Qisasçı (Hekayə) - Anton ÇEXOV

 

Arvadını xəyanət əsnasında yaxalayan Fyodor Fyodoroviç Siqayev vaxt itirmədən yolunu "Şmuks və şərikləri" adlanan bir silah mağazasından saldı və istəyinə uyğun bir tapança seçməyə girişdi. Üzündəki hiddət və qanqaraçılıq ifadəsi onun dərin qətiyyətindən xəbər verirdi.

Öz-özlüyündə düşünürdü: "Mən necə davranacağımı yaxşı bilirəm... Ailə həyatımın təməli sarsılıb, şərəfim ayaqlar altına düşüb, pozğunluq hər yanı bürüyüb, buna görə də namuslu bir insan və vətəndaş kimi mən qisasçıya çevrilməliyəm. Əvvəlcə arvadımla oynaşını, sonra isə özümü öldürməliyəm..."

İndiyədək o, nə özünə tapança seçmiş, nə də bir kimsəni öldürmüşdü, ancaq qanına bələnmiş üç cəsəd, onların dağılan qafataslarından bayıra tökülən beyinləri, qələbəlik, bir dəstə bekar adam və cəsədlərin yarılma səhnəsi canlanırdı gözləri qarşısında... İzzəti alçaldılan bir insan kimi artıq o, həm doğmalarının, həm də camaatın üzündə donan dəhşəti, arvadının ölümqabağı çırpıntılarını və ailə təməllərinin sarsılmasına dair əsas qəzetlərdə gedəcək məqalələri təsəvvürünə gətirə bilirdi.

Mağazanın pirkeşiyi fransızlar kimi, qarınlı bədən quruluşuna malik, bəyaz jiletli, qıvraq bir kişi idi. Onun qarşısına tapançaları düzdükcə, ehtiramla gülümsəyir və ayaqlarını döşəmədə sürüdərək deyirdi:

- Müsyö, mən Smit və Vesson sistemli, baxın, bu misilsiz tapançanı almağı sizə tövsiyə edərdim. Odlu silahlar üzrə son dəbdir bu. Başqalarından üçqat güclüdür, ekstraktoru var, altı yüz addımdan hədəfi vurur, mərkəzi sistemlidir. Silahın, müsyö, səthinin cilasına diqqətinizi çəkmək istərdim. Bu, ən son dəbli sistemdir, müsyö... Quldurlardan, canavarlardan və oynaşlardan qorunmaq istəyənlərə bu silahdan hər gün azı on ədəd satırıq. Son dərəcə sınanmış və güclü atəşə malikdir, ən uzaq məsafədən belə, eyni anda həm arvadı, həm də onun oynaşını o dünyaya göndərə bilir. O ki qaldı sui-qəsdçilərə, müsyö, elə onlar üçün də bundan yaxşı sistem ələ düşməz...

Pirkeşik tətikləri qaldırıb-salmaqla, lülələri üfləyir, nişan alır və heyrətdən karıxdığını bu alıcıya göstərirdi. Onun heyranlıq yağan üzünə baxan adama elə gəlirdi ki, bu cür misilsiz, yəni Smit və Vesson sistemli tapançaya yiyələnən kimi bu adam böyük zövqlə öz alnına bir güllə çaxar.

Siqayev maraqlandı:

- Neçəyədir bu?

- Qırx beş rubla, müsyö.

- Hm!.. Mənə görə bahalıymış!

- Elə olan halda, müsyö, mən sizə başqa, daha ucuz bir sistem təklif edərdim. Hə, bunu. Baxmaq istəyərdiniz? Bizdə çox geniş çeşid və fərqli qiymətlər var... Məsələn, Lefoşe sistemli bu tapança cəmi on səkkiz rubladır, ancaq... (bu yerdə pirkeşik çiyrinərək üz-gözünü qırışdırdı)... ancaq bu sistem artıq köhnəlib. İndi onu alanlar sırasına proletar qafalar və psixopat qadınlar daxildir. Zinakar arvada Lefoşe tapançasıyla atəş açmaq və ya onu bu silahla öldürmək hazırda aşağı səviyyənin göstəricisi sayılır. Yüksək nüfuz sahibləri sadəcə "Smit və Vesson"u özünə yaraşdırır.

