"Daha" nəşriyyatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin TEDA layihəsi çərçivəsində görkəmli türk yazıçısı və diplomatı Məmduh Şövkət Əsəndalın "Müftəxor" adlı hekayələr toplusunu çap edib. Kitabın tanıtım yazısında deyilir: "Məmduh Şövkət Əsəndal Türk ədəbiyyatında "kiçik insan"ın böyük dünyasını ustalıqla ifadə edən yazıçılardan sayılır. Əsəndal həmişə oxucunu gündəlik həyatın üzdə görünməyən gizli qatlarına dəvət edir. Bu hekayələr toplusu müəllifin iti müşahidə qabiliyyəti və incə yumoru ilə yoğrulmuş, insan təbiətinin həm gülməli, həm də düşündürücü tərəflərini üzə çıxaran ən məşhur kitablarından biridir. Əsəndal təkcə usta nasir deyil, eyni zamanda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı ilk səfiri kimi iki qardaş ölkə arasındakı diplomatik və mənəvi körpüləri quran mühüm tarixi şəxsiyyətdir. Bu kitab sizi həm həyatın içindən səmimi hekayələrlə tanış edəcək, həm də ortaq tariximizin unudulmaz simalarından birinin yaradıcılıq dünyasına aparacaq." Kitabın tərcüməçisi Qismət Rüstəmov, redaktorları Aqşin Yenisey və Ömər Xəyyamdır.
- Əfəndim, tütün qabını ortada qoymalı deyil, insafsız hərif, tütünün saçaqlı yerlərini özü çəkdi, ovuğunu mənə saxladı. Mən çox müftəxor görmüşəm, ancaq beləsinə heç vaxt rast gəlməmişəm. Rəhmətlik İlhami də müftəxor idi, amma heç olmasa, baməzəliyi vardı; insanları əyləndirirdi. Üzbəüz oturanda gözləri ilə tütün qabını axtarar, qabı cibimə qoysam, dili dolaşar, çıxarıb masanın üstünə atsam, sevinərdi. Saatlarla gözləriylə tütün qabını gəzər, sonra fürsət tapıb bir siqaret yandıranda ovqatı düzələr, gülər, danışar, camaatın kefini açardı. Ən çox xoşuna gələn şey o idi ki, fürsət düşsün, siqareti özü götürsün. Əgər ona qutunu təklif etsəniz, alardı, amma öz əliylə götürdüyü siqaretin haram dadını hiss etməzdi. Belə müftəxora canım qurban, qardaşım! Bu adam elə biri deyil ki.
Dünən artıq dözə bilmədim, dedim:
- Mahmud Əfəndi, bu qədər də olmaz, çəkirsən, istədiyin qədər çək. Amma heç olmasa, tütünün ovuğundan da qat!
O, buna öyrəşmişdi, vecinə də deyildi. Çəp-çəp mənə baxdı:
- Bir siqaret bükdüm deyə deyirsən bunu?
- Hansı bir siqaret, ay qardaş, - dedim, - bax, yenə də bir çimdik də tütün saçağı qalmayıb. Yalnız ovuğu qalıb mənə.
Laqeydcəsinə dedi:
- Sənin tütünün də heç çəkməli bir şey deyil! Bunu necə çəkirsən? Qaçaq tütün çəksən daha yaxşı olar!
Əsəbiləşdim:
- Qardaş, - dedim, - yaxşı və ya pisin fərqi yoxdur, sən məndən daha çox çəkirsən. Pisdirsə, niyə çəkirsən?
- Neyləyə bilərəm, - dedi, - daha yaxşısı olsa, onu çəkərdim...
- Niyə yoxdur? - dedim, - tütün dükanları doludur!
O, diqqətlə mənə baxdı:
- Mən, - dedi, - bu zəqqutuma pul vermərəm. Murdar şeydir... Məkruhdur. Hələ bir pul da verəcəyəmmiş! İşim-gücüm qurtarıb...
- Çox düz deyirsən, - dedim, - amma biz pul veririk!
- Mən də məhz bunu deyirəm, - dedi, - pul verirsənsə, heç olmasa, yaxşısına ver. Beləsini çəkəcəksənsə, çəkməsən yaxşıdır!
- Sən, - dedim, - qırx yaşımdan sonra mənim vərdişlərimi dəyişəcəksən? Laqeydliklə çiyinlərini çəkdi:
- Nə işimə qalıb, - dedi, - mən heç kimin zövqünə qarışmaram. Sən mənim zövqümə qarışdın, ona görə dedim.
- Əzizim, - dedim, - sənin quruyub qalası vərdişlərinin mənə ziyanı olmasa, qırx il də bir söz demərəm. Amma sənin zərərin mənə dəyir.
