Avropada bir kabus dolaşır: yenə Nobel ödülü veriləcək - Qabriel Qarsia MARKES

 

Hər il ədəbiyyat üzrə Nobel ödülünün növbəti sahibinin elan olunacağı bu mövsümdə dünyanın nüfuzlu qələm adamları anlaşılmaz bir kabusun təsirinə qapılırlar. Zəmanəmizin ən görkəmli yazıçılarından və sözügedən mükafatın illər uzunu danılmaz iddiaçılarından sayılan Xorxe Luis Borxes bir dəfə müsahibə verərkən şikayətlənibmiş ki, hər ilin bu iki ayını o, avqurların (Qədim Roma mifologiyasında: gələcəkdən, olacaqlardan müjdə verən kahinlərın) orada uzun-uzadı "eşələnmələri" ucbatından çəkilməz bir intizar içində keçirir. Bunun da səbəbi bəllidir: Borxes - ən yüksək özəlliklərə malik bir sənətkardır, ispan dilində yazıb-yaradanların ən dahisidir və bu baxımdan da yazarın adı hər il tərtib olunan o siyahılara sırf üzgörənlik üçün salınmır, yəni onun buna sözün tam mənasında haqqı çatır.      

Ancaq mən bircə dəfə də düzgün proqnozun verildiyi ili xatırlamıram. Hətta başqalarından çox, məhz laureatların böyük qismi verilən qərarlara heyrətlənirlər. 1969-cu ildə mükafata layiq görülməsilə bağlı xəbər irland dramaturqu Səmüel Bekketə telefonla bildiriləndə, çaşqınlıq keçirən yazar tam səmimiyyətlə demişdi: "İlahi, nəhsliyə bir bax!"

1971-ci ildə Akademiya rəsmi bəyanatdan üç gün öncə Pablo Nerudaya qələbə çaldığını gizli şəkildə çatdırmışdı. Həmin vaxt Neruda Parisdə Çilinin səfiri vəzifəsində işləyirdi. Xəbəri aldığı günün səhərisi şair, içi mən də daxil, bir neçə dostunu şam yeməyinə dəvət elədi. Ancaq o süfrənin hansı səbəblə qurulduğunu və bir araya niyə gəldiyimizi biz yalnız axşam qəzetlərində son xəbərləri oxuyandan sonra anladıq.   

Sonradan Neruda özünün o təkrarsız və həlim təbəssümüylə etiraf eləyəcəkdi: "Öz gözlərimlə görməyənə qədər mən buna əsla inana bilməzdim axı!" Bundan bir neçə gün sonra Monparnas bulvarındakı səs-küylü restoranlardan birində şam yeməyi zamanı o, qəflətən təlaşa qapıldı ki, bəs Nobel nitqim hələ də hazır deyil, halbuki mükafat təqdim olunandan sonrakı qırx səkkiz saat ərzində həmin nitqi oxumalıyam. Elə eyni təlaşla da dərhal menyunu qapatdı, həm nəfəsini dərmədən, həm ətrafındakı hay-küyə və uğultuya məhəl qoymadan, tamamilə təbii bir ovqatın təsiri altında, adətən şeirlərini yazdığı, yox ey, şeirlərinin rəsmini yaratdığı yaşıl mürəkkəbli qələmiylə yüksək kürsüdən söyləyəcəyi misilsiz nitqin mətnini birbaşa kağıza yazdı...

Bəzi qələm adamlarının və tənqidçilərin rəyinə görə, isveçli akademiklərin yekun rəyi, adətən üzü maya doğru, yəni qarlar əriyəndə hasil olur, bəzi finalçıların mətnlərini isə onlar yayın cırhacır istilərində oxumalı olurlar. Yayın istisi canlarından hələ tam çıxmamış, yəni oktyabrda isə, onlar öz yekun qərarlarını açıqlayırlar.

Başqa bir versiyaya görə, Xorxe Luis Borxesin adı hələ 1976-cı ilin mayında qısa siyahılara salınsa da, noyabr sıralamasında artıq... oradan çıxarılıbmış. Həqiqətən də, dili hər nə qədər ağır olsa da, usta yazar sayılan Sol Bellounun (ABŞ) adı ən son məqamda həmin siyahıya salınmış və o, həmin ilin laureatı seçilmişdi. O il belə bir fakt da gözardı edilmişdi ki, digər sahələr üzrə qaliblər də məhz amerikalılardır.

