İngilisdilli İrlandiya şairi, dramaturqu, ədəbiyyat üzrə Nobel laureatı olan Vilyam Batler Yeyts 1865-ci ildə Dublin şəhərində doğulub. İlk əsərləri 1880-ci illərin ortalarında, hələ Dublin Metropoliten İncəsənət Məktəbində tələbə ikən yayımlanıb. Təxminən, 20 yaşından İrlandiya əfsanələrinə və okkultizmə maraq göstərməyə başlayıb. Okkultizmə olan marağını 1886-cı ildə yayımlanan ilk əsəri "Mosada: Dramatik bir şeir"də izləmək mümkündür. Bu istiqamətdə bir çox lirik, mistik və ağır üslubda şeirlər yazıb. "Kolumbiya Ensiklopediyası" nəşrlərində yazıçı, İrlandiya ədəbiyyatının müasir Renessans prosesinin öncüsü kimi qiymətləndirilib. O, şeirləri ilə yanaşı təsirli nəsr əsərləri ilə də tanınıb. Bunlar arasında ilk əsəri "Qrafinya Ketlin"i və "Kelt alaqaranlığı"nın adını çəkmək olar. Yeyts, özü də rəssam olan atası Con Batler Yeytsin təsiri ilə ədəbiyyatla yanaşı rəssamlıqla da yaxından maraqlanıb. 1883-1886-cı illərdə Dublində rəsm dərsləri alıb. Daha sonra özünü bütünlüklə şeirə həsr edən Yeyts dərin və bəzən anlamaq çətin olan obrazlarla dolu çoxlu şeirlər yazıb. Ezra Paundun şeirə dair düşüncələrini yenidən nəzərdən keçirən Yeyts, Vilyam Bleyk, Ezra Paund, Tomas Eliot kimi mühüm şairlərdən fərqli, amma bir o qədər də onların qarışığı olan yeni bir üslub yaradıb. Dramatik və poetik sahədə eyni ilhamla yazıb-yaradan müəllifin adı elə yaşadığı vaxtlarda, artıq irland əsilli məşhurların: Oskar Uayld, Ceyms Coys və Ezra Paundun adları ilə bir sırada çəkilib. Dövrün çalxantılı siyasi atmosferi ilə də yaxından maraqlanan İrlandiya millətçisi və aktivisti olan Yeyts, 24 aprel 1916-cı ildə İrlandiya respublikaçılarının Britaniya hakimiyyətinə qarşı başlatdığı üsyanı (Paskalya Qiyamını) "Pasxa, 1916" şeirində təsvir edib. Yeyts, 1922-ci ildə İrlandiya Müstəqillik müharibəsi nəticəsində ingilislərlə qarşılıqlı razılaşma əsasında qurulan Azad İrlandiya Dövlətinin ilk senatorları arasında yer alıb. Ümummilli şair kimi tanınan Yeyts 1923-cü ildə isə Nobel laureatı olub. Deyilənlərə görə, mükafatın məhz irlandiyalı müəllifə verilməsində yaradıcılıq amili ilə yanaşı siyasi konyuktura da öz rolunu oynamışdı. Təsadüfi deyil ki, Nobel mükafatı ona "yüksək bədii formada milli ruhu ifadə edən ilhamlı poetik yaradıcılığına görə" verilib. Yəqin ki, İsveç Akademiyası növbəti laureatı irland sənətkarları arasından seçməklə Avropanın siyasi xəritəsindəki yeni dövlətə öz mənəvi dəstəyini belə ifadə etmək istəmişdi. Dünyanın bir çox ölkələrinə səyahət edən şair əsas diqqəti İrlandiyanın tarix və mədəniyyətinin təbliğinə yönəldib. O, İrlandiya və Britaniyanın bir sıra universitetlərinin fəxri doktoru adına layiq görülüb. Fransız riverasında vəfat edən şair vəsiyyətinə uyğun şəkildə 1948-ci ildə vətənində torpağa tapşırılıb. Yazıçının "Xeyir və Şər haqqında" əsərindən hissələri təqdim edirik.
