İtalyan yazıçı, rəssam, həkim və müstəqil solçu siyasətçi (antifaşist siyasətçi) olan Karlo Levi 29 noyabr 1902-ci ildə Turin şəhərində, varlı yəhudi həkim Erkole Levi və İtaliyanın sosialist lideri Klaudio Trevesin bacısı olan Annetta Trevesin ailəsində anadan olub. O, 1917-ci ildə orta məktəbi bitirib. Turin Universitetində tibb üzrə təhsil alıb həkim kimi məzun olan Levi, yalnız tibb sahəsində karyera qurmayıb, həm də rəssamlıq, ədəbiyyat və siyasətlə məşğul olub. Levi 1924-cü ildən 1928-ci ilə qədər Turin Universitetinin klinikasında professor Mikelinin köməkçisi kimi çalışıb. Hepatopatiya və öd yollarının xəstəlikləri ilə bağlı tədqiqatlar üzərində işləyən Levi, eyni dövrdə ixtisas təhsilini Parisdə professor Burqinion ilə davam etdirib. Universitet illərində Levi Pyero Qobetti ilə dostlaşır və bu onun həyatı boyu davam edəcək siyasi aktivizmə marağını oyadır. Turin Universitetini bitirdikdən qısa müddət sonra Levi XIV Venesiya Biennalesində bəzi əsərlərini sərgiləyib. Həyatını eyni illərdə rəssamlığa həsr etmək qərarına gələn Levinin Parisdə rəssam və tibb tələbəsi kimi ilk dövrləri onu XX əsrin bir çox görkəmli şəxsiyyətləri, o cümlədən, Sergey Prokofyev, İqor Stravinski, Alberto Moravia, Corco de Kiriko və başqaları ilə tanış edib. 1920-1930-cu illərdə İtaliyadakı faşist rejiminə qarşı çıxan ziyalılar arasında yer alan yazıçı 1935-ci ildə bu səbəbdən İtaliyanın cənubundakı Lukaniya bölgəsinə sürgün edilib. Sürgün illərində yerli əhalinin yoxsulluğunu və həyat şəraitini yaxından müşahidə edən Levi, bu təcrübələrindən 1945-ci ildə nəşr olunmuş "Məsih Ebolidə dayandı" kitabında bəhs edib. Yazıçının ən məşhur əsəri hesab edilən bu kitab tez bir zamanda geniş oxucu kütləsi qazanır və müasir İtaliya ədəbiyyatının klassikinə çevrilir. 1979-cu ildə kitab Françesko Rosinin rejissorluğu ilə filmə uyğunlaşdırılıb və baş rolda Can Maria Volonte Karlo Levi rolunu canlandırıb. İkinci Dünya müharibəsindən sonra jurnalistlik və siyasi fəaliyyətinə davam edən Levi daha sonra İtaliya Senatında vəzifəyə gəlib. Ədəbiyyat, sənət və siyasi düşüncəni özündə birləşdirən əsərləri onu XX əsr İtaliya mədəniyyətinin aparıcı simalarından biri kimi tanıdıb. O, 4 yanvar 1975-ci ildə Romada vəfat edib və sürgündə illərini keçirdiyi Aliano şəhərində dəfn edilib. Yazıçının "Məsih Ebolidə dayandı" ("Cristo si e fermato a Eboli") əsərindən hissələri ilk dəfə dilimizdə təqdim edirik.
***
Müharibələrlə və insanların tarix adlandırdığı şeylərlə dolu çox illər keçdi. Bir yerdən başqa yerə sürükləndiyim üçün kəndlilərimdən ayrılarkən onlara verdiyim aralarına qayıdacağım vədini hələ də yerinə yetirə bilməmişəm; üstəlik, yerinə yetirə biləcəyəmmi və ya nə vaxt yerinə yetirə biləcəyəm, bunu da bilmirəm. Amma başqa bir dünyanın bir otağına qapandığım zaman, Tarix və Dövlət tərəfindən təcrid edilmiş, kəndlilərin durğun sivilizasiyalarını səfalət və viranlıq içində, qısır torpaqlarda, rahatlıqdan uzaq, adət-ənənə və kədərlə əhatə olunmuş şəkildə tək, ölümlə üz-üzə yaşadıqları əbədi səbir dünyasına xatirələrimdə də olsa səyahət etməkdən məmnunam.
***
"Biz xristian deyilik", deyirlər, "Məsih buraya, Eboliyə çatmamış dayanıb". Onların dilində xristian insan deməkdir; dəfələrlə eşitdiyim bu ifadə, bəlkə də, onların dilində kədərli bir alçaldıcı ifadədən başqa bir şey deyil. Biz xristian deyilik, insan deyilik, insan sayılmırıq, yalnız heyvanlar, yük daşıyan heyvanlar kimi, hətta heyvanlardan da aşağı, vəhşi heyvanlar kimi yaşayırıq. Lakin biz üfüqdən kənarda xristian dünyasına, onun ağırlığına və aramızdakı müqayisələrə dözmək məcburiyyətindəyik. Lakin bu ifadənin daha dərin, həmişə simvolik şeylərdə olduğu kimi hərfi mənası var. Məsih, həqiqətən də, yolun və qatarın Salerno sahillərindən və dənizindən ayrılıb Lukaniyanın viran torpaqlarına doğru getdiyi Ebolidən o yana keçməyib.
