Ölü çörəyi (Hekayə) - Dursun AKÇAM

1930-cu ildə Türkiyədə, Ardahan rayonunun Ölçək kəndində anadan olan yazıçı Dursun Akçam 1950-ci ildə Qarsda yerləşən Cılavuz Kənd İnstitutunu bitirib. Altı il kənddə müəllimlik etdikdən sonra ali təhsilini Ankaradakı Qazi Təhsil İnstitutunun Ədəbiyyat fakültəsində başa vurub və orta məktəbdə müəllimlik etməyə başlayıb. Ardahan, Kırıkkale və Ankarada pedaqoji fəaliyyətlə məşğul olub. 1965-ci ildə Milli Təhsil Nazirliyi tərəfindən qısa müddətə İngiltərəyə göndərilib. Türkiyədə baş verən 12 mart hadisələri dövründə TÖS-ün (Türkiyə Müəllimlər Birliyi) ikinci vitse-prezidenti vəzifəsində çalışdığı üçün vəzifəsindən uzaqlaşdırılıb və üç il yarım işsiz qalıb. 1974-cü ildə yenidən müəllim təyin edilib. Atatürk Liseyində, daha sonra isə Qızlar İnstitutunda çalışıb; lakin yenidən işdən çıxarıldıqdan sonra müəllimlikdən uzaqlaşıb. Yazıçı "Demokrat" qəzetinin təsisçilərindən biri olub və 1978-1980-ci illərdə qəzetin baş redaktoru vəzifəsində çalışıb. 12 sentyabr çevrilişindən sonra qəzetin bağlanması ilə ölkəni tərk etmək məcburiyyətində qalıb və 12 il sonra - 1992-ci ildə Türkiyəyə qayıda bilib. Onun ilk məqaləsi olan "Kənd qeydləri" 1952-ci ildə "Varlıq" jurnalında dərc olunub. 1962-ci ildə "Milliyyət" qəzetinin təşkil etdiyi "Bir məmləkət gerçəyi" mövzulu müsahibə müsabiqəsində "Analarımız" adlı yazısı ilə birincilik əldə edərək geniş şöhrət qazanıb. 1963-cü ildə Ankarada "İmece" jurnalını təsis edib. Şimal-şərqi Anadolunun kənd və şəhər həyatını sadə və təsirli dildə təsvir edən yazıçı, qəzet və jurnallardan tutmuş, kitablara qədər uzanan məhsuldar bir ədəbi həyat sürmüşdür. Qısa hekayə toplularından əlavə, o, "Ana və uşaqlar" (1965), "Şərqin sınağı" (1966), "Qanlı çayın qurdları" (1975), "Qan çiçəkləri" (1977), "Dağların sultanı" (1985), "Sevdam hürkdü" (1992) kimi bir çox əhəmiyyətli əsərlərin müəllifidir. Yazıçı, 2003-cü ildə Türkiyə Yazıçılar Birliyi tərəfindən "Fəxri mükafat"a layiq görülüb. Elə 2003-cü ilin 19 sentyabrında iki ay mübarizə apardığı ağciyər xərçəngindən vəfat edib. Yazıçının "Ölü çörəyi" adlı kitabından eyniadlı hekayəni oxucularımıza təqdim edirik.

 

Qarşı yamacda qazları güdürdü. Qazlarla birlikdə biz də otlarla qarnımızı doyurmağa çalışırdıq. Əkinlər hələ saralmamışdı. Açharmanının (buğda hələ yetişməmiş çətin vəziyyətdə olan kəndlilərin buğdanın erkən döyülüb una çevrilməsinə açharmanı deyilir) çıxmasına çox qalmışdı...

Pelinin Mecosu, ağzındakı yemlik yarpaqlarını çeynəyərək yaxınlaşdı. Bir mənə, bir də kəndə doğru baxırdı. Nəsə demək istəyirdi, lakin ağzı dolu olduğu üçün dedikləri yaxşı anlaşılmırdı. Fikir vermədiyimi görüncə ağzındakını uddu və udqundu.

Kənd bizə çox uzaq deyildi. Evimiz kənarda təpə kimi görünürdü. Bütün kənd evləri, böyüklü-kiçikli təpələrə bənzəyirdi. Qapımızın önündə böyük bir təzək ocağı vardı. Boz tüstü qat-qat havaya qalxırdı:

- Sənə deyirəm, itoğlu it! - dedi, - Evinizi görürsənmi?

- Doğrudan da, od yandırıblar!

- Yandırıblarsa, bunun bir səbəbi var! - Meco dedi.

