilikçi yaradıcılığına" görə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
Yazıçının 1992-ci ildə çap edilmiş "Qısa söhbətlər" kitabından hissələri ilk dəfə Azərbaycan dilində təqdim edirik.
Brijit Bardo haqqında qısa söhbət
Brijit Bardo ovdadır. O, nə istəyir - istəklərini təmin etməsi və gözəl fotolar çəkməsi üçün bir qulmu? Bəs kimin quludur bu? Onun vecinə deyil; o, heç vaxt özünü günahlandırmır. Yağdan istifadə edərək qulu parıldadacaq. Mükəmməl. "Dəlilikdir", - deyə düşünəcək o, öz-özünə.
Van Qoq haqqında qısa söhbət
"İçki içməyimin səbəbi sarı səmanı - o möhtəşəm sarı səmanı anlamaqdır", - deyirdi Van Qoq. O, dünyaya baxanda rəngləri əşyalara bağlayan mismarları görürdü və bu mismarların əzab çəkdiyinin fərqində idi.
Yuxu daşları haqqında qısa söhbət
Kamilla Klodel ömrünün son otuz ilini bir ruhi xəstəxanada keçirib; orada daim "niyə" sualı üzərində düşünür və özünü oraya salan sənədləri imzalamış qardaşına - şairə məktublar yazırdı. "Gəl, mənə baş çək", - deyirdi o. "Mənim burada dəli qadınlarla yaşadığımı unutma, günlər çox uzun keçir". O, nə siqaret çəkir, nə də gəzintiyə çıxırdı. Heykəltəraşlıqdan imtina etmişdi. Ona "yuxu daşları" - mərmər, qranit və porfir - versələr də, o, bunları sındırıb, sonra qırıntıları toplayıb gecələr divarların çölündə basdırırdı. Gecələr onun əlləri get-gedə böyüyürdü; o dərəcədə ki, fotoşəkillərdə sanki dizlərinin üzərinə başqa birinin iki nəhəng parçası qoyulmuş kimi görünürdü.
Mona Liza haqqında qısa söhbət
O, hər gün sualını qadına doğru axıdırdı - sanki suyu bir qabdan digərinə boşaldırmış kimi - və su yenidən yerinə qayıdırdı. Mənə deməyin ki, o, anasını, yaxud ehtirasını və s. çəkirdi. Elə bir an olur ki, su nə bu qabda, nə də o biri qabda qalır - necə də şiddətli bir susuzluq idi bu! - və o, elə güman edir ki, kətan tamamilə boşalanda hər şeyə son qoyulacaq. Lakin qadınlar güclüdürlər. O, qabları da, suyu da, ölümcül susuzluğu da yaxşı bilirdi.
Silviya Plat haqqında qısa söhbət
Anasını televiziyada görmüsünüzmü? O, heç tərəddüd etmədən hər şeyi olduğu kimi (birbaşa) dedi. Dedi ki, şeir əladır, amma məni incitdi. O "cəngəllik qorxusu, vəhşi cəngəllik fəryadları, onları kəsib atın" demədi. "Öz başının çarəsinə baxmaq" dedi, "yolun sonu" dedi. "Havadan asılı bir uğultuyla gəldiyin şeyi tapıb kəsib atmaq" demədi.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
