Yunan əsilli türkiyəli filosof, professor, dr. İoanna Kuçuradi oktyabrın 2-si 90 yaşına 2 gün qalmış müalicə aldığı xəstəxanda vəfat etdi. Türkiyədə fəlsəfə dünyasının qabaqcıl simalarından biri olan, düşüncələri ilə gənclərin yoluna işıq tutan, "müəllimlər müəllimi" kimi tanınan professorun hələ sağ ikən heykəli belə qoyulmuşdu. Kuçuradinin heykəli Bodrum şəhərində, Bodrum Gözəl Sənətlər fakültəsinin dosenti Dr. Esra Sağlık tərəfindən "Elm və sənəti formalaşdıran qabaqcıl qadınlar" adlı heykəltəraşlıq sərgisi çərçivəsində qoyulub. Türkiyə Fəlsəfə Dərnəyinin prezidenti, Maltepe Universitetinin İnsan Haqları Tədqiqat və Tətbiq Mərkəzinin direktoru və İnsan Haqları kafedrasının müdiri, professor İoanna Kuçuradinin fevralın 7-də "Cümhuriyyət" qəzetinə verdiyi müsahibəni oxuculara təqdim edirik.
"Süni intellektdən yox, özümüzdən qorxmalıyıq"
- Hamı "sosial tənəzzül"dən danışır. Biz belə bir tənəzzülün içindəyik? Bizi nə xilas edə bilər?
- Bu gün dünyamız postmodernizmin - "hər şey mümkündür" düşüncəsinin - onu sürüklədiyi yerin sərhədinə çatıb, ora çırpılıb qayıdır. Bu, hərəkətlərimiz arasındakı etik dəyərlərdəki fərqi görməmək deməkdir. Dəyər mühakimələrindən - qrupların "yaxşı və pis" hesab etdiyi şeylərdən qurtulmağa çalışarkən, hərəkətlərimizin etik dəyərindən kütləvi olaraq qurtulmuşuq, deyəsən.
Dərin kök salmış "ağıl-emosiya (hiss) dixotomiyasından" qurtulmalıyıq. Bizə hisslərlə deyil, ağılla hərəkət etməyi məsləhət görürlər. Halbuki, hörmət də, etibar da hissdir. Ağılsa "mükəmməl" cinayətləri planlaşdırmaq üçün də istifadə edilə bilər.
İnsanlar ən çox nümunələri müşahidə etməklə, çox vaxt fərqinə varmadan vərdişlər qazanırlar. Sonra da bu vərdişlərdən qurtula bilmirlər.
Yaxşı vərdişlər qazanmaq üçün görüləcək ilk işlərdən biri "yaxşı" müəllim - örnək, nümunə olacaq müəllim - fərdlərə öz fitri qabiliyyətlərini inkişaf etdirməyə kömək edən müəllimlər yetişdirməkdir. Amma necə? Çünki hər kəs hər şeyi özündən başladır, beləliklə də irəliləyiş əldə edilmir.
- Çıxışlarınızdan birində deyirsiniz ki, "Robotların insanlaşdığı, insanların isə robotlaşdığı bir dövrdə yaşayırıq". Texnoloji inkişaflar bizi hara aparacaq?
- Texnoloji inkişaflar, bir çox başqa şeylər kimi, həm etik dəyərləri qorumaq, həm də dəyərlərdən imtina etmək üçün istifadə edilə bilər.
Bir seminarda sürücüsüz avtomobil haqqında həvəslə danışan aparıcıdan, orda olan insan görünüşlü maşınla mənim aramda nə fərq olduğunu soruşdum. O, sualı təkrar mənə yönləndirərək, "Siz söyləyin", dedi. Halbuki, cavab çox sadə idi: Mənim sinəmi "açsan", ürəyimi görəcəksən, onun sinəsini açsan, naqilləri görəcəksən.