"Sənət əsərlərindən təkbaşına zövq almaq bizim təbiətimizə uyğun deyil. İnsanın qarşısına nə vaxt gözəl bir misra çıxsa, mütləq onu kiməsə oxumaq istəyir".
"Sənət, daxili müxtəlifliyi təmin etmək üçün yaradılan, zahiri monotonluqdur əslində. Səthi təsirlərin incə olanlara fəda edilməsidir, təxəyyülün asketizmidir".
***
"Hələ cavan oğlan olarkən, fəlsəfə müzakirə etmək üçün Dublinin qaranlıq küçələrində otaq kirayələyən bir qrupun üzvü idim. Məktəb yoldaşlarım bəzi müasir mistik düşüncə məktəblərinə getdikcə daha çox maraq göstərirdilər; mənsə o sarsılmaz inancımı bölüşəcək adam tapmırdım. İnancıma görə fəlsəfə nədən ibarət olursa-olsun, qalıcı olan yalnız şeirdi və heç bir şeyi şairlərin uydurmaları olaraq rədd etmədən şeiri müəyyən bir nizama görə tərtib etməyə başlamaq lazım idi. Bu qədər ildən sonra xatırlaya bildiyim qədərilə, o vaxtlar belə düşünürdüm: Əgər güclü və müqəddəs bir ruh bu dünyanın taleyini yazıbsa, o taleyi yorucu mülahizələrdən və ya tarixi sənədlərdən çox, dünyanın ən dərin arzusunu ifadə edən sözlərə baxaraq kəşf edə bilərik. O vaxtdan etibarən yuxuları və müxtəlif baxışları böyük diqqətlə müşahidə etdim və təxəyyülün həqiqətə, ağlın bilmədiyi bir yolla çata bildiyinə, həmçinin bədən hərəkətsiz və ağıl susqunkən təxəyyüldən gələn əmrlərin görə biləcəyimiz ən məcburi əmrlər olduğuna artıq əminəm".
***
""Bu dünyaya gəlirik və yaşadığımız andan etibarən içimizdə getdikcə öz bənzərini arzulayan bir şey yaranır". Bizim "öz cənnəti ətrafında ağrı, kədər və pisliyin girməyə cəsarət etmədiyi bir dairə çəkən, ruhumuzun içində bir ruhumuz var" və bizlər bu ruhu bir çox aynada görə bilmək, ona daha da çox sahib ola bilmək üçün çalışırıq".
***
"Həyatın özündə olduğu kimi, sənətin də qızıl qaydası budur: sərhəd xətləri nə qədər kəskin, nə qədər sərt olsa, sənət əsəri də o qədər mükəmməl olar; bu sərhədlərin daha qeyri-müəyyən olması isə pis təqlidin, plagiatın və səriştəsizliyin sübutunu daha da böyüdür"...
***
"Hər mövzuda sənətkar olmalıyıq və sevginin, qocalığın və ölümün sənətlər arasında ilk sırada gəldiyini anlamalıyıq".
***
"Təsviri olmayan bütün sənət simvolikdir və Orta əsr sehrbazlarının mürəkkəb rənglər və müəyyən formalarla hazırlayıb xəstələrinə gündəlik olaraq haqqında düşünməyi əmr etdikləri, müqəddəs bir gizliliklə qoruduqları tilsimlərlə eyni məqsədi daşıyır. Bir hekayənin və ya portretin parçası olan insan və ya mənzərə, onu hekayə və ya portret edən şeylə əlaqəsini kəsmədən, onların icazə verdiyi qədər duyğular oyada bilər; lakin bir insanı və ya mənzərəni motivasiyalarından, əlaqələrindən və hərəkətlərindən, səbəblərindən və nəticələrindən, öz sevginiz xaric, başqa bütün əlaqələrindən ayırsanız, gözlərinizin qarşısında dəyişər və sonsuz bir duyğunun simvoluna çevrilər. Çünki biz yalnız mükəmməli sevirik, yuxularımız da onları sevə bilək deyə, hər şeyi mükəmməlləşdirir. Rahiblər və rahibələr, şəfaçılar və dindarlar girdikləri translarda simvollar görürlər; çünki o cür inanc sahibləri mükəmməlin və ona çatma yollarının ardınca gedir, simvollar isə mükəmməllikdən danışa bilmək üçün bütün əlaqələrdən kifayət qədər təmizlənmiş (uzaqlaşmış) yeganə şeydir".
