Aleks Şulman: "Yazarkən özümdən get-gedə uzaqlaşıram" - MÜSAHİBƏ

Aleks Şulman 17 fevral 1976-cı ildə İsveçin cənubunda doğulub, Stokholmun Farsta adlı bölgəsində böyüyüb. Əvvəlcə jurnalistika, bloq yazarlığı, televiziya və radio aparıcılığı ilə tanınmağa başlayıb. 2005-ci ildə "stureplan.se" saytını yaradıb, həmin il qardaşı Kalle ilə birlikdə TV4-dəki "Postkodmiljonaren" proqramına çıxıb. Bir il sonra öz bloqunu açıb, qısa müddətdə "Aftonbladet" qəzetinə yazmağa başlayıb. 2012-ci ildən bəri Siqqe Eklundla birgə hazırladığı "Alex & Sigges" podkastı həyat, mədəniyyət və gündəmə dair söhbətləri ilə İsveçin ən çox dinlənilən podkastlarından birinə çevrilib; həftədə təxminən, 500 min nəfər izləyir. 663 bölümdən ibarət olan podkast illər ərzində "İsveçin ən yaxşı podkastı" da daxil olmaqla bir çox mükafat qazanıb. Onun dörd avtobioqrafik kitabı var və hamısı İsveçdə ən çox satılanlar siyahısına düşüb. "Skynda att alska" (Tələs sevməyə, 2009) atasına - Alan Şulmana ithaf olunub; Finlandiya əsilli televiziya prodüseri və jurnalist olan Alan, Aleks doğulanda 57 yaşında imiş. "Glöm mig" (Məni unut, 2016) isə anası Lisettenin alkoqol asılılığı və onun kölgəsində böyüməsindən bəhs edir. Lisette də vaxtilə İsveçin tanınmış televiziya aparıcılarından biri imiş. Anasının ölməzdən əvvəl yazdığı "Glöm mig" qeydini kitabına ad olaraq götürüb. "Brann alla mina brev" (Bütün məktublarımı yandır, 2018) isə nənə və babası - yazıçı cütlük Sven və Karin Stolpenin daim münaqişəli evliliyinə həsr edilib. Aleks Şulman, beşinci kitabı və 2020-ci ildə yayımlanan ilk romanı "Sağ qalanlar" ilə beynəlxalq miqyasda məşhurlaşıb. Həmin il romanın nəşr hüquqları otuz üç ölkəyə satılıb. Ardınca "Malma stansiyası" kitabı, daha sonra da "17 iyun" kitabları çap edilib. Üç roman da ailəyə fərqli bir bucaqdan baxır. Bəzən özümüzü bir bağ evinin qaranlığında tapırıq, bəzən bir qatar stansiyasının gözləmə salonunda, bəzən də 1986-cı ilin qızmar bir yay günündə. Şulmanın bəhs etdikləri keçmişə dönüş deyil; daha çox keçmişə açılan bir qapının astanasında dayanmaq kimidir - nə tam içəri girirsiniz, nə də geri dönə bilirsiniz. Bu üç mətn bir trilogiya deyil, əslində üç ayrı romandır. Amma Şulmanın yazarkən həmişə vurğuladığı bir nöqtə var: uşaqlıq. Bütün bu hekayələr bir-birinə bağlıdır, çünki hamısı onun öz uşaqlığına - disfunksional bir ailədə keçən uşaqlığa - uzanır. Romanlarında valideynlər həmişə "Ana" və "Ata" olaraq qalır, adsızdırlar; çünki uşağın dünyasında valideyn əvvəlcə bir roldur, kimlikdən öncə gəlir. Şulman öz valideynləri haqqında hədsiz çox yazır, amma onların gerçək adlarını işlətmək istəmir; sanki onlar da artıq bədii qəhrəmanlardır. Bu rollar eyni anda həm sevgi verən, həm də yaralayan fiqurlar kimi qarşımıza çıxır. Bəlkə də elə buna görə onun mətnlərində bağışlama, demək olar ki, yoxdur; Şulman üçün məsələ bağışlamamaq deyil, anlamağa çalışmaqdır. Şulmanın üzərində dayandığı əsas məsələ xatırlamağın nə demək olduğu ilə bağlıdır. Şulmana görə keçmiş sabit deyil; bir xatirəni hər dəfə yada salanda həmin xatirə yenidən formalaşır. "17 iyun" romanında Vidar (əsərin qəhrəmanı - tərc.) köhnə bir telefon nömrəsini yığaraq uşaqlığına gedib çıxır, amma orada heç nəyi dəyişdirə bilmir, yalnız o günün nə demək olduğunu öyrənir və öyrəndikcə həmin gün daha da ağırlaşır. Şulman üçün xatırlamaq sağalmaq deyil; sadəcə yaranın yerini görməkdir. Bəlkə də məsələ tam olaraq budur: yerini görmək, onu özünlə gəzdirməyi öyrənmək. Tərcümə edərək təqdim etdiyimiz bu müsahibədə Şulman öz üç romanının ortaq nöqtələri, bağışlamağın mümkünlüyü, ailə bağları və yazmağın onun üçün nə ifadə etdiyi haqqında danışır.

