Ucsuz-bucaqsız torpaqlar (Romandan parça) - Jorj AMADU

Jorj Amadu (1912-2001) - XX əsr Braziliya ədəbiyyatının ən məşhur yazıçılarından biridir. Bahiyanın rəngarəng həyatı, yoxsulluq, sosial bərabərsizlik, irq, sevgi və xalq mədəniyyəti onun yaradıcılığının əsas mövzularını təşkil edir. Əsərlərində, xüsusilə, Salvador və Bahiyanın kakao bölgəsinin insanlarını canlı və realist şəkildə təsvir edib. Amadunun ən tanınmış əsərləri arasında "Qum kapitanları", "Ucsuz-bucaqsız torpaqlar", "Qabriela, mixək və darçın", "Dona Flor və onun iki əri", "Möcüzələr dükanı", "Tereza Batista, müharibədən yorulmuş" və "Tieta" yer alır. Yaradıcılığının ilk dövründə sosial ədalətsizliyi və sinfi mübarizəni ön plana çəkən yazıçı sonrakı əsərlərində daha çox həyatın, sevginin, şəhər mədəniyyətinin və insan azadlığının rəngarəngliyinə yönəlib. Malik Atilayın tərcüməsində Jorj Amadunun "Ucsuz-bucaqsız torpaqlar" romanından birinci hissəni təqdim edirik. Qeyd edək ki, roman Azərbaycan dilinə ilk dəfə tərcümə edilir.

 

Buxar gəmisi

 

1

 

Axşamçağı şəhərin üstündə hönkürtünü xatırladan buxar gəmisinin fit səsi yayıldı. Joao Maqalyaens bortun kənarında dayanıb məhəccərə söykənmiş, qədim tikililərin sıralandığı evlərə, zamanın qaraltdığı kilsənin zəng qüllələrinə, nəhəng daşlarla döşənmiş küçələrə baxırdı. Qarşısında saysız-hesabsız dam vardı, amma o yalnız bir küçəni, daha doğrusu, oranın heç bir adamın görünmədiyi balaca bir guşəsini görürdü. Özü də bilmədən fikirləşirdi ki, vaxtilə qulların əlləri ilə döşənmiş bu küçənin daşlarında qəribə, insanı həyəcanlandıran bir gözəllik var. Evlərin qaralmış damları da, kilsələrin zəng qüllələri də ona gözəl görünürdü. Zənglər çalınmağa başlamışdı; dindar şəhər sakinlərini axşam duasına çağırırdı. Buxar gəmisi yenidən fit verdi, Bahia üzərinə çökmüş alaqaranlığı yarıb keçdi. Joao əlini qaldırıb şəhərlə vidalaşdı; sanki ürəkdən sevdiyi, onun üçün çox əziz olan bir qadınla vidalaşırdı.

Buxar gəmisinin göyərtəsində sərnişinlər söhbət edirdilər. Sahildə, trapın yanında isə qara geyimli, əlində fetr şlyapa tutmuş bir cənab solğun gənc qadını dodaqlarından öpürdü. Joaonun yanında kök bir adam skamyaya yayxanaraq portuqaliyalı səyyar satıcı ilə söhbət edirdi. Sərnişinlərdən biri saatına baxıb heç kimə xitab etmədən dedi:

- Beş dəqiqə qalıb...

Joao düşündü ki, yəqin bu adamın saatı geri qalır. Çünki buxar gəmisi artıq son dəfə fit vermiş, yola salanlar trapdan enmiş, gedənlər isə məhəccərlərin üstündən əyilmişdilər.

Gəmi ağır-ağır nəfəs aldı və Joao getdiyini hiss etdi. Onda qəribə bir həyəcan bürüdü onu və yenidən şəhərə, köhnə damlara, nəhəng daşlarla döşənmiş küçənin o kiçik guşəsinə nəzər saldı. Zənglər hələ də çalınırdı və Joaoya elə gəlirdi ki, zənglər onu çağırır, şəhərin küçələrində bir dəfə də gəzməyə, təpələrinin yamacları ilə aşağı enməyə, səhərlər Terreyro meydanında manyok sıyığı yeməyə, ətirli kaşaşa içməyə, bazarın yanında zər atmağa dəvət edir; günortadan sonra Viol­etanın evində, ətrafına şən bir dəstə adamın toplandığı yerdə kart oynamağa, axşam isə kabaredə yerli varlılarla pokerə oturmağa çağırır. O varlılar Joaoya müəyyən hörmətlə yanaşırdılar. Gecənin lap sonunda, dan yeri sökülməmiş, saçları qəsdən dağınıq halda gözlərinin üstünə tökülən Joao yenidən küçəyə çıxır, soyuqdan titrəyərək sinələrində çarpazlaşdırdıqları qollarını ovuşduran və gitaranın müşayiəti ilə limanda əylənmək üçün yoldaş axtaran qadınlara söz atırdı. Sonra, hələ səhər açılmamış, Viol­etanın ah-naləsi, otağının açıq pəncərəsindən içəri düşən ay işığı, həyətdəki iki kokos palmasını yellədən külək... Məhəbbət ahları küləklə uzaqlara sovrulurdu; kim bilir, bəlkə elə aya qədər gedib çatırdı?!

