Andrey Voznesenski və Eldar Ryazanovun şeirləri - Azad Yaşarın tərcüməsində

Andrey VOZNESENSKİ

(1933-2010)

 

Məşhur sovet şairi, publisisti, memarı və rəssamıdır. Sovet ədəbiyyatında "Altmışıncılar nəsli"nin əsas nümayəndələrindən biri sayılır. SSRİ Dövlət mükafatı laureatıdır (1978).

 

 

Unuda bilmərəm səni bir daha

 

Məni ta obaşdan oyadıb bir gün,

Sən yola salarsan ayağıyalın.

Yox, məni unuda bilməzsən daha,

Üzümü heç görə bilməzsən daha.

 

Üşüyərsən deyə, qucaram səni,

Sonra düşünərəm: "Pərvərdigara!

Necə unudaram onu görəsən?!

Necə həsrət qallam o gözəl yara?!"

 

O gölməçədəki qırçınlı suyu,

Birja, Admirallıq binalarını

Mən əsla unuda bilmərəm axı,

Bir daha onları görmərəm axı.

 

Rüzgar yaşartsa da, mənə dikilər

Sənin o palıdı, məhzun gözlərin.

"Qayıtmaq nəhs şey sayılır" deyə,

Könlümdə, gözümdə boşalar yerin.

 

Hafiz də deyibmiş: "Günün birində

Təkrar bu dünyaya gələcək olsaq,

Səninlə rastlaşa bilmərəm... hətta

Üzünü görməm də sayılar yasaq".

 

Aramızda keçən ixtilatın da

Bekara olduğu ortaya çıxar,

Elə ki biz,

        yəni canlı insanlar

əriyib-dönərik... cansız boşluğa.

 

İçimdən yüksələn bir cüt etiraf

Göylərə can atar ki, qanad çala:

"Mən səni unuda bilmərəm, əsla,

Üzünü bir daha görmərəm, əsla".

 

 

Eldar RYAZANOV

(1927-2015)

 

Məşhur sovet kinorejissoru, ssenaristi, aktyoru, şairi, dramaturqu, pedaqoqu və teleaparıcısı olub. Məhsuldar və çoxşaxəli fəaliyyətinə görə o, aşağıdakı yüksək mükafatlara və fəxri adlara layiq görülüb: SSRİ xalq artisti (1984), SSRİ Dövlət mükafatı (1977), RSFSR Dövlət mükafatı (1979).  

Yaratdığı çoxsaylı filmlər tamaşaçıların böyük rəğbətini qazanmaqla, sovet kinematoqrafiyasının "Qızıl fond"una daxil edilib. Onların sırasına aşağıdakı filmlər aiddir: "Karnaval gecəsi" (1956), "Avtomobildən qorun" (1966), "Qoca quldurlar" (1971), "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" (1973), "Taleyin istehzası və ya Həmişə təmizlikdə" (1976), "İş yerində məhəbbət macərası" (1977), "Qaraj" (1979), "Zavallı qusar haqda da nəsə söyləyin" (1980), "İkinəfərlik vağzal" (1982), "Amansız romans" (1984), "Vəd olunan göylər" (1991).

Bundan əlavə, E.Ryazanov televiziyada 200-dən çox müəllif verilişi ilə tamaşaçıların görüşünə gəlib, 1979-1985-ci illərdə "Kinopanorama" verilişinin aparıcısı olub.

O, özünün lirik ovqatlı şeirləri ilə də oxucuların qəlbinə yol tapıb. Poetik mətnlərinə bəstələnən "Təbiətdə naxoş hava nə gəzər?!" və "Möcüzələr diyarıdır məhəbbət" mahnıları ötən onilliklər boyu bir-birini əvəzləyən, fərqli dünyagörüşlərinə malik nəsillər tərəfindən eyni dərəcədə sevilərək ifa olunub.     

 

 

Gör, nə qədər günlər puça dönübdür...

 

Gör, nə qədər günlər puça dönübdür,

Onlar boşa gedib lap gözgörəsi.

Hesaba qatmasan elə günləri

Azalar ömrün də vaxtı, vədəsi.

 

Mənasız qaç-qovda bitdi bu gün də...

Əgər görmədimsə dostun üzünü,

Əgər sıxmadımsa əlin ovcumda -

Ömürdən saymayım gərək bu günü.

 

Nə bacı-qardaşa zəng edə bildim,

Nə də əziz anam ağlıma gəldi...

Gün keçdi! Özümə necə haqq verim?!

Yaranan o boşluq dolan deyildir!

 

Tənbəlliyim tutdu, ya yorğunluqdan

Deyək ki, baxmadım şux tamaşaya,

Şeir səfasına vaxt ayırmadım -

Nə haqqım var bunca ömrümə qıyam?!

 

Hər gün birisinə gərək əl tutam,

Şeirsiz, filmsiz bir günüm olmaz.

Yoxsa sanaram ki, günü məhv etdim,

Ömrüm də, beləcə, qısaldı bir az.

 

"Sərin" tədbirlərdə keçən günləri

Mənalı ömürdən saymaz bir kimsə.

Gün heçdir, əgər gül verməyib yardan

Könül sözlərimi əsirgədimsə.

 

Gör, nə qədər günlər puça dönübdür,

Onlar boşa gedib lap gözgörəsi.

Hesaba qatmasan elə günləri,

Azalar ömrün də vaxtı, vədəsi.

 

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!