Yandırılmış su - Karlos FUENTES

XX əsr Latın Amerikası ədəbiyyatının ən mühüm romançı və mütəfəkkirlərindən biri hesab olunan Karlos Fuentes 1928-ci ildə Panamanın Panama Siti şəhərində anadan olub. Meksikalı bir diplomatın oğlu olan Fuentes, uşaqlıq və gənclik illərini Latın Amerikasının müxtəlif şəhərlərində və ABŞ-da keçirərək çoxmədəniyyətli bir mühitdə böyüyüb. Bu təcrübə, gələcəkdə yazacağı əsərlərdə Meksika kimliyi, tarix və modernləşmə üzərində formalaşdırdığı baxışın vacib mənbəyinə çevrilib. Təhsilini Meksika Milli Muxtar Universitetində hüquq sahəsi üzrə tamamlayan Fuentes, eyni zamanda beynəlxalq münasibətlər və ədəbiyyatla da maraqlanıb. 1950-ci illərdə jurnalistika və mədəniyyət yazarlığı etdi. İlk romanı "La region mas transparente" ("Ən şəffaf bölgə") 1958-ci ildə nəşr olunub və çox böyük əks-səda doğurub. Fuentesin ən tanınmış əsərləri arasında "La muerte de Artemio Cruz" ("Artemio Kruzun ölümü"), "Aura", "Terra Nostra", "Gringo Viejo" ("Qoca Qrinqo") yer alır. Yazıçılıqla yanaşı diplomatik vəzifələr də icra edən Fuentes, 1975-1977-ci illərdə Meksikanın Fransa səfiri kimi fəaliyyət göstərib. Eyni zamanda universitetlərdə dərs deyib, esselər və siyasi məqalələr qələmə alıb. Yazıçının əsərləri 24 dilə tərcümə olunub. Meksikanın "Milli Ədəbiyyat" (1984), "Migel de Servantes" (1987), "Ruben Dario" (1994), "Pikasso" (1995) mükafatlarına layiq görülüb. 15 may 2012-ci ildə Mexiko Siti şəhərində dünyasını dəyişib. Karlos Fuentosun "Yandırılmış su" (1981) əsərindən hissələri təqdim edirik.

 

Əvvəllər, gecələri sübh şəfəqləri ilə dolu bir şəhər idi Mexiko. Federiko Silva yatmazdan əvvəl, sübhə yaxın, saat ikidə Kordoba küçəsindəki evinin eyvanına çıxanda sübh çağının nəm torpaq qoxusu duyulardı; palıd ağaclarının qoxusunu duyardı insan, vulkanlar çox yaxındaymış kimi gələrdi.

Sübh şəfəqi hər şeyi yaxınlaşdırardı: dağları, meşələri. Mexiko sübhünün o çox özünəməxsus qoxusunu ciyərlərinə daha yaxşı çəkmək üçün gözlərini yumardı Federiko Silva. Bu qoxunu duymaq yer üzünün ilk səhərini qoxulamaq kimi bir şey idi. Yox olmaqda olan gölü xəyallarında canlandıra bilənlər, yalnız onlar şəhəri həqiqətən, tanıya bilərlər, deyə keçirərdi ürəyindən Federiko Silva.

Bütün bunlar keçmişdə qalmışdı. İnsurgentes metro stansiyasının yaxınlığındakı o enişli-yoxuşlu, nəhəng ölçülü meydançadan yüz metr aralıda yaşayırdı indi. Memar dostlarından biri küçə və prospektlərin - İnsurgentes, Çapultepek, Cenova, Amberes, Xalapa - bu nizamsız kəsişməsini Parisin Etual meydanı ilə müqayisə etmiş, Federiko Silva da buna çox gülmüşdü. İnsurgentes kəsişməsi daha çox üzərində bir çox sinilər olan geniş, təkərli bir masaya bənzəyirdi: gah iki tərəfində uzanan səkilərindən daha hündür, avtomobillərin vızıldayaraq keçdiyi, gah daşlarla, zəncirlərlə bağlanmış küçələrdən daha aşağıda... gah da dəniz məhsulları satan restoranlarla, ucuz meyxanələrlə, səyyar satıcılarla, dilənçilərlə, küçə satıcıları tələbələrlə - fit çalan, dumanla qarışmış çənin ağır-ağır keçib getməsinə baxan, ayaqqabılarını boyadan, balıq ətli, iri sağrılı, mini ətəkli qızlara söz atıb ilişən, cürbəcür sendviçlər yeyən bir gənclər ordusu; hippilər: lələklər, mavi göz boyaları, dəri jiletlər, zəncirlər, boyunbağılar -  içəridəki ağzına qədər dolu məkana aparan pilləkənlərin və keçidlərin daha da altında uzanan bir yol.

Və nəhayət, metronun girişi: cəhənnəmin ağzı.

 

***

Zokalodan Çapultepekə qədər hər şey əlinin altında idi: dövlət idarələri, əyləncə yerləri, dostluq və məhəbbət.