- Sənə nə zərər vurmuşam? - deyə soruşdu. Bütün bunları sadəcə bir siqaret üçünmü deyirsən? Zərər vurmuşam, dünya dağılıb... Mən çəkməsəydim, hamısını sən çəksəydin, daha çox qazanacaqdın? Barı, bunu başqalarının yanında demə, səni söyərlər.
Cin vurdu təpəmə:
- Niyə söyərlər? - deyə soruşdum.
- Niyə olacaq?! - dedi, - ona görə ki, bir siqaretə görə bu qədər hay-küy salırsan!
- Əziz qardaşım, - dedim, - hansı siqaret, hansı beş siqaret?..
- Lap tutaq ki, on siqaret, - dedi, - iyirmi siqaret, otuz siqaret... Danışmağa sözün qurtarıb deyəsən! Yox, tütünün saçağını çəkmişəm, nə bilim, təkcə ovuğu sənə qalıb... Belə şeyləri demək ayıbdır. Ovuğu qalıbsa, bir qutu da al, saçaqlı tütün çək. Qiyməti altmışca lirədir.
- Bir dəfə də sən alsan, nə olar? - dedim, - niyə onu almaq bizim, çəkmək sənin işindir?
- Dedim axı, mənim belə vərdişim yoxdur! Belə zəhərə pul vermərəm, - dedi. - Sən bunu vərdiş halına gətirmisən; çəksəm də, çəkməsəm də, sən alırsan. Mənim üçün tütün almırsan ki, düzdür? Əgər mənim üçün alırsansa, bir də alma. Həm də siqaretə görə qəhvəxananın ortasında bir kişiyə bu qədər söz demək ayıb deyil? Bu sənə yaraşırmı?
- Dəli olacağam, - dedim, - sən altmış lirə verib bir qutu tütün almırsan, hamının tütününə dadanırsan, ayıb olmur, mən "tütünü qat, saçağından mənə də qalsın" deyirəm, ayıb olur, eləmi?
- Mənə niyə ayıb olsun? - dedi, - oğurluq etmirəm, zorla götürmürəm, tütünün saçağı varkən, ovuğunu çəkəcək qədər axmaq deyiləm...
- Biz tütünün ovuğunu çəkdiyimizə görə axmaqıq? - dedim.
Düzünü desəm, çox əsəbiləşdim. Onun da siqaret çəkməkdən saralmış barmaqları titrəməyə başladı, amma ağzını yummadı:
- Sən, - dedi, - mənə bayaqdan bu qədər söz dedin, heç səsimi çıxardım? Tütünün saçağı varkən ovuğunu çəkmək axmaqlıqdır, bunamı əsəbiləşirsən?
Kafedəkilərə baxaraq:
- Yalan deyirəm, əfəndilər? - dedi. - Mənə bir siqaret verib deyə, bu qədər deyinmək doğrudur? Belə şey harada görülüb?
Qarşı tərəfdəki masada oturan polkovnik Əsəd bəy mənə işarə etdi. Özümü topladım:
- Sən, - dedim, - qardaş, bir də mənə yaxınlaşma, mənimlə danışma. Bir gün qəzəblə başına bir şey vuraram, işə düşərəm, başa düşdün? Vəssalam!
İşlər bu nöqtəyə çatanda Əsəd bəy cibindən tütün kisəsini çıxardı:
- Mahmud Əfəndi, - dedi, - bura gəl, sənə bir az tütün verim, gör necə bəyənəcəksən...
Tütün kisəsini görüb ayağa qalxdı və qarşı tərəfə keçdi. Mənə də:
- Mən qoçu deyiləm, - dedi, - heç kimə pislik etməmişəm, heç vaxt etmərəm. Yeganə günahım nədir? Bir siqaret bükmüşəm! Elə bil, fırtına qopub...
Bir yandan donquldandı, bir yandan da, Əsəd bəyin tütün qabında nə vardısa, çəkdi. Artıq cavab vermədim. Amma düşünməyin ki, Mahmud Əfəndi məndən incidi, mən də ondan qurtuldum. Növbəti gün səhər obaşdan qulluqçu dedi ki, bir bəy məni görmək istəyir. Aşağı düşdüm. Mahmud Əfəndini gördüm. Məni görüncə dedi:
- Qardaş, dünən sənin xətrinə dəydim. Sonra peşman oldum. Səndən üzr istəməyə gəldim. Məni bağışla, insanlıq halıdır... İnsan bəzən özünü itirir...
Siz olsanız, nə edərdiniz? Üzr istəyən bir kişi, üstəlik, evə qədər gəlib... mənim ürəyim buna dözməz. "Buyurun, içəri keçin", - dedik. Hətta qəhvə dəmlədik. Qarşısına tütün dolu bir qab da qoyduq. Qardaş, inanın mənə, iş saatına qədər qabın dibində yalnız ovuq qalmışdı, külqabı da ağzına qədər doluydu!
24 aprel 1923-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
