1
Romanım çap olundu.
Artıq dan söküləndə durub şam yandırmasam da olar.
Bu xəlvət evdə elektrik kəsiləndə şam işığının otağı nə qədər aydınlandırdığını görmək üçün kombinin sensor lampasının üstünü örtməsəm, soyuducunu elektrik yuvasından ayırmasam da olar. Div boyda kölgənin tavanda oynaşmasını görmək üçün əlimdə şamla dolanmasam da olar. Şam işığı hər dəfə üstlərinə düşəndə alçaq səs kimi üzə çıxıb sonra təzədən qaranlığa qərq olan kitab adlarını oxumasam da olar.
Ovcumdakı qarın əriməyinin verdiyi hissi bədənim xatırlasın deyə əlim sərtləşib keyiyənə qədər ovcumu açıb-yummasam da olar. Hər dəfə qar yağanda taksi ilə yaxınlıqdakı dağa getməsəm də olar. Dağın ətəyinə çatanda qar kəsildiyi üçün kədərlənməsəm də olar. Dağa gəzməyə gələnlərə xidmət edilən kafedə göyərtili düyünün yarısını belə yeməmiş təzədən qar yağdığını görüb tələsik ayağa durmasam da olar. Cığırdan çıxıb meşənin içinə, bir az dərinliyə getməsəm də olar.
Daha çox oxumasam da olar. Axtarış sisteminə “qətliam” yazmasam da olar. Çuxurda olmağın necə bir şey olduğunu hiss etmək üçün stolun altında qıvrılıb yanı üstə uzanmasam da olar. Hər gün keçdiyim yolun qırağındakı təpədə ağacların arasından gün işığı süzülüb yaşıllığın altına kölgə salanda oradakı cəsədlərin çürüdüyünü zehnimdə canlandırmasam da olar.
Ağlamasam da olar.
Artıq göz yaşlarımla üzümü yumasam da olar.
Küləkli bir günün gecə yarısında çay qırağında gəzməsəm də olar.
Sağlardan çox ölüləri özümə daha yaxın hiss etməsəm də olar.
Artıq bu romandan əl çəkməsəm də olar.
Bu romanın əsarətindən xilas olacağım o naməlum günü gözləməsəm də olar. Azadlığıma qovuşandan sonra etmək istədiklərimi etməli olduqlarımın siyahısına yazıb siyahını uzatmasam da olar.
2
Yüngülləşirəm.
Bir az da yüngülləşirəm.
Elə bil sümüklərimin və dərimin içində heç nə qalmayıb.
Sübh açılmamışdan əvvəlki qaranlıqda fikirləşirəm. Artıq uzaqlaşan birinə oxşayan romanımı. Biz bir-birimizi qucaqlamışdıq, can hövlüylə bir-birimizi dəstəkləyirdik, amma axırda burada tək qaldım.
Yaxşı, bəs “mən” əslində kimdir?
Bir vaxtlar “mən” olan adam bu roman ucbatından onsuz da dəyişdiyi üçün artıq geri qayıdıb o adam olmağım mümkün deyil. Belədirsə, sualı başqa cür qoyum.
İndiki “mən” kimdir görəsən? Bu qədər bomboş, bu dərəcədə çılpaq qalan insan?
3
Romanımı yazdığım vaxtla müqayisədə indi daha az kitab oxuyuram. Gəzintiyə az çıxıram, az isinmə hərəkətləri edirəm, əzələ bərkitmək məşqlərini də azaltmışam. Günortadan sonra uzanıb musiqi dinləyirəm. Hərdən oturub paltaryuyan maşının səsinə əvvəldən-axıra qulaq asdığım da olur.
Siyahıda yazılan işlərin hamısını çoxdan etmişəm.
Görmək istədiyim adamlarla görüşdüm. Oxumaq istədiklərimi oxudum. Baxmaq istədiklərimə baxdım.
Bir vaxtlar getmək istədiyim Seonyudo parkındakı xarabalığı xatırladan binaların arasında və yamyaşıl meşədə gəzib evə qayıtdığım da oldu.
4
Bir düşüncə – qərar – ağlıma gəlir.
Yenə yazsam olar, yeni bir roman yazsam.
