Buxar gəmisi
6
Mahnı kədərli idi, bədbəxtlikdən xəbər verirdi. Dənizin üstündə dolaşan külək onu qaldırıb uzaqlara səpələyirdi və elə bil mahnının sonu gəlmirdi.
Musiqi ilə birlikdə kədər də gəlir, üçüncü dərəcəli sərnişinləri bürüyür, Filomenonun əlindən yapışan hamilə qadını da öz ağuşuna alırdı. Qarmonun səsləri gur səslə oxuyan gəncin mahnısına müşayiət edirdi.
Antonio Vitor daha da özünə qapanırdı. Onun ruhunda sakit Estansiyanın, bir dəfə də inildəmədən özünü ona verən İvonenin xatirələri hələ fəth edilməmiş torpaqların, atışmaların, güllə səslərinin, qətllərin, pulların, əsginas dəstələrinin görüntüləri ilə qarışırdı.
Tək gedən, heç kimlə danışmayan bir adam sərnişin qruplarının yanından keçib məhəccərə söykəndi. Ay dənizin üzərində qanlı iz buraxırdı, mahnı isə ürəyi parçalayırdı:
Sevgilim, mən gedirəm,
Bir daha geri dönməyəcəyəm...
Arxada başqa torpaqlar, başqa mənzərələr qalmışdı; başqa dənizlər, başqa sahillər, quraqlığın hökm sürdüyü vəhşi sertan... Orada başqa insanlar qalmışdı. Bu kiçik buxar gəmisində üzənlərin çoxu orada sevgisini qoyub gəlmişdi.
Bəziləri məhz həmin sevgi naminə uzaq yola çıxmışdı: sevdiyi qadını əldə etmək üçün pul qazanmaq, xoşbəxtliyin satın alındığı qızılı əldə etmək üçün.
Bu qızıl İlyeus torpaqlarında - kakao ağaclarının üstündə yetişirdi.
Mahnıda deyilir ki, onlar bu torpaqlardan heç vaxt geri qayıtmayacaqlar, ölüm isə hər ağacın arxasında onları gözləyir.
Ay qan kimi qırmızı idi, gəmi isə narahat sularda yırğalanırdı.
Qoca plaşına bürünmüşdü, ayaqları yalın idi. O, bükdüyü siqaret kötüyündən tutqun-tutqun qullab alırdı. Kimsə ondan od istədi. Qoca sönmüş papirosu alışdırmaq üçün dərin qullab çəkdi.
- Sağ olun.
- Dəyməz...
- Yəqin, fırtına olacaq...
- İndi cənub küləklərinin vaxtıdır... Bəzən elə bərk əsir ki, heç bir gəmi tab gətirə bilmir...
Qadın söhbətə qarışdı:
- Bizdə, Searada güclü fırtınalar olur... Elə bil dünyanın sonudur...
- Eşitmişəm, - qoca cavab verdi. - Deyirlər, doğrudan da dəhşətli olur.
Onlar bir-biri ilə söhbət edən insanların dəstəsinə qoşuldular. Yaxınlıqda kart oynayırdılar.
Qadın maraqla soruşdu:
- Siz İlyeusdansınız?
- Artıq beş ildir Tabokasda yaşayıram. Mən sertandanam...
- Bəs siz, qoca, bu yerlərə niyə gəlmisiniz?
- Əvvəlcə mən yox, oğlum Joakin getmişdi... O, pis yaşamırdı, kiçik bir plantasiya salmışdı. Qarı öldükdən sonra məni də yanına çağırdı...
Qoca susdu. Elə bil küləyin qaranlıqda gizlənmiş şəhər tərəfə apardığı musiqi onu özünə çəkmişdi. Sükutu yalnız birinci dərəcəli göyərtədən gələn uzaq səslər və qaradərili kişinin oxuduğu mahnı pozurdu:
Bir daha geri dönməyəcəyəm,
Bu torpaqlarda öləcəyəm...