Ancaq bir faktı da heç cür danmaq olmaz: həmin il sentyabrın 22-də Xorxe Luis Borxes general Auqusto Pinoçetin iqamətgahına getmişdi. Onun bu hərəkəti ədəbiyyat aləmində açdığı ciddi cığırla heç cür uzlaşmırdı. Orada söylədiyi bədnam nitqdə yazıçı belə demişdi: "Məni hüzurunuza dəvət etməklə, senyor general, siz mənə haqq etmədiyim mərtəbədə yüksək bir iltifat göstərdiniz. - Sözünə davam edərək, o, mətləbə dəxli olmayan və deməyə məcbur olmadığı bu fikri də nədənsə dilinə gətirmişdi: - İndi Argentinanın, Çilinin və Uruqvayın dövlət başçıları asayiş və azadlıq uğrunda gərgin mübarizə aparırlar". Təmkinini pozmadan daha sonra əlavə eləmişdi: "Və bütün bunlar kommunistlərin özbaşınalıq girdabına və xaosa sürükləməyə çalışdığı bir qitədə baş verir". Onun bu cür həlləm-qəlləm bir ifadəni sırf Pinoçeti dolamaq üçün söylədiyini təxmin eləmək çətin deyildir, əlbəttə. Amma soyuqqanlı isveçlilər Argentina yumoruna xas bu məqamı heç cür anlamamışdılar. Ona görə həmin gündən etibarən Borxesin adı bütün proqnozlardan kənarda qaldı. İndi, yəni o haqsız epitimya (xristianlıqda: günahkar şəxsə verilən mənəvi cəza - A.Y.) ortadan qalxdığı bir vaxtda, Borxesin adı Nobelə təxmini namizədlər arasında təkrar hallanmağa başlayıb, bu faktda onun çılğın fanatları kimi bizi, həm də yazarın siyasi rəqiblərini sevindirəcək bir məqam varsa, bu da onun hərilki intizardan, ən nəhayət, canının qurtulmasıdır.

(Qeyd: X.L.Borxes 1986-cı ildə vəfat edib - A.Y.)

Onun ən təhlükəli rəqibləri isə ingiliscə yazan iki romançı idi. Bunlardan biri əvvəllər sən deyən məşhur olmasa da, "Nyusuik" jurnalının xüsusi təqdimatı sayəsində ədəbi meydana çıxmışdı: nəşrin 18 avqust tarixli sayında o, nəsrin nəhəng ustadı kimi qələmə verilmişdi və belə deməyə yetərincə əsas da var imiş. Təsəvvürünüzə gətirin ki, o yazarın tam adı, Vidiadhar Suracprasad Naypol idi. 47 yaşlı bu şəxs bizə yaxın bir yerdə, Trinidad adasında doğulmuşdu, atası hindli idi, anası isə Karib hövzəsi sakini. Yetərincə kəskin mövqeyi ilə tanınan bəzi tənqidçilər onu ingilis dilində yazan çağdaş müəlliflərin ən nəhəngi sayırdılar.

İkinci rəqib isə Borxesdən beş yaş cavan olan və ədəbi uğurları baxımından ondan əsla geri qalmayan Qrem Qrin (Henri Qrehem Qrin) idi: yetkin yaşında şöhrət çələngini qazanmağa o, başqalarından heç də az can atmırdı.     

Hələ 1972-ci ilin payızında Londonda olarkən Naypol özünü Karib hövzəsi ədəbiyyatına çox da aid etmədiyini artıq dilə gətirmişdi. Yaxın dostlarla bir arada ikən bunu ona xatırlatdım. O da əvvəl xəfifcə tutuldu, təxminən, bir dəqiqə düşünəndən sonra çöhrəsinə zorla bir təbəssüm qonduraraq, mənə: "Good claim" (ingiliscə: Haqlı iraddır) dedi.

Börkhəmsteddə (İngiltərə) doğulan Qrem Qrin isə jurnalistin ünvanladığı: "Özünüzü latın amerikalı yazar sayırsınızmı?" sualına zərrəcə tərəddüd keçirmədən belə cavab vermişdi: "Təbii ki. Üstəlik, mən bundan hədsiz dərəcədə məmnunam, çünki ən gözəl əsərlər hazırda Latın Amerikasında yazılır, oradakı ustad yazarların başında isə Xorxe Luis Borxes dayanır".

Bir neçə il əvvəl ən müxtəlif məsələlərin qarşılıqlı müzakirəsi əsnasında Qrinə etiraf elədim ki, belə geniş mövzu dairəsinə və orijinal ədəbi mirasa sahib bir qələm adamının Nobel mükafatından məhrum qalması hərdənbir yadıma düşür, bundan həm dərin təəssüf hissi keçirir, həm də əsəbiləşirəm.   

O isə tam soyuqqanlılıqla bildirdi:

- Nobeli heç vaxt almayacağam, çünki onlar məni ciddi yazar saymırlar...

