Bolqarıstan əsilli amerikalı yazıçı, esseist və tənqidçi Maria Popovanın "Böyümək və xarakterimizin formalaşması" mövzusunda qısa essesini təqdim edirik.
"Biz "böyümək" deyirik, sanki ağacıq, boyumuzun hündürləşməyi də əldə edə biləcəyimiz yeganə şeydir. Amma bütövlükdə inkişaf prosesi parçaları bir araya gətirmək və nümunələri tapmaqdan ibarətdir".
Maya Anjelu olmayan qızına yazdığı məktubda belə deyirdi: "İnsanların nə vaxtsa böyüyəcəyini düşünmürəm. Üzümüzdə və bədənimizdə illərin yaratdığı izləri görə bilərik, amma əsl şəxsiyyətlərimiz, içimizdəki uşaqlar maqnoliya çiçəkləri kimi daim saf və utancaq qalırlar".
Toni Morrison da bu mövzuda belə deyir: "Əsl yetkinlik çətin əldə olunan gözəllikdir, qazanılması çox çətin olan bir qələbədir".
Biz özümüzü ağaclar - kökləri yerə möhkəm basdırılmış, yuxarıya doğru uzanan canlılar kimi düşünməyi xoşlayırıq. Meri Oliverin sözləri ilə desək, "asan yolla inkişaf etmək, işıqla dolmaq və parlamaq" ideyası bizi valeh edir. Bununla belə, biz ağac deyilik; biz bir nöqtədən inkişaf etmirik; iradəmiz, ürək döyüntülərimiz, qarşılaşdığımız sevgi və itki bizim necə inkişaf etdiyimizə təsir edir. Parçalar birləşir və biz hissələrdən ibarət olsaq da, bölünməz bir bütün yaradırıq. Böyümə çətinliyi bu mozaika parçalarını bir araya gətirməkdən irəli gəlir.
Rebeka Solnik bu mövzunu "Yoxluğumun xatirələri" ("Recollections of My Nonexistence") əsərində araşdırır. İnsanın istəklərini və məqsədlərini, müqavimət göstərdiyi şeyləri və şəxsi mübarizələrini (inqilablarını) açıqlayır. Kitabın ən təəccüblü hissələrindən birində o belə yazır:
"Biz "böyümək" deyirik, sanki ağacıq, boyumuzun hündürləşməyi də əldə edə biləcəyimiz yeganə şeydir. Amma bütövlükdə inkişaf prosesi parçaları bir araya gətirmək və nümunələri tapmaqdan ibarətdir. Körpələr hələ bərkiməmiş baş-beyin sümüyü ilə doğulurlar. Sümük bərkimədiyinə görə də başları doğum kanalından problemsiz keçə bilir. Aylar keçdikcə sümüklər bərkiyir, baş formalaşır. İlk bir neçə il ərzində kəllə dörd dəfə böyüyür. Əgər sümüklər vaxtından əvvəl birləşməyə başlayarsa, bu, beynin böyüməsini məhdudlaşdırır. Əgər sümüklər birləşməzlərsə, beyin lazımi müdafiədən məhrum qalır. Beyin, böyümək üçün kifayət qədər açıq olmalıdır, lakin onu bir yerdə saxlamaq üçün kifayət qədər də qapalı olmalıdır - həyatın özü də belə olmalıdır. Kollajlardan özümüzü yaradırıq, insanlarla görüşərək, perspektivlərlə qarşılaşmaqla yaşamaq səbəblərimizi yaradırıq, bir az şanslıyıqsa, həyatımızı arzularla doldururuq".
Təqdim etdi: Nilufər Nil
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