O oxuyurdu, insanlar isə soyuqdan büzüşürdülər. Güclü külək əsirdi, kəskin cənub küləyi. Gəmi dalğaların üstündə sıçrayırdı. Sərnişinlərin çoxu həyatında ilk dəfə gəmiyə ayaq basmışdı. Onlar köçkünlərlə dolu qatarla sertanın qaranlıq kaatinqalarını keçmişdilər.
Qoca onlara sərt gözləri ilə baxdı.
- Bu mahnını eşidirsiniz? "Bu torpaqlarda öləcəyəm". Düz oxuyur... Bu yerlərə gedən bir daha geri qayıtmır. Bu torpaqlarda insanları ovsunlayan və onları jakı qətranı kimi özünə yapışdırıb saxlayan nəsə var.
- Orada pul qazanmaq asandır? - gözləri alovlanan gənc irəli əyildi.
- Pul... Bizi ora aparan da elə budur. Gedib bir az pul qazanırıq, çünki orada, Allaha şükür, doğrudan da pul var! Amma elə bil o pulların üstündə lənət var. Heç kimin əlində qalmır. İnsan plantasiya salır...
Musiqinin səsi boğuq şəkildə eşidilirdi, oyunçular da bir müddət kart oyununu dayandırmışdılar. Qoca diqqətlə oğlana baxdı, sonra söhbətinə aludə olmuş digər kişi və qadınlara nəzər saldı:
- Kaşişe haqqında eşitmisiniz?
- Deyirlər, bu bir fırıldaqdır, insanların torpaqlarını aldadaraq əllərindən alırlar...
- Elədir. Vəkil polkovniklə birlikdə peyda olur, kaşişe həyata keçirir və insanlar, hətta əkdikləri kakao plantasiyalarının hara yox olduğunu belə anlamırlar...
O, yenidən ətrafa baxdı və qabarlarla örtülmüş əllərini göstərdi:
- Görürsünüz? Elə bu əllərlə çoxlu kakao ağacı əkmişəm... Joakinlə birlikdə meşədən qoparıb aldığımız xeyli torpağı becərdik, bütöv bir jupara sürüsünün - kakao toxumlarını yayan meymunların - əkə biləcəyindən də çox kakao əkdik. Bəs nə oldu?
Qoca hamıya - oyunçuya, hamilə qadına, gəncə sual verirmiş kimi baxdı.
Sonra yenidən musiqiyə qulaq kəsildi, uzun-uzadı aya baxdı:
- Deyirlər, ay bu gecəki kimi qan rəngində olanda, belə gecələr yolda bədbəxtlik baş verir. Joakini öldürəndə də belə olmuşdu. Heç bir səbəb olmadan... Sadəcə kin üzündən.
- Bəs onu niyə öldürdülər? - qadın soruşdu.
- Polkovnik Orasio senyor Rui ilə birlikdə kaşişe etdilər. Bizim əkdiyimiz sahəni əlimizdən aldılar. Guya torpaq onların imiş, Joakin isə burada heç kim imiş. Polkovnik öz jagunsoları ilə gəldi, notariusdan aldıqları hansısa kağızları göstərdilər, bizi qovdular, hər şeyi, lap son qəpiyinə qədər götürdülər, hətta artıq qurudulmuş, satılmağa hazır olan kakaonu da.
Joakin zəhmətkeş oğlan idi, ən ağır işdən belə qorxmazdı. Plantasiyanın əlimizdən alınmasından elə sarsılmışdı ki, dərddən içkiyə qurşandı. Bir gün sərxoş halda dedi ki, polkovnikdən qisas alacaq, onu öldürəcək. Yaxınlıqda Orasionun muzdlu adamlarından biri vardı, bunu eşidib xəbər verdi. Polkovnik pusqu qurmağı əmr etdi. Joakini elə ertəsi gecə, Ferradasa gedərkən öldürdülər...