Nə səbəb ola bilərdi?! Uşaqların evcik-evcik oyunlarında yandırdıqları oda bənzəmirdi. Yoxsa zibili yandırmışdılar?! Amma zibilliyin gübrəsi də yazda tarlaya daşınmışdı. Yandırılacaq nəsə qalmamışdı. Bəlkə də anam pal-paltar yuyacaqdı?! Elə olsaydı, mənim xəbərim olardı. Paltar yuyulacağı zaman bir həftə əvvəldən hazırlıq görülərdi. Dükandan sabun alınırdı, evə əlavə su daşınır, qablara doldurulurdu... Səhər tezdən də anam üstümüzdəkiləri soyundurardı, elə buraxardı evdən. Qazları çılpaq otladırdım.

- Evinizdə xəstə var idimi? - deyə, İso soruşdu.

- Hə, qardaşım Əli xəstəydi! - Meco çox rahat tərzdə qısaca dedi:

- Ola bilər ki, qardaşın Əli ölüb!

Qəribə oldum: - Haradan bilirsən?

Meco özündən əmin bir tərzdə:

- Bilməyəcək nə var burda, Əlini yumaq üçün ölü suyu qızdırırlar!

Bəlkə də doğru idi. Kimsə öləndə evin önündə təzək ocağı yandırar, su qızdırardılar. İmam önünə dəsmal bağlayar, ölünü yumağa hazırlaşardı.

Meco, evin önündəki izdihamı göstərərək: Əli ölübdü! - dedi.

İçimdə qarışıq bir duyğu vardı. Əlinin ölməsi yaxşı olardı, mən də istəyirdim! Başsağlığına gələn qonşular çörək gətirərdilər, yumşaq buğda çörəyi! Bir dişləmdə boğazımdan aşağı enərdi. Pişi də gətirərdilər, ortası deşik qırmızı pişilər! Fatmanın qızı Güsi görərdi, ona heç bir tikə də verməyəcəkdim, inadına gözünün qarşısında yeyəcəkdim hamısını! O da mənə verməmişdi çünki. Anası öldüyü zaman onlara da pişi gətirmişdilər. Güsi pişini əlinə alaraq zibilliyin başına çıxmışdı, sevincindən hoppanıb oynayırdı, "Anam öldü, bizə pişi gətirdilər!" - deyirdi, bizə inad olsun deyə gözümüzün düz qabağında yeyirdi. Ucundan kəsib bir tikə belə verməmişdi, "Sizin də ananız ölsün, sizə də gətirsinlər!" - deyirdi. Qarnım doyana qədər yeyərdim! Həqiqətən, Əli ölsəydi!

On üç, ya da on dörd uşaq doğmuşdu anam, dəqiq sayını anam da bilmirdi. Ölən ölüb, qalanların sayı doqquz idi. Ən balacamız Əli idi, anamın hesabına görə beş yaşındaydı. Mən Əlidən bir yaş böyükmüşəm.

Əli sapsarı uşaq idi. Ayaqları əyri çubuğa bənzəyirdi. Qabırğa sümükləri bir-bir sayılırdı. Nazik boynunun üstündə iri başı vardı. Elə bil iki başı birləşdirib yapışdırmışdılar. Bədənini tərpədən kimi günəbaxan çiçəyi kimi başı sağa-sola, irəli-geri düşürdü.

Anam hamımızdan çox sevər kimi görünürdü Əlini. Əlinə keçən yumurtanı, belində gizlətdiyi çörəyi ona yedizdirirdi. Yenə də təsiri olmurdu, sarı-sarı köpüklər qusurdu Əli!

Bir gün qazları otarmaqdan yeni qayıtmışdım. Ac idim. Başım fırlanır, ağzımdan su axırdı. Kürəyimi ocağın daşına dayamış, qaynamaqda olan əvəlik şorbasının bişməsini gözləyirdim. Əli də qarşımda oturmuş, qulağını az qala qazana dayayıb səsini dinləyirdi. Pontuş pişik balalarını yığıb Əlinin qarşısında yatmışdı.

Qapı açıldı. Anam asta addımlarla evin arxasına qədər gəldi, məni görüb dayandı. Bir az ətrafdakı şeylərlə məşğul oldu. Sonra Əliyə səsləndi:

- Bala can, çölə çıx, qazlara bax, heyvanlar əkinə girməsin! - dedi.