Sahildə ağlayan solğun qadının hönkürtüləri Joaonu bu düşüncələrdən ayırdı. Qadın danışırdı və səsində sarsılmaz bir inam vardı:

- Heç vaxt, Roberto, heç vaxt daha...

Kişi həyəcanla onu öpdü və iztirabla dolu, çətinliklə çıxan səslə cavab verdi:

- Bir aydan sonra qayıdacağam, sevgilim, uşaqları da gətirəcəyəm. Sən də sağalacaqsan. Həkim belə dedi...

Qadının səsində dərin bir kədər vardı. Joaonun ona yazığı gəldi.

- Mən öləcəyimi bilirəm, Roberto. Daha nə səni, nə də uşaqları görəcəyəm... Uşaqları... - deyə qadın astadan təkrarladı və yenidən hönkürməyə başladı.

Kişi daha nəsə demək istədi, amma bacarmadı; yalnız başını aşağı saldı, trapa baxdı, sonra gözlərini Joaoya çevirdi, sanki ondan kömək istəyirdi. Qadın hönkürə-hönkürə bir daha dedi: "Səni bir daha görməyəcəyəm..." Qara geyimli kişi əzab içində, tək-tənha, Joaoya baxmaqda davam edirdi. Joao bir an tərəddüd etdi, ona necə kömək edə biləcəyini bilmədi; hətta sahilə enmək istədi. Amma matroslar trapı yığmağa başlamışdılar: gəmi yola düşürdü. Kişi qadını bir daha dodaqlarından öpdü. Bu, elə hərarətli, uzun və dərin bir öpüş idi ki, sanki kişi arvadının ciyərlərini içəridən didən xəstəliyi öz içinə çəkmək istəyirdi. Qara geyimli kişi özünü güclə gəmiyə çatdırdı. Amma əzab qürurundan güclü çıxdı, hönkürtüləri sinəsindən qopub bütün gəmi boyu yayıldı; hətta kök polkovnik də səyyar satıcı ilə söhbətini kəsdi. Sahildən kimsə az qala qışqıraraq dedi:

- Mənə yaz!

Başqa bir səs eşidildi:

- Məni unutma!

 

2

 

Bir neçə dəsmal havada yellənərək vida işarəsi verirdi. Gənc qadının yanaqlarından yaş süzülür, hönkürtülər sinəsini silkələyirdi.

O vaxtlar Bahia şəhərində hələ yeni liman tikilməmişdi və küçə az qala dənizin özünə qədər uzanırdı. Gəmi əvvəlcə asta-asta irəlilədi. Qadın ağlayır, dəsmalını yelləyirdi, amma artıq ürəyini verdiyi adamı göyərtədə seçə bilmirdi. Gəmi sürətini artırdı, yola salanlar isə dağılmağa başladılar. Yaşlı bir cənab qadının qolundan tutub onunla birlikdə getdi, asta səslə təsəlli və ümid sözləri deyirdi. Gəmi isə getdikcə uzaqlaşırdı.

Səfərin ilk dəqiqələrində sərnişinlər bir-birinə qarışdılar. Sonra qadınlar kayutlarına çəkildilər, kişilər isə çarxların suyu necə yarıb keçdiyinə baxmağa başladılar. O vaxtlar Bahia ilə İlyeus arasında çarxlı buxar gəmiləri işləyirdi; elə bil bu gəmilər cənub küləklərinin şütüdüyü geniş okeanda yox, sakit çay sularında üzürdülər.

Külək gücləndi və Bahia şəhərini bürüyən gecənin içində göyərtədəki söhbətlərin qırıntılarını, xüsusilə ucadan deyilən sözləri uzaqlara apardı: torpaq, pul, kakao, ölüm.

