Buxar gəmisi
4
Marqo kayutdan çıxıb paroxodda gəzişməyə başladı. Əlində rəngbərəng çətir oynadır, enli paltarının uzun ətəyini arxasınca sürüyürdü. Elə bil özünü səyyar satıcıların gözlərinə göstərməkdən zövq alırdı; onlar da onun haqqında zarafatlar edir, fazendeyrolar gözlərini ona zilləyir, hətta Bahianın cənub torpaqlarında iş axtarmağa gedən üçüncü dərəcəli sərnişinlər belə ona baxırdılar. Marqo sərnişinlərin yanından keçərkən astadan, güclə eşidilən səslə kənara çəkilmələrini xahiş edirdi və həmin an ətrafda sükut yaranırdı: hamı onu daha yaxşı görmək istəyirdi və qadın hər kəsdə arzu oyadırdı. Lakin o gözdən itən kimi söhbətlər yenə həmin bircə mövzuya qayıdırdı - kakaoya.
Səyyar satıcılar Marqonun fazendeyroların yanından necə keçdiyini görüb gülümsəyirdilər. Onlar çox yaxşı anlayırdılar ki, qadın asan qazancın, pulun dalınca gedir və bu, kobud adamlar üçün baha başa gələcək. Onlar yalnız qaranlıqdan Juka Badaro çıxıb Marqonun qolundan tutanda gülmələrini kəsdilər. Juka onu bortun yanına gətirdi; oradan artıq gözdən itməkdə olan İtaparikaya, Bahianın uzaq kənarlarına baxmaq olurdu. Gecə sürətlə düşürdü, paroxodun çarxları suyu yuxarı sıçradırdı.
- Haradansan? - Juka Badaro qadının bədənini xırda gözləri ilə başdan-ayağa süzdü, baxışlarını əvvəl ayaqlarında, sonra sinəsində saxladı. Əlini qaldırıb Marqonun bərk, yumru ombasını çimdiklədi.
Marqo təhqir olunmuş kimi görkəm aldı:
- Mən sizi tanımıram... Bu nə özbaşınalıqdır?
Juka Badaro onun çənəsindən tutdu, başını qaldırdı, sarışın qıvrım saçlarını arxaya atdı və gözlərini onun gözlərinə dikərək aramla dedi:
- Sən heç Juka Badaro haqqında eşitməmisən?.. Onda hələ çox şey eşidəcəksən. Bil ki, bu dəqiqədən etibarən sən mənimsən. Özünü yaxşı apar, mən bir şeyi iki dəfə deməyə öyrəşməmişəm.
O, əlini Marqonun çənəsindən qəfil çəkdi, ona arxasını çevirib sərnişinlərin üçüncü dərəcəli bölmədə toplandığı, qarmon və gitaranın məlahətli səslərinin gəldiyi tərəfə, gəminin arxa hissəsinə doğru getdi.
5
Ay - nəhəng, qan-qırmızı ay getdikcə daha yüksəyə qalxır, okeanın qaranlıq səthində qanlı iz buraxırdı.
Antonio Vitor uzun ayaqlarını bir-birinə daha sıx sıxdı, çənəsini dizlərinin üstünə söykədi. Yaxınlıqda hansısa sertanejunun oxuduğu mahnının melodiyası sonsuz okeanın qoynunda itib gedir, Antonionun ürəyini doğma yurd həsrəti ilə doldururdu.
O, öz şəhərciyindəki ay işıqlı gecələri xatırladı. Elə gecələr ki, küçə lampaları yandırılmırdı və oğlan-qızlardan ibarət böyük bir dəstə ilə ay işığına qərq olmuş körpüdən balıq tutmağa gedirdilər. Əslində balıq tutmaq bu görüşlərə bəhanədən başqa bir şey deyildi. Əsas olan söhbət etmək, gülmək, ay buludların arxasında gizlənəndə bir-birinə incə toxunuşlarla yaxınlaşmaq idi. Antonionun yanında həmişə İvone olurdu. Onun on beş yaşı vardı, amma artıq toxuculuq fabrikində işləyirdi, ailəni dolandırırdı - xəstə anasını və dörd kiçik qardaşını saxlayırdı. Atası bir gecə heç kimə bir söz demədən yoxa çıxandan, ondan bir daha xəbər alınmayandan sonra İvone fabrikə getmiş, beş nəfərin çörəyini qazanmağa başlamışdı. İndi körpüdəki görüşlər onun yeganə əyləncəsi idi. Ay buludların arxasında hər gizləndikdə İvone şabalıdı rəngli saçlarını açır, başını Antonionun çiyninə söykəyir, dolğun dodaqlarını ona tərəf uzadırdı.
Antonio iki qardaşı ilə birlikdə şəhərin yaxınlığındakı qarğıdalı sahəsini becərirdi. Lakin bu iş onlara o qədər az qazanc gətirirdi ki, cənub torpaqlarında işçi qüvvəsinə böyük tələbat olduğu, orada yaxşı pul qazanmağın mümkünlüyü barədə yayılan xəbərlər getdikcə daha cazibədar görünürdü.