Ədəbiyyat (və digər sahələr üzrə) Nobel mükafatına laureatları təyin edən İsveç Akademiyası 1786-cı ildə təsis olunub və bundan məqsəd Fransa Akademiyasına bənzər bir şey yaratmaq imiş. Amma o dövrdə heç kəsin ağlına gəlməzdi ki, zaman ötdükcə, bu qurum dünyanın ən nüfuzlu ekspertlər birliyinə çevriləcək. Onun 18 nəfərlik heyətinə əsasən ahıl yaşdakı insanlar daxildir: bu şəxslər, adətən söz sənəti sahəsində böyük nüfuza malik akademiklər arasından seçilir.

O heyətdə iki filosof, iki tarixçi, iki nəfər German dilləri üzrə mütəxəssis vardı və bunların sadəcə biri qadın idi. Yeri gəlmişkən, kişi şovinizminə dəlalət edən yeganə fakt da bu deyildi: mükafatın mövcud olduğu səksən il ərzində kişi cinsindən laureatların sayı 69, zərif cins nümayəndələrinin sayı isə cəmi 6 nəfər olmuşdu.

Ən nüfuzlu akademiklərdən biri sayılan professor Lindrot Sten iki həftə əvvəl, yəni sentyabrın 3-də dünyadan köçdüyü üçün builki səsvermədə münsiflərin sayı cüt olmayacaqdı.

Akademiklərin namizədləri müzakirəetmə və hansısa ortaq rəyə gəlmə şəkli, bu əsnada hansı motivləri əldə rəhbər tutmaları, yaxud hansı güzəştlərə və niyə getmələri - yaşadığımız zəmanənin ən məhrəm, həm də min bir ciddi-cəhdlə qorunan sirləridir. Onların dəyər biçmə meyarları sirr pərdəsinə bürünübdür, bəzən zidd rəylər doğurur, bəzən adama ağlasığmaz görünür, bütün bunlarla yanaşı, qərarlar birgə qəbul olunur, gizli saxlanılan nəticələrə isə heç bir halda yenidən baxılmır. Əgər seçimlər tam ciddiyyətlə aparılmasaydı, düşünmək olardı ki, hansısa etirazçını sırf cırnatmaq xatirinə akademiklər hər halda belə gözlənilməz qərara gəliblər. Bir də bilirsiniz, nə düşünürəm? Ölümə bunca bənzəyən ikinci şey yaşadığımız dünyada çətin tapılar.    

Belə yüksək gəlir gətirən sərmayənin harada saxlanıldığı da eyni ciddi-cəhdlə qorunmaqdadır. 1895-ci ildə Alfred Nobel (bu soyaddakı vurğu "o" səsinə yox, "e" səsinə düşür) 9.200.000 dollarlıq mükafat fondu yaradıb ki, bu məbləğin illik faizləri hər il, noyabrın 15-dən gec olmamaqla, 5 laureat arasında bölüşdürülsün. Konyunkturadan asılı olaraq, təbii ki, faizlər də ildən-ilə dəyişir. Məsələn, 1901-ci ildə, yəni mükafat ilk dəfə təqdim olunanda, laureatların hər biri 30.160 İsveç kronu almışdısa, 1979-cu ildə bu rəqəm 160.000 krona (2.480.000 pesetə) qədər yüksəlmişdi.  

Bəzi bədxahlar deyirlər ki, sözügedən sərmayə Cənubi Afrikadakı qızıl emalı mədənlərinə yatırılıbdır və deməli, Nobel mükafatının mayasına qaradərili qulların qanı da qarışıbdır. Lakin İsveç Akademiyası heç bir suçlamaya cavab vermir və ictimai məzmunlu bəyanatlarla da çıxış eləmir, halbuki sırf özünümüdafiə məqsədilə deyə bilərdi ki, pul vəsaitləri onun yox, məhz İsveç Bankının sərəncamındadır. "Bank" adlanan bir qurum isə, adından da göründüyü kimi, hər cür hissiyyatdan məhrumdur.     

Daha bir məqam isə İsveç Akademiyasının daxilindəki siyasi çalarlı dəyərlər sistemilə birbaşa bağlıdır. Bəzən elə laureata üstünlük verilir ki, adam bütün akademiklərin ucdantutma liberal-idealist olduğuna inanmağa başlayır. Onlar üçün ən aşılmaz və ən şərəfli maneə isə vaxtilə Hitlerlə bağlı olub: bu siyasi xadim 1938-ci ildə mükafat təsisçisinin yəhudi olduğunu əsas gətirib və əsassız bir bəhanəyə söykənməklə, öz soydaşı olan almanlara bu ödülü almağı yasaqlayıb. Məhz bu səbəbdən Rixard Kun kimya sahəsində layiq görüldüyü Nobel mükafatından imtina etməyə məcbur qalıb.  