Qoca susdu. Daha heç kim ondan heç nə soruşmadı.
Oyunçular yarımçıq qalmış oyuna qayıtdılar. Bank sahibi iki kart atdı, hamı ortaya pul qoydu. Musiqi gecənin qaranlığında yavaş-yavaş zəifləyirdi. Külək isə hər dəqiqə daha da güclənirdi.
Qoca yenidən danışdı:
- Joakin sakit təbiətli oğlan idi, heç kimi öldürmək fikri yox idi. Polkovnik Orasio bunu yaxşı bilirdi, onun adamları da bilirdi. Joakin bunu sərxoş olduğuna görə demişdi... Heç kimi öldürmək fikri yox idi. Zəhmətkeş idi, dolanışıq üçün pul qazanmaq istəyirdi... Doğrudur, sahəni əlindən aldıqları üçün çox sarsılmışdı, bu hadisə ona ağır təsir etmişdi. Amma dediklərini sadəcə sərxoş halda demişdi... O, adam öldürən deyildi... Onu arxadan güllələdilər...
- Bəs nə oldu, onları həbs etdilər?
Qoca nifrətlə baxdı.
- Onu öldürdükləri həmin gecə muzdlu qatillər meyxanada sərxoş halda hər şeyi olduğu kimi danışdılar...
Sükut çökdü. Yalnız oyunçulardan biri dedi:
- Pas...
Amma o biri oyunçu qazandığı pulları götürmədi; beli bükülmüş qoca fiquruna zillənib qaldı. Bədbəxtliyi içində tək qalan qoca elə bil dünyadakı hər şeyi unutmuşdu.
Hamilə qadın asta səslə soruşdu:
- Bəs siz?
- Məni Bahiaya göndərdilər. Bütün bunlardan sonra orada qala bilməzdim... Amma indi, gördüyünüz kimi, geri qayıdıram...
Qoca qəfildən dikəldi. Hekayənin sonuna doğru sönmüş sərt baxışları yenidən gözlərində parıldadı. Qətiyyətli səslə dedi:
- İndi yenidən gedirəm və bir daha qayıtmayacağam... Daha heç kim məni oradan qova bilməz... Bu, taledir, dona, bizi belə edir... Heç kim pis və ya yaxşı doğulmur, insanı taleyi şikəst edir...
- Amma... - qadın deyib susdu.
- Danışın, çəkinməyin.
- Bəs necə yaşayacaqsınız?.. Axı artıq ağır iş görəcək yaşda deyilsiniz...
- İnsan nəyisə ürəyinə salanda, dona, hər şey yoluna düşür... Mən də bir şey fikirləşmişəm... Oğlum yaxşı insan idi, polkovniki öldürmək fikri yox idi. Mən də bu əlləri heç vaxt qanla bulaşdırmamışam, - deyə qoca uzun illərin ağır zəhmətindən qabar bağlamış əllərini göstərdi. - Amma oğlumu öldürdülər...
- Bəs siz?.. - qadın dəhşətlə dilləndi.
Qoca ona arxasını çevirib yavaş-yavaş uzaqlaşdı.
- Doğrudan da öldürəcək... - arıq bir adam dedi.
Musiqi gecənin qaranlığında yenidən daha gur səslənməyə başladı. Ay göydə sürətlə yüksəlirdi. Bank sahibi arıq sərnişinin sözünü təsdiqləyirmiş kimi başını tərpətdi və yenidən kart paylamağa başladı.
Hamilə qadın Filomenonun əlini sıxıb az qala pıçıltıyla dedi:
- Mən qorxuram...
Qarmon susdu.
Ay isə qan içində çalxalanmağa davam edirdi.
