Teleqram (Hekayə) - Konstantin PAUSTOVSKI

 

Oktyabr ayı çox soyuq və yağışlı keçirdi. Bu soyuğun gücündən, hətta dam örtükləri belə qaralmışdı. Bağçada bir-birinə dolaşmış otlar yerə sərilmişdi, amma hasarın dibindəki balaca günəbaxandan başqa, hər şey çiçəkləmişdi.

Çayın o tayından yol alıb gələn seyrək buludlar, sanki göyün üzündən yapışaraq çəmənliyə tərəf tələsirdi. Sonra bu buludlardan yağış yağmağa başladı. Aləmi sel-su bürüdü. Artıq palçıqlı yollarla getmək mümkün deyildi, çobanlar sürülərini otlağa çıxara bilmirdilər. Çobanların gur həyatı bu yağışla yaza kimi, demək olar ki, sönürdü.

Artıq Katerina Petrovna üçün səhər yuxudan oyanmaq və hər şeyi olduğu kimi görmək xeyli çətinləşmişdi. Çoxdan qalanmamış sobaların ağır iyini duymurdu, toz basmış "Avropa xəbərləri", masanın üstündəki saralmış fincanlar, aylardan bəri təmizlənməmiş samovar və divardan asılmış rəsm əsərlərini də aydın görə bilmirdi. Ola bilsin ki, otaqların xeyli qaranlıq olması, ya da Katerina Petrovnanın gözlərinə mirvari suyu gəlməsi və ya zaman keçdiyindən bu rəsm əsərlərinin özlərinin köhnəlib solması səbəbindən heç nəyi aydınlaşdırmaq mümkün deyildi. Katerina Petrovna indi yalnız yaddaşının gücü ilə aydınlaşdıra bilərdi ki, bax bu, atasının portretidi, bu da, balaca, qızıllı çərçivədə olan və Kramskinin ona şəxsən hədiyyə etdiyi "Naməlum qız" rəsm əsərinin eskizi idi. Katerina Petrovna, məşhur rəssam atasından ona qalmış köhnə evdə öz ömrünü başa vururdu.

Artıq qocalmış rəssam, Peterburqdan öz doğma kəndinə qayıdır və ömrünün axırınadək burda yaşayır, bağ-bağçayla məşğul olurdu. O, artıq rəsm çəkə bilmirdi, çünki həm əlləri əsir, həm gözləri zəifləmiş, həm də tez-tez xəstələnirdi.

Ev, Katerina Petrovnanın dediyi kimi, "Xatirə muzeyi" idi, həm də bir növ vilayət muzeyinin mühafizəsi altındaydı.

Bu evin axırıncı sakini öləndən sonra onun gələcəkdə necə olacağını Katerina Petrovna bilmirdi. Kənddə isə - Zaborye adlanırdı bu kənd - bir adam yox idi ki, onunla bu rəsm əsərlərindən, Peterburq həyatından, Katerina Petrovnanın atasıyla Parisdə keçirdiyi yay günlərindən, Viktor Hüqonun dəfn mərasimini görməsindən danışa bilsin. Bütün bunları qonşuda yaşayan kolxoz çəkməçisinin qızı, hər gün onlara gəlib, ev-eşiyi silib-süpürən, su gətirən, samovar qaynadan Manyuşkaya danışası deyildi ki!

Katerina Petrovna Manyuşkaya, ona göstərdiyi xidmətinə görə köhnə bir əlcək, bir də dəvəquşu lələyi, şüşəli qara şlyapa bağışladı.

- Nəyimə gərəkdi bunlar? - deyə Manyuşka xırıltılı səslə soruşdu, - mən cır-cındır həvəskarıyam, bəyəm?

- Sən də apar, sat, mənim yaraşıqlı qızım! - Katerina Petrovna pıçıltıyla dedi. Axırıncı bir ildə o, elə qocalmışdı ki, heç "sən sat"ı da hündürdən deyə bilmədi.

- Cındır yığılan yerə verərəm, - deyə Manyuşka hər şeyi götürüb getdi.

Yanğınsöndürən idarəsinin gözətçisi, kök və sarı Tixon da hərdən ona baş çəkərdi. O, Katerina Petrovnanın atasının Peterburqdan gəlməsini, onun ev tikməsini, bağ-bağça salmasını hələ də xatırlayırdı. Tixon onda balaca idi, amma qoca rəssama olan hörmət-izzətini bütün ömrü boyu qoruyub saxlamışdı. Onun rəsm əsərlərinə baxaraq dərindən köks ötürüb:

- Olduqca təbii çəkilmiş əsərdir! - dedi.

