Qocalıq - Andre Morua

Məşhur fransız yazıçısı Andre Morua (1885-1967) daha çox özünün "Yad qadına məktublar" povesti, "Ədəbi portretlər" adlı esseləri, habelə dahi yazarlardan Corc Bayronun, Viktor Hüqonun, Onore dö Balzakın, İvan Turgenevin, Jorj Sandın, Persi Biş(i) Şellinin, ata və oğul Aleksandr Dümaların taleyindən və yaradıcılığından bəhs edən bioqrafik romanları ilə geniş oxucu kütləsinə yaxşı tanışdır. Oxuculara təqdim olunan bu mətn isə Moruanın "Yaşamaq sənəti" adlı kitabından seçilibdir. Həmin kitabda o, sevgi və dostluq, nikah və xoşbəxtlik, cavanlıq və ahıllıq barədə gəldiyi qənaətləri öz oxucularıyla bölüşüb.

 

Dəyişikliklər rüzgarı

 

Qocalıq - qəribə bir prosesdir. Həm də necə qəribədirsə, onun gerçəkliyinə bizim hələm-hələm inanmağımız gəlmir. Tay-tuşlarımızın görkəmində Zamanın buraxdığı izlər diqqətimizi çəkincə, biz onlar sayəsində - bir güzgü misalı - özümüzdə baş verən dəyişikliklərin də fərqinə varmağa başlayırıq. Çünki o vaxta qədər özümüzün qocaldığımızı etiraf eləməyə tələsmirik. Cavan yaşlarda sahib olduğumuz o ümid və təlaşlar hələ də bizi tərk etməyib axı?! Ağlımızın işləkliyindən, gücümüzün tükənməzliyindən hələlik arxayınıq. Özümüzü sınamağa da ərinmirik: "Bax, o təpəyə cavan vaxtı asanlıqla dırmaşardım, görəsən bəs indi necə? Hə, indi də zirvəyə çıxmağı bacardım: düzdür, nəfəsim bir azca daraldı, amma elə cavanlıqda da bu təpəyə dırmaşanda mən tövşüyürdüm".

Cavanlıqdan qocalığa keçid necə ləng templə gedirsə, buna məhkum olan insanın özü aradakı fərqi əsla sezmir. Payız mövsümü yayı əvəzləyəndə də biz o tədricən baş verən dəyişiklikləri kəskin hiss eləmirik. Ancaq bəzi hallarda payız "qapını" qəflətən kəsdirir. Bəlli bir vaxta qədər o, xəfifcə saralan yarpaqların ardında gizlənməyə üstünlük verir, noyabr səhərlərinin birində sərt külək qızılı xəzanın niqabını yırtınca isə, biz artıq onun ardından qışa xas "skeletin" zühur elədiyinə şahid oluruq. O vaxta qədər canlı saydığımız yarpaqların biz əslində saralıb-öldüyünü, budaqdan qopmağa lap amanabənd olduğunu da məhz onda anlayırıq. Demə, bütün bu fitnə-fəsadda əsən soyuq küləyin günahı-zadı yoxmuş, o, sadəcə gizli olanı, ən nəhayət, açığa çıxarıbmış. Hansısa qadın və ya kişi də, yaşına rəğmən, xeyli cavan görünə bilər. Belələri barədə adətən: "O, füsunkarlığını hələ də qoruyur", ya da: "Canı buz baltası kimidir" deyirik. Belədə biz, əsasən, onların işgüzarlığına, əqli bacarıqlarına və söhbətə köklənmələrinə heyranlığımızı bildiririk. Ancaq başlarına gələn hansısa sarsıntı ucbatından bir gün onların ürəktutması və ya pnevmoniyaya (nəfəs darlığına) yoluxduğunu öyrənirik, halbuki cavan adamlar bənzər halları uzaqbaşı, başağrısı və ya soyuqdəymə ilə də sovuşdururlar, gedir. Belə qəfil "qasırğa" sonrası həmin insanların sir-sifəti avazıyır, qəddi bükülür, gözlərindəki işartı soluxur. Bircə anın içində onlar qocalmağa başlayırlar. Bu isə onların daha öncədən, yəni həmin sarsıntıya qədər də yaşlanmağa başladığından xəbər verir.