 

3

 

Evlər tədricən gözdən itdi. Joao barmağındakı üzüyü sakit şəkildə fırladır, qara geyimli adamın gözlərinə baxmamağa çalışırdı. Həmin adam gözlərini silə-silə baş verənləri izah edirmiş kimi dedi:

- Vərəm idi, zavallı qadın. Həkim dedi ki, heç bir ümid yoxdur.

Joao tünd-yaşıl okean suyuna baxdı və yalnız bundan sonra Bahianı tərk etməsinin səbəbini xatırladı. Mühəndisin üzüyü barmağına əla oturmuşdu, elə bil məhz onun üçün hazırlanmışdı. Pıçıltıyla dedi:

- Elə bil ölçüsünə görə düzəldilib...

Mühəndisi xatırlayıb güldü. Nə qədər səfeh adam idi! Belə birini hələ görməmişdi. Pokerdən zərrə qədər başı çıxmırdı: üzüyü də daxil olmaqla əlində olan hər şeyi uduzmuşdu. Həmin axşam, düz bir həftə əvvəl, Joao həmişəki kimi masanı təmizləmişdi: polkovnik Juvensiodan bir milyon beş yüz min reys götürmüşdü. Amma buna görə onu kim qınaya bilərdi?! Bundan əvvəl əhvalı çox yaxşı idi, Viol­etanın yatağında yarıçılpaq uzanmışdı, o isə xoş səsi ilə nəsə zümzümə edir, barmaqlarını onun saçlarında gəzdirirdi. Elə bu vaxt Rodolfo Tabaresin göndərdiyi oğlan gəlib çıxdı; şəhəri başdan-başa gəzib kapitanı axtarmışdı. Rodolfo bilirdi ki, onun üçün necə bank hazırlamaq lazımdır. Kart masasının ətrafında boş yer olanda yoldaşlarından soruşurdu:

- Senyorlar, kapitan Joao Maqalyaenslə tanış deyilsiniz?

Adətən onu tanıyan, onunla artıq oynamış kimsə tapılırdı. Bəziləri soruşurdu:

- Bəs o, fırıldaqçı deyil ki?

Rodolfo qəzəblənirmiş kimi cavab verirdi:

- Kapitan ciddi oyunçudur. Yaxşı oynayır, bunu əlindən almaq olmaz. Kim ciddi oynamağı öyrənmək istəyirsə, kapitanla oynamalıdır.

O, ən həyasızcasına yalan danışırdı.

- Kapitansız masa heç nəyə yaramır... - deyə əlavə edirdi.

Bu hiyləyə görə Rodolfo öz komissiyasını alırdı. Üstəlik, bilirdi ki, Joao Maqalyaensin oturduğu yerdə şərab çay kimi axır və bu da kazinonun qazancını xeyli artırırdı. Rodolfo oğlanı Joaonun dalınca göndərir, kartları hazırlatdırırdı.

Həmin axşam da belə oldu. Joao özünü tamam süst hiss edirdi; Viol­etanın barmaqları onun qıvrım saçlarını eşələyir, o isə qadının səsinin altında az qala yuxuya gedirdi. Birdən oğlan peyda oldu. Kapitan bir göz qırpımında geyinib hazırlandı və az sonra kazinoda idi. Polkovnik Juvensiodan bir milyon beş yüz min reys götürdü, mühəndisdən isə əlində olan hər şeyi, hətta peşəsinin nişanəsi olan üzüyünü də aldı. Mühəndis onu banka qoymuşdu, çünki əlində qızlardan ibarət kare vardı. Kartları Joao Maqalyaens paylayırdı. Mühəndis uduzdu, çünki kapitanın əlində kral karesi vardı. Ondan başqa yalnız bir oyunçu - liman taciri - qazandı; o, iki yüz milreysdən bir qədər artıq pul götürdü. Joaonun oynadığı masada həmişə daha bir oyunçu qalib gəlirdi - kapitanın taktikası belə idi. Yaxın dostlarının dediyinə görə, Joaonun bir qəribə xüsusiyyəti vardı: istənilən oyunçuya udmağa imkan verirdi, bir şərtlə ki, onun gözləri Rio-de-Janeyroda qalmış və peşəkar oyunçuya nifrət və ikrahla baxan qızın gözlərinə oxşasın. Hamı masadan qalxanda artıq səhər açılmışdı. Rodolfo üzüyün dəyərini bir milyon reysdən də artıq qiymətləndirdi. Mühəndis isə qızlar karesinə güvənib üç yüz iyirmi milreys uduzmuşdu.

İndi gəminin arxa göyərtəsində dayanan Joao gülürdü.

"Yalnız səfehlər qadınlara inanır..."