Texnoloji inkişafın bizi hara aparacağı bizdən asılıdır. Düşünürəm ki, texnologiya sərxoşluğundan xilas olmaq bizimçün faydalı olardı. Başqa sözlə, (texnoloji) vasitəni məqsəd halına gətirməliyik.
- Süni intellektdən qorxmalıyıqmı, sizcə? Gedişata baxaraq 5-10 il sonranı necə görürsünüz?
- Süni intellektdən deyil, özümüzdən qorxmalıyıq. Əslində problem "intellekt" sözünün işlədilməsindən, bəlkə də, hətta "intelligence"i "intellekt"lə eyniləşdirməkdən başlayır. "İntellekt" sözü bizi asanlıqla antropomorfizmə aparır ki, bu da "nəzarəti itirmişik" ("Gəmilər əlimizdən çıxıb" - tərc.) hissini yaradır.
Yeri gəlmişkən, bu məsələlərlə bağlı müşahidə etdiyim bir problemə diqqət çəkmək istəyirəm: "proses" və "prosedur" (bir şeyi həyata keçirmə yolu) arasındakı qarışıqlığa. "Proses"in ("hadisə" - tərc.) ən vacib xüsusiyyəti onun kortəbii şəkildə baş verməsidir; onun heç bir məqsədi yoxdur. "Prosedur" isə strukturlaşdırılmış prosesdir, bir şeyi yerinə yetirmək üçün izlənilən yoldur.
- Müxtəlif çıxışlarınızda tez-tez Nitsşenin "İnsan öz təcrübələri ilə anlaya bilmədiyi hər şeyə qulaqlarını da kar edir" sitatını xatırladırsınız. Bunu daha ətraflı izah edə bilərsiniz?
- İnsanların son dövrlərdə qulaqları ən çox nəyə tıxalıdır? Əksər insanlar hər hansı problemi özləri yaşamadıqca tam başa düşə bilmirlər. Hal-hazırda etik bilik deyil, "etik" sözü dəb halını alıb.
- "Balaca Şahzadə" kitabını çox sevdiyinizi bilirik. Bu kitabda sizi ən çox təsirləndirən nədir?
- "Balaca Şahzadə"də məni ən çox təsirləndirən şey sevgini/dostluğu təsvir etməsidir. Sevgini eqoist bir hiss kimi deyil, sevgiyə layiq biri ilə münasibətdə yaşanan bir hiss kimi təsvir edir.
- Daim selfi çəkmək, insanların sosial mediada dayanmadan öz şəkillərini paylaşması narsisizmdir? Niyə narsisistlərin sayı bu qədər artıb? Problem təhsil sistemindədir, yoxsa valideynlərin münasibətindədir?
- Mən psixoanalitik baxışın - Freydin baxışının - ümumiləşdirilməsinə qarşıyam, amma burada konkret belə baxış mövcuddur. Bu, insanın özü ilə münasibətindəki problemdir. Uşağın ilk "öyrəndikləri" təqlid yolu ilə olur. Buna görə də valideynlər və müəllimlər - xüsusən də müəllimlər - çox vacibdir.
Sizə bir nümunə verim: İllər əvvəl universitet müəllimləri və tələbələri üçün saqqal qadağan edilmişdi. Tələbələrimdən bəzilərinin saqqalı var idi. Mən onlara belə dedim: "Saqqalınıza mənim heç bir etirazım yoxdur. Əslində, çoxunuza, hətta saqqal yaraşır da. Amma xahiş edirəm ki, onları qırxın. Əgər qırxmasanız, mənə problem yaradacaqlar". Bunu eşidən əziz tələbələrim saqallarını qırxdılar. Bir müddət sonra bir ata yanıma gəldi və aylardır saqqalını qırxdıra bilmədiyi oğluna bunu necə etdirdiyimi soruşdu. Mən də "Bu mənimlə tələbələrim arasında olan bir sirdir" - cavabını verdim, ona əlavə heç bir şey demədim.
Dilimizə uyğunlaşdırdı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