Siqayev ağ bir yalan söylədi:

- Ancaq mən nə kiməsə atəş açmaq, nə də kimisə öldürmək niyyətindəyəm. Mən silahı yaylaq evimdə... qarğaları hürkütməkdən ötrü alıram...

Baxışlarını təvazökarlıqla yerə dikən pirkeşik gülümsədi:

- Silahı hansı məqsədlə almanız bizi heç maraqlandırmır. Müsyö, əgər hər satış zamanı biz o səbəbləri saf-çürük eləsəydik, onda gərək mağazamızı çoxdan bağlayaydıq. Qarğaları hürkütməyə Lefoşe sistemi yaramaz, müsyö, onun səsi gur yox, boğuqdur, buna görə də sizə "duel tapançası" kimi tanınan, adi kapsullu Mortimer tapançasını məsləhət görərdim.

Siqayevin beynində bir fikir doğdu: "Bəlkə elə o hərifi duelə çağırım mən?.. O cür yaramazları gərək it kimi gəbərdəsən..."

Qıvraq şəkildə geri dönən və xırda addımlarla irəliləyən pirkeşik təbəssümlə danışmağına ara vermədən bir neçə tapançanı onun qabağına qoydu. Bunların arasında "Smit və Vesson", doğrudan da, həm gözəgəlimli, həm də zəhmli görünürdü. Bu sistemə aid bir tapançanı əlinə alan Siqayevin dalğın baxışları silaha dikildiyi anlarda o, xəyallar aləminə cumdu. Özünün beyinləri necə dağıtması, xalı və parket üstə qanın sel kimi şollanması, o zinakar kimi ölən arvadının ayağının necə yelləndiyi gözləri önünə gəldi... Ancaq onun qəzəb dolu qəlbi bununla da sakitləşən deyildi. Belə qanlı səhnələr, çığır-bağır və dəhşət ona təskinlik verən deyildi... Nə isə, daha dəhşətli bir şey düşünüb, tapmalıydı.

Daxilən düşünürdü: "Tutalım, mən onu və özümü öldürdüm, arvadımı isə sağ buraxdım. Dedim ki, qoy o, camaatın nifrətindən və vicdan əzabından çərləyib, ölsün. Onun kimi çılğın bir qadın üçün belə sonluq məşəqqətli ölümdən daha betər olar..."

Bunun ardınca o, öz dəfn mərasimini xəyalına gətirdi: budur, şərəfi tapdanmış biri kimi tabutda uzanıb, dodaqlarında ürkək bir təbəssüm donub, zinakar arvadı isə rəngi avazımış halda, vicdan əzabının yükü altında, eynilə Niobey kimi, tabutun ardınca gedir və hiddətli kütlənin ona zillənən nifrət dolu baxışları altında məhvə sürükləndiyi üçün özünü dürtəcək bir dəlik axtarır...

Pirkeşik onun bu xəyallarına nöqtə qoydu:

- Müsyö, gördüyüm qədəriylə bu "Smit və Vesson" yamanca könlünüzə yatıb və əgər o, sizə bahalı gəlirsə, izninizlə, beş rubl endirim edə bilərəm... Yeri gəlmişkən, bizdə nisbətən ucuz qiymətə başqa sistemli silahlar da var.

Pirkeşik özünün fransızvari şişman gövdəsini qıvraq bir biçimdə geriyə döndərməklə, rəflərdən götürdüyü daha bir qucaq tapança qılıfını piştaxtaya düzdü.