Tixon tez-tez mənasız yerə təlaş keçirən adam idi. O, bağdakı qurumuş ağacları qırıb təmizləyir, irilərini doğrayır, sobada yandırmaq üçün yarıb hazırlayırdı. Və hər dəfə də gedəndə qapının ağzında dayanıb soruşardı:

- Xəbər varmı, Katerina Petrovna, Nastya yazır, ya yox?

Katerina Petrovna divanda heysiz vücudu ilə büzüşmüş halda oturub, sarı dəridən olan qadın çantasından hansısa kağız vərəqlərini çıxarıb dəstələyərək susurdu.

- Yaxşı, - deyə cavab almadığını görüb, - mən gedim, Katerina Petrovna!

- Get, Tişa - Katerina Petrovna, - Allah sənə yar olsun! - deyə pıçıltıyla cavab verdi.

O, qapını örtüb, səssiz-səmirsiz çıxıb getdi. Katerina Petrovna isə oturduğu yerdə sakitcə ağlamağa başladı. Pəncərə arxasında əsən güclü külək çılpaq budaqları silkələyib, axırıncı yarpaqları qoparıb yerə tökür, fitə oxşayan səs çıxarırdı. Masanın üstündəki kerosinlə yanan gecə lampası da bu səsdən titrəyirdi. Lampa, sanki bu atılmış evdə yaşayan yeganə canlı əşya idi ki, onun zəif işığı olmasaydı, Katerina Petrovna səhərədək necə yaşayacağını bilmirdi...

Gecələr artıq onun üçün çox uzun, ağır və yuxusuz keçirdi. Səhərlər isə çox gec açılır, hər şey gecikir, səhər işığı çoxdan yuyulmamış pəncərələrin çərçivələrində ötən ildən ilişib qalaraq çürümüş və qaralmış yarpaqlardan içəri güclə süzülürdü.

Nastya, Katerina Petrovnanın qızı, yeganə doğma adamı idi, o, indi uzaqda - Leninqradda yaşayırdı. O, axırıncı dəfə kəndə, anasının yanına üç il bundan əvvəl gəlmişdi.

Katerina Petrovna bilirdi ki, Nastya çox məşğuldu, indi o hara, qoca anası hara?! Ona sərf ediləsi vaxtı yox idi. Onların - cavanların öz işləri, özlərinin ona məlum olmayan maraqları, öz səadətləri var idi. Yaxşısı, ona mane olmamaqdı. Ona görə də Katerina Petrovna Nastya haqqında hər gün düşünür, amma ona çox nadir hallarda yazırdı.

İndi köhnə divanın bir qırağında sakitcə oturaraq düşünürdü. Elə sakit ki, hətta gecə sükutundan aldanmış siçan belə, sobanın arxasından qaçıb çıxaraq arxa pəncələri üstündə durub, burnunu ora-bura çevirərək havanı iyləyirdi.

Nastyadan məktub gəlmirdi, yalnız hər iki-üç aydan bir gənc və şən poçtalyon Vasili Katerina Petrovnaya iki yüz rubl məbləğində pul köçürməsi gətirirdi. O, Katerina Petrovnanın köçürmə sənədini imzaladığı zaman əlindən ehtiyatla tutardı ki, lazım olmayan yerə qol çəkməsin.

Vasili getdikdən sonra Katerina Petrovna aldığı pulu əlində tutaraq özünü itirmiş halda oturmuşdu. Sonra eynəyini taxıb poçt köçürmə sənədində olan bir neçə sözü oxudu. Həmişəki, eyni sözlər idi: "İşim başımdan aşıb-daşır, o qədər ki, nəinki gəlmək, hətta əməlli bir məktub yazmağa da vaxtım olmur".

Katerina Petrovna nəvaziş və ehtiyatla əlindəki kağızı tumarladı. Qocalığından unutmuşdu ki, bu pullar Nastyanın əlində tutduğu pullar deyil. Elə bilirdi ki, bu pullarda Nastyanın ətri var.

Bir dəfə oktyabrın sonunda, gecə vaxtı kiminsə bağın ayağında olan və artıq bir neçə il əvvəl birdəfəlik bağlanmış qapını dayanmadan döydüyünü eşitdi. Katerina Petrovna narahat oldu və başına uzun-uzadı isti dəsmal bağlayıb, əyninə köhnə bir palto geyib, bu il ilk dəfə olaraq evdən bayıra çıxdı. O, çox zəif hərəkətlə yeriyirdi. Soyuq havadan başı ağrımağa başladı. Səmanın ənginliklərindəki unudulmuş ulduzlar yerə baxırdılar. Yerə tökülmüş yarpaqlar isə onun yeriməsinə mane olurdu. Döyülən qapının yanında dayanıb yavaşdan soruşdu:

- Kimdi, nə lazımdır?