 

Payız bərabərliyi

 

Bəs görəsən ömrümüzdəki "payız bərabərliyi" nə vaxt başlanır?

Məşhur filosof Konrad əmin idi ki, 40 yaşına dolan insan öz qarşısında bir növ işıqdan kölgəyə keçid cizgisi görür və onun o biri üzünə adladığı andan etibarən gənclik şövqünün onu həmişəlik tərk elədiyini artıq boynuna alır. Növbəti keçid cizgisi 50 yaşda qarşımıza çıxır, onu geridə qoyanlar - hər nə qədər gümrah görünsələr belə, bəlli bir qorxu və sürəkli çarəsizlik hissinə qapılırlar. Yəni qocalıq - dən düşən saçlardan, qırışlardan və öz rolunu oynayıb-bitirmiş birisinin cavanlara yer açmaqdan ötrü səhnəni könüllü tərk etməsindən daha geniş mənalar da kəsb etməkdədir.

Qocalığın ən olumsuz özəlliyi bədənin taqətdən düşməsində yox, ruhumuzun həyata biganəliyindədir.

Bayaq sözünü etdiyimiz cizginin digər üzünə keçincə biz, insanları və ətraf aləmi əslində olduğu kimi, yəni xəyallardan arınmış halıyla görürük. Qocalan insan öz-özünə bu sualı ünvanlayır: "Axı niyə?!" Bəlkə də bu, ən təhlükəli məqamdır. Sonrakı mərhələdə həmin insan fərqli suallara cavab axtarır: "Bunca əlləşib-vuruşmağın nə mənası varmış?! Evdən niyə bayıra çıxım ki?! Yataqdan qalxmağa necə, görəsən gərək var?!"

Bölünmə yoluyla iki yeni orqanizmə çevrilməyi bacaran o hədsiz bəsit varlıqları çıxmaq şərtiylə, istənilən canlı məxluq gec-tez qocalmağa başlayır. Görəsən, may böcəyinə cinsi yolla törəmək üçün cəmi iki saat möhlət verildiyi halda, tısbağa ilə tutuquşu niyə 200 iləcən yaşayır?! Ya da durnabalığı ilə çəki balığına 300 il ömür bəxş edildiyi halda, Bayron ilə Motsart niyə cəmi 30 il yaşamalıdır?! 150 il qabağa qədər insan ömrünün ortalama uzunluğu 40 il idi, bu gün isə nisbətən sivil ölkələrdə bu göstərici 70 ilə çatıb. Müharibə və inqilablar ekoloji duruma zərər vurmazsa, gələn əsrdə (XXI yüzildə - A.Y.) insanoğlunun normal ömür müddəti 100 ilə çatacaq. Ancaq bunun özü də yaşlanma prosesinin qarşısını almaqda acizdir.

 

Kokos cinsindən ömür ağacı

 

Canlı varlıqlar təbiətə nə qədər sıx bağlı olursa, onların öz ahıllarına münasibəti də bir elə sərtləşir. Məsələn, yaşlanan qurd öz şikarını yaxalayıb, parçaladığı müddətcə öz sürüsündə böyük nüfuz sahibi sayılır. Kiplinq özünün "Cəngəllik kitabı"nda getdikcə zəifləyən yaşlı canavarın sürünün qabağına düşüb, ova yollandığı zaman cavan həmnövlərinin ona necə dərin hiddət duyduğunu qələmə alıb. Akelanın öz şikarını caynağından qaçırdığı gün onun sürü başçısı kimi sonuncu gününə çevrilir. Cavan canavarlar bu dişsiz heyvanı qovmaqla, sürüdən cüda salırlar.

Bu baxımdan ibtidai insanlar da vəhşi heyvanlar kimi davranırmışlar. Afrikaya səfər edən bir səyyah ahıl yaşdakı yerli qəbilə başçısının yalvararaq, ondan saç boyası istədiyini və bunu nə ilə əsaslandırdığına diqqəti çəkib: "Başçısı olduğum qəbilənin üzvləri saçıma dən düşdüyünü görsələr, mütləq canıma qıyacaqlar".

