Bel Huks - "Çoxlarının nəzərində feminizm kişilərə bənzəmək istəyən bir ovuc qəzəbli qadın deməkdir"

Yazıçı Bell Huks 25 sentyabr 1952-ci ildə Amerikada, Kentuki ştatının kiçik, irqi ayrı-seçkiliyin az qala həyat tərzinə çevrilmiş Hopkinsvil şəhərində, afroamerikalı fəhlə ailəsində doğulub. Əsl adı Qloria Cin Uotkins olan yazıçı Bell Huks təxəllüsü ilə məşhurlaşıb. İrqi ayrı-seçkiliyin gündəlik həyatda adi hal kimi istifadə edildiyi bir mühitdə keçən uşaqlığı onun gələcək feminist və siyasi fikirlərinin əsasını təşkil edib. Təhsilini Stenford Universitetində başa vurub, daha sonra Viskonsin-Medison Universitetində magistr dərəcəsi və Kaliforniya Universitetində, Santa Kruzda doktorluq dərəcəsi alıb. Xüsusilə, irq, gender və sosial sinif məsələlərinə diqqət yetirən yazıçı 1960-cı illərdə İkinci Dalğa Qadın Hərəkatı kimi tanınan hərəkata da qoşulub. Bell Huks, esse və şeirdən tutmuş uşaq ədəbiyyatına qədər, müxtəlif üslublarda çoxsaylı elmi məqalələr və təxminən, 40 kitab nəşr etdirib. Akademik karyerasını davam etdirərkən yazıçılığı təkcə nəzəri sahə deyil, həm də sosial transformasiya üçün bir vasitə kimi təqdim edib. Əsərlərində sevgi, gender, incəsənət, tarix, cinsiyyət və media (kütləvi informasiya vasitələri) kimi bir çox fərqli məsələlərə toxunub. Akademik karyerasına 1976-cı ildə Cənubi Kaliforniya Universitetində ingilis dili və etnik tədqiqatlar fənnini tədris etməklə başlayıb. Daha sonra o, 2004-cü ildə Kentuki ştatının Beria şəhərindəki Beria Kollecinə qoşulmazdan əvvəl Stenford Universiteti, Yel Universiteti, Florida Yeni Kolleci və Nyu-York Şəhər Kolleci də daxil olmaqla, bir neçə təhsil müəssisəsində dərs deyib. 2014-cü ildə huks, həmçinin Beria Kollecində Bell Huks institutunu təsis edib. Onun təsiri akademik dairələri aşıb, bunu həm ABŞ-da, həm də xaricdə verdiyi saysız seminarlar sübut edir. 2014-cü ildə Müqəddəs Norbert Kolleci "Bell Huks ili" elan edərək, onun əsərlərini təhlil və təqdim etməyə bütöv bir ili həsr edib. Huksun yazılarının məşhurluğu Amerikada 2020-ci ildə baş verən irqçilərə qarşı növbəti faciələrdən sonra daha da artıb. Onun "Sevgi haqqında hər şey: Yeni baxışlar" kitabı nəşrindən 20 ildən də çox keçəndən sonra "Nyu-York Tayms" qəzetinin "ən çox satılan kitablar" siyahısına daxil olub. Yazıçı təxəllüsünü ana tərəfdən ulu nənəsi Bell Bleə Huksdan götürüb, adını daim kiçik hərflərlə yazıb təqdim etməklə öz kimliyinin əvəzinə yazılarının mahiyyətinə diqqət çəkmək istədiyini vurğulayıb. Bell Huks 5 dekabr 2021-ci ildə 69 yaşında Kentuki ştatının Beria şəhərindəki evində böyrək çatışmazlığından vəfat edib. Yazıçının "Feminizm hər kəs üçündür" (Feminism İs for Everybody) əsərindən hissələri təqdim edirik.