Lakin divarın o tərəfindən cavab gəlmədi.

- Ola bilsin, mənə elə gəlib, - deyə Katerina Petrovna öz-özünə danışaraq geri qayıtdı. O, bir az addımladıqdan sonra təngnəfəs olub, köhnə bir ağacın altında dayandı, soyuq və yaş bir budaqdan tutdu, bu tutduğu ağacı tanıdı, ağcaqayın ağacı idi. O, bu ağacı çoxdan, lap yeniyetmə vaxtlarından əkmişdi. İndi o, burda gövdəsinin qabıqları soyulmuş halda dayanmışdı, bu küləkli gecədə getməyə bir yeri yox idi. Katerina Petrovnanın ağcaqayın ağacına yazığı gəldi, kələ-kötürlü ağacın gövdəsinə toxundu və sonra birtəhər evə döndü. Həmin gecə Nastyaya məktub yazdı.

"Mənim sevimlim, - Katerina Petrovna yazırdı - mən bu qışdan çətin çıxa bilim. Heç olmasa, bir günlüyə də olsa, gəl. Qoy sənə baxım, əllərindən tutum. Mən çox qocalmışam və çox zəifləmişəm. O qədər zəifəm ki, nəinki gəzmək, yerimək, hətta otura və uzana da bilmirəm. Ölüm, mənə gələn yolu unudub, görünür. Bağımız tamam quruyub, o, artıq indi bağ deyil. Onsuz da mən onu daha görə bilmirəm. Bu il payız çox pis gəlib. Payız o qədər ağırdır ki, elə bil heç vaxt mənim həyatımda belə uzun payız olmayıb. Yalnız bu il belə uzundu".

Manyuşka məktubu götürüb burnunu çəkə-çəkə poçta apardı, çətinliklə poçt qutusuna salaraq, - orada nə var? - deyə onun içərisinə baxmağa çalışdı... onun içərisində boşluqdan başqa heç nə yox idi.

Nastya Rəssamlar İttifaqında katibə vəzifəsində çalışırdı. İşi olduqca çox idi. Sərgilərin təşkili, müsabiqələr - bunların hamısı onun əlindən keçirdi.

Katerina Petrovnadan məktubu işdə olanda aldı. O, məktubu oxumadan çantasına atdı, belə qərara gəldi ki, işdən sonra oxuyar. Katerina Petrovnadan gələn məktublar, adətən Nastyanı yüngülləşdirirdi: - əgər anası yazırsa, deməli, o, sağ-salamatdı. Bununla bərabər o, həm də məktublardan gizli bir narahatlıq keçirirdi. Sanki hər bir məktub həm də gizli bir məzəmmət idi.

İşdən sonra Nastya gənc heykəltaraş Timofeyevin emalatxanasına gedib, onun necə yaşadığını öyrənib, sonra İttifaqın rəhbərliyinə məlumat verməli idi. Timofeyev emalatxananın soyuq olmasından şikayət etdi, sonra ümumiyyətlə onun sıxışdırıldığını, inkişaf etməsinə imkan verilmədiyini dedi.

Yolunun üstündəki meydançaların birində Nastya çantasından balaca güzgüsünü çıxarıb, kirşanlandı və gülümsədi - indi özünün özündən xoşu gəldi. Rəssamlar onu sarı saçlarına və iri soyuq gözlərinə görə "Solveyq" adlandırırdılar.

Timofeyev özü qapını açdı - o, balacaboy, qətiyyətli və acıqlıydı. Boynuna böyük şarf dolamışdı, Nastya onun ayaqlarında qadın qaloşu olduğunu nəzərindən qaçırmadı.

- Soyunmayın, - deyə Timofeyev burnunun altında danışdı - Yoxsa üşüyərsiniz! Xahiş edirəm!

O, Nastyanı qaranlıq dəhlizlə apararaq, bir neçə pillə yuxarı qalxıb, emalatxananın dar qapısını açdı. Emalatxananı tüstü iyi bürümüşdü. Döşəmədə yaş gillə dolu çəlləyin yanında kerosin lampası yanırdı. Dəzgahlarda köhnə parçayla örtülmüş heykəllər var idi. Duman enli pəncərənin arxasından çəp uçan qarları Neva çayının qara sularına töküb əridirdi. Külək pəncərənin çərçivəsində fit çalaraq döşəməyə tökülmüş köhnə qəzetləri tərpədirdi.