Cənub dənizindəki adalardan birində məskunlaşan insanlar yaşlıları kokos ağacına dırmaşmağa məcbur edir, sonra isə həmin ağacları silkələyirlər. Ağacdan yerə düşməyən qoca dərhal yaşamaq hüququ qazanır. Əgər o, dəymiş meyvə kimi ağacdan qopurdusa, əlüstü ölümə məhkum edilirdi. Bu, bizə qəddar yanaşma kimi görünə bilər, amma bizim da özümüzə xas "kokos ağaclarımız" var axı!

Çünki dövlət xadimləri, aktyorlar, mühazirəçilər barədə günlərin birində: "O, tükənibdir" hökmünü çıxara bilirik. Bir çox hallarda bu ölüm hökmü kimi də yozula bilir, axı pensiyaya çıxan adamın ya maddi imkanları daralır, ya da çarəsizliyə qapılan o adamın canı lap tabdan düşür. Bənzər hallarda məhz müharibə ucdantutma hamı üçün keçərli "kokos ağacı" sayılır.

Yaşayış tərzi baxımından kənd əhalisi arasında fiziki güc, qüvvət hələ də nəsillərarası münasibətlərdə tarazlığı qoruyan bir vasitə sayılır. Şəhərlərdə də inqilablar və ictimai məzmunlu dəyişimlər əsnasında gənclər daha yüksək fəallıq sərgiləyirlər, çünki yaşlılarla müqayisədə onlar yeniliklərə daha asanca ayaq uydururlar.

Yüksək inkişafa malik ölkələrdə isə bunun tam əksi yaşanır: orada zənginlərin əksər qismi məhz ahıllar olduğundan onlara xüsusi sayğı və qayğı ilə yanaşırlar. Orada ahılları gərəksizmiş kimi bir kənara atmırlar, çünki ciddi sosial islahatların aparılmadığı toplumlarda həyat təcrübəsi görünməmiş bir dəyər qazanır. Amma cavan yaşda özünə uğurlu karyera quran ahıl insan da illah, cavan görünməkdən ötrü istənilən yola baş vurur. Ahıl canavar kimi, o da öz çarəsizliyini hər vəchlə gizlətməyə çalışır. Beləliklə, təbii ritmə uyğunlaşmaqla, cavanlıq ilə qocalıq bir-birini qarşılıqlı biçimdə əvəzləyir. Bunun əksini arzulamaq isə tamamilə mənasızdır. Bəlkə iki nəslin dinc yanaşı mövcudluğunun ən əlverişli üsulu da elə budur: cavanlar sükan arxasına keçir, müdrik qocalar isə dövlət müşaviri vəzifələrini tuturlar.

 

Keçmişdə qalan zülmkarlıq

 

Qocalıq özüylə bərabər saysız-hesabsız müşküllər də gətirir. Amma onlarla bacarmağa çalışarkən siz hər şeydən əvvəl mövcud şərtlərlə barışmağa məcbursunuz. Ciddi xəstəliyə yoluxan pasiyentə həkim bu sözlərlə müraciət edir: "Öz qeydinizə qalmayanda, görürsünüz də, nələr olur?!" Bunun ardınca o, bir-birindən ağır fəsadları sadalayaraq, səni əmin edir: "Amma önləyici tədbirlər alacağınız təqdirdə, bunların heç birisi gerçəkləşən deyil".

Elə bu səbəbdən də vaxtında əks-tədbir almasanız, ahıl yaşda hansı xoşagəlməz hallarla qarşılaşa biləcəyinizdən indi sizi agah etmək istəyərdim.

Qocalan bədən - uzun müddət çalışmış bir mühərrik kimidir. Ona diqqət və qayğı ilə yanaşsanız, vaxtaşırı müayinə etdirsəniz, o da sizə daha çox xidmət göstərər. Təbii ki, zamanla o da əvvəlkindən fərqlənəcək, aşındığı üçün ondan çox şey ummaq sadəlövhlük sayılacaq. Halbuki məntiqli yanaşacağınız təqdirdə, ahıl yaşda belə, öz bədəninizin gümrahlığını qoruyub-saxlaya bilərsiniz.

