2026-cı ilin Nobelçisi Enn Karsonun şeirləri - Cavanşir YUSİFLİnin tərcüməsində

 

Anne Carson daha çox minimalist şeirlər yazır. Kanada kimi geniş, ucsuz-bucaqsız coğrafiyada bu tipli deyimlər icad etmək təbiidir. Qar yağdıqca o ərazi gözlə görüləsi deyil, uzanır, böyüyür və gözdən "itir" (ağarır... - !), ona görə o sonsuzluqdan "qurtulmağın" yolu minimalist şeirlər yazmaqdır. Bir şeirində elə belə deyir: "yaz buralarda qəfil bıçaq kimi açılır... Bu, möhtəşəm duyğudur...

Anne Carson bütün ömrü boyu ciddi klassikanı tərcümə edib. Klassikanı tərcümə həm də şərh deməkdir, klassikaya ciddi münasibət deməkdir. Bu halda iki yolun qalır: ya bədii mətn yazmağı tərgitməli, ya da səndən gözləniləni yazmalısan.

Anne Carson nəhəng ədəbiyyat adamıdır.

Onu oxuduqca düşünür və ... yenə düşünürsən.

 

Cavanşir Yusifli

 

 

Daşın içindəki səs

 

Bir daşı ovcumda tutdum,

Sıxdım onu, sıxdım ovcumda

Gücüm çatınca... uzun-uzun;

susdu, susdu,

Ancaq ağrılığını bildirdi.

İnandım ki,

İçində batıq bir səs var,

Çünki səssizlik qapımı döymüşdü.

Daşı əlimdən buraxdım,

Off, torpaq, sən demə, onu

məndən daha yaxşı duyurmuş,

Mənsə ovcumdakı boşluğa baxıb

bir başlanğıc sandım onu....

 

 

Kiçik bir xəritənin küncündə

 

Şəhərin adı silinmişdi xəritədən,

Amma yollar bir-birini tanıyırdı hələ.

Bir qapı qapandığında

Uzaq bir dənizi düşündü.

Mən sənə çatmaq,

Sənin olmaq üçün deyil,

Məsafəni anlamaq üçün yürüdüm.

Ayaqqabılarıma qonmuş toz

Keçmişin  kiçik və səbirli sübutuydu.

 

 

***

Gecə masamın üzərinə əyildi,

Cavab əvəzinə kölgələri çoxaltdı.

Bir fincanın içindəki soyuqluq

Unutmanın ilk şəkliydi.

Sənə sormağımı pəncərəyə yolladım,

Səhər açılanda sual hələ ordaydı.

Amma... otaq dəyişmişdi...

 

 

Şüşə esse

 

Yuxumun içində xırda tıkkıltılar eşidirəm,

aydınca

Vaxt damcılayır

Keçmişə doğru...

Axıb tökülür.

Səhər saat 4-də oyanıram.

Sentyabrda

atıb gedən adamı düşünürəm...

Law idi onun adı.

Hamam güzgüsündə əksimin üstündən

ağ zolaqlar keçir.

Üzümü yuyub yenidən yatağa qayıdıram,

Sabah anamı ziyarət etməyə gedəcəm...

 

 

O

 

Şimalda bir bataqlıq ərazidə yaşayır;

təkbaşına, təkcənə...

Orada yaz bir bıçaq kimi açılır.

Bütün günü qatarlarla yol gedirəm

və çoxlu kitab gətirirəm -

anam üçün, özüm üçün.

Hə, baxın, Emily Brontenin bütün əsərləri.

Ən sevdiyim müəllifdir Emily.

Həm də rastlaşmaq niyyətində

            olduğum əsas qorxum.

Hər dəfə anamı ziyarət edəndə

özümü Emily Bronteyə

            çevrilirmiş kimi hiss edirəm;

tənha həyatım yan-yörəsində

            bir bataqlıq ərazisi kimi,

yöndəmsiz bədənim

            palçıqlı düzənliklər üzərində

kələ-kötür addımlarla irəliləyir,

            üzümə çevrilmənin ifadəsi qonur,

amma mətbəxin qapısından

            içəri girəndə bu ifadə yox olur:

Emily, bizə hansı ət lazımdır?

 

 

Tufan fırtınası

 

Bir quş qəfil şimşək kimi ötüb keçdi,

            sanki yanılmışdı,

Sonra yenidən qanad çaldı.

Biz bəzən həyatın sürəti haqqında düşünmürük.

Niyə İezavelaya nifrət edirik, bunu da

düşünmürük. Düşünürük ki, evin damına ağacları

dayanmadan, şiddətlə çırpan

kimdir belə? İezavela finikiyalı idi.

Finikiya tufanları quru və

qorxuludur, biri digərinin içindən

burulmuş ellipslər şəklində keçir. (1)

 

(1) - Burada şair, ehtimal ki, İezavelanın ənənəvi mənfi obrazını tufanın dağıdıcı qüvvəsi ilə əlaqələndirir. Ardınca onun finikiyalı olduğunu xatırlatması da əhəmiyyətlidir: Finikiya qədim Levantda yerləşən tarixi bölgə idi. Beləliklə, İezavela obrazı ilə Finikiya tufanları arasında assosiasiya yaradılır - həm tarixi-mədəni, həm də simvolik əlaqə qurulur.

 

 

 

Bahar şəhəri

 

"Bahar həmişə əvvəlki kimi olur",

- deyə ixtiyar bir çinli kişi söylədi.

Yağış pəncərələrə fışıltı ilə çırpılırdı.

Uzaq-uzaq yerlərdən axıb gələn həsrətlər

Bizə çatıb nəfəs dərdi...

Pəncərə şüşələrindən süzülüb getdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!