Türkiyənin müasir qısa hekayə yazıçılarından biri olan Saliha Yadigar 1963-cü ildə İstanbulda anadan olub. İstanbul Universtitetindən məzun olan (1984) yazıçı bir müddət mühəndis kimi çalışıb. 1986-cı ildən etibarən qısa hekayələri "Varlıq", "Eylül", "Damar", "Papirüs", "Öykü şiir", "İnsancıl", "Üçüncü öyküler", "E" kimi ədəbi jurnallarda dərc olunub. "Unutma məni" (1993), "Nümayiş məhəlləsi" (2001), "Zinhak" (2025) kimi qısa hekayə kitablarının müəllifidir. Yazıçının yazmağa başlama prosesindən, yazma üsullarından, hekayələrinin mövzularından bəhs edən müsahibəsini təqdim edirik.
- Yazma sərgüzəştiniz nə vaxt, necə, harada başlayıb? İlk qığılcımın harada çaxdığını xatırlayırsınızmı?
- Oxumağı öyrəndiyim gündən yazıram; ibtidai məktəbdə, orta məktəbdə, liseydə. Amma bunlar sayılmaz. Əsl yazı sərgüzəştim 1984-cü ildə universitetdən məzun olarkən özümü sorğulama və bununla yanaşı intensiv oxuma, film izləmə, sənətin bir çox növü ilə maraqlanma, sənət jurnallarını izləmə prosesimlə başladı. 1985-ci ilin gənclik ili elan olunması həm oxuma, həm də yazma prosesinə girməyimə səbəb oldu. Yazdıqlarım heç cür yayımlanmırdı, mən isə dayanmadan yazırdım. Beləcə bir qovluq hekayə ortaya çıxdı. Onları "Düşün" jurnalına apardım, orada Ənvər Ərcan dedi ki: ""Varlıq" jurnalında Çingiz Gündoğdu gənclərin hekayələrini yayımlayır". Mən də ora apardım. Çingiz bəy qovluqdakı 5 hekayəni bəyəndi, ən çox bəyəndiyini dərhal yayımladı. Sonra peşəm (meşə mühəndisliyi) səbəbilə başqa yerə köçdüm, orada çox yaza bilmədim. 1988-də Ankaraya təyinatım çıxınca yenidən yazmağa başladım. Məni ikinci dəfə kəşf edən və dəstəkləyən yazar və nəşriyyatçı İzzət Kılıçlı oldu. "Damar" və "Yazıt" jurnallarında hekayələrimi yayımladı və ilk kitabımı ("Unutma məni") çıxardı. Ankarada bir çox hekayəçi ilə tanış oldum, "Yazıt" jurnalı sayəsində mühüm irəliləyiş əldə etdim. Üçüncü dəfə kəşf edilməyim isə "AdamÖykü" jurnalı sayəsində oldu. Orada hekayələrimin yayımlanması və çox fərqli hekayələrlə qarşılaşmağım başqa bir sıçrayışa səbəb oldu.
- Yazar olduğunuza görə kitablarla yoğrulmuş olmalısınız. Sizdə mühüm bir, ya da bir çox dəyişiklik yaradan kitab oxumusunuzmu?
- Əlbəttə, oxumuşam. Demək olar ki, hər kitab bir dəyişiklik yaradır. Orhan Pamukun dediyi kimi: "Bir kitab oxudum, həyatım dəyişdi". Məsələn, Simone de Bovuarın qadın seriyasından olan kitabları qadınlara baxışımı zənginləşdirmişdi. Sait Faik, Səbahəttin Əli, Oktay Akbal kimi yazarlar empatiya hissimi artırdı. Con Berqerin "Görmə Biçimləri" kitabı isə görmək və baxmaq arasındakı fərqi öyrətmişdi mənə. Leyla Ərbil qadının azad tərəflərini vurğulayaraq nə qədər mühafizəkar olduğumu göstərmişdi.
- Sizcə, insanın insan olma macərasında ən çox hansı kitab insanlığı daha yüksək mərtəbəyə qaldırdı?