Yaşlı insanlara xas eqoizm onların cavanlarla dostluq qurmasında aşkar maneədir. Əgər bu özəllikdən qurtulsanız, istiqanlılığınız və geniş həyat təcrübəniz hesabına siz cavanları daha çox özünüzə cəlb edərsiniz.

Qocalığın əsas əlamətlərindən biri də xəsislikdir. Yaşlandıqca pul qazanmağın çətinləşdiyini anlayan qoca sahib olduğu hər şeyi qorumağa can atır. Xəsisliyin digər səbəbi isə budur: hər canlı varlığa müəyyən bir ehtiras insana hakim kəsilir, pula-sərvətə bəslənən düşkünlük isə bütün qalan ehtiraslara üstün gəlməyə qadirdir. Ahıl insanların pulgirliyi bir növ oyunu xatırladır və ona aludə olanlar pul yığmaqdan görünməmiş bir həzz aldıqları üçün bütün güclərini, sağlamlıqlarını və həyat eşqlərini bu sevda uğrunda qurban verirlər. 

Ahıl yaşda insanın əqli fəallığı da zəifləyir, ağlına yeni ideyalar gəlmədiyindən o, cavan ikən gəldiyi qənaətlərdən dördəlli yapışır. Bunlara qarşı etiraz səsləri yüksələndə isə qocalar hiddətlənir, bu cür çıxışları özlərinə qarşı sayğısızlıq kimi dəyərləndirirlər. Zamanla ayaqlaşa bilməyincə, belələri getdikcə daha çox öz keçmişinə köklənir, köhnə əyyamları vaxtaşırı yada salır.

Yalqızlıq - qocalığın ən böyük qənimidir: köhnə dostlar və yaxın qohumlar birbəbir səni tərk edib-gedir, onların yerini isə bir başqası tutmur. Bu isə insanın dirəniş gücünü və həyat eşqini xeyli azaldır.

Laroşfuko yazırdı: "Cavanlıq həzzlərini yasaqlayarkən qocalıq bizimlə əsl zülmkar kimi davranmağa başlayır, elə bu səbəbdən də bizi addımbaşı ölümlə hədələyib, durur".

Həmin yasaqlar sırasına isə, ilk növbədə, cavanlara xas o çılğın sevgi hissi aiddir. Adətən qocalar fiziki imkanlarının daxili istəkləriylə üst-üstə düşməməsindən şikayətçidirlər. Əksər hallarda isə bədənlə bərabər, elə insanın ruhu, könlü də qocalmağa başlayır.

Qədim yunan tarixinə dair bir kitabda hansısa patrisiyə bəslədiyi çılğın sevgi ucbatından öz qanuni ərini, uşaqlarını və doğmalarını atdığı üçün bütün el-obanın gözündən düşən bir qadından söz açılır. Həmin kişi isə evli olduğu üçün bu qadınla nikaha girə bilmir. Sevdiyi kişinin nüfuzu sarsılmasın deyə, qadın onun məşuqəsi olmağı, bu yolla onun ehtirasına xidməti üstün tutur. Sonradan onların aşiq-məşuq əlaqələri zərif və uzunömürlü bir dostluğa çevrilir. Bu 80 yaşlı kişi ilə 70 yaşlı qadın hər gün bir araya gəlir. Qadın dünyasını dəyişdiyi zaman həmin patrisini tanıyan hər kəs əmin imiş ki, o, bu ağır dərdə dözməz. Ancaq bu cür dərin sarsıntıdan sonra o, tezliklə özünə gəlir, çünki sadəcə sevib-sevilmək üçün yox, elə dərd-sərə qatlaşmaq üçün də hədsiz dərəcədə yaşlanıbmış.

 

Pariklər və mirvari boyunbağılar taxın!

 

Ahıllıq sənəti hər cür arzuolunmaz məqamların öhdəsindən gəlməyi də bizdən tələb edir. Bədənimiz bənzər həmlələrin açıq hədəfinə çevrilibsə, onda bunu necə təmin edək? Bəyəm, ahıl yaşımız bizdən bədənimizin günbəgün məruz qaldığı o təbii xassəli bioloji dəyişikliklərlə lal-dinməz barışmağı tələb etmirmi?!