***
Bu torpaqlara işğalçılardan, düşmənlərdən və ya buraları anlaya bilməkdə çətinlik çəkən ziyarətçilərdən başqa heç kim toxunmayıb. İsadan üç min il əvvəl olduğu kimi, fəsillər də kəndlinin sonsuz əməyinin üzərindən axıb gedir; nə insani, nə də ilahi bir mesaj bu sərt yoxsulluğa xitab etməyib. Fərqli dildə danışırıq, dilimiz buralarda başa düşülmür. Böyük səyyahlar öz dünyalarının sərhədlərindən kənara çıxmayıblar; onlar öz ruhlarının, xeyir və şərin, əxlaq və kəffarənin yollarında gəziblər. İsa yəhudi əxlaqının yeraltı cəhənnəminə enib, onun zamana açılan qapılarını sındırıb onları əbədi olaraq möhürləyib. Lakin İsa günahın və kəffarənin olmadığı, pisliyin mənəvi əzabdan daha çox dünyəvi əzab olduğu və yenə dünyəvi şeylərdə əbədi mövcud olduğu bu qaranlıq aləmə enməyib. İsa bu kəndlərə gəlib çıxmayıb.
***
Kəndlilər üçün dövlət göydən belə daha uzaq və daha zalımdır, çünki o, həmişə onların qarşısındadır. Siyasi düsturlarının, quruluşunun, proqramlarının nə olduğu önəmli deyil. Kəndlilər bunları başa düşməzlər, çünki bu dil onların dilindən fərqlidir və onu başa düşmək istəmələri üçün də heç bir səbəb yoxdur. Dövlətə və propaqandalara qarşı mümkün olan yeganə müdafiə, eynən, təbiətin fəlakətləri qarşısında bellərini bükən o qaranlıq təslimiyyət kimi boyun əyməkdir.
Buna görə də onlar haqlı olaraq siyasi mübarizənin nə olduğunu başa düşmürlər; bu, Romadakıların öz aralarındakı şəxsi məsələdir. Sürgün edilənlərin nə düşündüyü və niyə bura göndərildiyi onların vecinə deyil, amma onlara yaxşı münasibət bəsləyirlər və onları öz qardaşları kimi görürlər, çünki onlar da, səbəbləri müəmmalı olsa da, öz talelərinin qurbanlarıdır. İlk günlərdə, kəndin kənarındakı cığırda məni hələ tanımayan yaşlı kəndlilərlə qarşılaşanda, onlar eşşəklərinin üstündə dayanıb məni salamlayar və suallar verərdilər: "Sən kimsən? Hara gedirsən?" "Gəzirəm", - deyə cavab verərdim, - "Sürgünəm. "Sürgün? Təəssüf! Romada kimsə sənə pislik arzulayıb", - deyərdilər və başqa heç nə əlavə etmədən, eşşəklərini yenidən hərəkətə gətirərkən, mənə qardaşcasına, mərhəmətli bir təbəssümlə gülümsəyərdilər.
Bu passiv qardaşlıq hissi, bu birgə əzabçəkmə, bu təslimiyyətçi, həmrəy və əsrlərdən gələn səbir kəndlilərin dərin və ortaq duyğusudur; bu, dini deyil, təbii bir bağdır. Onlar, adətən siyasi şüur deyilən şeyə malik deyillər və ola da bilməzlər, çünki onlar şəhərli deyillər, sözün həqiqi mənasında bütpərəstdirlər. Dövlətin və şəhərin tanrıları, canavarın və vəhşi qabanın hökm sürdüyü, heç bir divarın insanların dünyasını heyvanların və ruhların dünyasından, yaxud ağacların görünən yarpaqlarını qaranlıq yeraltı köklərindən ayırmadığı bu gil torpaqlarda heç vaxt bir kult yarada bilməzlər. Kəndlilər, hər şeyin qarşılıqlı təsirlərlə bir-birinə bağlı olduğu, hər bir şeyin hissiz şəkildə hərəkət edən bir qüvvə olduğu, sehrli təsirlərlə aşılmayacaq heç bir sərhədin mövcud olmadığı bu məkanda, hətta həqiqi mənada fərdi şüura da sahib ola bilməzlər. Onlar heç nəyin müəyyən olmadığı, insanın öz günəşindən, heyvanından fərqləndirilə bilmədiyi bir dünyada yaşayırlar. Burada nə bütpərəstliyə meyilli ədiblərin həsrətini çəkdiyi xoşbəxtlik, nə də ümid var; bunlar fərdi duyğulardır, burada isə qəddar təbiətin amansız passivliyi hökm sürür. Lakin kəndlilər arasında ortaq taleyi paylaşmaq və onu qəbul etmək kimi güclü insani hiss var. Bu, şüurlu bir hərəkət deyil, bir hissdir; insanlar bunu söhbətlərdə və ya sözlərdə ifadə etmək əvəzinə, həyatın hər anında, hər jestdə, səhralar boyu uzanıb gedən bütün günlərdə özləri ilə daşıyırlar.
***
Məntiq və ya səbəb-nəticə yoxdur, yalnız pis bir tale, pislik istəyən bir iradə vardır ki, o da əşyanın sehrli gücüdür. Dövlət də, əkinləri yandıran külək və qanımızı gəmirən od kimi bu taleyin biçimlərindən biridir. Həyat, yalnız taleyə qarşı səbirli və səssiz olmaqdan ibarətdir. Sözlərin nə faydası var? İnsan nə edə bilər? - Heç bir şey.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
