Şeirlər - Georqi Qospodinov

 

Məhəbbət dovşanı

 

İndi qayıdıram, dedi

və qapını açıq qoydu.

Bizim üçün xüsusi gün idi,

dovşan raqusu vam alovda pıqqıldayırdı,

onun üçün balaca halqalarla soğan,

yerkökü və bir neçə diş sarımsaq doğramışdı.

Nə çiyninə palto atdı,

nə dodaqlarını boyadı, heç mən də

soruşmadım hara gedirsən?

O belədir.

Heç vaxt bilmirdi saat

neçədir, həmişə gecikirdi, həmin gecə də

sadəcə dedi ki,

indi qayıdıram,

hətta heç qapını da bağlamadı.

Altı il sonra

Ona küçədə rast gəldim (bizim küçədə yox),

birdən onun üzündə

ütünü elektrikdən ayırmağı, ya da

bunun kimi bir şeyi unudan

adamlardakı kimi qayğı yarandı...

Qazı söndürmüsən? - soruşdu.

Hələ yox, dedim,

dovşan əti yaman bərk olur.

 

 

Balaca sübh cinayəti

 

Yağış yağır,

yuxulu-yuxulu gedirsən

(ayaqyoluna)

xırç...

ayağının altında ilbiz qalır.

 

Təsadüfi qətl.

Amma bu, günahını yüngülləşdirmir.

Ətrafa boylanırsan,

səhər tezdən olduğu üçün şahid yoxdur,

leşi otların arasına itələyirsən,

yağış damcılarından ağırlaşmış otların,

amma bu da yumur günahını.

Qətl elə əhəmiyyətsizdir ki,

yadından çıxara bilmirsən

bütün günü.

 

 

Anam şeir oxuyur

 

2 qutu nazik fillo xəmiri,

2 fincan əridilmiş kərə yağı,

1 kilo alma,

1 fincan xırdalanmış peçenye,

1 fincan xırda doğranmış qoz,

2 fincan şəkər tozu,

1 paket üyüdülmüş darçın.

Almaları yuyub qabığını soyun, özəyini

təmizləyin, sürtgəcin iri gözündən çəkib

şəkər tozu, qoz və darçınla qarışdırın.

Bir lay xəmiri götürüb yağlayın,

ikinci layı üstünə sərin,

almalı içliyi qoyub yayın,

xəmiri rulet kimi bükün.

Qalan xəmirləri də eyni şəkildə.

Yağlayıb yaxşıca qızdırılmış sobaya qoyun,

üstü qızılı-qəhvəyi,

altı çəhrayı rəng alana qədər

bişirin.

 

Bişəndə ştrudel olacaq,

hələlik isə sadəcə şeirdir.

 

 

Xəbərlər

 

Qadın qəzeti bağlayıb deyir:

oxudun? Ayovaya dolu düşüb -

dənələri qolf topu boyda.

Ona görə ki, deyirəm,

onlar həddindən çox qolf oynayırlar,

çoxlu top itirirlər

və o toplar indi geri qayıdır.

O, topları geri qaytarır,

bildin də, kimi deyirəm,

Onu, o zarafatcılı.

Lakin qadın gülmür,

üzünü çevirir

və dəhşətlə deyir:

 

O heç vaxt hədəfdən yayınmır.

 

 

Vogezlər meydanı

 

Bir uşaq qaçır

Vogezlər meydanındakı bağda,

dünyanın bağında,

çəmənlikdə oturmuş

ata və anaların arasından,

cığırlarda

qocalara dəyə-dəyə.

Bir uşaq qaçır

dünyanın bütün vaxtı

hələ qarşıda deyilmiş kimi.

Bilmək istəyərdim,

nədir uşağı tələsdirən,

qocaları isə ayaqlarını sürütməyə

vadar edən

(dünyanın bütün vaxtı

hələ qarşıda imiş kimi),

bu cığırın axırında

görməli nəsə varmı?

 

Və nə üçün bu məni

addımlarımı yavaşıtmağa məcbur edir?

 

Tərcümə etdi: Həmid PİRİYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!