Ya ehtiyatlılıq, ya da hansısa prinsiplər ucbatından İkinci Dünya müharibəsi illərində mükafat heç kəsə verilməyib. Amma Avropa qitəsi yaşadığı sarsıntılardan sonra özünə gələn kimi İsveç Akademiyası öz tarixində ilk dəfə ən çətin güzəştə getdi - ədəbiyyat üzrə (!) Nobel mükafatı ser Uinston Çörçillə verildi, çünki mükafatın verildiyi sahələrin heç biri üzrə, ən çox da "xalqlar arasında sülhün möhkəmləndirilməsi" üzrə mükafat o dövrün ən nüfuzlu şəxsiyyətlərindən biri sayılan Çörçillə heç bir halda verilə bilməzmiş...   

Ehtimal olunur ki, İsveç Akademiyasının ən qəliz tərəf müqabili tarixən Sovet İttifaqı olub. 1958-ci ildə görkəmli şair Pasternak bu mükafata layiq görüləndə vətəninə geri dönə bilməyəcəyindən ehtiyatlanan laureat yüksək ödüldən imtina eləyib. Sovet hökuməti guya bu mükafatı özünə qarşı aşkar provokasiya kimi dəyərləndirib. Halbuki 1965-ci ildə eyni mükafat sovet yazıçılarının ən iqtidaryönlüsü sayılan Mixail Şoloxova veriləndə SSRİ rəhbərliyi nədənsə bunu görünməmiş sevinc hissiylə qarşılayacaqdı. 

Buna rəğmən, beş il sonra ən məşhur sovet dissidenti Aleksandr Soljenitsın laureat olanda, sovet hökuməti, bizdə deyildiyi kimi, "hər iki yüyəni əlindən buraxaraq" hay-həşir qaldırdı ki, bəs Nobel mükafatı imperializmin əlində silaha çevrilibdir. Halbuki qalib olduğu vaxt Pablo Nerudanın aldığı ən səmimi təbriklər nədənsə - yenə də! - məhz Sovet İttifaqından, həm də dövlətin yüksək rəsmi şəxslərindən gəlmişdi.

Bir sovet dostum mənə demişdi: "Nobel ödülünün bizim də könlümüzcə olan adama verilməsi, təbii ki, xoşdur. Bunun əksi baş verəndə isə biz o mükafatı pisləməyə məcburuq". Əslində bu açıqlama göründüyü qədər də bəsit sayılmaz, çünki qəlbimizin dərin guşələrində elə hamımız məhz bu cür davranırıq...   

Akademiyanın ispan dilini yaxşı bilən yeganə üzvü şair Artur Lundkvistdir. Bizim yazarların əsərlərilə ən əvvəl o, özü tanış olur, onların namizədliyini irəli sürür və önə keçmələri üçün üstüörtülü bir şəkildə mübarizəyə girişir. Ona görə də bu adam təsadüfən, həm də özündən xəbərsiz şəkildə ispandilli ədəbiyyatın sirli, gözəgörünməz bir tanrıçasına çevrilibdir, çünki söz sənətimizin taleyi və gələcək inkişafı dolayı yolla, az və ya çox dərəcədə ondan da asılıdır. Gündəlik yaşamında o, həyat eşqi aşıb-daşan ahıl bir insandır, yumor duyumu da bizim latın amerikalılarınkından seçilmir, onun sadə yaşayış şəraitini görənin isə yatsa, heç yuxusuna da girməz ki, bu adam kimlərinsə taleyində həlledici rol oynaya bilər.    

Bir neçə il əvvəl bizi tipik isveç şam yeməyinə - qızardılmış ət ilə ilıq pivə içməyə - dəvət edən bu akademik qəhvələrimizi onun kitabxanasında içməyi təklif elədi. Oranı görüncə, hədsiz dərəcədə heyrətləndim. Rəflərə xeyli sayda ispanca kitab düzülmüşdü, bunların aralarında yaxşıları da vardı, zayları da, amma hamısında xatirə sözləri yazılmışdı, müəlliflərin bir qismi - dünyasını dəyişdiyindən - Nobel üçün növbəni artıq tərk eləmişdi, bir qismi, yəni dirilər isə hələ də təlaş içində gözləyirdilər. Ev yiyəsinin izniylə bəzi ithaf yazılarını oxumaq istəyimi dilə gətirəndə, üzünə nəcib təbəssüm qonduran Lundkvist buna icazə verdi. İthaf yazılarının böyük qismi təsirli, ürəkdən gələn sözlər idi, bəziləri isə adamı əməlli-başlı sarsıdırdı. Bu səbəbdən ev yiyəsinə öz kitablarımı hədiyyə edərkən mən də onlara sadəcə imza atmaq fikrimdən daşınmalı oldum. Ah, bu komplekslər, bu komplekslər! Onların cəngindən necə qaçıb-qurtulaq axı?! 

 

8 oktyabr 1980

 

Qeyd: Qabriel Qarsia Markes 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Oxuculara təqdim olunan mətn isə bu əlamətdar hadisədən iki il öncə qələmə alınıb.

 

 

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!