7
Sərnişinlərin başqa bir dəstəsində söhbətə Joze da Ribeyra başçılıq edirdi. O, kakao diyarında yaşadığı həyatdan bir-birinin ardınca əhvalatlar danışırdı. Danışdıqca tez-tez tüpürür, bildiklərini bu adamlara danışmaq, onlarla bölüşmək fürsətindən məmnun qalırdı. Onu diqqətlə dinləyirdilər; çünki qarşılarında faydalı bir şey öyrənə biləcəkləri adam vardı.
- Az qala getməkdən vaz keçəcəkdim, - uşağını əmizdirən balacaboy qadın dedi.
- Eşitdim ki, bu yerlərdə elə bir qızdırma tüğyan edir ki, meymunlar belə tələf olur.
Joze istehza ilə gülümsədi, hamı ona tərəf çevrildi. O, biliciyə xas bir görkəmlə danışmağa başladı:
- Doğrudur, dona. Öz gözlərimlə qızdırmadan ölən o qədər adam görmüşəm ki... Elə güclü adamlar idi, adama elə gəlirdi, at belə onları yıxa bilməz. Amma üç gün qızdırmadan sonra insanın bütün taqəti kəsilir.
- Yoxsa çiçək xəstəliyi deyil?
- Çiçək də burada tez-tez olur, amma mən ondan danışmıram. Çiçəyin də müxtəlif növləri var, amma ən çox qara çiçək yayılıb, ən təhlükəlisi də odur. İndiyədək qara çiçəyə tutulan bir güclü adamın belə sağ qaldığını görməmişəm. Amma mən qızdırmadan danışıram. Heç kim bu qızdırmanın nə olduğunu, bu lənətə gəlmiş xəstəliyin adını belə dəqiq bilmir. Tamamilə gözlənilmədən gəlir, adamı öldürür, zavallı heç gözünü qırpmağa belə macal tapmır.
- İlahi, bizi qoru! - başqa bir qadın dilləndi.
Joze tüpürüb hekayəsini davam etdirdi:
- Bir dəfə bura bir həkim gəldi. Diplomlu, savadlı, cavan oğlan idi, hələ saqqalı belə çıxmamışdı, özü də yaraşıqlıydı. Dedi ki, Ferradasdakı qızdırmanın kökünü kəsəcək. Amma qızdırma ondan əvvəl onun kökünü kəsdi. Bütün yaraşığı yox oldu. Ömrümdə gördüyüm ən iyrənc meyit idi. Makakosda bıçaqlanaraq öldürülən Garangau adlı adamın meyitindən də iyrənc. Halbuki onun da bədənini doğramışdılar: gözlərini çıxarmış, dilini kəsmiş, sinəsinin dərisini soyub götürmüşdülər.
- Yazıqla niyə belə rəftar etmişdilər? - uşağını əmizdirən qadın soruşdu.
- Yazıq? - Joze da Ribeyra güldü, bu söz ona çox gülməli gəlmişdi. - Yazıq? Burada, cənubda Visente Garangau qədər qorxunc bir jagunso olmayıb. O, təkcə bir gündə Juparanada yeddi adam öldürüb... Ondan qəddar canini Allah heç vaxt yaratmayıb.
Dinləyicilər bu sözlərdən təsirləndilər, amma Searadan olan kişi istehzalı səslə dedi:
- Yeddi rəqəmi yalançının sevimli rəqəmidir, senyor Joze.
Joze yenə güldü və siqaret yandırdı; zarafata əsəbiləşmədi.
- Sən hələ uşaqsan, həyatda nə görmüsən ki?! Mənim əlli ildən çox ömrüm arxada qalıb. Çox yerlər gəzmişəm, on il burada, bu meşələrdə yaşamışam. Orduda əsgər olmuşam, nə qədər müsibət görmüşəm. Amma dünyada heç nə burada baş verən dəhşətlərlə müqayisə oluna bilməz. Pusqu haqqında heç nə eşitməmisən?