Artıq heç kimi maraqlandırmayan, unudulmuş şeylərə aludə olmuş qart subaylara xas köhnə nəqəratlardan biri idi bu. Dostları Periko ilə Marki ona daha az inadkar olmağı məsləhət görürdülər. Anası sağ olduğu müddətcə (yazıq qadın da uzun-uzadı yaşamışdı) ailə ənənələrinə hörmət etməsi, Kordoba küçəsindəki evdə yaşaması münasib idi. Bəs indi bu inad nə üçündür? Qiyməti heyrətamiz olan təkliflər almışdı, bazar gec-tez pik nöqtəsinə çatacaqdı, əlverişli məqamdan yararlanmaq lazım idi. Özü də daşınmaz əmlak işləri ilə məşğul olduğu, birja oyunlarından gəlir əldə etdiyi üçün bunun belə olduğunu hər kəsdən yaxşı bilirdi.

Sonra evinin hər iki tərəfinə sözdə müasir göydələnlər ucaldaraq onu məcbur etmək istədilər - Federiko Silva belə düşünürdü, çünki onun fikrincə, belə tez-bazar tikilən, iki ilə sıradan çıxıb on ilə uçulan şeylər yox, zamana tab gətirənlər müasir idi. Üzərində əbədi kilsələr, piramidalar ucaldılmış bir ölkənin kartondan, sınıq-salxaq şeylərdən və çirkabdan ibarət bir şəhərə çevrilməyə boyun əyməsini utancverici hesab edirdi.

Onu dörd divarın arasına həbs etmiş, havadan, günəşdən; mənzərədən və qoxudan məhrum edərək boğmuşdular. Bunun müqabilində isə qulaqlarını gurultu ilə ağzınacan doldurmuşdular. Beton və şüşədən tikilmiş iki göydələnin əsirinə çevrilmiş ev ərazinin kələ-kötürlüyünə, yaxud həddindən artıq yükün səbəb olduğu çökmələrə görə də "əziyyət" çəkirdi, ev, əslində bir qurban idi. Bir axşam çölə çıxmaq üçün geyinərkən yerə düşürdüyü bir qəpiyin yuvarlana-yuvarlana divara tərəf getdiyini gördü. Vaxtilə elə həmin otaqda qurğuşun əsgərlərlə oynamış, Austerlitz, Vaterloo kimi tarixi döyüşləri yenidən yaşamış, hətta hamamda bir Trafalgar dəniz döyüşü təşkil etmişdi. İndi isə su evin mailli tərəfinə doğru hamamdan daşdığı üçün heç çimmək də olmurdu.

Elə bil Piza qülləsində yaşayıram, amma Piza qülləsində yaşamağın da bir əvəzi var... Dünən üzümü qırxanda başıma evin divarından boyalar töküldü, hamamın divarları qabıq-qabıq olub soyulur. Şəhərin süngərə bənzər özülünün göydələnlərin hücumuna tab gətirməyəcəyini bunlar nə vaxt anlayacaqlar?

Əslində evi çox da köhnə deyildi, əsrin əvvəllərindən iyirminci illərə qədər tikilmiş, möhkəm fransız təsiri daşıyan malikanələrdən biri idi... Doğrusunu desək, solğun rəngli süni mərmərlərin ətrafında incə bir simmetriya ilə yerləşdirilmiş daşlardan tikilmiş, zirzəminin rütubətindən qorunmaq üçün hündürləşdirilmiş birinci mərtəbəsinə pilləkənlə çıxılan, o yastıdamlı ispan və ya italyan villalarına bənzəyirdi.

 

***

Dostlarının "Mandarin" adını verdikləri Federiko Silva üçün bu şəhər şəxsi düşmən idi. Şərqə məxsus cizgiləri o qədər aydın idi ki, yerli köklərinin izlərini belə basdırırdı. Meksikalıların üzlərində çox vaxt görünən bir xüsusiyyətdir bu: ilk üzü - Monqolustanın tundra və dağlarından gəlmiş olan üzü - ortaya çıxarmaq üçün yaşanmış tarixin zədələrini və izlərini gizləyirlər.

Buna görəydi ki, Federiko Silvanın üzü Meksika gölünün itmiş qoxusunu xatırladırdı: bulanıq bir xatirə, uzaq bir xəyal. Çox təmiz, çox səliqəli, dəyişməz bir üz və sanki boyanmış qapqara saçlar. Amma onda atalarının ağappaq və sağlam dişləri yox idi, qida dəyişikliklərinin təbii nəticəsi idi bu.

Yavaş-yavaş bibəri, lobyanı yeməkdən uzaqlaşan yeni nəsillər onların əsas təsirindən də - az yeyənlər üçün gərəkli olan kalsium və yetərli vitaminlərdən məhrum qalırdılar.

 

***

Görəsən, onu necə xatırlayacaqdılar?! Hər səhər güzgünün önündə gündəlik təmizliyini edərkən, son iyirmi il ərzində həqiqətən, çox az dəyişdiyini qəbul edirdi. Yaşlanmağa başlayan kimi sonsuzluqlarının görünüşünə bürünən asiyalılar kimi, bütünlüklə.

 

***

Özümü anladıb-anlatmadığımı, hətta özümü həqiqətən, anlayıb-anlamadığımı bilmirəm. Hamımız özümüzü tanıdığımıza inanırıq. Bu, çox yanlışdır.

 

Tərcümə etdi: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!