 

"Hara getsəm, kim olduğum, nə iş gördüyümlə maraqlanan insanlara qürurla yazıçı, feminist nəzəriyyəçi və mədəniyyət tənqidçisi olduğumu deyirəm. İzah edirəm ki, filmlər və populyar mədəniyyət haqqında yazıram, mediadakı mesajları təhlil edirəm. Bir çox insan bunu maraqlı hesab edir və daha çox öyrənmək istəyir. Axı, hamı kinoya gedir, televiziyaya baxır, jurnal oxuyur; hər kəsin qəbul etdiyi mesaj və gördükləri görüntülər haqqında öz fikirləri var. Qarşılaşdığım bütün bu fərqli insanların mədəniyyət tənqidçisi kimi nə etdiyimi və yazmaq istəyimin haradan qaynaqlandığını anlaması o qədər də çətin deyil; nə də olmasa, insanların çoxu yazmaq istəyir və yazır da. Lakin, sıra feminist nəzəriyyəyə gəldikdə, suallar birdən yox olur. Bunun əvəzinə, feminizmin pis tərəfləri və ya pis feministlər haqqında hər cür sözlər eşidirəm: "Onlar" kişilərə necə nifrət edirlər, "onlar" hamısı lezbiyan olur, "onlar" bütün işləri ələ keçirərək qarşılarında heç bir şansı olmayan ağdərili kişilər üçün dünyanı cəhənnəmə çevirirlər.

Bu cür düşünən adamlardan hansı feminist kitabları və ya jurnalları oxuduqlarını, hansı feminist söhbətləri dinlədiklərini və hansı feminist fəalları tanıdıqlarını soruşanda onların feminizm haqqında bildikləri tək şeyin şayiə olduğunu, feminist hərəkatda əslində nələr baş verdiyini bilmədiklərini, ümumiyyətlə bu hərəkatın nə ilə bağlı olduğunu dəqiq deyə biləcək qədər feminizmə yaxınlaşmadıqlarını görürəm (deyirlər). Çoxlarının nəzərində feminizm kişilərə bənzəmək istəyən bir ovuc qəzəbli qadın deməkdir. Onlar, hətta feminizmin hüquqlar, qadınların bərabər hüquqlara nail olması ilə bağlı olduğunu düşünmürlər. Amma mən feminizm haqqında bildiyim, yaşadığım şəkildə danışanda onlar məni diqqətlə dinləyirlər. Lakin söhbətlərimiz bitəndə dərhal mənim fərqli olduğumu; kişilərə nifrət edən, qəzəbli, "əsl" feministlər kimi olmadığımı deyirlər. Onlara bir insan nə qədər həqiqi və nə qədər radikal feminist ola bilərsə, o qədər həqiqi və radikal bir feminist olduğuma, əgər feminizmə diqqətlə baxmağa cəsarət etsələr, bunun təsəvvür etdikləri kimi olmadığını görəcəklərinə əmin edirəm.

 

***

Heç kimin heç kimə hakim olmadığı bir dünyada yaşadığımızı təsəvvür edin. Qadınlarla kişilərin bir-birinə bənzəmədiyi və hətta həmişə bərabər olmadığı, amma münasibətlərimizi formalaşdıran həyat fəlsəfəsinin qarşılıqlılıq prinsipi üzərində qurulduğu bir dünya təsəvvür edin. Təsəvvür edin ki, hər birimiz özümüz ola biləcəyimiz, sülh və imkanlar dünyasında yaşayırıq. Təkcə feminist inqilab belə bir dünya yaratmayacaq, yarada bilməz; biz, həmçinin irqçiliyə, sinfi elitarizmə və imperializmə son qoymalıyıq. Lakin feminizm bizə arzuladığımız cəmiyyəti, tam dərk olunmuş qadınlar və kişilər olaraq azadlıq və ədalət xəyallarımızı gerçəkləşdirə biləcəyimiz, hamımızın "bərabər yaradıldığı" həqiqətini tətbiq edə biləcəyimiz bir cəmiyyətdə birlikdə yaşaya biləcəyimiz bir cəmiyyəti yaratmağa imkan verəcək. Daha yaxın gəlin. Feminizmin sizin, hamımızın həyatına necə təsir edə biləcəyini, həyatımızı necə dəyişdirə biləcəyini görün. Bir az da yaxın gəlin və bunu görəcəksiniz: Feminizm hər kəs üçündür.

 

***

Sadə dillə desək, feminizm seksizmə, seksizm istismarına və zülmə son qoymağı hədəfləyən bir hərəkatdır.

