Balerina zürafə - Arseni TARKOVSKİ

 

Valyanın 1916-cı ildə quraşdırdığı hekayə

 

 

Zürafə Ksaveri Afrikadan gəlmişdi. Xeyli fikirləşəndən sonra baletdə oynamaq fikrinə düşdü və teatra gəlib niyyətini direktora bildirdi.

Əsas partiyanı oynamalı olan balerina skarlatin xəstəliyinə tutulmuşdu. Direktor xəstəyə əvəz tapdığı üçün çox sevindi.

Ksaverini çoxlu pudralayıb əyninə balerina ətəyi geyindirdilər. O, direktorun işarəsilə səhnəyə atılıb dəli kimi bir ayağı üstündə fırlanmağa başladı.

Zaldakı balet biliciləri fit çalıb qışqırmağa başladılar:

- Rədd ol! Biabırçılıq! Bu balerina heç oynaya bilmir ki!

- Necə? Mən oynaya bilmirəm? - Ksaveri təəccüblə qışqırdı. - Onda sizə göstərərəm nə bacarıram!

Zürafə orkestrin üstünə tullanıb musiqiçiləri pərən-pərən saldı, başı təbilə çırpıldı, ayaqlarının dördü də arfanın üstündə sürüşdü. Tamaşaçılar dəhşətə gəldilər.

Direktor heyvanxanaya zəng edib qoruqçuları çağırdı. Ksaverini tutub boynuna ip keçirtdilər və şəhər boyu dartıb lazım olan yerə apardılar.

- Dələduz! - Onu görənlər qışqırırdı. - Əməlinin cəzasıdır çəkirsən!

- Afrikadan gəlmişdim ki, axırda bu sözləri eşidim və məni tutub türməyə salsınlar?! - Ksaveri ağlaya-ağlaya dedi. - Əlvida, gözəl Afrika!

Bəs həmin vaxt Opera və Balet Teatrında nə baş verirdi?

Direktor tamaşaçılara bilet pulunu qaytara-qaytara deyirdi:

- Öz sadəlövhlüyümün cəzasını çəkirəm! Heyvanın xahişini yerə sala bilmədim. Ona qulaq asa-asa fikirləşdim ki, əgər indiyəcən zürafələrin arasından balerina çıxmayıbsa, o demək deyil ki, bu zürafə, yəni Ksaveri də balerina deyil. Filosof kimi fikir yürütdüm və indi elmlərin anası olan fəlsəfəyə də tövbə etmək məcburiyyətindəyəm.

Direktoru işdən çıxartdılar. İndi o Hökumət Evi ilə üzbəüz bulvarda mineral su satır.

 

1945

 

Tərcümə etdi: Həmid PİRİYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!