Kakaonun hamıya böyük sərvət gətirdiyi deyilirdi. Beləcə, gözəl bir gün Antonio da İvonun atası, böyük qardaşı və minlərlə başqa adam kimi Serjipe ştatındakı kiçik şəhərciyini tərk etdi, Arakajuda gəmiyə mindi, Bahiaya çatdı, limandakı ucuz gecələmə yerində iki gün qaldı. İndi isə İlyeusa gedən gəminin üçüncü dərəcəli göyərtəsində yol gedirdi.
O, hündür, arıq bir kaboklo idi; əzələləri qabarıq, əlləri iri və qabarlarla örtülmüşdü. İyirmi yaşı vardı və ürəyini qəribə bir həsrət bürümüşdü. Ömründə əvvəllər tanımadığı bir duyğu ruhunu zəbt etmişdi. Bəlkə bu duyğu həmin nəhəng qan-qırmızı aydan gəlirdi?! Yoxsa sertanejunun oxuduğu kədərli melodiya bu həsrəti doğururdu?!
Göyərtəyə səpələnmiş kişi və qadınlar cənub torpaqları ilə bağladıqları ümidlərdən danışırdılar.
- Mən Tabokasda məskunlaşacağam, - seyrək saqqallı, qıvrım saçlı, artıq cavan olmayan bir kişi dedi: - Deyirlər, gələcəyi çox böyük olan bir diyardır.
- Amma indi, eşitdiyimə görə, vəhşi yerdir. Orada o qədər adam ölür ki, Allah aman versin... - deyə balacaboy kişi xırıltılı səslə dilləndi.
- Mən də belə söhbətlər eşitmişəm. Amma bir qəpiyinə də inanmıram. Adamlar nə danışmır ki!..
- Allah necə istəsə, elə də olacaq... - başında şal olan bir qadının səsi eşidildi.
- Mən isə Ferradasa gedirəm, - bir gənc dedi. - Orada qardaşım var, vəziyyəti pis deyil. Polkovnik Orasionun yanında işləyir, çox varlı adamdır. Mən qardaşımın yanında qalacağam. Mənim üçün artıq yer də tapıb. Sonra Zildanın dalınca qayıdacağam.
- Nişanlındır? - qadın soruşdu.
- Arvadımdır. İki yaşlı qızı ilə qalıb, özü də tezliklə yenidən uşaq doğmalıdır. Yaxşı qadındır.
- Sən heç vaxt qayıtmayacaqsan... - plaşına bürünmüş qoca dedi. - Heç vaxt qayıtmayacaqsan, çünki Ferradas dünyanın o biri başıdır. Polkovnik Orasionun plantasiyalarında səni nələrin gözlədiyini təsəvvür edirsənmi? İşçi olacaqsan, ya da jagunso. Öldürməyi bacarmayan adam polkovnik üçün heç bir dəyər daşımır. Sən heç vaxt qayıtmayacaqsan... - Qoca acıqla yerə tüpürdü.
Antonio Vitor bu söhbətləri dinləyirdi, amma qarmonla gitaranın səsləndirdiyi musiqi onu yenidən Estansiyadakı körpüyə, gözəl ay işığına, sakit həyata qaytarırdı.
İvone ondan getməməyi xahiş etmişdi. Qarğıdalı sahəsi onların ikisini də dolandıra bilərdi. Bəs haqqında bu qədər pis söz danışılan yerlərə pul qazanmaq üçün getməyə niyə belə can atırdı?
Göyün ulduzlarla bəzəndiyi ay işıqlı gecələrdə - orada ulduzlar o qədər çox və o qədər gözəl idi ki, baxanda gözlər dumanlanırdı - Antonio çayın sahilində oturar, ayaqlarını suya salıb İlyeus tərəflərinə necə gedəcəyini düşünərdi.
Əvvəllər gedənlər yazırdılar ki, orada pul qazanmaq asandır, hətta böyük bir torpaq sahəsi əldə edib onu kakao ağacları ilə doldurmaq mümkündür. Bu ağaclar qızıl rəngli meyvələr verirdi və həmin meyvələr qızılın özündən də baha satılırdı.
Torpaq gələn adamların qarşısında sonsuzadək uzanırdı və hələ heç kimə məxsus deyildi. Meşənin dərinliklərinə girməyə, ağacları və kolları yandırıb məhv etməyə, təmizlənmiş torpaqda kakao, qarğıdalı və manyok əkməyə cəsarəti çatan adamın mülkünə çevrilə bilərdi. Həmin adam ağaclar bar verməyə başlayana qədər bir neçə il yalnız qovrulmuş un və təsadüfən vurduğu ovla qidalanmağa hazır olmalı idi.
Sonra sərvət gələcəkdi. Elə pul axını başlayacaqdı ki, insan onu xərcləyib qurtara bilməyəcəkdi; şəhərdə öz evi, siqarları, yeriyəndə cırıltı çıxaran çəkmələri olacaqdı.