 

- "Sağ qalanlar", "Malma stansiyası" və "17 iyun" romanları birlikdə oxunduqda eyni ailəyə, eyni yaddaşa fərqli bucaqlardan baxan bir trilogiya kimi görünür. Bu kitablar əvvəlcədən belə bir bütövün parçaları idimi, yoxsa siz yazdıqca aralarındakı bağı kəşf etdiniz?

- Onların trilogiya kimi qəbul edilməsinə sevindim; çünki trilogiya yazan yazıçılardan həmişə təsirlənirəm. "Necə möhtəşəmdir," - deyə düşünürəm, - "həqiqətən, bir planla yola çıxıb; demək, adamın eyni mövzu ətrafında qurulmuş üç kitab ideyası varmış." Amma mənim vəziyyətimdə qorxuram ki, məsələ sadəcə belədir: qaça bilmədiyim bir mövzu var; uşaqlıq. Bütün bu hekayələr bir-birinə ona görə bağlıdır ki, hamısı mənim öz uşaqlığımla əlaqəlidir.

- Romanlarınızda təkrar olunan bir məkan var: bağ evi, göl, meşə... Sizcə, bir məkan bir ailənin bütün travmasını özündə yaşada bilərmi? Travma ilə məkan arasındakı bağ nədir?

- O cür məkanlara dərin marağım var. O bağ evi bir növ sıfır nöqtəsi kimidir; yazdıqlarımda bunu get-gedə daha çox anlayıram. Film, teatr və ya kitab; fərqi yoxdur, adətən bir məkandan başlayıram. Hər hansı işə başlayanda birinci qeydlərimdə məkanları çəkirəm; demək olar ki, eskiz kimi. Sonra hekayə həmin məkanın ətrafında formalaşmağa başlayır.

- Mətnlərinizdə valideynlərin adları yoxdur; həmişə "Ana" və "Ata" olaraq qalırlar. Bu onları ümumiləşdirmək üçündür, yoxsa uşağın dünyasında valideynin sadəcə bir "rol" olmasındanmı qaynaqlanır?

- Ən çox öz valideynlərim haqqında yazıram; amma onların əsl adlarını işlətmək istəmirəm, çünki əsərlərdə onlar da artıq bədii qəhrəmanlardır. Onların əsl adlarını istifadə etməməyə qərar verəndən sonra istifadə edəcəyim başqa hər hansı bir ad da mənə gülünc görünür. Buna görə də, adətən, sadəcə "Ana" və ya "Ata" yazıram.

- Uşaq qəhrəmanlarınız çox vaxt səssiz şahidlərdir: görürlər, amma deyə bilmirlər. Bu sükut sizcə, özünümüdafiədir, yoxsa ailənin uşaqdan tələb etdiyi bir uyğunlaşma formasıdır?

- Mən bunu yaşamaq instinkti, istənilən təhlükəli mühitdə fəaliyyət göstərə bilməyin yolu kimi görürəm. Bu uşaqlar bu cür davranaraq dözürlər: baş verənləri müşahidə edir, hər şeyi öyrənir və hər yeni hadisə ilə birlikdə təəccüblü bir sürətlə böyüyürlər. Sükut onların zirehidir.

- Romanlarınızda valideynlər eyni anda həm sevgi göstərən, həm də zərər verən fiqurlardır. Bu ziddiyyəti yazarkən onları anlamağa çalışırsınız, yoxsa məsafə qoyursunuz?