- Cavab nisbidir. Şəxsə görə dəyişir. Çox nümunə var: "Kapital" (Marks), "Kommunist Manifesti" (Marks, Engels), "Dövlət" (Platon), "Poetika" (Aristotel), "Yeni Dünya" (Səbahəttin Əli), "Qaranlığın Günü" (Leyla Ərbil), "Aləmdağda var bir ilan" (Sait Faik), Çexovun bütün hekayələri, "Madam Bovari" (Flobert), "Yad" (Kamyu), "Çevrilmə" (Kafka)... Hansı daha çox, bilmirəm. Hər birinin kiçik və ya böyük, öz töhfəsi var.
- Uşaqlığınızdan kitabla bağlı bir xatirəniz varmı?
- İlk ədəbi kitabları orta məktəbdə Türkcə müəllimimiz sayəsində oxumuşduq. Müəllimimiz bir şeir müsabiqəsi təşkil etmişdi. Mən qatılmamışdım, amma birinci olan uşaq üçün hədiyyə ediləcək kitabı almağa məni göndərmişdi. Qürurlanmışdım. O kitab Brextin "Xalqın çörəyi" idi.
- İndi başqa mövzuya keçək. Ölkəmizdə (Türkiyədə) niyə bu qədər çox hekayəçi var?
- Hekayə maraq doğuran bir janrdır. Elə görünməsə də çox oxunur, hekayə atelyeləri açılır, şairlər belə hekayəyə yönəlir. Çünki Çexov, Məmduh Şövkət, Sait Faik, Səbahəttin Əli, Qoqol kimi ustalar var. Kortazar var, Ketein Mensfild var. Cəmil Kavukçu var. Çox xüsusi bir janrdır hekayə. Hər şeyi danışa bilərsiniz. Bəzən bir ömrü, bəzən bir anı, bəzən bir sənət əsərini, ya da bir insanla bir heyvanın ünsiyyətini. Belə olunca insanlar yazmadan dayana bilmirlər.
- İnsanların yaşadıqlarınımı, yoxsa yaşamadıqlarınımı, yazmaq daha mənalıdır?
- Məncə, mövzunun önəmi yoxdur. Yaşanmış da ola bilər, yaşanmamış da. Xəyal edilən bir şey də ola bilər, iz buraxmış bir hadisə də. Əsas olan ədəbi bir biçimdə, özünəməxsus üslubla yazmaqdır. Mövzunu mənalı edən yazıçının üslubudur.
- Hekayəçiliyinizdə xüsusi bir metod varmı? İzlədiyiniz bir yol xəritəsi mövcuddurmu?
- Hekayələrim tamamilə təbii şəkildə yazılır. İlham gəlir, oturub yazıram, sonra bəlkə bəzi düzəlişlər edirəm. Yol xəritəm - ürəyimdir.
- Mükafat sistemi haqqında nə düşünürsünüz?
- Əgər həqiqətən, haqqıyla təşkil edilirsə, haqq edənə verilirsə mükafat, yaxşıdır. Amma nə qədər obyektiv oluna bilər, bilmirəm. Yazıçını qalıcı edən mükafatlar deyil, üslubu, davamlılığı, əsərləridir. Qalanı təfərrüatdır.
- Hekayələrinizdə sevgi, qadın-kişi münasibətlərini mövzuya çevirdiyinizi görürəm. Bu gündən dünənə və ya bundan sonrasına baxdığınızda qadın-kişi münasibətləri haqqında nə düşünürsünüz?
- Çağımız, məlum, ünsiyyət çağıdır. İnternet hər şeyi asan və sürətli etdi. Bu səbəbdən də köhnə sərhədlər, utancaqlıqlar, emosional yanaşmalar minimuma endi. Məktub yazmaq üçün belə uzun-uzun düşünürdük. Uzaqdan sevərdik. Maneələrin qalxması münasibətlərdəki mənfi tərəfləri gözlə görünür hala gətirdi. Sevginin müqəddəsliyinə rastlaşmaq çətinləşdi.