- Allah, nə yaman soyuqdur, - deyən Nastyaya elə gəldi ki, emalatxananı, divardan pərakəndə şəkildə asılmış ağ mərmər barelyeflər bir az da soyuqlaşdırır.

- Budur, baxın! - deyə Timofeyev gillə çirklənmiş kreslonu Nastyaya tərəf itələdi. - Hələ mənə aydın deyil ki, mən bu komada indiyədək niyə ölməmişəm?! Amma Perşinin emalatxanasında kaloriferdən yayılan isti Böyük Səhra istisi kimidir. (!)

- Siz Perşini sevmirsiz? - Nastya ehtiyatla soruşdu.

- Layiq olmadığı yeri tutmuş adamdı! - Timofeyev incimiş halda söyləndi və - Pinəçi! - deyərək sözünə davam etdi. Onun yaratdığı fiqurlarda çiyin yoxdu, palto asılması üçün olan asılqanlara oxşayır, onun kolxozçu qadınları, boynunda döşlük olan daş qadınlardır. Onun fəhlələri neandertal adamlarına oxşayır. Heykəllərini taxta kürəklə düzəldir. Amma çox hiyləgərdi, - əzizim mənim, - kardinal kimi hiyləgərdi.

- Mənə yaratdığınız Qoqolu göstərin, - deyə Nastya söhbəti dəyişmək üçün xahiş etdi.

- Keçin! - deyə heykəltaraş qaşqabağını tökdü. - Yox, ora yox! O küncə keçin. Bax belə! O, fiqurların birindən köhnə parçanı çəkib götürdü, sonra onun hər tərəfinə göz gəzdirərək kerosin lampasının yanında oturub əlini isidərək dedi:

- Budur, Nikolay Vasilyeviç! Buyurun, baxın!

Nastya diksindi. Bu sivriburunlu, çiyinləri çıxmış adam ona diqqətlə baxırdı. Nastya onun buxağında olan nazik damarın necə döyündüyünü gördü.

"Məktub isə hələ də çantada açılmamış olaraq qalırdı", - elə bil ki, Qoqolun iti, nüfuzedici baxışları deyirdi - "Ay səni, sağsağan"!

- Hə, necədi? - Timofeyev soruşdu, - ciddi dayıdı, eləmi?

- Əladı! - Nastya güclə cavab verdi. - Bu, doğrudan da, çox gözəldi!

Timofeyev acı-acı güldü.

- Çox gözəldi! - deyə təkrar etdi. - Hamı deyir, çox gözəldir. Perşin də, Matyaş da, müxtəlif komitələrdən olan sənət biliciləri də. Amma nə faydası?! Burda - çox gözəldi, orada - mənim heykəltaraş kimi taleyim həll olunan yerdə isə həmin Perşin, həmin yerdə nəsə qeyri-müəyyən bir şey deyir və artıq hər şey onunçun hazırdı... Gecələr yatmırsan! - deyə Timofeyev qışqırdı və qaloşlu ayağını yerə döyə-döyə emalatxanada ora-bura qaçdı. - Yaş gillərdən əlimdə revmatizm yaranıb. Üç ildi Qoqolun hər bir sözünü oxuyuram. Artıq onun donuz burnu yuxuma girir.

Timofeyev kürsüdən bir dəstə kitabı götürüb havada yelləyərək var gücüylə geri tulladı. Oradan gil tozu qalxdı.

- Bunların hamısı Qoqol haqqındadı! - dedi və tezliklə sakitləşdi. - Hə, nədi? Deyəsən, mən sizi qorxutdum? Bağışlayın məni, əzizim. Vallah, dalaşmağa hazıram!

- Onda bir yerdə dalaşacağıq, - deyə Nastya yerindən qalxdı.

Timofeyev onun əlini möhkəm sıxdı və o, nəyin bahasına olursa-olsun, bu istedadlı insanı qeyri-müəyyənlikdən üzə çıxaracağı kimi qəti bir qərarla emalatxananı tərk etdi.

Nastya Rəssamlar İttifaqına qayıdıb sədrin yanına girdi, onunla uzun müddət danışdı və sübut etməyə çalışdı ki, elə bu saat Timofeyevin işlərinin - əsərlərinin sərgisini təşkil etmək lazımdı. Sədr əlindəki karandaşla masanı döyə-döyə nəsə fikirləşib, nəhayət, razı oldu.

Nastya Moykadakı evinə, tavanı qızılı rənglə rənglənmiş mənzilinə qayıtdı və yalnız onda Katerina Petrovnanın məktubunu oxudu.

- İndi hara getmək olar?! - dedi və ayağa durdu. - Məgər buradan harasa çıxa bilərsən?!