- Əlbəttə, eşitmişəm! - dinləyicilərdən biri qışqırdı. - Deyirlər, adamlar ağacın arxasında bir-birlərini güdür, xəbərsiz yaxalayıb güllələyirlər.
- Elədir. Bəzi əclaflar işi o yerə çatdırıblar ki, dostları ilə on milreysə mərc gəlmək üçün pusqu qururlar: qurbanı yolun hansı tərəfindən güllələyəcəklərinə mərc edirlər. Yoldan ilk keçən adama güllə yağdırırlar və mərcin nəticəsi belə müəyyənləşir. Bunu eşitmişdin?
Searalı kişinin canına üşütmə düşdü, bir qadın isə inana bilməyən səslə soruşdu:
- Təkcə mərcdə udmaq üçün?
Joze da Ribeyra tüpürdü:
- Dünyanı gəzmişəm, əsgər olmuşam, dəhşətli şeylər görmüşəm. Amma buradakı kimi heç yerdə, heç vaxt bir şey görməmişəm... Bura təkcə cəsur adamların diyarı deyil, həm də asan qazanc diyarıdır. Gözü sərrast olanın burada bəxti gətirir...
- Bəs siz burada nə edirsiniz?
- Bu yerlərə polis serjantı kimi gəlmişdim. Sonra balaca bir plantasiya aldım. O, mənə paqonlarımdan qat-qat çox qazanc gətirməyə başladı və indi məni dolandırır. İndi bir az nəfəs almaq, bir neçə vacib şey almaq üçün Bahiaya getmişdim.
- İndi də üçüncü sinifdə qayıdırsan, ata? - Searalı oğlan zarafat etdi.
Joze yenə gülümsədi və etiraf etdi:
- Ağdərili qızlar bütün pulumu əlimdən aldılar, oğlum. Bizim meşədə bircə qadın var - pələng kimi qadın. Ona görə də bizdən kimsə ştatın paytaxtında ağdərili bir qız görəndə başı hərlənir... Məni də elə soyublar ki, lüt-üryan qalmışam.
Lakin heç kim onun sözünə cavab vermədi. Çünki həmin anda əlində qamçı, başında çili şlyapası olan, boyu balaca bir kişi yaxınlaşdı. Joze çevrilib hörmətlə baş əydi.
- Salam, senyor Juka.
- Salam, Ze da Ribeyra. Plantasiyan necədir?
- Təxminən, bir aydır səfərdəyəm... Bu il Allah qoysa, bir az da meşə qıracağam...
Juka Badaro başını dəstə-dəstə dayanmış sərnişinlərə tərəf çevirdi:
- Bu adamları tanıyırsan, Ze?
- Elə indicə tanış oldum, senyor Juka. Nə məsələdir, soruşmağa icazə verin.
Juka cavab vermək əvəzinə adamlara yaxınlaşdı və onlardan birindən soruşdu:
- Haralısan?
- Searadanam, sahib. Kratodan.
- Heyvanqovan?
- Yox, senyor... Balaca plantasiyam vardı... - Sonrakı sualı gözləmədən izah etdi:
- Quraqlıq məhv elədi.
- Ailəlisən? Təksən?
- Arvadım var, tezliklə doğacaq...
- Mənim yanımda işləmək istəyirsən?
- Bəli, senyor.
Juka Badaro belə adam toplayırdı. Bankomatı, onun oyun yoldaşlarından birini, searalı kişini, gənci və gözlərini minlərlə ulduzla bəzənmiş göydən çəkməyən Antonio Vitora işə götürdü. Lakin xidmətini təklif edənlərin çoxuna Juka "yox" dedi. O, insanları yaxşı tanıyırdı və kimin onun fazendaları üçün, meşəni ram etmək, torpağı becərmək və salınmış plantasiyaları qorumaq üçün yararlı olduğunu çətinlik çəkmədən ayırd edə bilirdi.
Tərcümə etdi: Malik ATİLAY
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