Səhər əla əhval-ruhiyyə ilə Viol­etanın yanına getmişdi. Joao düşünürdü ki, onun vitrinində görüb bəyəndiyi mavi ipək paltarı gətirəndə Viol­eta necə sevinəcək. Amma hər şey tamam başqa cür oldu. Mühəndis uduzandan sonra susmaq əvəzinə, ertəsi gün polisə gedib Joao haqqında ağlına gələn hər şeyi danışmış, kapitan adını haradan aldığını araşdırmağı tələb etmişdi. Polis araşdırmaya başlamadı, çünki Joao heç yerdə tapılmırdı. Rodolfo onu etibarlı şəkildə gizlətmişdi. Aq­ripino Doka ona İlyeus və kakao haqqında saysız-hesabsız möcüzəli əhvalatlar danışmışdı. İndi isə Bahiada səkkiz ay qaldıqdan sonra Joao İlyeusa gedən gəmidə idi. Son vaxtlar orada iri kakao plantasiyaları meydana çıxmış, onların ardınca da qısa müddətdə sərvət toplamış adamlar peyda olmuşdu. Joaonun barmağında mühəndisin üzüyü, bir cibində kart dəstəsi, o birində isə yüz ədəd vizit kartı vardı:

Kapitan doktor Joao Maqalyaens

hərbi mühəndis

Səkkiz ay ərzində bu qədər sevdiyi şəhərdən ayrılmağın yaratdığı kədər yavaş-yavaş dağıldı. Joao ətrafdakı mənzərəyə diqqətlə baxmağa başladı: uzaqda hələ görünən ağaclara, indi tamam xırda görünən evlərə. Gəmi fit verdi. Su çilənməsi Joaonun saman şlyapasını islatdı. O, şlyapanı çıxarıb ətirli dəsmalla sildi və əlində saxladı. Sonra qəsdən dağınıq, yüngül dalğalar şəklində düzəltdiyi saçlarını səliqəyə saldı. Göyərtədəki adamlara nəzər yetirdi: baxışlarını artıq ayırd edə bilmədiyi limandan çəkməyən qara geyimli kişidən başlayıb, kommis-voyajora yarıvəhşi San-Jorje-dos-İlyeus diyarındakı macəralarından danışan kök polkovnikə qədər hamısını gözdən keçirdi. Joao barmağındakı üzüyü oynada-oynada sərnişinlərin sifətlərini öyrənirdi. Görəsən, onların arasında oyun üçün yoldaş tapacaqdı? Düzdür, cibində artıq kifayət qədər pul vardı, amma pul heç vaxt adama mane olmur. O, astadan fit çalmağa başladı.

Gəmidəki söhbət getdikcə hamının qoşulduğu ümumi söhbətə çevrilirdi. Joao hiss etdi ki, tezliklə onu da bu söhbətə cəlb edəcəklər və özü üçün necə yoldaş seçəcəyini düşünürdü. Bir siqaret çıxarıb məhəccərə döyəclədi, kibrit yandırdı. Sonra diqqətini yenidən mənzərə çəkdi: gəmi qumlu burunun arxasından çıxaraq sahilə lap yaxın üzürdü. Gil ilə suvanmış miskin bir daxmanın yanında nəhəng qarınlı, çılpaq iki uşaq gördü; uşaqlar gedən gəminin arxasınca nə isə qışqırırdılar. Başqa bir daxmanın pəncərəsindən yaraşıqlı bir qız boylanıb əl edirdi. Joao düşündü: bu salam kimin üçün idi - ocaqçının, yoxsa gəmidəki sərnişinlərin? Amma yenə də hamının əvəzinə cavab verdi, arıq əlini zərif və nəzakətli bir hərəkətlə qaldırdı.

Kök polkovnik Bahia şəhərindəki bir fahişəxanada düşdüyü qalmaqaldan danışaraq kommis-voyajoru dəhşətə gətirmişdi. Bir neçə avara mulat qıza görə onun üstünə hücum etmək istəmişdi. O, parabellumunu çıxarıb güclə belə qışqırmışdı:

- Görək, hansınız daha cəsarətlisiniz! Mən İlyeusdanam...

Xuliqanlar qorxub geri çəkilmişdilər.

Kommis-voyajor polkovnikin cəsarətinə heyran qalmışdı.

- Afərin sizə, senyor, vallah, əsl kişisiniz!

Kapitan Joao Maqalyaens yavaş-yavaş onların yanına yaxınlaşırdı.

 

Tərcümə: Malik ATİLAY


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!