O, ağzınadək dolmuş qatarları, sonra qatarın başqa dar reyslərə keçməsini, onu yolboyu silkələyəcək arabanı, qurumuş bağlarını, anasının mütləq göz yaşlarını, kənddə olacağı uzun, cansıxıcı günləri düşündü və məktubu yazı masasındakı siyirtməyə qoydu.

Nastya Timofeyevin sərgisinin təşkilinə iki həftə sərf etdi.

Bu vaxt ərzində o, köntöy heykəltaraşla bir neçə dəfə dalaşıb barışmışdı. Timofeyev əsərlərini sərgiyə elə göndərirdi ki, elə bil onları son mənzilə yola salır.

- Sizdə, mənim əzizim, heç cürə alınmayacaq, - o, acıqla Nastyaya dedi. Elə bil ki, Nastya onun yox, öz sərgisini təşkil edirdi. - Vicdanım haqqı, mən öz vaxtımı havayı yerə itirirəm!

Əvvəlcə Nastya ümidsizliyə qapılır, inciyirdi. Sonra başa düşdü ki, bu onun məğrurluğundan yaranan bir tərslikdəndir və bu tərslik də çox vaxt süni olurdu. Amma Timofeyev ürəyinin dərinliyində gələcək sərgisi üçün çox sevinirdi.

Sərginin açılışı axşamüstü oldu. Timofeyev əsəbiləşərək deyirdi, heykəllərə elektrik işığında baxmaq olmaz.

- Ölü işıqdı, - deyindi, - cansıxıcıdı! Hətta kerosin lampasının işığı bundan yaxşıdı.

- Sizə hansı işıq lazımdı? - deyə Nastya əsəblərini cilovlaya bilmədi.

- Şam lazımdı! Şam! - Timofeyev əzab çəkən bir adam kimi qışqırdı. Qoqolu elektrik işığı altına necə qoymaq olar!? Bu cəfəngiyyatdı!

Sərginin açılışında rəssamlar, heykəltaraşlar iştirak edirdilər. Mövzudan uzaq olanlar heykəltaraşların arasında olan söhbəti eşidəndə başa düşmürdün ki, onlar əsərləri tərifləyirlər, yoxsa tənqid edirlər. Lakin Timofeyev başa düşürdü ki, sərgi alınıb.

Ağsaçlı bir rəssam Nastyaya yaxınlaşıb onun əllərini sıxaraq:

- Təşəkkür edirəm. Eşitdim ki, Timofeyevi siz gün işığına çıxartmısınız. Yaxşı etmisiniz. Bizdə həmişə rəssamlara diqqət olmasından, qayğı yetirilməsindən danışırlar, lakin məsələ konkret işə gəldikdə boş və mənasız baxan gözlərlə qarşılaşırsan. Yenə təşəkkür edirəm!

Müzakirə başlandı. Çoxlu danışdılar, təriflədilər, bəzən də özlərindən çıxdılar, qoca rəssam tərəfindən insana olan diqqətin ortaya atılmasından, gənc heykəltaraşın haqsız olaraq unudulmasından, demək olar ki, hər çıxışda danışdılar.

Timofeyev saçları dağılmış halda oturmuşdu, başını aşağı dikib parketə baxırdı, çıxış edənləri gözaltı süzürdü və bilmirdi ki, onlara inanmaq olar, yoxsa hələ tezdi?

Qapının ağzında İttifaqın xeyirxah və kütbeyin kuryeri Daşa peyda oldu. O, Nastyaya əliylə nəsə işarələr etdi. Nastya ona yaxınlaşdı və Daşa gülümsəyərək gətirdiyi teleqramı ona verdi.

Nastya öz yerinə qayıdıb xəlvəti olaraq teleqramı açdı, oxudu və heç nə başa düşmədi.

"Katya ölür. Tixon"

"Hansı Katya? - Nasta özünü itirmiş halda düşündü, - hansı Tixon? Ola bilsin bu mənə aid deyil."

O, ünvana diqqətlə baxdı: - yox, teleqram ona aid idi. O, bunu kağız lentin üzərində nazik baş hərflərlə yazılmış "Zaborye" sözünü oxuyanda anladı.

Nastya teleqramı əzərək üzünü turşutdu. Bu vaxt Perşin çıxış edirdi.

- Bizim dövrümüzdə - o yerində yırğalanaraq və eynəyini tutaraq danışırdı, - insanın qayğısına qalmaq gözəl bir reallığa çevrilir, bizə işləməyə və inkişaf etməyə kömək edir. Mən xoşbəxtəm və qeyd edim ki, bizim aramızda, heykəltaraşlar və rəssamlar arasında bu qayğı artıq təzahür edir. Mən yoldaş Timofeyevin işlərinin sərgisindən danışıram. Bu sərginin yaranmasında biz bütünlükdə - hə, qoy bizim rəhbərlik inciməsin, - İttifaqın sadə bir əməkdaşına, bizim gözəl Anastasiya Semyonovnaya borcluyuq.

