Bir ümid axtarıram (Hekayə) - Antonis SAMARAKİS

Antonis SAMARAKİS (1919-2003) Tanınmış yunan nasiri və şairidir. 3 roman və 6 hekayə kitabının müəllifidir. Yaradıcılıq nailiyyətlərinə görə o, bir sıra milli və beynəlxalq ədəbi mükafata layiq görülübdür.

 

Günortadan sonra qəhvəxanaya girdiyi zaman vədələşdiyi o vaxta hələ var idi. Əsas yola baxan pəncərənin önündəki masanı seçdi. Bir fincan qəhvə sifariş verdi.

Qonşu masalardakı müştərilər kart oynayır, hərdənbir höcətləşirdilər.

Qəhvəsi önünə gəldi. Bir siqaret yandırıb, fincanından iki qurtum aldı, sonra isə axşam qəzetini açdı.

Hind-Çində yeni müharibə başlamışdı. Xəbərdə deyilirdi ki, ucqar əyalətlərin itkiləri yetərincə böyükdür.

Daha bir balıqçı gəmisi radiasiyaya məruz qaldığı üçün sahilə dönmüşdü.

Sonrakı xəbərlər isə büdcədəki kəsir, müəllimlərin təyinatı, insan oğurluğu və təcavüz, üç nəfərin intiharı barədə idi. İntiharların ikisinin səbəbi kimi iqtisadi çətinliklər göstərilirdi. Otuz və otuz iki yaşlarında iki cavan kişi. Bunlardan biri qazı açıq qoymuş, digəri isə özünü odlu silahla vurmuşdu.

Növbəti səhifədə bir pianoçunun solo konserti barədə tənqidi yazı dəydi gözünə, sonra moda haqda qeydlər, ən son səhifədə isə "Kübar aləm xəbərləri" verilmişdi:

"Ötən gün cənab və xanım M.T.Harmaların verdiyi kokteyl partisində, ev sahibəsi ilə yanaşı, xanım B.H. də zərif yun qumaşdan tikilən paltarı ilə xeyli şıq görünürdü. Gözoxşayan zərafəti ilə O.N. də diqqətləri özünə kilidləmişdi".

Bir siqaret yandırıb, "Qısa elanlar" bölməsinə göz gəzdirdi.

Tikintisi təzəcə bitən, dörd otağı, hollu, mətbəxi, tualeti və hamamı olan qüsursuz bir xüsusi ev satılırdı.

Digər elanda ədəb-ərkanlı bir cənaba ikinci mərtəbədə yerləşməklə, günəş görən və yaxşı havalanan kirayə mənzil təklif olunurdu...

Kim isə satın almaq üçün təcili piano axtarırdı...

Fikir aləminə dalıb, getdi.

İkinci Dünya müharibəsi başa çatandan bəri üçüncü belə müharibənin qara kölgəsi bu dünyanı daima təhdid etməkdə idi. Durmadan qan axıdılırdı. Dünən Koreyada, bu gün Hind-Çində, sabah isə...

Əlləriylə saçlarını xışmaladı. Tərləmişdi. Alnında puçurlanan təri sildi. Halbuki içəri elə də isti sayılmazdı.

Müharibə, hidrogen bombası, maddi sıxıntıların yol açdığı intiharlar fonunda bu "Kübar aləm xəbərləri"... Həyatın əsl mənzərəsi beləydi! Müharibədən sonrakı həyatımız, heç şübhəsiz, yaxşıya doğru dəyişməmişdi. Hər şey elə əvvəlki kimi də qalmışdı. Halbuki bu yer üzündəki milyonlarla insan kimi, o da tökülən onca qandan, yaşanan saysız-hesabsız faciədən sonra nələrinsə dəyişəcəyinə hələ də ümid bəsləyirdi. Sülhün bərqərar olacağını, müharibə kabusunun dünyamıza kölgə salmayacağını, maddi sıxıntıların intiharlara yol açmayacağını umurdu...

Qaranlıq düşürdü artıq. Qarşı tərəfdəki dükanların bəzilərinin işıqları sayrışırdı. Qəhvəxananın işıqları isə hələlik yanmırdı və bu alaqaranlıq onun könlünə yamanca yatırdı.

Sonra bugünkü dünyada hökm sürən cəbhələşmə barədə düşündü. İdeyalar aləmindəki cəbhələşmə, ictimai sahədəki cəbhələşmə, digər cəbhələşmələr barədə...

Onda bu fikirləri oyadan heç də qarşısındakı qəzet-filan deyildi. Onsuz da son vaxtlar bütün bu məsələlər onu bəzən ötəri, bəzən isə dərindən narahat edir, düşündürürdü. Həyatın kölgədə, qaranlıqda qalan üzü barədə düşünürdü o. Belədə sülh ona nazik sapdan asılan böyük qayğı, ya da ağır yük kimi görünürdü. Kasıblığın, səfalətin fikrini çəkirdi o. Qəlblərə meydan oxuyan qorxunun dərdini çəkirdi.