Arabir kakao diyarından xəbərlər gəlirdi: məskunlaşanlardan biri güllədən, ya ilan sancmasından ölmüş, kimisə kənddə xəncərlə öldürmüş, kimisə pusquda güllələmişdilər. Amma səni gözləyən sərvətin yanında insan həyatı nə idi ki?!
Antonio Vitorun yaşadığı şəhərdə həyat kasıb və sevincsiz idi. Kişilərin, demək olar, hamısı gedirdi; vətənə qayıdanlar isə çox az olurdu, qayıtsalar da, yalnız qısa müddətə. Bir neçə illik yoxluqdan sonra qayıdanları tanımaq olmurdu. Onlar varlı qayıdırdılar: qızıl saatlar, barmaqlarda üzüklər, qalstuklarda mirvarilər... Pulları sağa-sola səpələyir, qohumlarına bahalı hədiyyələr alır, kilsələrə və müqəddəs himayədarlara, Yeni il şənliklərinin təşkilinə böyük ianələr verirdilər.
"Varlı qayıtdı" - şəhərdə yalnız bunu eşitmək olurdu.
Belə hər hadisə, insanların gəlib, sonra bu yerlərin miskin həyatına öyrəşə bilmədikləri üçün yenidən getməsi Antonio Vitor üçün daha bir çağırış idi. Onu burada yalnız İvone - onun dolğun dodaqları, yalvaran səsi, kədərli gözləri - saxlayırdı.
Amma bir gün Antonio bütün bunlarla vidalaşıb getdi.
İvone körpüdə onunla vidalaşarkən hönkür-hönkür ağlayırdı. Antonio ona söz vermişdi:
- Bir ilə varlanıb sənin dalınca gələcəyəm.
İndi Estansiyanın ayı gəminin üstündə dayanmışdı. Amma əvvəl sevgililərin körpüsünü işıqlandırdığı vaxtdakı kimi sarı deyildi. İndi qan rəngində idi. Qoca isə demişdi ki, kakaonun bitdiyi bu torpaqlardan heç kim geri qayıtmır.
Antonio Vitor indiyədək tanımadığı bir duyğunu yenidən hiss etdi,
"Bu nə idi? Qorxu? Həsrət?"
Özü də bilmirdi.
Ay ona İvonenin yalvaran dodaqlarını, getməməsi üçün yalvaran səsini, vidalaşdıqları gecə göz yaşlarından dumanlanan gözlərini xatırladırdı.
Həmin gecə ay yox idi və körpüdən heç kim balıq tutmurdu. Qaranlıq idi, aşağıda çay şırıltı ilə axırdı. İvone ona sıxılmışdı, bədəni hərarətli, üzü isə göz yaşlarından tamam islanmışdı.
- Sən, doğrudan da, gedirsən?
Kədərli sükut içində uzun bir dəqiqə keçdi.
- Sən gedəcəksən və qayıtmayacaqsan.
- Sənə and içirəm, qayıdacağam.
İvone başını "yox" mənasında tərpətdi, sonra çayın kənarında uzanıb onu yanına çağırdı. Günəşə açılan çiçək kimi özünü ona açdı. Və bir kəlmə demədən, bir dəfə də şikayətlənmədən ona sahib olmağa icazə verdi. Antonio heyrətdən özünə gələ bilmir, onun niyə özünü ona verdiyini anlaya bilmirdi.
İvone çiçək naxışları solmuş çit paltarını aşağı çəkdi. Qan solmuş çiçəklərin rəngini dəyişmişdi. Üzünü əli ilə örtdü və kəsik-kəsik səslə dedi:
- Sən heç vaxt qayıtmayacaqsan. Bir gün onsuz da başqa biri mənə sahib olacaqdı. Qoy, heç olmasa, bu sən olasan. İndi heç olmasa bilirsən ki, mən səni nə qədər çox sevirəm.
- Sənin yanına qayıdacağam, əzizim...
- Xeyr, sən heç vaxt qayıtmayacaqsan...
Və Antonio getdi. İvoneyə sahib olmağın verdiyi sevinc onu saxladığı halda getdi; onların bir uşağının doğulacağını bildiyi halda getdi.
Özünə deyirdi ki, onun və oğlunun gələcəyi üçün pul qazanmağa gedir və bir ildən sonra qayıdacaq. İlyeusda torpaq almaq çətin deyildi. Kiçik bir kakao plantasiyası salacaq, məhsul yığacaq, İvonenin və uşağının dalınca gələcəkdi.
Doğrudur, İvonenin atası da gedib qayıtmamışdı, indi harada olduğunu heç kim bilmirdi! Qoca deyirdi ki, arvadını və uşaqlarını qoyub gedənlər də daxil olmaqla, bu torpaqlardan heç kim geri qayıtmır.
Bəs niyə bu qarmon dayanmadan çalır və musiqi niyə belə kədərlidir?
Niyə dənizin üstündə yüksələn ay qan kimi qırmızıdır?
Tərcümə etdi: Malik ATİLAY
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