Perşin Nastyanın qarşısında baş əydi və hamı əl çalaraq onu alqışladı. Xeyli alqışladılar. Nastya göz yaşlarınadək utandı.

Kimsə arxadan onun əllərinə toxundu. Bu, tez özündən çıxan yaşlı rəssam idi.

- Nə olub? - deyə Nastyanın əlində bükülmüş teleqrammanı göstərib soruşdu.

- Pis bir xəbər yoxdur ki?

- Yox! - Nastya cavab verdi. - Bu belə... bir tanışımdandı...

- Aha! - Qoca, burnunun altında dedi və yenidən Perşinə qulaq asmağa başladı.

Hamı Perşinə baxırdı, amma Nastya isə kiminsə ağır və diqqətli baxışlarının elə ona yönəldiyini hiss edir və başını qaldırmağa qorxurdu. "Bu kim ola bilər? - deyə düşündü. - Görəsən, kimsə başa düşdü? Necə də ağılsızlıqdı. Yenə əsəbləri yerindən oynayırdı".

O, güclə gözlərini qaldırdı və həmin anda da başqa tərəfə çevirdi: Qoqol istehza ilə ona baxırdı. Onun buxağında elə bil nazik skleroz damarcığı ağır-ağır döyünürdü. Nastyaya elə gəldi ki, Qoqol sakitcə, bir-birinə sıxılmış dişləri arasından dedi: - "Ay, səni!

Nastya tez durub, tələsik geyinib küçəyə qaçdı. Güclü və sulu qar yağırdı. İsakiyev məbədində boz qırov görsənirdi. Tutqun səma şəhərin, Nastyanın, Nevanın üzərinə daha da çox enmişdi.

"Mənim sevimlim", - Nastya bu yaxınlarda aldığı məktubu xatırladı. -"Mənim sevimlim!"

Nastya Admirallığın yaxınlığındakı bağçada skamyada oturdu və acı-acı ağlamağa başladı. Qar üzündə əriyib göz yaşlarına qarışırdı.

Nastya soyuqdan diksindi və qəflətən başa düşdü ki, onu heç kim belə, hamı tərəfindən orda, darıxdırıcı Zaboryedə atılmış və əldən düşmüş qoca qədər sevməyib.

"Gecdir! Mən artıq anamı görməyəcəm!" - öz-özünə dedi və xatırladı ki, bu çox mehriban uşaq sözü olan "Ana"nı axırıncı bir ildə ilk dəfədir ki, dilinə gətirir.

Qəflətən yerindən qalxıb üzünə çırpılan qarın əksiylə getdi.

"Nə olsun, nə, ana? Nə? - qarşısında heç nə görmədən, gözü bağlı halda fikirləşdi. - Ana! Necə oldu bu, niyə bu hadisə baş verdi? Ondan başqa mənim həyatda heç kimim ki, yoxdur.

Yox, ondan doğma daha heç kim olmayacaq. İndi yalnız ona çatmaq lazımdı ki, heç olmasa, son nəfəsində məni görsün, heç olmasa, məni bağışlasın".

Nastya Nevski prospektinə, dəmir yol şəhər stansiyasına gəldi. Gecikmişdi, çatmadı. Biletlər artıq satılmışdı.

Nastya bilet satılan kassanın yanında dayanmışdı, dodaqları əsirdi, danışa bilmirdi, elə birinci sözdən hönkürtüylə ağlayacağını hiss edirdi.

Eynəkli yaşlı satıcı kassanın pəncərəsindən boylanıb ona baxdı və:

- Vətəndaş, sizə nə olub? - deyə narazı halda ondan soruşdu.

- Heç nə, - Nastya cavab verdi, - Mənim anam... - Sonra çevrilib tez çıxışa sarı getdi.

- Hara gedirsiniz? - kassir qadın onun ardınca qışqırdı. - Bunu dərhal demək lazım idi. Bir dəqiqə gözləyin!

Həmin axşam Nastya yola düşdü. Halbuki bütün yolboyu ona elə gəlirdi ki, "Krasnaya strela" qatarı çox ləng gedir. Lakin həmin vaxt qatar çox iti sürətlə, ətrafa yayılan buxarı ilə, gecə meşələrini uzunsürən xəbərdarlıq siqnalı ilə yarıb keçirdi.