Yenə əlaqə qurmağın yolu budur.
Yaxşı, bəs yazı vasitəsilə nəylə əlaqə qururam? Təkcə yazının əlaqələndirdiyi o şey üçün belə çılpaq və müdafiəsiz halda hazır gözləyirəm? Elektrik axınının kələ-kötür mənliyə taxılıb kəsilməməsi üçün?
5
Hər nəsə, rutinimə geri qayıdıram.
Cümlələrin çoxluğu ilə təzədən enerji toplamaq üçün hər gün roman və bir şeir kitabı oxuyuram. Təzədən masa arxasında uzun müddət otura bilmək üçün gündə iki saat isinmə və əzələ bərkitmə məşqləri edib gəzintiyə çıxıram.
Ancaq həftələr boyu cəmi-cümlətanı bir səhifə yazandan sonra bunun fərqinə varıram: hazırda təzə roman yazmağa başlamaq ağıllı iş deyil. Qarın hekayəsini trilogiya kimi fikirləşmişdim, yazdığım iki uzun hekayənin uzun müddətdir ayrı qalmağını ürəyimə salmışdım; bunun üçün üçüncü hekayəni yazıb, hamısını bir kitabda toplamaq qərarına gəlmişdim.
Amma çox soyuqdur. Bundan artıq üşümək istəmirəm.
6
Belə niyyətimdən döndüyüm vaxtda nəşriyyatdan xəbər gəlir. “Sağollaşmıram”ı yazanda qulaq asdığım musiqilərin videosunu hazırlamağı təklif edirlər. Əvvəlcə siyahını göndərməyimi istədikləri üçün ondan çox mahnını seçəndə 2019-cu ilin yanvar ayında davamlı qulaq asdığım bir mahnı yadıma düşür, sözləri belədir:
Mən ayağa duracağam,
Günəş kimi doğacağam.
Ağrı-acıya qatlanıb
Bunu min dəfə edəcəyəm.
Bu mahnıya birinci dəfə qulaq asanda təqvimin arxasına birdən minə qədər yazıb divara yapışdırmışdım. Hər gün birini silərəm fikirləşirdim. Günü yaşayıb günü gününə yazım deyə, bunu min dəfə təkrarlayım deyə. Uzun müddətdir yata bilmədiyim üçün belə fikirləşdim. Çünki qalan həyatımda nə rahatlıq, nə də ümid vardı və bundan sonra hər şeyin daha da pis olacağına dair bir nəticəyə gəlmişdim. İşin qəribəsi budur ki, roman yazdıqca get-gedə yaşamağa başlamışdım. Yuxu rejimim yavaş-yavaş qaydasına düşdü, getdikcə daha az kabus görməyə başladım. Qan, cəsdələr və sümüklərlə dolu bir roman yazanda belə bir şey necə mümkün ola bilərdi? 2020-ci ilin payızında ilk qaralamanı tamamlayanda, sonuncu səhnədə Kyönha kibrit yandıranda başa düşdüm ki, bu roman sevgi haqqındadır. Sınıq şüşəni əridib təzədən bütün bir kütlə halına gətirən alovdur.
7
“Sağollaşmıram”ın birinci səhifəsini yazdığım gündən etibarən sonuncu nöqtəni qoymağım düz yeddi il çəkdiyi üçün o müddət ərzində xeyli qeyd yazmışdım. Bunlar on dənə nazik dəftəri dolduran, öz-özümdən soruşub cavablarını axtardığım, yolumu tapmağa çalışaraq əlhavasına irəlilədiyim yazılar idi. Fərqli personajlar, fərqli təhkiyələrlə yazdığım əlli səhifəlik, yüz səhifəlik, hətta iki yüz səhifəlik versiyalar hələ də məndədir (birinci versiyada adı “Quşlar qayıdan gecə” idi). 2018-ci ilin qışında özümlə gəzdirdiyim nazik dəftəri açanda bu qeyd gözümə dəydi:
Dua.
Vuran, üstümüzə bozaran dünya.
Dünya budur?
Uşaqların öldüyü, qadınların təcavüzə uğradığı,
Bizə verilən dünya budur?
Ancaq canlı olduqları üçün gözəl olan şeylər.
Rəhmsizcə,
Duyğusuzca gözəl şeylər.