- Baxın, müsyö, bu, otuz rubladır. Bahalı deyil, həm də indilik valyuta kursu hədsiz düşübdür, halbuki müsyö, bizdə gömrük tarifləri hər saatbaşı artır. Müsyö, tanrıya and olsun, özüm mühafizəkar biri sayılsam da, artıq mən də şikayətlənməyə başlamışam! Bir az insaflı olun da, valyuta kursu və gömrük tarifləri elə səviyyədədir ki, yalnız varlılar silah satın ala bilirlər! Yoxsulların isə imkanı sadəcə Tula silahları və fosforlu kibrit almağa ancaq yetir, bu Tula silahları isə - əsl baş bəlasıdır! Tula tapançasından əgər öz arvadına atəş açsan, güllə sənin öz kürək sümüyünə gəlib dəyir...

Qəfildən Siqayev düşündü ki, öləcəyi təqdirdə, öz zinakar arvadının məşəqqətlərini görə bilməyəcək, bundan həm qanı qaraldı, həm də incidi. Halbuki qisasının "meyvələrini" görmək, onlara toxunmaq imkanı o qisasa şirinlik qatır. Əgər o, tabutda uzanarsa və olub-bitəni heç dərk eləməzsə, onda bu qisasın nə mənası olar?!

Öz-özlüyündə götür-qoy edirdi: "Bəlkə mən belə edim: onun oynaşını öldürüm, sonra dəfn mərasiminə gəlib, arvadıma göz qoyum, dəfndən sonra isə özümü öldürüm... O da var ki, dəfnə qədər məni həbs edib, silahımı da alarlar, yəqin... Deməli, belə: əvvəl oynaşı öldürürəm, arvadım sağ qalır, özümü isə bir müddət öldürməyə əlim gəlmir və məni həbsə atırlar. Özümü öldürməyə mən həmişə fürsət taparam. Həbsə atılmağın yaxşı cəhəti isə odur ki, ilkin istintaqda arvadımın necə alçaqca davrandığını həm hökumət dairələri, həm də cəmiyyət qarşısında açıb-göstərmək imkanı qazanaram. Halbuki canıma qıysam, arvadım ona xas yalançılıq və həyasızlıqdan yararlanar, hər məsələdə məni suçlayar və ictimaiyyət də onun hərəkətinə bəraət verməklə, məhz məni ələ salıb, gülər. Yox, əgər mən sağ qalsam, bax, onda...

Bir dəqiqə sonra isə o, belə düşünürdü:

"Hə, əgər özümü öldürsəm, yəqin ki, məni ittiham edəcək və xırda hisslərə əsir olduğumdan şübhələnəcəklər... Bir də axı niyə özümü öldürüm ki?! Bu, birincisi. İkincisi, başına güllə sıxmaq qorxaqlıq əlamətidir. Belədə mən oynaşı öldürüb, arvadımı sağ buraxacaq, özüm isə məhkəməlik olacağam. Mənə məhkəmə qurulacaq, arvadım isə iclaslara şahid sifətiylə qatılacaq. Mənim müdafiəçim suallar yağdıranda onun necə xəcil və rəzil duruma düşəcəyini təsəvvürümə gətirirəm! Məhkəmənin də, ictimaiyyətin də, mətbuatın da rəğbəti, heç şübhəsiz, mənim tərəfimdə olacaq..."

O, düşündükcə, pirkeşik də silahları onun önünə düzür, müştəriyə diqqətlə yanaşmağı özünə borc sanaraq, deyirdi:

- Baxın, bu ingilis sistemli silahları son vaxtda almışıq. Ancaq, müsyö, bəri başdan sizi xəbərdar etməliyəm ki, bütün qalan silah sistemləri "Smit və Vesson"un yanında sönük görünürlər. Bəlkə də mətbuatda oxumusunuz - bu günlərdə bir zabit mağazamızdan "Smit və Vesson" sistemli tapança almışdı. O, arvadının aşnasına atəş açarkən, heç bilirsiniz, nə baş vermişdi? Adamı dəlib-keçən güllə bürünc masa lampasında dəlik açmaqla, royala dəymiş, royaldan rikoşetlə Bolonya cinsli iti öldürəndən sonra zabitin xanımını kontuziya eləmişdi. Belə parlaq nümunələr bizim firmanın da nüfuzunu artırır. Həmin zabit hazırda həbsdədir... Heç şübhəsiz, onu ittiham edib, katorqa işlərinə məhkum edəcəklər! Əvvəla, bizim qanunvericilik hədsiz köhnəlibdir, ikincisi, müsyö, məhkəmə həmişə aşnanın tərəfini tutur. Niyə? Cavab çox sadədir, müsyö! Çünki hakimlər də, iclasçılar da, prokuror da, müdafiəçilərin özləri də başqalarının arvadlarıyla yatıb-dururlar və Rusiyadakı ərlərdən biri azalarsa, bu durum onlara da sərf eləyər. Əgər hökumət bütün evli kişiləri Saxalin adasına sürgünə göndərsəydi, cəmiyyət bundan hədsiz dərəcədə məmnun qalardı. Eh, müsyö, müasir cəmiyyətdə əxlaqın kökündən sarsılmasının məni necə hiddətləndirdiyini siz heç təsəvvürünüzə də gətirməzsiniz! İndiki dövrdə başqasının arvadıyla sevişmək başqasının papirosuna və kitablarına şərik olmaq qədər adiləşibdir. İldən-ilə ticarətimizin həcmi düşdükcə düşür, bu isə o deməkdir ki, aşnaların sayı azalır və deməli, məhkəmədən və katorqadan gözü qorxan kişilər xoşqeyrətliliyi əlüstü boyunlarına götürürlər.

Pirkeşik yan-yörəsinə baxıb pıçıldadı:

- Bəs təqsir kimdədir, müsyö? Hökumətdə!

Siqayev öz-özlüyündə düşünürdü: "Amma hansısa donuza görə Saxalinə yollanmaq da ağılsızlıqdır axı. Əgər məni sürgünə yollasalar, onda arvadım təkrar ərə getmək və ikinci ərini də aldatmaq imkanı qazanar. Belədə o, hər hoqqadan çıxar... Deməli, belə: mən arvadıma dəyib-dolaşmıram, öz canıma qıymıram, arvadımın aşnasını isə sağ... Bu işdə daha məntiqli və hissi bir çarə düşünüb, tapmaq lazımdır. Onlar amansız nifrətə tuş gəlsin deyə, mən səs-küylü bir boşanma prosesinə başlayacağam..."

Rəfdən daha bir qucaq silah götürən pirkeşik dilləndi:

- Bunlar, müsyö, hələlik yeni sistemdir. Diqqətinizi buradakı kilid mexanizminin orijinallığına çəkmək istərdim...

Gəldiyi yekun qərardan sonra artıq Siqayevə tapança-zad lazım deyildi, bundan xəbərsiz pirkeşik isə dil-boğaza qoymadan onun qarşısına yeni-yeni silah növləri düzürdü. Şərəfi tapdanmış ər isə pirkeşiyin ondan ötrü bunca dəridən-qabıqdan çıxmasını, bu qədər heyrətlənib, gülümsəməsini və boşuna vaxt itirməsini qarşılıqsız buraxmaq istəmirdi...

Odur ki, mızıldandı:

- Yaxşı, elə isə mən... daha sonra gələr, ya da... kimisə bura göndərərəm.

Bu ara o, pirkeşiyin üzündəki ifadəni görmürdü və yaranmış naqolaylığı az da olsa, malalamaqdan ötrü nə isə almağın vacibliyini hiss edirdi. Ancaq nə alaydı axı?! Ucuzvari bir şey seçib-bəyənmək istəyərkən onun baxışları qapının üstündə asılan yaşıl tora ilişdi.

Soruşdu:

- Bəs... bu nədir belə?

- Bildirçin ovlamaq üçün tordur.

- Neçəyədir?

- Səkkiz rubla, müsyö.

- Onu bükün mənim üçün...

Şərəfi tapdanmış bu ər səkkiz rubl ödəməklə, həmin o toru aldı və özünü əvvəlkindən daha betər şəkildə alçaldılan birisinin yerində hiss edərək... mağazadan çıxdı.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!