İnsan feminist doğulmur, feminist olur. İnsan sadəcə qadın doğulduğu üçün feminist siyasətin tərəfdarı olmur. Bütün siyasi mövqelərdə olduğu kimi, insan feminist siyasətə seçim və hərəkat yolu  ilə inanır.

Feminist hərəkat qadın dostluğunun formalaşması üçün bir mühit yaratdı. Biz dostluğumuzu kişilərə qarşı deyil, qadın olaraq öz maraqlarımızı qorumaq naminə qurduq.

Bu reallığı təsdiqləmək üçün anti-cinsi düşüncə və təcrübə tətbiq edirik: Qadınlar bir-birlərinə hakim olmadan özlərini dərk edə və uğur qazana bilərlər.

 

***

Əgər biz patriarxal hisslərin (həssaslığın) gözəllik sənayesini inkişaf etdirməsinə icazə verməyə davam etsək, yeniyetmə qızlar heç vaxt feminist mütəfəkkirlərin gözəlliyin və bəzək-düzəyin dəyərini qəbul etdiklərini bilməyəcəklər. Feministlərin qadınların gözəllik istəklərinə qarşı sərt müxalifəti feminist siyasəti sarsıtdı. Bu həssaslıq indi daha az yayğın olsa da, kütləvi informasiya vasitələri bunu feminist düşüncə tərzi kimi təqdim edir. Feministlər gözəllik sənayesinə və modaya qayıtmasalar və uzunmüddətli, davamlı bir inqilab yaratmasalar, azad olmayacaqlar. Öz bədənlərimizi olduğu kimi qəbul etməyi və sevməyi öyrənməyəcəyik.

 

***

Qadınlar həyat keyfiyyətlərini bütün səviyyələrdə yaxşılaşdırmaq əvəzinə, daha çox istehlak etmək üçün işlədikcə, iş iqtisadi özünütəminat təmin etməyəcək. Qazandığımız pul həyatımızı asanlaşdırmaq üçün istifadə edilmədikdə, daha çox pul daha çox azadlıq demək deyil.

 

***

Ölkə vətəndaşlarının böyük əksəriyyəti bərabər iş üçün bərabər əməkhaqqının vacib olduğuna inandığı kimi, bir çoxları da kişilərin qadınları və uşaqları döyməməli olduğuna inanırlar. Lakin məişət zorakılığının seksizmin birbaşa nəticəsi olduğu və məişət zorakılığının seksizm bitməyincə bitməyəcəyi deyildikdə, onlar bu cür mühakimə yürüşünü edə bilmirlər.

 

***

Əsl sevginin tanınma və qəbul üzərində qurulduğunu, minnətdarlığı, qayğını, məsuliyyəti, öhdəliyi və birliyi özündə birləşdirdiyini qəbul etdikdə, ədalət olmadan sevginin mövcud ola bilməyəcəyini başa düşürük. Bunu dərk etdikdən sonra, sevginin bizi dəyişdirmək, üzərimizə qoyulan hökmranlığa müqavimət göstərmək üçün bizə güc vermək gücünə malik olduğunu da başa düşürük.

 

***

Ölkənin bir çox vətəndaşı hələ də kişilərin dominantlığını kişilər tərəfindən törədilən məişət zorakılığı ilə əlaqələndirə bilmir. Bu anlaşılmazlıq cəmiyyətimizin həyatın bütün sahələrindən olan gənc kişilərin ailə üzvlərini, dostlarını və sinif yoldaşlarını vəhşicəsinə öldürdüyü hallara reaksiya verməsi tələb olunduqda daha da aydın olur. Kütləvi informasiya vasitələrində hər kəs bu zorakılığın niyə baş verdiyini soruşur, lakin heç kim bunu patriarxal düşüncə tərzi ilə əlaqələndirmir.

 

***

Hamımız bilirik ki, dünyadakı bütün qadınlar feminist olsalar belə, kişilər seksizmlərini davam etdirdikcə, həyatımız məhdudlaşacaq və cinslər arasında müharibə norma olaraq qalmağa davam edəcək.

 

Tərcümə etdi: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!