...Tixon poçta gəldi, poçtalyon Vasili ilə nəsə pıçıldaşdı, ondan teleqram vərəqini götürüb əlində ora-bura yellədi, qoluyla bığını silib əyri-üyrü hərflərlə poçt blankına uzun-uzadı nəsə yazdı. Sonra blankı büküb qovluğuna qoydu və Katerina Petrovnanın yanına yollandı.

Katerina Petrovna onuncu gün idi ki, yerindən dura bilmirdi. Heç yeri ağrımırdı, lakin onun zəifliyi döş qəfəsinə, başına, ayaqlarına təzyiq edirdi, nəfəs almağa çətinlik çəkirdi.

Manyuşka altıncı gün idi ki, Katerina Petrovnadan uzaq durmurdu. Gecələr soyunmadan ortasından batmış divanda yatırdı. Manyuşkaya elə gəlirdi ki, Katerina Petrovna artıq nəfəs almır. Onda o, qorxaraq ağlamağa başladı və çağırdı onu: - sağsan?

Katerina Petrovna yorğanın altında əllərini tərpətdi və Manyuşka sakitləşdi.

Otaqların küncləri səhər sübhdən noyabr qaranlığındaydı, amma otaqlar isti idi. Manyuşka sobanı yandırmışdı. Ağappaq alovlar taxtadan olan divarları işıqlandıranda Katerina Petrovna ehtiyatla köks ötürdü - alov evə, sanki sakitlik, rahatlıq gətirirdi, çoxdan - Nastyanın hələ burada olduğu vaxtın rahatlığını gətirirdi. Katerina Petrovna gözlərini yumdu, onlardan qopan yeganə bir damcı göz yaşı saralmış buxağından axaraq ağarmış saçlarında ilişib qaldı.

Tixon gəldi. O öskürür və hündürdən burnunu çəkirdi, görünür, həyəcanlı idi.

- Nədi, Tişa? - Katerina Petrovna gücsüz halda soruşdu.

- Soyuqlar düşüb, Katerina Petrovna! - Tixon həvəslə deyərək, ehtiyatla şapkasına baxdı.

- Tezliklə qar yağacaq. O, yəqin xeyrliyədi, - dedi. Yolları şaxta vuracaq və onda burdan getmək mümkün olacaq.

- Kimə? - deyə Katerina Petrovna gözlərini açdı və quru əlləri ilə titrək halda yorğanı sığallamağa başladı.

- Anastasiya Semyonovnadan başqa kim ola bilər? - deyə Tixon cavab verdi və riyakarcasına gülümsəyərək şapkasından teleqramı çıxartdı. - Ondan başqa kimə ola bilər ki!?.

Katerina Petrovna qalxmaq istədi, lakin bacarmayıb yenidən yastığa düşdü.

- Budur! - Tixon dedi və ehtiyatla teleqrammanı açıb Katerina Petrovnaya uzatdı.

- Özün oxu!

Manyuşka, xırıltılı səslə dedi, - Nənə ki, oxuya bilmir. Onun gözləri zəifdir. Tixon qorxmuş halda ora-bura boylandı, yaxasını düzəltdi, seyrək sarı saçlarını tumarladı və özünə inamsız bir küt səslə oxudu: "Gözləyin, yola düşdüm. Həmişə sizi sevən qızınız, sizin Nastya".

- Lazım deyil, Tişa! - Katerina Petrovna sakit səslə dedi. - Lazım deyil, əzizim. Allah köməyin olsun. Xoş sözlərinə, nəvazişinə görə, sağ ol.

Katerina Petrovna çox çətinliklə üzünü divara çevirdi, sonra elə bil yuxuya getdi. 

Tixon soyuq dəhlizdə skamyada oturub siqaret çəkir, başını aşağı dikib tüpürərək dərindən köks ötürürdü. Manyuşka çıxıb onu Katerina Petrovnanın otağına çağırana kimi həmin vəziyyətdə qalmışdı.

Tixon pəncəsi üstə içəri girib bütün əlləriylə üzünü sildi. Katerina Petrovna çox solğun halda uzanmışdı, elə bil çox rahat yuxulamışdı.

- Gözləyə bilmədi, - deyə Tixon öz-özünə danışdı. - Eh, onun acı bəlası, yazılmış iztirabı! Sən, sarsaq qız, bax! - o, incik halda Manyuşkaya dedi, - xeyirlə cavab ver, yüngül olma... Sən burada otur, mən kənd sovetinə qaçım, xəbər verim.

O getdi, Manyuşka kətildə dizlərini qucaqlayıb oturmuşdu. Əsə-əsə, dayanmadan tez-tez Katerina Petrovnaya baxırdı.