- Öz valideynlərimi həmişə belə görmüşəm. İkisi də tamamilə pis adam deyildilər; tam yaxşı adamlar da deyildilər. Hər kəs kimi mürəkkəb adamlardılar. Uşaqlığı bu qədər kövrək edən də o dəyişikliklər idi; çünki bir gün məni sevən insan, ertəsi gün mənə "deyəsən bu insan mənə nifrət edir" deyə izah edilə biləcək ifadə ilə baxa bilirdi.

- Mətnlərinizdə bağışlama, demək olar ki, yoxdur. Sizcə, bəzi şeylər bağışlanmazdır, yoxsa əsas məsələ onların dilə gətirilə bilməməsidir?

- Mən daim bir ortaq nöqtəyə gəlmə, barış axtarıram. Kitablarımda daima bir ana fiquru haqqında yazıram. O qadın mənim anamdır və kitablar ona yaxınlaşmaq cəhdlərimdir - onu anlaya bilmək və beləliklə, bağışlaya bilmək üçün. İndiyə qədərki hər cəhdim uğursuz olub; bəlkə də elə buna görə hələ də yazmağa davam edirəm.

- Romanlarınızda qəhrəmanlar keçmişlə üzləşərkən çox vaxt bir dairənin içində sıxılıb qalırlar. Sizcə, travmanın nəsildən-nəslə ötürülməsini dayandırmaq mümkündürmü? Bu məsələ sizin üçün niyə bu qədər əsas diqqət mərkəzindədir?

- Əgər şanslısınızsa, terapiya kömək edir. Həyatımın ən böyük vəzifəsi bu idi: zəhərin mənim nəslimdən sonrakına keçməsini dayandırmağa çalışmaq. Və buna kömək edə bilən yeganə şey terapiyadır.

- Bir insanın öz həyatından bəhsetmə ilə həqiqət arasındakı məsafəni necə təsvir edərsiniz? Həqiqət dediyimiz şey nə qədər əlçatandır?

- Məncə, hamımız hər hansısa şəkildə hekayə danışanlarıq və hər birimizin özümüzə məxsus qavrayışımız var: beləydi, belə oldu. Kimsə bunun əksini iddia etdikdə təəccüblənirik, hətta bəlkə də narahat oluruq. Ən azından yazarkən mənim marağımı çəkən şey, həqiqəti çox daha dəyişkən və qavranması çətin bir hala gətirməkdir.

- Romanlarınızda qəhrəmanlar çox vaxt həqiqəti çox gec başa düşürlər, amma o anlama (vaxtında sonra həqiqəti bilmə - tərc.), adətən heç nəyi dəyişdirmir. Sizcə, gecikmiş bir fərqindəliyin insan üçün bir mənası varmı?

- Bəlkə bir növ daxili rahatlıq təmin edə bilər. Amma bu mənim sadəcə yazı tərzimdir. Tragik sonun daha ilk səhifədə sətir aralarında yazıldığı hekayələri oxumaq mənə çox təsirli gəlir. Belə çox hekayə oxumuşam; mənim kitablarım da bu ənənəni davam etdirmə cəhdidir.

- Əgər keçmişə qayıdıb tək bir xatirəyə müdaxilə etmək şansınız olsaydı, onu dəyişdirərdinizmi, yoxsa bugünkü kimliyinizi itirməmək üçün toxunmamağı seçərdiniz?

- Xeyr, heç nəyi dəyişməzdim. Amma o romandakı kimi, bir telefon nömrəsi üçün çox şey verərdim; sadəcə, oturub valideynlərimi dinləyə bilmək üçün. Onlar böyük bir sirr daşıyırlar. Onlara zəng edə bilsəm, birbaşa uşaqlığıma dönüb onlara çata bilsəm, yəqin ki, heç bir şey deməzdim. Uşaqkən nə etmişdimsə, eynisini edərdim: sakitcə, hiss olunmadan oturub dinləyərdim.

- Yazmaq sizin üçün bir özünüzü anlatma tərzidirmi, yoxsa anlamağa çalışma üsulu? Yazarkən özünüzə yaxınlaşırsınız, yoxsa özünüzdən uzaqlaşırsınız?

- Yəqin ki, hər ikisi də. Yazarkən özümdən get-gedə uzaqlaşıram. Amma uşaqkən olduğum insana daha çox yaxınlaşıram.

 

Tərcümə etdi: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!