"Zəifliklərimizi yalnız mükəmməllik aynasındakı qüsur və ya qüsur aynasındakı mükəmməllik məmnun edə bilər".
***
"Düşüncələrimiz və hisslərimiz heç bir gözün görə bilmədiyi bir ayın gizli dalğalarından qaynaqlanır. Yazmağa təzə başlayanda xarici dünyanı mümkün qədər canlı əks etdirmək istəyirdim. Bir qədər narazı olduğum cəhətlər olsa da, mənzərəli və bəlağətli kitablardan zövq alırdım. Sonra birdən-birə xarici dünyanı əksetdirmə istəyim itdi və mənəvi və ya gizli aspektləri olmayan kitablardan heç zövq almadığımı anladım. O vaxtlar bu dəyişikliyin mənim zehnimin də fövqündən qaynaqlandığını anlamamışdım, amma indi anlayıram ki, Avropanın hər yerində olan yazıçılar bununla mübarizə aparırlar; həmişə bu mübarizələrinin fəlsəfi yönü ilə olmasa da, bu pitoresk və bəlağətli üslubla, elmi və siyasi düşüncə ilə keçən bir dövrün ədəbiyyata nüfuz etdiyi "xaricilik"lə mübarizə aparırlar".
***
Mən, həqiqətən də, hər bir ölkənin sənətində tez-tez "dekadans" deyilən solğun işıqları, solğun rəngləri, solğun konturları və solğun enerjiləri görürəm. Mən sənətlərin uzanıb gələcək xəyallar qurduğuna inandığım üçün bunu bədənin payızı adlandırmağa üstünlük verirəm. Şeirinin ritmi payız alaqaranlığında qağayının çığırtısını xatırladan irlandiyalı bir şair bunun mənasını bu misralarla izah etmişdi: "Gün işığı belə yorğundur, kotanı yerə qoymaq vaxtıdır". Bunun əhəmiyyəti çox böyükdür, çünki məhz xarici qanunların təfsirçisi olan pozitiv elmin həmişə inkar etdiyi bir çox şeyə maraq göstərməyə başlamışdıq: zehnin sözlər olmadan düşüncə ilə ünsiyyət qurma qabiliyyəti, görüntülər və xəyallar vasitəsilə öncəgörmə, ölülərin aramıza gəlməsi və daha bir çox şey... Bəlkə də, dünyanın ən böyük böhranlarından birindəyik, bəşəriyyətin uzun müddətdir topladığı sərvəti çiyinlərinə götürüb ilk günlərdən bəri enmiş olduğu pillələri çıxmaq üzrə olduğu andayıq".
***
"Ədəbiyyat, izahlı və elmi yazıdan fərqlənir, çünki bədən görünməz bir ruhla dolu olduğu kimi, müəyyən bir hisslə və ya bir sıra hisslərlə doludur. Əgər bir əsərdə arqument, nəzəriyyə, təcrübə və müşahidə istifadə olunursa və yenə bir əsər iddiasında və ya inkarında qəzəbli (hirsli) görünürsə, bu yalnız hisslərin toplaşdığı ziyafətdə iştirak etməyimiz üçündür".
Tərcümə etdi: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