Katerina Petrovnanı sonrakı günü dəfn etdilər. Şaxta düşmüşdü. Kiçik qar dənələri yağırdı. Hər yer ağarmışdı, səma quru, işıqlı, amma boz idi, elə bil başının üstündən yuyulmuş, donmuş kətan çəkmişdilər. Uzaqda, çayın o tayında səma gömgöy idi. Onlardan söyüd qabıqlarında birinci şaxtayla yaxalanmış qəribə qar iyi gəlirdi.

Dəfn mərasiminə qocalar və uşaqlar yığışmışdılar. Tabutu qəbiristanlığa Tixon, Vasili, bir də iki qoca Malyavin qardaşları aparırdılar. Manyuşka qardaşı Volodka ilə tabutun qapağını aparır və gözünü bir an qırpmadan belə qabağına baxırdı. Qəbiristanlıq kəndin arxasında, çayın kənarında idi. Oranı dəmrovlardan saralmış hündür bədmüşk kolları basmışdı.

Yolda müəlliməyə rast gəldilər. O, vilayət şəhərindən gəlmişdi və Zaboryedə hələ heç kimi tanımırdı.

- Müəllimə gəlir, müəllimə! - deyə uşaqlar pıçıldaşdılar.

Müəllimə gənc, utancaq, alagöz və kiçik bir qızcığaz idi. O, dəfni görəndə diksinərək dayandı və qorxa-qorxa tabutdakı qoca qadına baxdı. Qocanın üzünə qar dənələri tökülüb ərimirdi. Orda, vilayət şəhərində müəllimənin anası qalmışdı - o da belə balaca, həmişə qızı üçün həyəcanlı qayğısıyla və tamamilə beləcə ağ saçlarıyla qalmışdı.

Müəllimə dayandı və yavaş-yavaş tabutun arxasınca getdi. Qoca qadınlar boylanıb ona baxdılar, aralarında pıçıldaşdılar, - bax, necə sakit qızdı, bizim uşaqlarla əvvəl ona çətin olacaq, çünki onlar Zaboryedə çox özbaşına və dəcəldirlər.

Müəllimə nəhayət, güc toplayıb qoca qadınlardan biri - Matryona nənədən soruşdu:

- Tənha olub, ola bilsin bu qoca qadın?

- Eee, mənim əzizim, o dəqiqə Matryona oxumağa başladı, - hesab elə ki, tamam tənhadır. O, necə səmimi, mehriban və istiqanlı idi. Hər şey olurdu, elə olurdu ki, öz divanında tək-təkanə oturub söhbət etməyə, danışmağa bir adam tapmırdı. Əfsuslar olsun! Onun Leninqradda bir qızı var, görünür, çox yuxarılara qalxıb. Budur, bax, indi o, kimsəsiz, qohumsuz dünyasını dəyişdi.

Qəbiristanlıqda tabutu təzə qazılmış qəbrin yanında yerə qoydular. Qoca qadınlar tabuta baş əyərək, əlləriylə torpağa toxunurdular. Müəllimə tabuta yaxınlaşdı və əyilib Katerina Petrovnanın quru, saralmış əllərindən öpdü. Sonra qalxıb belini düzəltdi və çevrilib uçulmuş kərpicli hasara tərəf getdi. Hasarın arxasında, uzaqlarda onun qarın içində olan sevimli, bir azca kədərli, doğma torpağı yatırdı.

Müəllimə xeyli baxdı və arxasında qocaların aralarındakı olan danışıqlara qulaq asır və tabutun üstünə atılan torpaq səslərini eşidirdi. Uzaqda olan məhlələrdə isə xoruzlar cürbəcür səslərlə banlayırdı, - bu, aydın günlərdən, yüngül şaxtadan və sakit qışdan xəbər verirdi.

Nastya Zaboryeyə dəfnin ikinci günü gəldi. O, qəbiristanda təzə qəbir təpəsi - torpaq onun üstündə topa-topa donmuşdu - Katerina Petrovnanın soyuq, qaranlıq otağını gördü. Elə bil həyat ordan çoxdan çıxıb getmişdi. Bu otaqda Nastya bütün gecəni, dan yeri sökülənədək ağladı.

Nastya Zaboryedən gizli çıxıb getdi. Çalışdı ki, heç kim onu görməsin və ondan heç nə soruşmasın. Ona elə gəlirdi ki, Katerina Petrovnadan başqa heç kim yuyulması mümkün olmayan bu günahı, dözülməz yükü onun üstündən götürə bilməz.

 

 

Tərcümə edən: Zahid Şahsuvarov

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!