Amma o da var ki, mədəni inkişafımız və yaşam təcrübəmiz ahıllığın özüylə olmasa da, ən azından onun gözlə görünən nişanələriylə mübarizə aparmamıza əlverişli zəmin yaradır. Zövqlə seçilmiş geyimlər və zinət əşyaları yad baxışları özünə cəzb etməklə yanaşı, bizim fiziki qüsurlarımızı nisbətən arxa plana çəkməyə də qadirdir. Bu baxımdan isə bəzək əşyaları xüsusi əhəmiyyətə malikdir. Məsələn, mirvari boyunbağının rəngdən-rəngə düşən dənələri boyun dərimizdə peyda olan qüsurları ört-basdır edə bilər. Taxdığımız üzük və qolbaqlar diqqətləri yaşla bağlı əl və biləklərimizdə zühur edən nöqsanlardan yayındırar. Gözoxşayan saç toqqaları və sırğalar isə - ibtidai qəbilə üzvlərinin dərilərindəki döymələr kimi - üzümüzdə açılan qırışları arxa planda tuta, saxlaya bilər. Sivil insanların davranışları gənclik ilə ahıllıq arasındakı kəskin fərqləri məhz yumşaltmağa hesablanmalıdır. Getdikcə seyrələn saçları, ya da dazlığı gizlətməkdən ötrü insanlar ta qədim əyyamlardan bəri pariklərdən yararlanıblar. Kosmetikadan ustalıqla yararlanmaq hesabına isə onlar dərilərinin yaşlandığını büruzə verən qüsurlara meydan oxuyublar. Bəlli bir yaşdan sonra zövqlə geyinib-keçinməklə də insan öz təbii qüsurlarını ört-basdır eləyə bilər.

Adətən deyirlər ki, insanın yaşı yaşadığı illərlə ölçülmür, çünki bu göstərici onun damar və sümüklərinin durumu ilə birbaşa əlaqədardır. 50 yaşına dolan birisi 70 yaşlı ahıldan daha qoca görünə bilər. Fiziki cəhətdən sağlam bədən öz əsnəkliyini uzun müddət qoruya bilir və onun sahibi ahıl vaxtında çoxsaylı xəstəliklərdən əziyyət çəkmir. Gətirdiyimiz faktın bizə aşıladığı hikmət belədir: idmanla düşəndən-düşənə yox, hər gün məşğul olmalıyıq. Yəni qocalığın fasiləsiz həmlələrini önləmək mümkün olmasa belə, bunlara qarşı bacardıqca dirənməliyik.

Məşhur filosof Monten deyirdi: "Mən uzun müddət ahıl kimi yaşamağa hazıram, erkən qocalmağa isə - əsla".

Bədən qədər ruhun da hərəkətliliyə ehtiyacı var. Buna görə də gülünc görünməmək üçün ahıl yaşda sevgi macərasından imtina... yersizdir. Hətta iki ahıl insanın bir-birini sevməsində də gülüş doğuracaq heç nə yoxdur. Qarşılıqlı hörmət və heyranlıq və ya zərif tellərlə bağlılıq üçün də yaş həddi-filan yoxdur.

Adətən gənclik dövrünü geridə qoyan insanların sevgisi asketik (tərki-dünyalıq - A.Y.) çaları qazansa belə, onların gözəlliyinə hər hansı xələl gəlmir, çünki fiziki tələbatlar ortadan qalxınca, cinsi həvəslərdəki uyğunsuzluqlar da qeybə çəkilir. Bu sayədə cütlüyün birgə yaşamı bir çayın ahəngdar axışını xatırladır: mənbə qismdə onun suları iri daşların üzərindən adlayaraq axır, saf sular isə daha sakit tempə sahib olur və dənizə yaxınlaşdıqca, suların geniş aynasında səmada sayrışan ulduzlar da əks olunmağa başlayır. Ahıl yaşda yaşanan sevgi macərası da cavanlıq eşqi qədər səmimi və sarsıdıcı ola bilir. Vaxtilə gözləri tutulan madam Rekamye ilə iflic vuran Şatobrianı baş-başa gördüyü zaman Viktor Hüqo hansı dərin sarsıntını keçirdiyini bu cür qələmə almışdı: "Hər gün saat 3-də Şatobrianı madam Rekamyenin ziyarətinə gətirirdilər. Heç nə görməyən o qadın bütün hissiyyatını itirən bir kişi ilə ünsiyyətə dərin ehtiyac duyurdu. Bu aşiq ilə məşuq, hətta ölümün kandarında da sevib-sevilməkdən usanmırdı. Bir-birinin varlığını hiss etdikləri zaman onların əlləri özlərindən ixtiyarsız şəkildə irəliyə doğru uzanırdı".