Ruh.
Palma.
Qollarını salladan qara ağac.
Kabusdan seçilməyən günümüzdə xilas diləyən insanın hekayəsi.
Qorxu və şiddət.
Duanın hekayəsi.
Külək və dəniz axışı.
Bütün dünyanı tutan
Su ilə küləyin çəmbəri.
Biz bir-birimizə bağlıyıq.
Əlaqədarıq,
Ümid edirəm.
Qar yağdı.
Sağollaşmıram.
Tarixin içindəki insan.
Kainatın içindəki insan.
Bədənimdəki hisslər.
Bədən zəif, ölümlü.
“Mən” o evə getmək vəziyyətində.
Hamı “mən”i tərk edəndən sonra.
Az qala dağıntı vəziyyətində ikən.
Nə qədər soyuq olacağı,
İsti olacağı,
Yandırıcı olacağı məsələsi.
Qətliama aid yazan “mən” ana-atası qətliamda sağ qalmış dostunun evində bir gün keçirir.
Hər hansı bir astanada, yaşayanın eynilə bir ruha döndüyü dözülməz ağrının son sərhədində, bədənindən siyrilib o tərəfdəki şeyləri görməyə başladığı an.
Həyatın məhdudiyyəti,
Mövcudluğun ötəriliyi.
Uclarda mənasızlıq.
Zamanın alovu.
Qarın səssizliyi barəsində fikirləşmək lazımdır.
Qar səsləri udanda
Mənim səsimi də, bir quşun səsini də uda biləcəyi fikri.
Külək kəsəndə sadəcə qar.
Heç bir səs çıxarmadan bütün səsləri içinə çəkən sadəcə qar.
Bura o qadının evidir.
Yatanda çarpayısının altına dəmirkəsən mişar qoyan ananın
Gecə olan kimi hərzə-hədyan danışıb dağlara çıxan atanın evi.
Piyada alayları
Bütün piyada alayları
Qaradərililər. Auşvitz.
Bütün qətliamlar.
Simasız insanlar.
Əzilib-büzülən insanlar.
Mənim o gecə Seulda gördüyüm,
Saçları uzun, addımları yavaş,
Əllərində silah tutan insanların piyada alayı.
Qar nə qədər çox hava boşluğuna sahibdir görəsən?
Kristallar.
Ölmək soyumaq deməkdir.
Üzə düşüb yığılan qarların əriməməyi.
Öldürmək daha soyuq vəziyyətə salmaqdır.
Danışıq: meşədə gəzəndə birdən fərqinə vardım. Ömrüm boyu ruhlarla bir yerdə yaşadığımın. Buna ehtiyac yox idi. Doğrudan belə etməyə ehtiyac yox idi. Sənin təklifindən imtina edə bilərdim. Amma imtina etmək istəmədim. Düşündüm. Doxsan doqquz dənə, sonsuz sayda ruhu yonaq deyə. Xüsusi bir andla sağollaşaq deyə. Yox, əksini edək deyə. Heç vaxt sağollaşmayaq deyə. And içərək...
8
2020-ci ilin sentyabr və oktyabr aylarında bu romanın ikinci hissəsini yazanda evi yerindən tərpədəcək səslə mahnıya qulaq asdığım olmuşdu. Kim Qvanqsokun konsertdə gitara və qarmonika ilə oxuduğu “Mənim mahnım”ı tez-tez dinləyirdim. Mahnının bir misrası hər dəfə ürəyimi dərindən sarsıdırdı.
Sarsılıb yıxılsam belə bu dünyada
Son bir damcı su olduğu müddətcə
Onu içib mahnı oxuyacağam
Musiqi dinləyəndə özümü fiqurlu konkisürmə üzrə olimpiya çempionumuz Kim Yön Ahın yerinə qoyub spiral hərəkətini təqlid etdiyim də olub. Bütün bədənimlə rəqs etdiyim də. Yerimdə fırlananda gözlərimdən yaş da axıb. Hönkür-hönkür ağlamışam da.
Sonra yenə masa arxasında otururam.
Yazıram... yazıram.
Ağlaya-ağlaya yazıram.
