Dilənçilik məşqi - Aqota KRİŞTOF

"Qalın dəftər" romanından

 

Çirkli və cırıq paltar geyinib ayaqqabılarımızı çıxarır, əllərimizi, üzümüzü batırırıq. Küçəyə çıxırıq... Dayanıb gözləyirik.

Qabağımızdan xarici zabit keçəndə sağ əlimizi qaldırıb onu salamlayır, sol əlimizi uzadırıq. Adətən, zabitlər dayanmırlar, bizi görmürlər, üzümüzə baxmırlar, keçib gedirlər.

Axırda bir zabit dayanır. Bizə başa düşmədiyimiz dildə nəsə deyir. Sual verir. Cavab vermirik, bir əlimiz havada, ovcumuzu açıb sakit dayanırıq. Zabit ciblərini eşələyir, çirkli ovcumuza bir parça şokolad və xırda pul qoyur, başını yellədib gedir.

Gözləməyə davam edirik.

Bir qadın keçir. Əlimizi uzadırıq:

- Yazıq uşaqlar, sizə verməyə heç nəyim yoxdu.

Başımızı sığallayır.

- Çox sağ olun.

Başqa bir qadın iki alma verir, digəri peçenye.

Bir qadın keçir. Ovcumuzu açırıq. Dayanır:

- Dilənməyə utanmırsınız? Evimə gəlin, sizə uyğun xırda-para işlər var. Odun doğramaq, yer belləmək kimi. Bu işləri görməyə gücünüz çatar. Yaxşı işləsəniz, sizə şorba və çörək verərəm.

- Sizin üçün işləmək istəmirik, xanım. Nə şorbanızı istəyirik, nə də çörəyinizi. Ac deyilik.

- Bəs onda nə üçün dilənirsiniz?

- Necə bir şey olduğunu başa düşmək üçün, həm də adamların münasibəti maraqlıdı.

- Axmaq başıboşlar. Dilləri də var danışmağa! - qışqırıb uzaqlaşır.

Evə qayıdanda peçenyeləri, şokoladı, almaları və pulu yolun qırağındakı kolluğa atırıq.

Saçımızdakı sığalı atmaq mümkün deyil.

 

***

Çəkməçi vağzalın yaxınlığındakı bir binanın zirzəmisində yaşayır. Emalatxanası da buradı. Otağı böyükdü. Bir tərəfi mətbəxdi, bu biri tərəfə çarpayısını qoyub. Bayıra baxan pəncərənin qabağı isə iş yeridi. Çəkməçi balaca kətildə oturur, ətrafı alətləriylə doludu. Eynəyinin üstündən bizə, dağılmış ayaqqabılarımıza baxır.

- Salam, cənab. İsti saxlayan, su buraxmayan rezin çəkmə lazımdı. Varınızdı? Pulumuz var.

- Var, hə. Amma astarlı, isti saxlayanlar çox bahadı.

- Ayaqlarımız üşüyür, qalın çəkmə lazımdı.

Əlimizdəki pulu alçaq stolun üstünə qoyuruq.

Çəkməçi:

- Bu pul ancaq bir cütə çatır. O da bəsinizdi. Ayaq ölçünüz eynidi. Bayıra növbəylə çıxarsınız.

- Mümkün deyil. Biz heç vaxt ayrılmırıq. Hər yerə bir yerdə gedirik.

- Ata-ananızdan bir az da pul alın.

- Ata-anamız yoxdu. Camaatın ifritə dediyi nənəmizlə yaşayırıq. Bizə pul verməz.

Çəkməçi:

- İfritə nənənizdi? Yazıq uşaqlar! Onun evindən bura bu ayaqqabılarla gəlmisiniz?

- Hə, bunlarla gəlmişik. Qışı çəkməsiz keçirə bilmərik. Meşədən odun gətiririk, qar kürüyürük. Çəkməyə ehtiyacımız var...

- Su keçirməyən, isti saxlayan iki cüt çəkmə.

Çəkməçi gülüb iki cüt çəkmə uzadır.

- Yoxlayın.

Geyinirik. Elə bil ayağımıza tikilib.

- Alırıq. İkinci cütün pulunu yazda, yumurta və balıq satanda verərik. İstəsəniz, sizin üçün odun da gətirə bilərik.

Çəkməçi pulu bizə uzadır:

- Alın. Sizdə qalsın. Pulunuzu istəmirəm. Özünüz üçün qalın corablar alın. Ehtiyacınız olduğu üçün bu çəkmələri sizə hədiyyə edirəm.

- Hədiyyə almağı xoşlamırıq.

- Nə üçün?

- Çünki təşəkkür etməyi xoşlamırıq.

- Heç nə demək məcburiyyətində deyilsiniz. Gedin. Yox, gözləyin. Bu başmaqlarla yay ayaqqabılarını da götürün. Bir də bu yarımçəkmələri. Möhkəmdir. Nə istəsəniz götürün.