 

Oyunu tərk etməyənlər

 

İnsanın hissi həyatı onun sadəcə cinsi maraqları ilə məhdudlaşmır. Ahıl yaşda nəvələrə duyduğumuz sevgi və bağlılıq, adətən onların həyatına fərqli bir məna qatır. Biz nəvələrlə birgə sevinib-kədərlənir, öz hədəflərinə çatmaq üçün onlara hər barədə dəstək veririk.

Əgər onlar vaxtilə bizim oynadığımız oyunu hələ də davam etdirirlərsə, bizim özümüzü oyundankənar vəziyyətdə hiss etməmiz nə dərəcədə doğru sayılar?! Nəvələrimizə xas xoşbəxtlik duyğusunu onlarla necə paylaşmayaq axı?! Oxumağı tövsiyə etdiyimiz kitablardan onların aldığı zövqü görəndə könlümüz niyə də dağa dönməsin?!

Övladları ilə müqayisədə baba və nənələr öz nəvələri ilə daha asan dil tapırlar. Hətta fiziki baxımdan da onlara daha yaxın sayılırlar. Artıq oğulları ilə yanaşı qaçmağı ar bilən bu ahıllar nəvələriylə bunu etməyə zərrəcə ərinməzlər. Görünür, nəvəmizin ilk addımları ilə bizim son addımlarımızın tempi də ona görə bir-birinə daha çox uyur.

Bundan əlavə, yaşamaq şövqü yüksək olan insanların yaşlanması daha ləng gedir. Geniş yayılmış qənaətə görə, ahıl yaşda fiziki cəhətdən fəal həyat tərzi sürənlərin özlərini gücə saldığı düşünülür. Halbuki bunun tam əksi baş verir. Qocalıq - zərərli vərdiş kimi bir şeydir və başını iş-güclə qatan adam ona sadəcə ayıracaq vaxt tapmır.

Bir çox hallarda cavanlarla müqayisədə yaşlı insanlar daha bacarıqlı rəhbər sayılırlar. Yaşlı diplomatlar və həkimlər geniş təcrübəyə və müdrikliyə sahib olurlar, qanları artıq qaynayıb cuşa gəlmədiyi üçün onlar yetərincə soyuqqanlı fikir yürüdürlər.

Siseron deyirdi: "Böyük işlər fiziki güc hesabına yox, qocalara xas dərin müdriklik sayəsində əsl gerçəyə dönür".

 

İşıq cizgisi

 

Məntiqli yaşlanmanın iki üsulu var.

Bunlardan birincisi, heç yaşlanmamaqdır. Bu variant fəal həyat tərzini seçdiyi üçün yaşlanmaqdan kənar qalmağı bacaranları nəzərdə tutur. İkinci variant isə qocalığı sakit şəkildə və üzüyola tərzdə qarşılamaqdır, çünki mübarizə və çarpışmalar dövrü artıq xeyli geridə qalıbdır. Bəzi ahıl adamların fırtınalarla dolu dənizin hələlik sahilində dayanan cavanlara yazığı gəlir, onların halına acıyırlar. Cavan ikən özlərinin məhrum olduqları bəzi həzzlərin mövcudluğunu etiraf eləsələr də, onlar dadı damaqlarında qalan kefləri məxsusi bir zövqlə xatırlayırlar.

Xoşagəlməz tərzdə qocalmağın da bir neçə şəkli mövcuddur. Bunların ən betəri - geri dönməsi imkansız sayılan dəyərlərdən heç cür əl çəkməməkdir. Belələri, adətən ömürlərinin son gününə qədər, həm də hər xüsusda fasiləsiz narazılıq sərgiləyirlər.