Ritmi pozmaq istəmədiyim üçün mətbəxdə ayaq üstündə yüngül qəlyanaltı edirəm.
Tualetə qaça-qaça gedib sürətlə çıxdığım da olur.
Beləcə, yenidən doğuluram.
Bütün gücümlə həyata qayıdıram.
9
Ondan əvvəl “Uşaq gəlir”i yazdığım bir il altı ayı yadıma salanda ən əvvəl ağlıma dözülməz bir ağrı gəlir. Bunu bir növ şaman ayini kimi qiymətləndirsəm, yazıçı kimi sözlərlə şaman mərasimi yerinə yetirdiyimi desəm, daha yaxşı olar. Ancaq bu düz deyil. Onda mən “ayin” keçirtmirdim. Hər hansı bir trans vəziyyətə də düşməmişdim. Daim ağlım başımda, şüurum yerində idi. Ağrıların məni əzməyinə qatlaşırdım... İş otağımda, metroda, piyada keçidində, mətbəxdə, yorğanın altında, dişlərimi sıxanda, ağlayanda bir dəli kimi görünə bilərdim, amma əslində, qətiyyən dəli olmamışdım.
O ağrının əslində nə olduğunu “Uşaq gəlir”i yazandan sonra uzun-uzadı fikirləşməli oldum. O romanı oxuyanların da eyni hissi keçirdiklərini, o iztirabı duyduqlarını deməkləri də üstəlik. O canlı iztirab nəyi sübut edirdi? Yoxsa bu sevgidir? Ən dərin sevgidən iztirab doğulur və o iztirab sevgini sübut edir? Əgər elədirsə, növbəti romanımı bu sevgi haqqında yazmaq istəyərəm.
10
“Sağollaşmıram”ı yazdığım müddətdə də eynilə. Romanın xəyalla həqiqət arasındakı cizgidən asılı qalmasından təsirlənmirdim, daim ağlım başımda, şüurum yerindəydi. Bəlkə, çaşıb səhv deyərəm qorxusu ilə dilə gətirmədiyim fikirlərimi müsahibəni alan romançı dostuma güvəndiyim üçün bir müddət əvvəl iki aylıq ədəbiyyat jurnalına verdiyim müsahibədə dedim:
- “Sağollaşmıram” roman şəklinə düşməmişdən əvvəl dəftərinizdə necə qeyd olunmuşdu?
- Ölümdən həyata gedən bir roman. Yarıölü insanların təzədən həyat tapdığı roman. Dənizin altında şam yandıran bir roman. Bir yandan baxanda, qulağa qəribə gələ bilər... Yadındadır, bir pilot depressiyaya düşəndən sonra içində xeyli sərnişin olan təyyarəni yerə çırpıb intihar etmişdi. Yaxşı, bəs yarıölü başqa bir insan o təyyarə qəzasının əksinə, həyata keçid edib bir çox ölünü özüylə bir yerdə həyata qaytara bilməz? Əlbəttə, yaşayanlar ölə bilər, amma ölülərin dirilməyi bu dünyada mümkünsüzdür. Yenə də bəzi məqamlarda bu mümkün ola bilməz? Yarıölü bir insan ruhlarla bir yerdə sadəcə bircə an üçün həyata keçid edə bilməz?
11
“Sağollaşmıram”ı yazdığım müddətdə əgər xilasa çatsaydım, bu (məqsəd deyil), əks nəticədən ibarət olardı.
Təkcə yazı yazmaq məni itələyib həyat olan tərəfə apardı.
Hər gün Congşimin ürəyiylə gözlərimi açdım səhərlər.
Onun ağrı ilə sevginin eyni dərəcədə qaynadığı hər günü.
Qanad kimi açılan, alov kimi yayılan anların nəbzi.
Dəfələrlə şamı bir-birinə uzadıb geri alan İnson ilə Kyönhanın əlləri.
12
Əgər mənə hədiyyə kimi əlavə bir ömür verilibsə, artıq o həyatın gücüylə irəli, daha da irəli getməyim lazımdır.
Bir cana sahib olduğum müddətcə həyatdan bəhs edən şeylər yazmağım lazımdır.
Həyat icazə versə, bu duyğulardan yola çıxıb növbəti romanıma başlamaq istəyirəm.
2022
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