- Nə üçün bunları bizə verirsiniz?

- Mənə lazım deyil. Bu yaxınlarda gedəcəyəm.

- Hara gedirsiniz? - soruşuruq.

- Bilmirəm. Məni aparıb öldürəcəklər.

- Kim sizi öldürmək istəyir? Nə üçün?

- Soruşmayın. Gedin.

Ayaqqabıları, başmaqları götürürük. Çəkmələr ayağımızdadı. Qapıda dayanıb deyirik:

- Ümid edirik, sizi aparmazlar. Aparsalar da, ümid edirik, öldürməzlər. Sağ olun, cənab, təşəkkür edirik, çox təşəkkür edirik.

Evə qayıdanda nənə soruşur:

- Bunları hardan oğurlamısınız, it balaları?

- Oğurlamamışıq. Hədiyyə veriblər. Hamı sizin kimi simic deyil, nənə.

 

***

Biz nənənin yanına gələndə Balaca şəhərdə həyəcan siqnalı çox az verilirdi. Getdikcə çoxaldı. İndi günün və gecənin istənilən anında sirenalar guruldayır, Böyük şəhərdəki kimi. Camaat qaçıb sığınacaqlarda, zirzəmilərdə gizlənir. Küçələr boşalır. Hərdən evlərin, dükanların qapısı açıq qalır. Bundan istifadə edib içəri girmək və istədiyini götürmək olar.

Adətən, təyyarələr bizim şəhərin üstündən keçib bombaları sərhəddən o tərəfə atır. Amma hərdən bu tərəfdəki bəzi evlərə də bomba düşür. Onda tüstü çıxan yerə gedib baxırıq, görək, nə dağılıb. Qiymətli nəsə olanda götürürük.

Fikir vermişik, dağılan evlərin zirzəmisində gizlənənlər həmişə ölmüş olur, evlərin bacası isə yıxılmır.

Təyyarə hərdən lap alçaqdan uçub açıq yerlərdəki, küçələrdəki adamları güllələyir. Denşik bizi başa salıb ki, təyyarə yaxınlaşanda diqqətli olmaq lazımdı, amma təyyarə artıq başımızın üstündədirsə, demək, təhlükə sovuşub.

Həyəcan siqnallarına görə gecələr evdə işıq yandırmağa icazə vermirlər, ya da pəncərələri möhkəm bağlamaq lazımdı ki, işıq görünməsin. Nənə deyir ki, ümumiyyətlə işıq yandırmaq lazım deyil. Növbətçilər bütün gecəni dolaşıb, əmrə əməl edilib-edilmədiyini yoxlayır.

Bir dəfə yemək yeyəndə gözümüzün qabağında yana-yana yerə düşən təyyarədən danışırıq. Pilotun paraşütlə tullandığını görmüşdük.

- O düşmən pilotun başına nə gəldiyini bilirik.

Nənə deyir:

- Düşmən? Onlar bizim dostumuzdu. Tezliklə gələcəklər.

Bir dəfə hücum vaxtı küçədə gəzirik. Bir kişi dəhşətlə üstümüzə qaçır:

- Hücum vaxtı küçədə qalmaq olmaz.

Əlimizdən tutub qapıya tərəf çəkir.

- Girin içəri!

- İstəmirik.

- Bura sığınacaqdı. Təhlükəsizlikdə olarsınız.

Qapını açıb bizi içəri itələyir. Sığınacaq adamla doludu. Sükut çöküb. Qadınlar uşaqları qucaqlayb.

Birdən hardasa bombalar partlayır. Partlayış səsi getdikcə yaxınlaşır. Bizi içəri gətirən kişi kömür topasının içinə girməyə çalışır.

Bir neçə qadın lağla gülür. Qoca arvad deyir:

- Əsəbləri yerində deyil. Ona görə məzuniyyət veriblər.

Birdən nəfəs almaq çətinləşir. Sığınacağın qapısını açırıq. Hündür boylu, gonbul qadın bizi itələyib qapını çırpır. Deyir:

- Başınıza hava gəlib? İndi bayıra çıxmaq olmaz!

Deyirik:

- Zirzəmidəki adamlar həmişə ölür. Biz çıxmaq istəyirik.

Gonbul qadın qapının qabağını kəsir. Qolundakı Vətəndaş müdafiəsi nişanını göstərir:

- Burda başçı mənəm! Siz heç yerə getməyəcəksiniz!

Onda onun toppuş əllərini dişləyirik, ayalarını təpikləyirik. Qışqırır, bizi vurmağa çalışır. Camaat gülür. Nəhayət, utandığından və hirsdən qızarmış halda deyir:

- Gedin! Rədd olun! Heç nə itirmirik.

Küçədə dərindən nəfəs alırıq. Birinci dəfəydi belə qorxmuşduq.

Göydən bomba tökülməyə davam edir.

 

Tərcümə etdi: Həmid PİRİYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!