Yaşlanma sənəti yaşlı insandan sonrakı nəsillərin yolunda maneə yox, məhz dayaq nöqtəsi olmağı tələb edir, cavanlara özünü rəqib kimi yox, etimad bəslənəcək ağsaqqal kimi tanıtmağı tövsiyə edir.

Pensiyaya çıxmaq barədə də danışmalıyıq, çünki bir çoxları bunu ağrılı bir şey sanırlar. Halbuki heyrət hissi aşınmayan insan üçün pensiyaya yollanmaq onun həyatında açılan növbəti, fərqli bir səhifədir, çünki bu sayədə o, öz evində və ya bağ-bağçasında, ən nəhayət, sevimli məşğuliyyətləri ilə vaxt keçirmək üçün görünməmiş fürsət qazanır.

Şeir-kitab və təbiətin gözəllikləri ilə baş-başa qalmağı sevənlər üçün də pensiya mərhələsi vazkeçilməz nemətdir. Dahi yazarların əsərləri də ömrümüz boyu bizim bələdçimizə çevrilməlidir. Bu mənada musiqi son dərəcə sədaqətli dost sayıla bilər. İnsanlardan sidqi sıyrılan birisi üçün musiqi - heyrətamiz bir aləmə açılan pəncərədir.

Beləcə, o "kölgə xəttinin" digər üzünə adlayandan, haradasa, 10 və ya 20 il sonra insan artıq "işıq cizgisini" də geridə qoya bilər. Həmin vaxt o, hüzura və bəxtəvərliyə qovuşmuş sayılır. Sərgilədiyi səmimiyyət və mehribanlıq - onun könlündəki ab-havanın göstəricisidir. Ona görə də qocalığı girişində: "İçəri keçdinsə, hər cür ümiddən əlini üz!" şüarı yazılan cəhənnəm hesab eləmək böyük yanlış olardı. Dostluq etməyi bacaran insanlar ahıl yaşda da öz həmdəmlərinin əhatəsində qalırlar. Bir də ahıllıqda ölüm qorxusunu yenməkdə iman və fəlsəfə danılmaz güman yerimizə çevrilir.

 

Artıq yatmaq vaxtıdır

 

Görəsən, nə vaxtsa elmi nailiyyətlər yaşlanmanın insan bədəninə meydan oxumasının önünə keçə biləcəkmi? Görəsən insanlar nə vaxtsa elə bir cavanlıq çeşməsi yarada biləcəklər ki, onun suyunda yuyunmaqla, təkrar o əvvəlki sütül cavana çevrilə bilsinlər? Hələlik bioloqlar ən bəsit orqanizmlər səviyyəsində aparılan təcrübələrdə buna nail olublar. Amma görəsən insanoğlu da belə uzun ömürə ehtiyac duyacaqmı?

80 yaşa gələnə qədər o, artıq hər şeyi dadmış, sınamış olur: sevgini də, ayrılığı da, iddiaları və onların yol açdığı boşluqları da, avam xəyalları və onların iflasından sonra yaşanan oyanışı da.

Ahıl yaşdakı ölüm qorxusu çox da sarsıdıcı sayılmaz, çünki həmin vaxt insanın bütün məhrəm bağlılıqları və maraqları onsuz da keçmişdə qalır, həm də əsasən dünyasını dəyişən insanlarla əlaqəli olur.

Anadan olmasının 70 illiyi qeyd edilərkən Herbert Uells öz çıxışında demişdi ki, bu yubiley onun yaddaşında uşaqlıq xatirələrinin çözələnməsinə səbəb olub. Dayəsi ona xatırladırmış: "Henri, yatmaq vaxtın gəlib". Gələcəyin yazıçısı buna etiraz etsə də, daxilən əmin imiş ki, yuxu onun dincəlməsi üçün vacib şərtdir.

"Ölüm də eynilə o cür nəcib və eyni zamanda ciddi bir dayədir və möhlət bitincə, bizə xatırladır ki: "Henri, yatmaq vaxtın gəlib". Biz bu təklifə ötəri dirənsək də, tamamilə əminik ki, dincəlmək vaxtı çatdığından elə özümüz də məhz bunu arzulayırıq".

 

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!