Böyründəki aynada öz üzünü gördü. Adi bir üz idi bu. Daxilində qopan fırtınaları bu üz heç nə ilə açığa vurmazdı. O da sonuncu müharibədə döyüşmüş, içində ülvi ümidlər bəsləmişdi. Ancaq son vaxtlar ümidsizliyə qapılmışdı. Həm də əsirinə çevrildiyi ümidsizliyi özünə etiraf eləməkdən də çəkinmirdi.

Onun bütün həyatı bir sürü ümidin boşa çıxma macərasından ibarət idi. Vaxtilə də şirin ümidlərə qapılmışdı, sonralar da ümidlər bəsləmişdi.

İllər öncə elə kommunizm də ondan ötrü bir ümid yeri idi. Ta ki yalan çıxana qədər. Və artıq... heç bir ideologiya ümid-zad aşılamırdı ona!

Bir stəkan su istədi. Bu ideologiyaların puça çıxmasından daha artıq dərəcədə insanların əksər qisminin müxtəlif ideologiyalardan bezmişliyi və onlara laqeydlik sərgiləməsi ümumi hala çevrilmişdi.

Əsas yoldan ard-arda keçib-gedən trolleybuslara, izdihama göz qoymaqda idi...

Qarşısındakı qəzet açıq halda dururdu. Az əvvəl oxuduqları da eləcə. Yeni müharibə buludu, Hind-Çin, maddi sıxıntıların səbəb olduğu intiharlar və "Kübar aləm xəbərləri".

"Siqaret var, siqaret!" - deyən səyyar satıcı girdi içəri. Ondan bir qutu siqaret aldı. Qəzetin altı səhifəsinin hamısında bugünkü həyat əks olunmuşdu. O isə indi ümidlərini itirmiş biri idi.

İllər öncə, hələ əl boyda uşaq ikən, anasının dayısı qızı, onun isə xalası sayılan qadın ağır bir xəstəliyə yoluxmuşdu, öz evlərində yatırdı. Çağırılan həkim xəstənin otağından çıxarkən üzünə ciddi bir ifadə verərək son hökmü səsləndirdi:

- Artıq heç bir ümid qalmayıb!

İndi o da həmin hökmü təkrarlamaq həddinə gəlmişdi:

- Artıq heç bir ümid qalmayıb!

Bu cür, yəni ümidsiz qalmaq ona qorxunc görünürdü. Qəhvəxana müştərilərinin və yoldan ötənlərin onu süzərək bir-birlərinə: "Orada oturanın heç bir ümidi qalmayıb!" - deyə pıçıldaşdıqları hissinə qapılırdı hərdən. Sanki bir günah idi bu. Sanki bunu büruzə verən hansısa əlamət vardı onda. Sanki bu geyimli adamlar arasında təkcə o, lüt-üryan idi.

Təlaşını az-çox cilovlamaqdan ötrü özünün qələmə aldığı hekayələr barədə düşündü. Adətən bu günün aktual mövzularından yazırdı o. Müharibədən və sosial bəlalardan...

Buna baxmayaraq, onları çapa vermək niyyətində də deyildi. Qorxurdu çünki! Onun-bunun bu mətnlərə nə cür yarlıq taxacağından qorxurdu. Amma, xeyr, bunları çap etdirməsi xeyli vacib idi. Lənətə gəlsin o yarlıqlar! Axı o, özü də adi insan idi və başqa da... heç nə. Nə sağçı idi, nə solçu. Əvvəllər gələcəyə ümidlər bəsləyən, indi isə ümidləri tamamən sarsılan və bunu dilinə gətirməyi özünə borc sayan biriydi o. Düşündü: "Təbii ki, başqalarının hələlik nəyəsə bir ümidi var. Ümidsiz necə yaşamaq olar axı?!"

Qəzetə təkrar bir göz atdı: "Hind-Çin", "Kübar aləm xəbərləri", pianomunun solo konserti, maddi sıxıntılar ucbatından iki intihar hadisəsi, "Qısa elanlar"...

Yazı makinası AXTARIRAM...

Radioqrammofon AXTARIRAM...

Xalis İran xalısı AXTARIRAM...

Cibindən çıxardığı bloknotdan bir səhifə çırıb, üzərinə qələmlə bu cümləni yazdı:

"Bir ümid AXTARIRAM..."

Altından isə öz adını və ünvanını qeyd elədi.

Sonra xidmətçi oğlanı çağırdı, çünki hesabı ödəməyə tələsirdi. Buradan birbaşa qəzetə getmək, öz elanını səhifəyə qoydurmaq, sonra isə onun məhz sabahkı nömrədə çap olunmasına xahiş, ya da israr yoluyla nail olmaq niyyətində idi o.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!