Əli elə bil bəhanə gözləyirmiş kimi yerindən sıçradı, qulaqlarını dikib siçan dalınca qaçan pişik kimi qaçdı. Anam da arxasınca getdi. Görünür, ona yenə yeməli nəsə veriləcəkdi. Anam həmişə belə edirdi, bizim xəbərimiz olmasın deyə Əlini dolayı yollarla çağırıb yanımızdan ayırırdı.

Mən də yerimdən qalxmağa hazırlaşarkən anam gəldi: "Qazları yaxşı doyurmamısan!" - dedi.

Halbuki o gün qazları çox yaxşı yemləmişdim. Boğazları tulum kimi sallanırdı. Anamın məni aldadıb vaxt qazanmaq istədiyini anladığım üçün qısa cavablar verdim. Sonrasını dinləmədən sakitcə çıxdım. Vaxt itirmək olmazdı, Əli payını yeyib qurtara bilərdi! Çuxurda üzüqoylu uzanıb dürüm yeyərkən yaxaladım Əlini. Qartal kimi üstünə atıldım, bir anda dürümü əlindən aldım. İçində təzə pendir qoyulmuş, yumruq boyda bir çörək parçası idi. Əli danalar kimi böyürərək evə tərəf qaçdı. Anama xəbər verəcəkdi. Dürümü iki tikədə udub mədəmə yolladım. Gözlərim işıldadı, dünyam dəyişdi sandım.

Anamın səsi ilə diksindim:

- Bura gəl, donuzun nəslindən əmələ gələn!

Yay kimi yerimdən sıçradım. Anam bağırırdı:

- Uşağın tikəsini yemə, geri ver!

Tikələri çoxdan udmuşdum. Qaçdı, çata bilmədi, arxamca daş atırdı:

- Zəhər olsun canına, ac qurd! Xain it! Sən axşama evə gələrsən!

Evin üstündəki yamaca çıxdım, qayaların arasında gizləndim. Anam evə qayıtdı, Əli də arxasınca... Bu dəfə digər qardaşlarım damın üstünə çıxdılar, məni axtarmağa başladılar. Yaxşıca gizləndim. Baxdılar, baxdılar, görmədilər.

Qaranlıq tam çökdü.

Anamın səsi qaranlığı yardı, bütün qorxularım uçdu. Anam damın üstündə qaranlığa səslənirdi:

"A bala, gəl, haradasansa çıx gəl! Vallah da heç bir şey deməyəcəyəm, billah da! Çörək gözümü tutsun, döyməyəcəyəm, Quran çarpsın, bir sillə də vurmayacağam!"

Ürəyim doldu, özümü saxlaya bilmədim, ağladım. Anam səsimə gəlib məni tapdı:

- Əli çox zəifdir bala, sizin kimi otlarla dolana bilmir! Boğazı daralıb. Belə getsə öləcək yavrum! - dedi. Səsi kədərli idi. Gözlərini yaylığının ucuna silirdi. Məni qolumdan tutub apardı.

O gündən sonra mənə qarşı Əlinin baxışları dəyişdi. Heç yanımda dayanmır, mənimlə oynamırdı! Çox keçmədi, bu hadisədən bir neçə gün sonra yatağa düşdü. Yemirdi, içmirdi. İncəlib siqaret kağızına dönmüşdü. Qonşulardan borc aldığı unlarla anam Əliyə şorba bişirirdi. Qaşıq ucu ilə içirdilən şorbaları qusurdu Əli. Cansız, dilsiz yatırdı.

Meco dedi: - A bala, Əli ölübdü, doğrudan ölübdü. İnanmırsan, camaata bax, hamı ora toplaşıb!

Gözünü bizim qapıdan ayırmırdı.

Qələbəlik getdikcə artırdı. Qadın, kişi, qız-uşaq qaynaşırdı. Kəndlilər bu günlər boş idilər. Bir neçə gündü evdə qalıb tarlaya getməmişdilər. Biçin ayının gəlməsini gözləyirdilər. Bəziləri dayanmayıb bir neçə kənd o tərəfə, oraq çalmağa getmişdilər.  Qalan kəndlilər işsiz idi.

Meco isə fikrində dirənirdi:

- Əli ölübdü, dostum! Əvvəl mən xəbər verdiyim üçün müjdəmi istəyirəm! - dedi.

Ölüyə necə müjdə verilirdi, çaşqın-çaşqın üzünə baxdım!

- Nə qoyun kimi baxırsan, oğlum! İndi sizə ölü çörəyi gələcək, pişi gələcək, buğda çörəyi gələcək! Tək yemək yoxdu ha, mən də payımı istəyirəm!

 

Təqdim etdi: Nilufər HACILI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!