- "Ölüm və Zülüm" hekayəniz yaşadığınız bir hadisədən yola çıxaraq yazılıb?
- Hekayələrimdə yaşadıqlarımdan izlərə rast gələ bilərsiniz. Amma tamamilə eyni olduğunu deyə bilmərəm. Daha öncə "Nümayiş məhəlləsi" kitabımda "Əlçatmaz" adlı bir hekayəm vardı. Onun başqa bir versiyasını yazmaq istədim. "Ölüm və Zülüm"dəki ən real şəxs İlhandır. Bəzən məni təsirləndirən insanlar hekayələrimə öz-özünə daxil olur.
- Hekayələrinizin ümumi mövzusu insan münasibətləri üzərində qurulur?
- Təkcə insan münasibətləri üzərində deyil. Bəli, əsasən insan münasibətləri olur, amma hekayələrim qüsursuz bir dünya xəyalı üzərindədir. O dünyada insanlar həssas, sevgi dolu, həssas, iqtisadi və sosial şərtlər ideal olur. Bunu bəzən tərsinə çevirərək vurğuladığım da olub.
- "Uğultu" hekayəsində uşaq, metafordurmu?
- Şərhini oxucuma buraxıram. Necə başa düşülürsə, elədir. Bir mənada metafordur, digər tərəfdən qəhrəmanlardan biridir. Simone de Bovuar deyir ki: "Əsər yayımlandıqdan sonra sizin olmaqdan çıxar".
- Hekayələrin qısalığı və uzunluğu haqqında nə düşünürsünüz? Yaxşı bir hekayənin meyarları nələrdir?
- Bir hekayənin qısa və ya uzun olması onun uğuru üçün ölçü deyil. Hekayənin bütövlüyü, oxucuya verdiyi təəssürat və ya duyğu, oxucunu içinə alıb-almaması, dili, üslubu, çatmaq istədiyi şey, atmosferi - bütün bunlar hekayənin keyfiyyətini müəyyənləşdirir. Məsələn, Qelina bir neçə cümlə ilə bizi alır, uçurur və sonra götürdüyü yerə gətirib qoyur. Fərid Edgünün minimal hekayələri də oxucunu sarsıdır.
- Sonuncu kitabınızın adını bir az açarsınızmı, haradan təsirləndiniz?
- Kitabın adı: "Zinhak". Sülh arzusuna dair bir nağıl yazmaq istəmişdim. Eyni yerdə yaşayan fərqli mədəniyyətlərin bir arada, sülh içində yaşaya bilmə arzusu. Sülhü bir qadın olaraq xəyal etdim və o qadına bir ad verdim. Gözəllərin gözəli, arzulanan, xəyal edilən bir qadın. Eyni zamanda bir bütünün ən mühüm parçası. Dəyəri bilinmədikcə yox olan, fərq edilməyən bir parça.
- Kitab üz qabığı mövzusundakı seçiminiz necə gerçəkləşdi?
- İlk kitabım istisna olmaqla, bütün kitab üz qabıqlarım bacımın (Saimə Yadigar) rəsmlərindən seçilmişdir. "Nümayiş məhəlləsi" üçün xüsusi bir rəsm çəkmişdi. Digərlərini isə bacımın kitabımın mövzusuna ən uyğun olan və ən çox sevdiyim rəsmlərindən seçmişəm. Doğrusu, bütün rəsmləri mənim üçün gözəldir.
- Son olaraq söyləmək istədiyiniz bir şey varmı?
- Həyatda ən zövqlü şeylərdən biri oxumaqdır. Yazmaq, xoşbəxt olmaq, özünüzü inkişaf etdirmək istəyirsinizsə oxuyun. Hər hansı bir yerdə diqqətinizi çəkən bir kitabla başlayın, sonrası öz-özünə gələcəkdir. Oxucu olaraq öz yolunuzu müəyyənləşdirəcəksiniz.
Hazırladı: Nilufər HACILI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
